Məhkəmə qərarları › İş №2-1(112)-11258/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11258/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11258/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmaların qadağan edilməsi, tutulmuş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “pensiyadan tutulmaların qadağan edilməsi, tutulmuş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) DSMF-nin Binəqədi rayon Şöbəsi tərəfindən 01 yanvar 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi pensiya təyin edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) tərəfindən 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında aparılan yenidən hesablama zamanı 1 yanvar 2023-cü il tarixindən iddiaçıya aylıq pensiya ödənişi 6585.44 manat məbləğində müəyyən edimişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanaraq pensiya məbləği 5219,50 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 4 saylı DOST Mərkəzinə pensiyanın ona əskik ödənilməsinin səbəblərinin bildirilməsi ilə bağlı ərizə təqdim edib. İddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “pensiya işinizə aid sənədlərdə sizə Fondun Binəqədi rayon şöbəsi tərəfindən 1 yanvar 2006-cı il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işiniz araşdırılaraq aylıq ödənişiniz yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 2819,25 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 1268,66 manat, rütbəyə görə əlavəniz 138,00 manat, digər növ əlavələriniz 762,50 manat olmaqla orta aylıq əmək haqqınız 4988,41 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 33 il 1 ay 23 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (4988,41 manat) 80 faizi – 3990,73 manat məbləğində hesablanmalı olduğu halda, 4230,48 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza köçürülüb. Buna görə də həmin dövr üzrə sizə 8631,00 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 3712,01 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 1670,41 manat, rütbəyə görə əlavəniz 138,00 manat, digər növ əlavələriniz 1003,96 manat olmaqla orta aylıq əmək haqqınız 6524,38 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 33 il 1 ay 23 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (6524,38 manat) 80 faizi- 5219,50 manat məbləğində müəyyən edilib. Eyni zamanda, pensiyanızın (5219,50 manat) üzərinə 10 faiz maddi yardım əlavə edilərək 14,7 faiz indeksləşdirilməsi nəticəsində aylıq ödənişiniz 1 yanvar 2023-cü il tarixindən 6585,44 (5219,50+521,95+843,99) manat təşkil edib. Qeyd olunanlara əsasən, sizə 2022-ci ilin dekabr, cari ilin yanvar və fevral ayları üzrə ümumilikdə 18390,38 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 14905,68 manat ödənilib. Nəticədə, sizə həmin aylar üzrə ümumilikdə 3484,70 manat əskik pul vəsaiti ödənilib. Həmin 3484,70 manat pul vəsaiti sizə artıq ödənilmiş 8631,00 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 5146,30 manat (8631,00-3484,70) manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Eyni zamanda bildiririk ki, xx.xx.2022-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən ümumilikdə 4911,72 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 5076,48 manat ödənilib. Nəticədə sizə 164,76 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 164,76 manat pul vəsaiti cari ilin mart ayında əmək pensiyanızdan çıxılaraq büdcəyə bərpa edilib. İddiaçı pensiyasından qanunsuz pul vəsaiti tutulmalarının dayandırılması, qanunsuz tutulan cəmi 3649.46 manat pul vəsaitinin ona ödənilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edib. Cavabdehin 7.06.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işiniz araşdırılaraq cari ilin mart ayında 6585,44 manat məbləğində hesablanıb, həmçinin sizə xx.xx.2019-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5146,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmş 5146,30 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, əmək pensiyanızın hesablanması haqqında sizə 12 aprel 2023-cü il tarixli 3-17-1/2-T- 78653/2023 nömrəli məktubla ətraflı məlumat verilib”. İddia tələbi, İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq onun pensiyasından tutulmaların aparılmasının dayandırılması, cavabdeh tərəfindən qanunsuz olaraq əvəzləşdirmə yolu ilə onun pensiyasından tutulan cəmi 3649.46 manat (3484.70+164.76 manat) pulun ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin məktublarından aydın olur ki, hər iki halda ona artıq ödənilən pul vəsaiti Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşlarının səhv hesablama aparılması ilə əlaqədar olmaqla, qanunsuzluğa onlar tərəfindən yol verilmişdir. İddiaçı tərəfindən hər hansı bir qanunsuzluğa yol verilməsi aşkar edilməmişdir. Ona pensiya Ağdam rayon prokuroru vəzifəsində işlədiyi dövrə görə hesablanmışdır. Ağdam rayonu cəbhə bölgəsi olduğundan 1993-cü ilin yanvar ayından 1997-ci ilin may ayının 24-nə kimi ona vəzifə maaşı və mükafatlar 200 faiz həcmində ödənildiyindən, yüksək məbləğdə pensiya alıb. Ona görə də pensiyanın az məbləğdə artıq və ya əskik hesablanmasına şübhə etməyib və bilməyib. Ümumiyyətlə, onun tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində etimadın qorunması hüququnu istisna müəyyən edən hər hansı bir hərəkətə yol verilməmişdir. Cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində ona artıq hesbalanıb ödənilmiş cəmi 8631 manat pul vəsaitinin onun razılığı alınmadan və məhkəmə qərarı olmadan 3649.46 manatın hazırda pensiyasından tutulması qanun pozuntusu olmaqla, onun mülkiyyət hüququnu ciddi şəkildə pozur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Etirazın dəlilləri cavabdehin imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçıya DSMF-nin Binəqədi rayon Şöbəsi tərəfindən 01 yanvar 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi pensiya təyin edilmiş, 1 yanvar 2023-cü il tarixindən iddiaçıya aylıq pensiya ödənişi 6585.44 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanaraq pensiya məbləği 5219,50 manat müəyyən edilmişdir. Cavabdeh hazərda bu yenidən hesablama ilə əlaqədar iddiaçıya ödənilməli olan pensiya məbləğlərindən (2022-ci ilin dekabr, 2023-cü ilin yanvar və fevral ayları üzrə) tutulmalar (əvəzləşdirmələr) aparır. İddiaçı hazırda həm pensiyadan tutulmaların dayandırılması, həmçinin aparılmış əvəzləşdirmə qismində 3649,46 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə iddiaçının razılığını almadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. Ona görə də, iddia tələbi pensiyadan tutulmaların aparılmasını dayandırılması və tutulmuş məbləğin qaytarılması hissədə əsaslıdır. Məhkəmə iddia tələbinin pensiya məbləğindən artıq tutulmaların ödənilməsi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ona görə də, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərini nəzərə alaraq hesab edir ki, 3649,46 manat pul qaytarılması hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən təmin edilməli, iddiaçının əmək pensiyasından tutulan 3649,46 manat məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək pensiyasından tutulmaların aparılması cavabdehə qadağan edilsin. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əvəzləşmə yolu ilə İddiaçı əmək pensiyasından tutulan 3649,46 manat məbləğin, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya geri qaytarılması öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar