Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1126/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Xəzər rayon Hərbi Kommisarlığı tərəfindən 1-ci Qarabağ müharibəsi ilə əlaqədar 2-ci dəfə hərbi xidmətə çağırılmışdır. Həmin ərəfədə Birinci Qarabağ döyüşləri gedirdi. İddiaçı Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Ağdamın Güllücə kəndi uğrunda gedən döyüş zamanı piyada əleyhinə olan minaya düşmüş və yaralanmışdır. Başında və bədəninin bəzi hissələrində qəlpə yaraları almışdır. xx.xx.1994-ci il tarixində vertalyotla Bakı şəhəri X1 “Sol budun yuxarı 1/3-nin dəlib keçən qəlpə yarası. Kəllənin, ənsə nahiyəsinin qəlpə yarası, İV bel fəqərəsinin sınığı travma-diaqnozu ilə qəbul olmuşdur və xx.xx.1994-cü il tarixədək müayinə və müalicə olunmuşdur. İddiaçı qeyd edir ki, “Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə” sağlamlığını itirməyinə baxmayaraq, “Müharibə Veteranı” adı verilməmişdir. xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə kommisiya”ya müraciət etmişdir, cavabdeh orqan tərəfindən natamam sənədlər təqdim edilməsi səbəbindən imtina edilmişdir. Təkrar olaraq Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli, 992 nömrəli Sərəncamını rəhbər tutaraq, sənədlərini toplamış və 18 fevral 2022-ci il tarixdə “Müharibə Veteranı” adının iddiaçıya şamil edilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3 2870 saylı məktubunda heç bir araşdırma aparılmadan, ümumiyyətlə yenidən toplayıb təqdim etdiyi sənədlərə baxmadan formal olaraq, “Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə kommisiya”nın xx.xx.2018-ci il tarixli iclasında baxılmış və 568 saylı protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir” cavabı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuzdur.
3. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 333 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi X3 müayinə və müalicə olunduğu yaralanma, travma-diaqnoz: “Sol budun yuxarı 1/3-nin dəlib keşən qəlpə yarası. Kəllənin, ənsə nahiyyəsinin qəlpə yarası, İV bel fəqərəsinin sınığı” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 1485 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 705 nömrəli arayışı, X2 verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, stasionar xəstənin tibbi kartasından çıxarış, MN MHHK-nın həkim komissiyasının mütəxəssis rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
4. İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı yaralanmanın nəticəsi olaraq xx.xx.1994-cü il tarixə kimi X3 müayinə və müalicə olunduğu müəyyən olunmasına baxmayaraq, Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş N nömrəli hərbi hissənin xx.xx.1994-cü il tarixli əmri ilə döyüş mövqeyini özbaşına tərk etdiyi üçün qazan təminatından çıxarılmışdır.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 333 nömrəli qərarının və həmin qərarda qeyd edilən halların iddiaçı barəsində “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üzrə aparılmış inzibati icraat zamanı araşdırıldığı müəyyən edilmir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardada əsasən İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üzrə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmiş və qeyd edilən müddətdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparılmış inzibati icraat barədə məhkəməyə məlumat verilməsi qərara alınmışdır.
7. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə yazılı məlumat verərək bildirmişdir ki, Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komisiya”ya daxil olmuş məhkəmə qərardadına komissiyanın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və iddiaçıya “Müharibə veteranı” adı verilmişdir.
8. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
9. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qurum olan Müdafiə Nazirliyi tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva