Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11263/2024 29.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X8 (Omar) oğlu) “paylı mülkiyyətdə olan daşınmaz əmlakın ayrıca əmlak kimi qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, X6 Əmir oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X8 (Omar) oğlu) “paylı mülkiyyətdə olan daşınmaz əmlakın ayrıca əmlak kimi qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* №-li, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsuİzadə qəsəbəsi, Əfəndiyev küçəsində istifadədə olan 0.02721 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 185.96 kv.m yaşayış, 77.84 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 1/2 hissə, X3 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-452/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X8 (Omar) oğluna qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) payların naturada bölgüsünə dair iddia tələbi təmin edilərək, ünvan 1, 7 saylı fərdi yaşayış evinin texniki pasportunda əks olunan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqların İddiaçı, 4, 5, 6, 11, 12 və 13 nömrəli otaqlar isə cavabdeh X9 (Ömər) oğluna verilməklə naturada ayrılması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-452/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı üçün xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmiş, icra sənədi icra olunduğu üçün xx.xx.2022-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən 7 saylı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquq sahibinə məxsus hissəyə dair ayrıca çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-452/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsi üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır.” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-452/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icra edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əfəndiyev küçəsi, 7 saylı fərdi yaşayış evinin texniki pasportunda əks olunan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqların ona, 4, 5, 6, 11, 12 və 13 nömrəli otaqların isə X9 (Ömər) oğluna verilməklə naturada ayrılması və bunun əsasında İddiaçı yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1, 7 saylı evin mülkiyyətçisidir. Qeyd edir ki, qonşu ilə evləri tam olaraq ayrı-ayrı olmasına baxmayaraq, köhnədən qalan çıxarışla paylı mülkiyyət kimi qeyd olunurdu. Bununla bağlı iddiaçı payının naturada ayrılması və yeni çıxarış alması üçün Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-452/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1, 7 saylı fərdi yaşayış evinin texniki pasportunda əks olunan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqlar İddiaçı, 4, 5, 6, 11, 12 və 13 nömrəli otaqlar isə cavabdeh X9 (Ömər) oğluna verilməklə naturada ayrılması qərara alınmışdır. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qüvvəsini alaraq, icraya yönəldilmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi həmin qətnaməni icra etməmiş (çıxarış verməmiş), bunu belə əsaslandırmışdır ki, onun üzərinə bununla bağlı hər hansı bir öhdəlik qoyulmamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının adından çıxarlmış qətnamənin icra edilməməsi qanunsuzdur və onun Konstitusion və mülkiyyətçi hüquqlarını kobud şəkildə pozur. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “ünvan 1, 7 saylı fərdi yaşayış evinin texniki pasportunda əks olunan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqlar üzərində İddiaçı adına tam (paysız) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və elektron çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Əlavə olaraq bilirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman məlum olmuşdur ki, müvafiq fərdi yaşayış evinə dair texniki pasportda qeyd olunan 12, 13, 14 saylı otaqlar sökülmüşdür, X4 tərəfindən tikiliyə bitişik sahəsi 60.0 kv.m olan 2 mərtəbəli yaşayış evi inşa edilmişdir. Hər iki payçıya məxsus otaqların yükdaşıyıcı divarları ortaq olmaqla eyni dam altında yerləşir və özülləri eynidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə ünvan 1, 7 saylı fərdi yaşayış evi iddiaçının və üçüncü şəxsin paylı mülkiyyətindədir. İddiaçı paylı mülkiyyətdə olan ünvan 1, 7 saylı fərdi yaşayış evinin texniki pasportunda əks olunan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqlar İddiaçı, 4, 5, 6, 11, 12 və 13 nömrəli otaqlar isə cavabdeh X9 (Ömər) oğluna verilməklə naturada ayrılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1, 7 saylı fərdi yaşayış evinin texniki pasportunda əks olunan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqların İddiaçı, 4, 5, 6, 11, 12 və 13 nömrəli otaqlar isə cavabdeh X9 (Ömər) oğluna verilməklə naturada ayrılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Cavabdeh göstərilən qaydada dövlət reyestrindən iddiaçıya ayrıca çıxarışın verilməsindən imtina edir və imtinaya əsas kimi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamasına istinad edir. Həmçinin, cavabdeh etirazını müvafiq fərdi yaşayış evinə dair texniki pasportda qeyd olunan 12, 13, 14 saylı otaqların sökülməsi, X4 tərəfindən tikiliyə bitişik sahəsi 60.0 kv.m olan 2 mərtəbəli yaşayış evinin inşa edilməsi, hər iki payçıya məxsus otaqların yükdaşıyıcı divarları ortaq olmaqla eyni dam altında yerləşməsi və özüllərinin eyni olması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 452/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, həmin işə baxılarkən məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış, ekspert qarşısında paylı mülkiyyətdə olan fərdi yaşayş evinin naturada ayrılmasının mümkünlüyü barədə sual qoyulmuşdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5938 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyektinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, tədqiqat obyekti olan fərdi yaşayış evi faktiki vəziyyətdə bir-birindən təcrid şəkildə iki hissəyə ayrılmışdır. Texniki pasportda öz əksini tapan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqlar iddiaçının faktiki istifadəsində, 4, 5, 6, 11, 12 və 13 nömrəli otaqlar isə cavabdehin faktiki istifadəsindədir. Faktiki istifadə vəziyyəti üzrə hər bir hissənin küçə yoluna ayrıca giriş çıxış qapıları, hər bir hissənin daxilində yaşayış və yardımçı otaqları mövcuddur. Beləliklə, tədqiqatın nəticə hissəsinə əsasən ünvan 1, 7 nömrəli fərdi yaşayış evinin faktiki vəziyyətdə tərəflər arasında təcrid bölünmüş vəziyyətdə olduğu, hər bir ayrılmış sahəsinin küçə yoluna sərbəst giriş-çıxışı olduğu üçün, hər bir ayrılmış sahənin daxilində yaşayış və yardımçı otaqların olduğu və bu cür aparılmış bölgü variantının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.1., 2.2., 2.4., 2.9. bəndlərinin tələblərinə uyğun olaraq olduğu müəyyən edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqların naturada ayrılması müəyyən edilmiş və qətnamə tam icra olunmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, hazırki cavabdeh həmin işdə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuş, onun tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir. Belə olan halda cavabdehin imtinası əsassız olmaqla heç bir faktiki və hüquqi əsasa söykənmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə paylı mülkiyyətdə olan fərdi yaşayış evi naturada ayrılmış və bunun nəticəsi olaraq iddiaçının adına ona məxsus əmlak tam (paysız) mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. MPM-ə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların yaranma əsaslarından biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı təsbit edilmişdir. Məhkəmə qərarı Azərbaycan Respublikasının adından çıxarılır və icrası Azərbaycan Respublikasının bütün ərazisində məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində cavabdeh İdarənin üzərinə hər hansı bir öhəliyin qoyulmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin qətnamədə cavabdeh İdarənin üzərinə hər hansı bir öhdəliyinin qoyulub-qoyulmamasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış hüququ (və ya dövlət reystrində qeydə dəyişikliyi) qeydə almalıdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüququnun yaranması əsasları kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə yanaşı Qanunun 8.0-cı maddəsində digər əsaslar da sadalanmışdır. Cavabdeh istinad etdiyi bu dəlildən belə məntiqi nəticə hasil olur ki, həmin normada göstərilən hər hansı bir hüquq fakt baş verən zaman (Misal: Müvafiq İcra hakimiyyəti orqanları qərar qəbul edən, order verən, bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılan, hərracda müqavilə bağlanan, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı verilən zaman və s.) cavabdehin üzərinə qeydin aparılması barədə öhdəlik qoyulmalıdır. Məhkəmə qeyd edir ki, digər əsaslar kimi qanuni qüvvəsini almış məhkəmə qərarı da daşınmaz əmlaka hüquqların yaranma əsasıdır və qətnamədə cavabdeh İdarənin üzərinə öhdəlik qoyulub-qoyulmasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüququ qeydə almalıdır. Əks yanaşma qanuni qüvvəsini almış, məhkəmə qətnaməsinin yuxarıda sadalanan məcburilik, təkzibolunmazlıq, icra edilənlik və s. prinsiplərinə ziddir. Həmçinin, hazırda olduğu kimi cavabdehin imtinasından yaranan digər bir məhkəmə mübahisəsinin yaranmasına səbəb olur. Məhkəmə cavabdehin “müvafiq fərdi yaşayış evinə dair texniki pasportda qeyd olunan 12, 13, 14 saylı otaqlar sökülmüşdür, X4 tərəfindən tikiliyə bitişik sahəsi 60.0 kv.m olan 2 mərtəbəli yaşayış evi inşa edilmişdir. Hər iki payçıya məxsus otaqların yükdaşıyıcı divarları ortaq olmaqla eyni dam altında yerləşir və özülləri eynidir.” dəlili ilə bağlı qeyd edir ki, qeyd edilən hallar iddiaçının hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Bununla bağlı cavabdehə sorğu göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəmənin sorğuları cavablandırılmamış, istinad etdiyi həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, həmin otaqlardan yalnız 14 saylı saylı otaq iddaçıya addir. Həmin otağın sökülməsi 16 may 2022-ci il tarixli müayinə aktında göstərilmşdir. Yuxarıda qeyd edildiyi kimi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi müayinə aktından əvvəl qəbul edilmiş, ünvan 1, 7 saylı fərdi yaşayış evinin texniki pasportunda əks olunan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqların İddiaçı, 4, 5, 6, 11, 12 və 13 nömrəli otaqların isə cavabdeh X9 (Ömər) oğluna verilməklə naturada ayrılması qət edilmişdir. Məntiqi baxımından əgər 14 saylı otaq texniki pasportdakı otaq olmasaydı, qətnamə əsasında texniki pasportda olmayan 14 saylı otaq “texniki pasportunda əks olunan” otaq kimi qeyd edilərək naturada ayrılması qət edilməzdi. Həmçinin, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmalıdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 2(001)-452/2022 saylı iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuş, onun tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir. Məntiqi baxımından əgər həmin vaxt həqiqətən də texniki pasportda olmayan 14 saylı otaq yox idisə, həmin qətnamədən hazırki cavabdeh apellyasiya şikayəti verməli idi. Belə ki, məntiqi baxımından məlum məsələ idi ki, iddiaçı paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada ayrılmasını tələb etməklə, o, ona məxsus əmlak üzərində ayrıca mülkiyyət hüququnun qeydiyyata alınmasında maraqlıdır. Qeyd edilənlərə əsasən cavabdehin formal əsaslara söykənərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Buraya dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmununun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciət etməsi, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan hallardan hər hansı biri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1, 7 saylı fərdi yaşayış evinin texniki pasportunda əks olunan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqlar üzərində İddiaçı adına tam (paysız) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2-1(112)-11263/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11263/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver