Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11264/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilməklə bu barədə cavabdehin 3-17-1/3-7-5449/2024 nömrəli 10 may 2024-cü il tarixli qərarının və həmin qərar əsasında hesablanmış borc məbləğinin ləğv edilməsi və **********8 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə ona 10 may 2024-cü il tarixli qərar əsasında ödənilməyən pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbinin məzmunu onunla bağlıdır ki, pensiyaya çıxdığı tarixədək vəzifə maaşı və ona əlavələr, müavinət, aylıq pul təminatı hesablanaraq aylıq əmək haqqı məbləği 4560,92 manat təşkil etmiş və ona 20 iyul 2020-ci il tarixindən 4061 manat məbləğində pensiya təyin edilmiş, müvafiq Sərəncam əsasında pensiya məbləğinə 10 faiz aylıq maddi yardım əlavə olunaraq 2022-ci ilin yanvar ayının 1-dən pensiya 4465 manat müəyyən edilmiş və həmin məbləği 2022-ci ilin sentyabr ayınadək almışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq 01 iyul 2022-ci il tarixdən apellyasiya məhkəmələri hakimlərinin vəzifə maaşları artaraq 2556 manat müəyyənləşmişdir ki, bu da vəzifə maaşlarının 43 faiz-dən çox artması deməkdir və hesab edirdi ki, ona təyinat olunan pensiya məbləği 43 faiz artırılmaqla 5807,2 manat müəyyən edilməli və 10 faiz maddi yardım da nəzərə alınmaqla 6387 manbat təşkil etməlidir. Lakin ona, az pensiya məbləğləri ödənilmiş səbəbləri barədə məlumat verilməmişdir. Bununla əlaqədar məhkəmə mübahisələri olmuş və iddia təmin edilərək icraya yönəldilmişdir. Sonradan əmək pensiyası yenidən hesablanaraq 7076,56 manat məbləğ müəyyən edilmlişdir. Halbuki, həmin rəqəm də həqiqəti əks etdirmir. Cavabdeh tərəfindən məktub göndərilmiş və bildirilmişdir ki, onun tərəfindən 7076,56 manat pensiya müəyyən edilmiş, 01 may 2024-cü il tarixinə məhkəmə qərarının icrası ilə əlaqədar artıq ödəmə məbləği 14195,55 manat müəyyən edilmiş, ötən dövr üzrə fərq məbləğinin hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar ona artıq ödənilmiş pul vəsaiti məbləği də hər ay hissə-hisə artır. Məhkəmə qərarına uyğun olaraq ona fərq məbləğinin ödənilməsi başa çatdıqdan sonra artıq ödəmə məbləği 34369,95 manat təşkil edəcəkdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanarkən inzibati prosessual qanunvericiliyin və əmək pensiyaları haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. 05 oktyabr 2020-ci il tarixli qərardan təxminən 3 il 7 ay sonra inzibati aktın ləğv edilməsi və buna dair Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarına istinad edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdeh 1 illik müddətlə bağlı şərti pozmuşdur. İddiaçı 15 illik hakimlik stajına malik olduğu orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası hüququ əldə etmişdir. Qanunun 20.7-ci maddəsindəki dəyişiklik onun hüquqi vəziyyətini yaxşılaşdıran və geriyə şamil edilməli olan normativ hüquqi aktdır. Həmin normativ hüquqi akt iddiaçıya pensiyanın hesablanma qaydası ilə əlaqədar pensiya çıxan hakimlərə seçim hüququ verir. Onun üçün fəaliyyətin son 24 ayı üzrə əmək haqqı ilə pensiya təyin edilməsi daha əlverişli şərtlərlər yaratdığı halda cavabdeh pensiya təyinatını həmin hal nəzərə almadan əlverişsiz əsaslarla aparmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, 20 iyul 2020-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının orta aylıq əmək haqqısı 4393,14 manat təşkil etmişdir. 19 il 11 ay 14 gün hakim stajına uyğun olaraq 80 faiz miqdarda pensiya 4059,41 manat müəyyən edilmiş və pul vəsaiti kart hesabına ödənilmişdir. Beləliklə də, 12743,62 manat artıq pul vəsaiti ödənilmişdir. 01 iyul 2022-ci il tarixindən iddiaçının orta aylıq əmək haqqısı 6304,80 manat təşkil etmiş, orta aylıq əmək haqqının 80 faizi miqdarına uyğun olaraq 5043,84 manat hesablanma olmalı olduğu halda 2022-ci iln iyul,avqust, sentyabr aylarında iddiaçıya hər ay 4059,41 manat pul vəsaiti ödənilmişdir. 5043,84 manat pensiya hesablanmış, indeksləşdirmə və maddi yardımla əlaqədar məbləğ 6363,81 manat müəyyən edilmiş, bu zaman 20 iyul 2020-31 iyul 2023-cü il tarixləri arasında 8974,75 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə qərarı əsasında iddia inzibati icraatın düzgün aparılmaması əsas götürülərək təmin edilmişdir. Buna uyğun, cari ilin fevral ayından pensiya 8169,08 manat müəyyən edilmiş, ona ödənilməli olan 22416,00 manat pul vəsaiti hesablanmış, bundan əlavə 2022-ci il üçün ödənilməli olan 794,16 manat pul vəsaiti hesablanmışdır. Ümumilikdə 23210,16 manat vəsait mart ayından hissə-hissə əmək pensiyası üzərinə əlavə edilməklə kart hesabına köçürülür. Pensiyanız sonradan yenidən hesablanmış və 7076,56 manat müəyyən edilmiş, artıq ödəmə məbləği məhkəmə qərarının icrası ilə əlaqədar 14195,55 manat müəyyən edilmişdir. Məhkəmə qərarının icrası baş çatdırıldıqdan sonra artıq ödəmə məbləği 34369,95 manat təşkil edəcəkdir. Belə ki, ötən dövr üzrə fərq məbləğinin hissə-hissə ödənilməsi ilə əlaqədar artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissəhissə artır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Bakı İnzibati məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarından görünür ki, iddiaçının iddiası təmin edilərək əmək pensiyasının yenidən hesablanması barədə 27 sentyabr 2022-ci il tarixli qərar ləğv edilmiş, əvvəlki pensiya məbləği bərpa edilmiş, ödənilməyən fərqin ödənilməsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar qüvvədə saxlanılmışdır. Cavabdehin 12 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya 20 iyul 2020-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya 27 sentyabr 2022-ci il tarixdən yenidən hesablanmış 5043,84 manat müəyyən edilmiş, və ona 8974,75 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə qərarı əsasında iddia inzibati icraatın düzgün aparılmaması əsas götürülərək təmin edilmişdir. Buna uyğun, cari ilin fevral ayından pensiya 8169,08 manat müəyyən edilmiş, ona ödənilməli olan 22416,00 manat pul vəsaiti hesablanmış, bundan əlavə 2022ci il üçün ödənilməli olan 794,16 manat pul vəsaiti hesablanmışdır. Ümumilikdə 23210,16 manat vəsait mart ayından hissə-hissə əmək pensiyası üzərinə əlavə edilməklə kart hesabına köçürülür. Pensiyanız sonradan yenidən hesablanmış və 7076,56 manat müəyyən edilmiş, artıq ödəmə məbləği məhkəmə qərarının icrası ilə əlaqədar 14195,55 manat müəyyən edilmişdir. Məhkəmə qərarının icrası baş çatdırıldıqdan sonra artıq ödəmə məbləği 34369,95 manat təşkil edəcəkdir. Belə ki, ötən dövr üzrə fərq məbləğinin hissə-hissə ödənilməsi ilə əlaqədar artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissəhissə artır. Əmək pensiyasının yenidən hesablanması barədə 05 oktyabr 2020-ci il il tarixli qərardan görünür ki, 1495,64 manat məbləğində pensiya artırılaraq 20 iyul 2020-ci il tarixdən 4059,41 manat olaraq müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə 27 sentyabr 2022-ci il il tarixli qərardan görünür ki, 4059,41 manat məbləğində pensiya artırılaraq 6304,80 manat dövlət məvacibinin 80 faizinə uyğun olaraq 01 iyul 2022-ci il tarixdən 5043,84 manat olaraq müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, 7076,56 manat pensiya məbləği yenidən hesablanaraq 01 yanvar 2024-cü il tarixdən 8169,08 manat manat müəyyyən edilmişdir. Pensiyanın hesablanması cədvəlindən görünür ki, iddiaçının 19 il 11 ay 14 gün hakimlik stajı nəzərə alınmaqla dövlət məvacibi 7278,17 manat (01 iyul 2022-ci il tarixdən vəzifə maaşı, qulluq stajına görə əlavə, səlahiyyətlərin icrasına görə, məzuniyyət, mükafat, vəzi maaşına əlavəyə uyğun olaraq) nəzərə alınmaqla 80 faiz əsas götürülməklə 5822,54 manat pensiya, 10 faiz maddi yardım, 14.7 və 11.2 nisbətdə indeksasiya aparılmaqla pensiya 8169,08 manat olaraq müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə 10 may 2024-cü il tarixli qərardan görünür ki, 8169,08 manat pensiya məbləği yenidən hesablanaraq 01 yanvar 2024-cü il tarixdən 7076,56 manat müəyyyən edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə 05 oktyabr 2020-ci il tarixli qərarla 20 iyul 2020-ci il tarixdən 19 il 11 ay 14 gün hakim stajına uyğun olaraq sabiq hakim kimi pensiya təyinatı aparılmış iddiaçının pensiya məbləğinin azaldılmasının qanuni hesab-edilməməsi ilə əlaqədardır. Belə ki, mübahisələndirilən iddiaçı barəsində qəbul edilmiş 10 may 2024-cü il tarixli qərardan da görünür ki, iddiaçının 8169,08 manat məbləğində hesablanmış pensiya məbləği 01 yanvar 2024-cü il tarixdən başlanılmaqla 7076,56 manata azaldılmış, bunun hüquqi nəticələri kimi də iddiaçıdan artıq ödənilmiş məbləğ adı ilə pul vəsaitinin büdcəyə ödənilməsi təklif edilmişdir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçı üçün əlverişsiz nəticələrə səbəb olan 10 may 2024-cü il tarixli qərarda pensiya məbləğinin azaldılmasının faktiki və hüquqi əsasları ümumiyyətlə sadalanmasa da, məhkəmə araşdırması zamanı cavabdehin həmin azaldılmanın faktiki və hüquqi əsaslarında dair mövqeyindən aydın olur ki, cavabdeh hesab edir ki, xx.xx.2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Bu əsasdan iddiaçıya son 24 ayın orta aylıq əmək haqqından 80% miqdarında pensiyanın təyin edilməsi mümkün deyildir. Qeyd olunur ki, 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinə əsasən səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliyinə əsasən: «Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir». Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki «Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya» sözləri «Pensiya» sözü ilə əvəz edilmişdir. 30 dekabr 2005-ci il tarixdə «Məhkəmələr və hakimlər haqqında» Qanuna sözügedən maddə aşağıdakı redaksiyada verilmişdir: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı qaydada pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir». 19 oktyabr 2007-ci il tarixdə isə «Məhkəmələr və hakimlər haqqında» Qanuna edilmiş sonuncu əlavə və dəyişikliklə 109-cu maddənin beşinci və altıncı hissələri maddədən çıxarılmış və maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə olunmuşdur: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir». “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər (xx.xx.2017-ci ilədək olan redaksiyası 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər). ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. (xx.xx.2017-ci ilədək olan redaksiyası) - 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir). Beləliklə, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə ilk əvvəl heç bir hakimlik stajı ilə bağlı olmayan və axırıncı iş yerində aldıqları əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində pensiya verilməsi nəzərdə tutulmuşdur. Həmin maddəyə 20 iyun 2003-cü il və 14 iyun 2005-ci il tarixli dəyişikliklə əlaqədar 1997-ci ildən sonra hakim vəzifəsində çalışmış şəxslərin, eləcə də «Məhkəmələr və hakimlər haqqında» Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərin pensiya faizi 80 faizi olmaqla yalnız axırıncı iş yerlərində hakim kimi aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarından hesablanması təsbit edilmişdir. Daha sonra həmin Qanuna 30 dekabr 2005-ci il və 19 oktyabr 2007-ci il tarixli əlavə və dəyişikliklərlə qanunvericiliyin müddəaları dəyişdirilmiş və nəticə etibarilə qanunverici hakim kimi pensiya hüququnun əmələ gəlməsini ən azı 5 illik hakimlik stajına bağlamış və hakimlərin stajından asılı olaraq pensiyanın miqdarı differensasiya olunmuş, bu zaman təyin ediləcək pensiya məbləğinin hakim vəzifəsində işləmə müddətlərindən asılı olaraq istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizindən 80 faizədək məbləğində müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikdən sonra isə sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ 5 ildən 15 ilə qaldırılmışdır. Eyni zamanda həmin qanunun 20.7-ci maddəsi ilə əmək pensiyasına əlavələrin 5 ilin orta aylıq əməkhaqqından deyil, hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablanması təsbit edilmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı:
1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir . «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Konstitusiya Məhkəməsi məhz xx.xx.2005-ci il tarixdən sonra yeni tənzimləmə ilə hakimlərin pensiya təminatlarının ciddi dəyişdirilərək hüquqi vəziyyətlərinin əvvəllər malik olduqlarından daha aşağı səviyyəyə endirildiyini nəzərə alaraq 2008-ci ildə həmin maddəyə rəsmi şərh zamanı 30 dekabr 2005-ci il tarixədək hakim təyin edilmiş şəxslərə həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarının tətbiq olunmasını qanuni saymışdır. Sözügedən rəsmi şərhin məqsədi həmin vaxt xüsusən “Məhkəmə və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə edilmiş ciddi dəyişikliklərlə hakimlərin əvvəllər qazanmış olduqları və daha üstün pensiya təminatlarının qüvvədə saxlanılmasından ibarət olmuşdur. İddiaçının vəziyyətini yüngülləşdirən, daha üstün təminat nəzərdə tutan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ildən qüvvəyə minmiş 20.7-ci maddəsi əsasında hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən pensiya məbləği hesablanmalıdır. Belə ki, Qanunun xx.xx.2017-ci ildən qüvvəyə minmiş adıçəkilən maddəsi ilk dəfə hakimlər üçün pensiyaya çıxarkən hakim vəzifəsindəki fəaliyyətlərinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla pensiya təyin edilməsində seçim hüququ vermişdir. Bundan əvvəlki qanunvericilik hakimlərə yalnız istənilən ardıcıl gələn 5 ilin (60 ayın) orta əmək haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdusa, yeni qanunvericilik hakimlərə pensiya məbləğinə təsir edəcək orta aylıq əmək haqqı dövrünü müəyyən etməyə seçim imkanı tanımışdır. Məhkəmə qeyd edilən 20.7-ci maddəni hakimlərin vəziyyətini yaxılaşdıran və daha üstün sosial təminat hüququna rəvac verən seçim hüququ olduğunu nəzərə alır və hesab edir ki, iddiaçının pensiya məbləği onun seçiminə uyğun olaraq hakim kimi işlədiyi dövrün son 24 ayın orta əmək haqqı məbləğindən hesablanmalıdır. Lakin, cavabdeh həmin halı nəzərə almamış, Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəalarını nəzərə almadan, hakim kimi işlədiyi dövrün son 24 ayın orta əmək haqqı məbləğindən hesablanmalı olmasına əhəmiyyət vermədən, ilkin pensiya təyinatından illər sonra öz təşəbbüsü ilə inzibati icraat başladaraq və öz təşəbbüsü ilə 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğinə uyğunlaşdırmaqla pensiya məbləğinin azaldılmasına dair həm qanunsuz, həm də əlverişsiz inzibati akt qəbul etmişdir ki, yuxarıda göstərilən müddəaların tələblərindən də göründüyü kimi həmin inzibati akt əmək pensiyaları haqqında qanunvericiliyin pozuntusuna yol verilməklə qəbul edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1838/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinin icraata qəbulundan imtina edilərək qeyd edilmişdir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1728/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1927/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1087/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1279/2024 nömrəli; xx.xx.2024-cü il tarixli, 2-1(102)- 820/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hakimlərin pensiya təminatına münasibətdə onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalı, hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Belə ki, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya- hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir. Qərarda göstərilir ki, İddiaçının hakim işlədiyi dövrdə qulluq illərindən asılı olmayaraq həm axırıncı iş yerində aldığı əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində pensiya ödənilməsini nəzərdə tutulan norma, həm də əmək pensiyasına əlavələrin hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanmasını müəyyən edilən norma mövcud olmuşdur. İddiaçının pensiya məbləğinin əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində və son 24 ay ərzindəki orta aylıq məbləğindən hesablanması ilə bağlı müraciəti Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında verilmiş qanunvericiliyin normalarının tətbiqinə dair rəsmi şərhin qüvvədə olduğu dövrə təsadüf etmişdir. Odur ki, iddiaçıya münasibətdə hakim vəzifəsində işlədiyi dövrdə daha üstün sosial müdafiə təminatlarını müəyyənləşdirən qanunvericilik normalarını tətbiq etməkdə məhkəmə haqlı olmuşdur. Ali Məhkəmənin 2-1(102)-1590/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Eləcə də, cavabdeh inzibati orqanın inzibati icraat üzrə apardığı hərəkətlərində qeyd olunanlarla yanaşı, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi də müəyyən olunur. Belə ki, qanunvericilik iddiaçıya pensiya hüququ olan sabiq hakim kimi onun hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğinin əsas götürülməsi seçimi olduğu və fəaliyyətinin son 24 ayı üzrə əmək haqqı ilə pensiya təyin edilməsi onun üçün daha əlverişli şərtlər (pensiya məbləği) yaratdığı halda, cavabdeh inzibati orqan qanunvericiliyin müddəasını işin vəziyyəti və iddiaçının üstün mənafeyi baxımından düzgün tətbiq etməmiş və öz təşəbbüsü ilə onun əmək fəaliyyətinin son 60 ayı üzrə əmək haqqı barədə məlumatlar əldə edərək, pensiyasının yenidən hesablanmasını əlverişsiz əsaslarla aparmışdır. Nəzərə alınmalıdır ki, ilkin pensiya təyinatı zamanı iddiaçı əmək fəaliyyətinin son 24 ayı üzrə əməkhaqqı barədə müvafiq məlumatı əks etdirən sənədi özü cavabdeh inzibati orqana təqdim etmiş və bununla da seçimini dəqiqləşdirmişdir. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın həmin hərəkətləri ilə “İnzibati icraat haqqında” Qanunun 16, 24.2, 58-ci maddələrinin tələbləri pozulmuşdur. Hazırkı işdə də cavabdeh iddiaçının fəaliyyətinin son 24 ayı üzrə əmək haqqı ilə pensiya təyin edilməsi onun üçün daha əlverişli şərtlər (pensiya məbləği) yaratdığı halda, qanunvericiliyin müddəasını işin vəziyyəti və iddiaçının üstün mənafeyi baxımından düzgün tətbiq etməmiş və öz təşəbbüsü ilə onun əmək fəaliyyətinin son 60 ayı üzrə əmək haqqı barədə məlumatlar əldə edərək, pensiyasının yenidən hesablanmasını əlverişsiz əsaslarla aparmışdır. Halbuki, iddiaçı əmək fəaliyyətinin son 24 ayı üzrə əməkhaqqı barədə müvafiq məlumatı əks etdirən sənədi özü cavabdeh inzibati orqana təqdim etmiş və bununla da seçimini dəqiqləşdirmiş, lakin həmin hal nəzərə alınmadan əmək fəaliyyətinin son 60 ayı üzrə əmək haqqı barədə məlumat əsasında pensiya məbləğinin hesablanması barədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya fəaliyyətinin son 24 ayı üzrə əmək haqqına uyğun olaraq il təyinat aparılmış həmin hesablama əsasında yenidən hesablanmış 8169,08 manat pensiya məbləğinin azaldılaraq 60 ay üzrə əmək haqqı nəzərə alınmaqla 7076,56 manat pensiyanın ödənilməsinə dair cavabdehin hərəkətləri qanunsuz və əsassız hesab edilməli, buna dair qəbul edilmiş inzibati akt ləğv edilməlidir. Məhkəmə əmək pensiyasının azaldılmasına yönəlmiş həmin yenidən hesablama barədə qərarın ləğvinin prosessual əsasları ilə bağlı aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. AR İPM-nin: 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.1. Məhkəmə qərarı aşağıdakı hissələrdən ibarət yazılı formada tərtib edilməlidir: 69.1.3. əsaslandırma hissəsindən; 9.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. İnzibati prosessual qanunvericiliyin inzibati məhkəmə icraatının işin mahiyyəti üzrə nəticələrini əks etdirən yekun qərarının tərtib edilməsi ilə bağlı məcburi normalarının tələbindən də göründüyü kimi məhkəmə yekun nəticəyə gələrkən, o cümlədən şəxsin iddiasının rədd edilməsi kimi iddiaçıya münasibətdə əlverişsiz olan nəticəyə gələrkən öz qərarında mövqeyini əsaslandırdığı səbəbləri göstərməli, faktlar və sübutlara əsaslanmalıdır. Qərarın əsaslandırma hissəsində isə faktlar və sübutların qiymətləndirilməsi əks etdirilməli, məhkəmə hansı səbəblə iddianın təmin, o cümlədən rədd edilməsinə qiymət verməlidir. Eyni zamanda oxşar normalar inzibati icraatı həyata keçirən inzibati orqanın qərar qəbul edilməsinə münasibətdə də öz əksini tapmışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi məhkəmə qərarında olduğu kimi inzibati aktın qəbulu zamanı da, həll edilən məsələnin dəqiq göstərilməsi, aydın və anlaşılan olması, əsaslandırılmalı olması, əsaslandırma zamanı faktiki və hüquqi halları, bununla bağlı sübutların qiymətləndirilməsi mütləq şərt kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, inzibati icraat haqqında qanunvericiliklə inzibati aktın əsaslandırılmasına inzibati orqanın borclu olmaması kimi ayrıca müddəada nəzərdə tutulsa da, hazırkı növ işlər üzrə hesablamanın həmin şərtlər daxilində olması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, necə ki, pensiya təminatı ilə bağlı iddialarda daxil olmaqla məhkəməyə daxil olan iddia ərizəsinin mahiyyətinə qiymət verilən zaman, eləcə də iddia rədd edilən zaman, rədd edilmənin əsaslandırılması məhkəmə tərəfindən inzibati prosessual qanunvericiliyin tələbləri əsas götürülməklə həyata keçirilir, inzibati orqan tərəfindən də inzibati icraat haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla əsaslandırma olmalıdır. Necə ki, heç bir əsaslandırma olmadan iddia tələbi rədd edilsin, çünki belə hesab edirəm formasında birinci instansiya məhkəməsinin yekun qərarı yuxarı instansiya məhkəməsi tərəfindən mahiyyəti düzgün olsa belə ləğv üçün əsasdır, eləcə də cavabdehin heç bir əsaslandırma olmayan əmək pensiyasının yenidən hesablanması barədə qərarı mahiyyət baxımından gəlinən nəticə düzgün olsa belə prosessual baxımından ləğv edilməlidir. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən qərarın mahiyyəti baxımından əsaslılığından da söhbət gedə bilməz. Həmçinin, qeyd olunmalıdır ki, adıçəkilən Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati akt qanunsuz hesab edilsə belə həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olunduğu gündən 1 il ərzində ləğv edilə bilər ki, cavabdeh tərəfindən həmin müddətlə bağlı şərtə də əməl edilməmiş 1 illik müddət ötürüldükdən sonra əmək pensiyasının hesablanma qaydası mübahisələndirilməklə əmək pensiyasının azaldılması barədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Beləliklə Məhkəmə belə nəticəyə ki, əmək ləğv edilməsi ilə bağlı qərar hər bir halda inzibati orqan inzibati icraatı qanunvericiliyin tələblərinə riayət etmədən apardığından və nəticədə qərar qəbul etdiyindən, həmin qərar ləğv edilməlidir. Göründüyü kimi əmək pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş qərar istər mahiyyəti üzrə, istərsə də prosessual əsaslarla qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən, cavabdehin pensiyanın azaldılması və tutulmalarla bağlı hərəkətləri qanunsuz hesab edilməklə ləğv edilməlidir. Məhkəmə, iddianın qərarın ləğvindən yaranan hüquqi nəticələrin aradan qaldırılmasına yönəlmiş həmin qərar əsasında hesablanmış borc məbləğinin silinməli olması, ilkin pensiya təyinatının bərpa edilməli olması və mübahisələndirilən qərar əsasında ödənilməmiş pensiya məbləğ fərqinin ödənilməli olmasına münasibətdə də qeyd edir ki, ləğv edilən inzibati akt qanunsuz və əlverişsiz inzibati akt xüsusiyyətlərinə malik olmaqla ləğv edildiyindən hazırkı iş üzrə onun hüquqi nəticələrinin bütünlükdə ləğv edilməsi iddianın digər hissələrinin də təmininə əsas verir. Nəzərə alınmalıdır ki, iddiaçının həmin tələbi İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir. Buna misal kimi hazırki iddia ilə mübahisələndirilən halı, yəni pul məbləğinin qaytarılması və artıq ödəmə adı ilə ödənilməsi tələb edilən pul məbləğinin tutulmasına yönəlmiş hərəkətlərin qadağan edilməsini, həmçinin də iddiaçının almalı olduğu, lakin əmək pensiyasının yenidən hesablanması barədə qərar səbəbi ilə ala bilmədiyi, hesablama əvvəlki rəqəmlər nəzərə alınmaqla hesablanmalı olan əmək pensiyasının yenidən hesablanması barədə qərar nəzərə alınmamaqla ödənilməmiş pensiya məbləğinin ödənilməsini, hesablanmış borc məbləğinin silinməli olmasını əsas gətirmək olar. Belə ki, iddia tələbinin əsasında inzibati aktın (qərar) ləğvi dayanır. İddiaçı həmin inzibati aktın, yəni əmək pensiyasının yenidən hesablanması barədə qərarın icra olunması nəticəsində meydan gəlmiş nəticənin aradan qaldırılmasını arzulayır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə qərar ləğv olunduğundan, qanunsuz və əlverişsiz inzibati aktın icrasının nəticəsinin aradan qaldırılmasına yönəlmiş iddia digər hissələrdə də təmin edilməlidir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın azaldılması və pensiya məbləğindən tutulmaların aparılmasına dair hərəkətləri qanunsuz hesab edilməklə onun tərəfindən İddiaçı barəsində qəbul edilmiş 3-17-1/3-7-5449/2024 nömrəli, 10 may 2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilsin. Həmin qərar əsasında iddiaçıya hesablanmış borc məbləği ləğv edilərək cavabdeh tərəfindən qəbul edilmiş **********8 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməsi və iddiaçıya 3-17-1/3-7-5449/2024 nömrəli, 10 may 2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar əsasında ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov