Məhkəmə qərarları › İş №2-1(112)-11265/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11265/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11265/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1945-ci il təvəllüdlüdür. İddiaçıya DSMF-nin Suraxanı rayon şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə xx.xx.2007-ci il tarixdən orta aylıq əmək haqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixədək son 24 ayın əmək haqqının (2004- 2005-ci illər) 85% miqdarında pensiya hesablanmışdır. İddiaçı xx.xx.2024, xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müxtəlif tarixlərdə müraciət edərək pensiyasının yenidən hesablanmasını (2006-2007-ci illər üzrə orta aylıq əmək haqqı əsaəsnda) xahiş etmişdir. Cavabdeh xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025-ci il tarixlərdə iddiaçının müraciətləri ilə bağlı qərarlar qəbul etmişdir. xx.xx.2025-ci il tarixli “yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” bildirişdə cavabdeh qeyd etmişdir ki, “...“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2007-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi 702,30 manat olmaqla davam etdirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 818,26 manat (2007-ci il üzrə) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək 1504,69 manat (2009-cu il üzrə) pensiya kapitalı, xx.xx.2024-cü il tarixindən (VÖEN hesabınızın dondurulduğu tarixdən) növbəti dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2009-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək 4746,85 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanmış və pensiyanızın məbləğində (702,30 manat) dəyişiklik olmamışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sizə əmək pensiyası təyin edilərkən 2004-2005-ci illər üzrə orta aylıq əmək haqqınızın 85 faizi nəzərə alınmışdır. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən fərdi şəxsi hesabınızın sığorta hissəsində “hesablanmış” məcburi dövlət sosial sığorta haqları ilə “ödənilmiş” məcburi dövlət sosial sığorta haqları arasında uyğunsuzluq yaranmışdır. Bu səbəbdən yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2020-ci il tarixindən (artıqödəmə barədə qəbul edilmiş qərardan 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əməkhaqqının (72-ci maddə) 60 faizi və tələb olunan stajdan artıq olan hər bir ilə 2% əlavə, lakin 85%-dən çox olmamaq şərtilə minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Həmin Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən sözügedən Qanun xx.xx.2006-cı il tarixinədək qüvvədə olduğundan 2006-2007-ci illər üzrə orta aylıq əmək haqqınız əsasında əmək pensiyanızın yenidən hesablanması mümkün hesab edilmir.”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalana faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası ilə razı deyil və onu qanunsuz hesab edir. Ona əmək pensiyasına çıxan zaman əmək pensiyası həqiqətən də 85 %-lə təyin edilirdi. O əmək pesniyasına çatan və pensiya təyinatı ilə bağlı müraciət edən zaman ondan sonuncu işlədiyi yerdən axırıncı 4 (dörd) ilə üçün arayış tələb edilmişdir. Həmin vaxt ona pensiya təyinatını həyata keçirən qurumdan bildirilmişdir ki, alacağı pensiyanın məbləğini müəyyən etmək üçün sosnuncu iki ilin pulunu hesablayıb, həmin məbləğin cəmini 24 aya bölüb, alınan orta aylıq məbləğin 85 %-ni ona ödəyəcəklər. Ancaq qeyd edilən illər 2004- 2005-2006-2007-cı illər üzrə üzrə aylıq gəlirləri nəzərə alınmadan ona cəmi 161 manat təyin edilmişdir. Halbuki yuxarıda qeyd edilən illər nəzərə alınmalı idi. Hesab edir ki, yaşa görə ona əmək pensiyası təyin edilməsi üçün işlədiyi illər tam nəzərə alınmamışdır. Məhz bu səbəbdən ona təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq artırılmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək onun pensiyasının əmək haqqı məbləğinin 85%-nə münasibətdə yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən onun müraciəti xx.xx.2025-ci il tarixli 3-17-1/2-K- 75328/2025 nömrəli məktubla cavablandırılmış və 2006-2007-ci illər üzrə orta aylıq əməkhaqqı əsasında əmək pensiyasının yenidən hesablanmasının mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin 01.11,2007-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi 702,30 manat olmaqla davam etdirilir. Məlumat üçün bildirirlər ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 818,26 manat (2007- ci il üzrə) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2007-ci il tarixindən 01,08.2009-cu il tarixinədək 1504,69 manat (2009-cu il üzrə) pensiya kapitalı, xx.xx.2024-cü il tarixindən (VÖEN hesabının dondurulduğu tarixdən) növbəti dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün 01,08.2009-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək 4746,85 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanın məbləği yenidən hesablanmış və məbləğində (702,30 manat) dəyişiklik olmamışdır. Misaldan da göründüyü kimi Qanunun qüvvəyə mindiyi 01.01 2006-cı ilədək pensiyanın şərti hesablanması zamanı orta aylıq əməkhaqqı xx.xx.2006-cı il tarixədək olan dövr üzrə müəyyən edilir, xx.xx.2006-cı il tarixindən sonra fərdi hesaba toplanmış pensiya kapitalına görə yeni sistemdə qazanılmış pensiya məbləği isə ayrıca hesablanır. Qanunun xx.xx.2006-cı il tarixindən qüvvəyə mindiyi nəzərə alınaraq, Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada əmək pensiyası əmək fəaliyyətinin həmin ilədək axırıncı 24 ayına, yəni 2004- 2005-ci illərə aid orta aylıq əməkhaqqından hesablana bilərdi. İddiaçı pensiya işi materiallarından da aydın olduğu kimi Mərkəzi Filialın xx.xx.2024-cü il tarixili, 3-17-1/1-K- 61365/2024 nömrəli qərarına əsasən onun pensiyası xx.xx.2006-cı il tarixədək (2004- 2005-ci illər) əməkhaqqının 85%-i, sonraki dövrlər üzrə isə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında hesablanmışdır. Qeyd olunanlara əsasən nəzərinizə çatdırırlar ki, İddiaçı yaşa görə əmək pensiyası xx.xx.2007-ci il tarixində, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra təyin edilmişdir. Odur ki, İddiaçı pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixinədək, yəni Qanun qüvvəyə minənədək pensiya “Vətəndaşların pensiya təminatı haqqında" Qanuna əsasən son 24 ay və ya 60 ayın orta aylıq əməkhaqqına əsasən hesablandığına görə xx.xx.2006-cı il tarixədək iddiaçının əmək fəaliyyəti dövrünün son 24 ayı, yəni 2004 və 2005-ci illər üzrə orta əməkhaqqı nəzərə alınmış, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən müvafiq dövr üzrə orta aylıq əməkhaqqının 85%-nə uyğun hesablanmışdır. xx.xx.2006-cı il tarixdən sonra isə pensiya Qanunun tələbinə əsasən əmək pensiyası sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən hesablandığı üçün, Qanun qüvvəyə mindikdən sonra iddiaçının pensiyası 2006- 2007-ci il tarixlərini əhatə edən dövr üzrə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007- ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 818,26 manat (2007- ci il üzrə) pensiya kapitalı əsasında hesablanmışdır. Beləliklə, Mərkəzi Filial pensiyanı hesablanması zaman düzgün hüquqi nəticəyə gəlmiş və iddiaçı barəsində qanunvericiliyə uyğun olaraq inzibat icraat aparmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının sonuncu müraciətini təmin etməkdən xx.xx.2025-ci il tarixli qərarla təmin etməkdən imtina etmiş, həmin qərarın iddiaçıya təmin edilməsinə dair işdə hər hansı sübut yoxdur. Cavabdeh iddiaçıya xx.xx.2025-ci il tarixli mtina məktubu göndərmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il tarixli qərarı və xx.xx.2025-ci il tarixli məktubunu iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcuretmə haqqında iddia olduğuna görə, iddia tələbində cavabdehin imtina qərarının iddiaçı tərəfindən mübahisələndirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1156/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…hazırkı mübahisəyə dair iş üzrə iddiaçı tələbində həmçinin cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********153600 nömrəli qərarının ləğv olunmasını xahiş etsə də, həqiqətdə iddiaçının hüquqi marağı və məqsədi alqı-satqı müqaviləsinə əsasən nağdsız qaydada dəyərini satıcıya tam ödədiyi mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Mübahisələndirilən qərarın ləğvi ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçıya müvafiq əlavə dəyər vergisi məbləğinin 30 faizinin qaytarılması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia, eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur”. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı xx.xx.1945-ci il təvəllüdlüdür və ona xx.xx.2007-ci il tarixdən orta aylıq əmək haqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixədək son 24 ayın əmək haqqının (2004- 2005-ci illər) 85% miqdarında pensiya hesablanmışdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun pensiyasının, pensiyaya çıxdığı xx.xx.2007-ci il tarixdən əvvəlki 24 ay üzrə orta aylıq əmək haqqının 85% miqdarında pensiya hesablanmaqla yenidən hesablanmasına yönəlmişdir. Cavabdeh isə bildirir ki, “Vətəndaşların pensiya təminatı hqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixinədək qüvvədə olduğundan əmək pensiyası, həmin tarixdən (xx.xx.2006) əvvəlki 24 ayın orta aylıq əmək haqqına grə heseblanmışdır və 2006-2007-ci illər üzrə orta aylıq əməkhaqqı əsasında əmək pensiyasının yenidən hesablanması mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 27.1-ci maddəsinə görə (iddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan redaksiyası) bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesabalanaraq ödənilir. Hazırkı işin halalrına əsasən, iddiaçıya pensiya xx.xx.2007-ci il tarixdən təyin edilmişdir. Bununla da iddiaçının yaşa görə əmək pensiyası hüququnu əldə etməsi xx.xx.2010cu il tarixdən əvvəki dövrə təsadüf edir. Belə olan halda iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi xx.xx.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etdiyindən, onun pensiyası pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş qaydalara uyğun olaraq orta əmək haqqına istinadən yenidən hesablanmalı və pensiya hesablanarakən pensiyaya çıxdığı tarixdən əvvəlki 24 ayda (2006-2007) aldığı əmək haqqında görə hesablanmalıdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1542/2023 nömrəli və 2-1(102)-972/2025 nömrəli qərarlarında hüquqi mövqe bu istiqamətdə olmuşdur. Məhkəmə yenidən hesablanmış pensiya məbləğinin ödənilmə tarixi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq yenidən hesablanmış pensiya məbləği iddiaçının sonuncu müraciət tarixindən – xx.xx.2025-ci ildən əvvəlki üç illik dövr üçün ödənilməlidir. Belə ki, şəxs pensiyanın yenidən hesablanması ilə bağlı xx.xx.2025-ci il tarixində, yəni “Əmək pensiyalar haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 1 yanvar 2019-cu il tarixindən sonra müraciət etdiyindən və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da vurğulandığı kimi Qanunun 32.1-2ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği əvvəlki dövr üzrə üç illik müddət üçün ödənilməlidir. Həmçinin işdə müraciətin 1 yanvar 2019-cu il tarixinədək edilməməsinin iddiaçının iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübutlar da yoxdur. Odur ki, iddiaçının yenidən hesablanmış pensiya məbləği xx.xx.2022-ci il tarixdən hesablanmaqla ödənilməlidir. İddiaçı əvvəlki müraciətləri bağlı cavabdehin imtinasını mübahisələndirmədiyindən, pensiyanın yenidən hesablanması sonuncu müraciət tarixindən aparılmalıdır. Pensiya məbləğinin sonuncu müraciət tarixindən hesablanması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-584/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarda hüquqi qiymət verilmişdir.. Belə ki, həmin qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...iddiaçı cavabdehə sonuncu dəfə 25 avqust 2022-ci il tarixdə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı bir neçə dəfə-(2017, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, iyul 2022) cavabdehə müraciət etmiş, hər dəfə müraciətə mənfi cavab verilmiş, bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (bənd 48-49). Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının, pensiyaya çıxdığı tarixdən, yəni xx.xx.2007-ci ildən əvvəlki 24 ayın əmək haqqına görə yenidən hesablanması və sonuncu müraciət tarixindən, yəni xx.xx.2025-ci il tarixdən əvvəlki üç il üzrə (xx.xx.2022) hesablanıb yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə edilməklə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar