Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11268/2025 15.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı, X1 tərcüməçiliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “fərdi yaşayış evinin ona məxsus hissəsinin ayrılması” tələbinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, Dalan 1, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsinin anasının varisi kimi ona ayrılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X3 xx.xx.1920-ci il tarixdə Orenburq vilayətində Orsk şəhərində anadan olmuşdur. Daha sonralar anam Bakı şəhərinə köçmüş və həbsxananın gülçülük sovxozunda çalışmağa başlamışdır. xx.xx.1958-ci il tarixdə anası X2 Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 26 Bakı Komissarları küçəsi, 3 saylı təcridxana ünvanında yaşayış yeri-otaq ayrılmışdır. İddiaçının anası xx.xx.1958-ci il tarixindən həmin ünvanda qeydiyyatda olmuş və 2001-ci ildə vəfat etmişdir. İddiaçı həmin ünvanda qeydiyyatdadır və xx.xx.1958-ci il tarixindən bu günədək orada yaşayır. Həmin ev Penitensiar Xidmətin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına məxsusdur. Bu illər ərzində iddiaçı Xidmətin ofisinə mənzil və kommunal xərclərini vaxtı vaxtında ödəmişdir. Hal-hazırda həmin evin ünvanı ünvan 2 ümumilikdə 6 ailə yaşayır. Həmin ailələr o evdə yaşayır və onların ailə üzvləri də həmin evə qeydiyyatdadırlar. Ev ilə bağlı hər hansı mülkiyyət sənədlərinin olmaması onun hüquqlarını məhdudlaşdırmaqdadır. Ona görə də iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verərək həmçinin bildirdi ki, həmin ev anasına məxsus olmuşdur. Hazırda evlə bağlı onunla sosial kirayə müqaviləsinin bağlanmasını istəmir. Belə ki, evin onun mülkiyyətinə verilməsini istəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhrum anasına yaşayış yeri – otaq ayrılmasını və anasının vəfat etdiyi günədək orada qeydiyyatda olmasını əsas gətirərək anasının varisi kimi Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, Dalan 1, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsinin ona ayrılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (139.3). Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.2) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (152.3). Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.4). Qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi birləşdirir: sahiblik hüququ, istifadə hüququ və sərəncam hüququ. Yəni əmlak üzərində sərəncam vermək o halda mümkündür ki, həmin əmlak mülkiyyətdə olmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, Dalan 1, ev 14 ünvanında yerləşən fərdi yaşayış evi dövlət mülkiyyətində olmaqla 3 saylı İstintaq Təcridxanasının balansındadır. Həmin ev iddiaçının anasına sosial kirayə müqaviləsinə əsasə və ya hər hansı hüquqverici əsaslarla ayrılmamışdır. Sadəcə ev iddiaçının anasına xidməti zərurətlə əlaqədar müvəqqəti istifadə üçün verilmişdir. İddiaçının anasının həmin ev üzərində hüquqları yalnız evin şəxsi hesab vərəqəsi ilə məhdudlaşır. İddiaçı isə həmin evin ona ayrılmasını, dolayısı ilə evin onun mülkiyyətinə verilməsini tələb edir. Lakin, 3 saylı İstintaq Təcridxanası yalnız balanssaxlayıcı olmaqla həmin fərdi evin iddiaçının mülkiyyətinə verilməsində səlahiyyətli deyildir. Balanssaxlayıcı kimi həmin Təcridxana tərəfindən iddiaçı ilə sosial kirayə müqaviləsi bağlana bilər. Bu səbəbdən məhkəmə iclasında sədrlik edən tərəfindən iddiaçıya iddia tələbini dəqiqləşdirərək tələbin “həmin evlə bağlı sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi qeyd edilməsi təklif edilsə də, iddiaçı bundan imtina etmiş və iddia tələbinə olduğu kimi baxılmasını tələb etmişdir. Göründüyü kimi iddiaçı əladə etmək istədiyi məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir. Yəni, iddiaçının cavabdeh kimi qeyd etdiyi inzibati orqanların evin iddiaçının mülkiyyətinə ayrılması səlahyyəti mövcud deyildir. Həmin evin iddiaçının mülkiyyətinə verilməsi isə dövlət əmlakının özəlləşdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosedura riayət edilməsini tələb edir. Yaranmış vəziyyət isə işə mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “fərdi yaşayış evinin ona məxsus hissəsinin ayrılması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına apelyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11268/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11268/2025
15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver