Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1127/2020 04.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı “əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə (bundan sonra mətndə DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi) qarşı “əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdən əvvəlki 3 (üç) il ərzində ödənilməli olan müavinətin hesablanaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Qarabağ müharibəsinin getdiyi dövrlərdə müxtəlif vəzifələr və hərbi hissələrin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. xx.xx.1998-ci il tarixində ona Müharibə Veteranı adı və vəsiqəsi verilmişdir. O, cavabdeh inzibati orqana ona veteranlıq üçün müavinətin təyin olunması barədə müraciət etmiş və ona müraciət etdiyi tarixdən hesablanaraq, müavinətin ödəniləcəyi bildirilməklə, xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməyə başlanılmışdır. O, cavabdeh inzibati orqana müraciət edərək, müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il üçün müavinətin ödənilməsini xahiş etmiş, lakin sonuncu tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq müraciətinə imtina edilmişdir. Cavabdeh DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi məhkəməyə əqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı müharibə veteranlarına Azərbaycan Respublikası Prezident təqaüdünün təyin edilməsi iləbağlı xx.xx.2019-cu il tarixdə 1 saylı DOST mərkəzinə müraciət etmişdir. Müraciət əsasında DSMF-nin Bakı şəhəri Səbail rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 2408 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdən iddiaçıya müharibə veteranı kimi aylıq 80 manat məbləğində Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilmişdir. Bundan sonra İddiaçı DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinə əvvəlki 3 il üçün ödənilməli olan müavinətin hesablanaraq ödənilməsi ilə bağlı müraciət etmiş, lakin onun bu tələbinə imtina verilmişdir. İddiaçı müharibə veteranı vəsiqəsini xx.xx.1998-ci ildə almış, lakin məlum olmayan səbələrə görə vəsiqəni aldığı müddətdən müavinət ilə bağlı müraciət etməmişdir. Halbuki, hal-hazırda vətəndaş əvvəlki 3 il üçün olan müavinətin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçının bu vaxta qədər qeyd olunan müavinətin alınması ilə bağlı aidiyyati üzrə müraciət etməməsi əsaslı şübhələr doğurur. Belə ki, müharibə veteranı vəsiqəsi olub, eyni zamanda hüquqmühafizə, ədliyyə, müdafiə nazirliyi, xüsusi xidmət və s. orqanlarda işləyən şəxslərə qeyd olunan müavinət xx.xx.2019-cu il tarixədək onların əmək haqlarına əlavə olunaraq ödənilib. Hesab olunur ki, iddiaçının bu hərəkətlərinə, yəni müharibə veteranı vəsiqəsini 1998-ci il tarixdə aldığı halda müavinətin təyin olunması üçün 2019-cu il tarixə qədər müraciət etməməsinə səbəb onun hazrki vaxtadək dövlət (hüquq mühafizə, ədliyyə, müdafiə nazirliyi, xüsusi xidmət və s.) orqanlarında işləməsi ilə əlaqədar həmin müavinətin əmək haqqına əlavə kimi verilməsi halının olmasıdır ki, iddiaçı bu halı öz hərəkətləri ilə təsdiqləmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, bundan əlavə izahatında təmsil etdiyi şəxsin Müharibə Veteranı adının və vəsiqəsinin aldığı gündən hazırki vaxtadək heç bir dövlət (hüquq mühafizə, ədliyyə, müdafiə nazirliyi, xüsusi xidmət və s.) orqanlarda işləmədiyinin iddiaçıya məxsus əmək kitabçası ilə də təsdiq olunduğunun nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və təqdim olunmuş etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuşdur. M/V 025705 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, qeyd olunan vəsiqə Səbail rayon Hərbi Komissarlığı tərəfindən xx xxxxxx 1998-ci il tarixdə İddiaçı verilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMFnin 1 saylı Bakı Ərazi şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********6 №li imtina məktubunda göstərilmişdir ki, “Müharibə veteranlarına Azərbaycan Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respblikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının 2.1.1-ci maddəsinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparlan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Qeyd olunan Fərmana əsasən müraciətçiyə xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Müraciətçiyə son 3 (üç) il əvvəlki dövrə olan məbləği almaq üçün məhkəməyə müraciət etmək hüququnun olması izah olumuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, işin mübahisələndirilməyən hallarından müəyyən olunduğu kimi, iddiaçı müharibə veteranıdır və sonuncuya onun inzibati oraqana xx.xx.2019-cu il tarixdə etdiyi müraciətinə əsasən “Müharibə veteranlarına Azərbaycan Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respblikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq xx xxxxx 2019-cu il tarixdən etibarən cavabdeh tərəfindən müavinətlərin təyin edilərək ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə həmin müavinətin təyin olunduğu tarixdən əvvəlki üç il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə, hazırki halda yalnız “Müharibə veteranlarına Azərbaycan Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respblikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq xx xxxxx 2019-cu il tarixdən başlanılmaqla müavinətin verilməsi mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin mövqeyini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər–bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları iləbağlı olaraq məhkəmə qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə, bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi 1998-ci ildən deyil 2019-cu ildən həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir–yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx xxxxxx 1998-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona xx xxxxx 2019-cu il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. Buna görə də, əvvəlki üç il üçün müavinətin ödənilməsi öhdəliyini cavabdehə həvalə edilməsini tələb etməkdə iddiaçı haqlıdır. Cavabdeh inzibati orqanın iddia ərizəsinə dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə həmin dəlilləri də əsassız hesab edir. Belə ki, iddiaçının nümayədəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçıya məxsus İT-İ seriyalı ******* №li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, sonuncu Müharibə Veteranı adını və vəsiqəsini aldığı gündən ona müavinət təyin olunan günədək, ona müavinətin xx.xx.2019-cu il tarixədək əmək haqlarına əlavə olunaraq ödənilə biləcəyi heç bir dövlət (hüquq mühafizə, ədliyyə, müdafiə nazirliyi, xüsusi xidmət və s.) orqanlarında işləməmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qnununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əvvəlki üç il üçün müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Veteranlar haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunları ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinəvə hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Müharibə Veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin üzərinə qoyulmalıdır. Bundan başqa, iddiaçı hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli TT seriyalı **********489300 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 3114 №li müqaviləyə əsasən hüquqi xidmət haqqı kimi Bakı şəhəri 6 saylı Vəkil bürosunun hesabına 300 (üç yüz) manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin tələbindən görünür ki, məhkəmə nümayəndənin və vəkilin göstərdiyi yardıma görə xərcləri müəyyən edərkən, onların ağlabatan miqdarda olmasına diqqət yetirməlidir. Məbləğin ağlabatan olması o, deməkdir ki, məhkəmə nümayəndənin və vəkilin göstərdiyi yardıma görə onlara ödənilməli məbləği müəyyənləşdirərkən konkret halları, yəni göstərilən yardımın həcmini, müddətini, nümayəndələrin və vəkillərin sayını, işin mürəkkəbliyini və sair halları nəzərə almalıdır. Qeyd olunmalıdır ki, iki tərəf arasında hüquqi xidmətlərin göstərilməsinə dair bağlanmış müqavilənin şərtləri üçüncü şəxs üçün məcburi hesab edilə bilməz. Məhkəmə hüquqi xidmətə görə xərc kimi 100 (bir yüz) manatı ağlabatan məbləğ hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 100 (bir yüz) manat məbləğində hüquqi xidmət haqqı tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Müharibə Veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsindən İddiaçı xeyrinə 100 (bir yüz) manat hüquqi xidmət haqqı tutulsun. İddia qalan hissədə rədd olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1127/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1127/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver