Məhkəmə qərarları › İş №2-1(112)-11271/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11271/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11271/2025 27.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Abşeron rayon İcra Hakimiyyəti) qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Abşeron rayon X5 25 dekabr 1998-ci il tarixli , 28 nömrəli Əmrinə əsasən fərdi yaşayış evi tikmək üçün X3 ayrılmış 0.12 hektar torpaq sahəsinə hüququnun mərhum X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunanları nəzərə alaraq, X9 ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafıq hesab edilir. Abşeron RİH-nin xx.xx.2024-cü il tarixli məktubu ilə isə bildirilmişdir ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Torpaq sahələrinin sənədləşdirməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan , cizgi-sxem və sair kimi terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “Torpaq sahəsinin yerqurluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerqurluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə ”-nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin , istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerqurluşu haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin, və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Yuxanda qeyd olunanları nəzərə alaraq aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. ” Qeyd edilir ki, torpaq sahəsi Xəzər RİHB-nin Binə qəsəbəsi İƏD üzrə nümayəndəliyinə aid ərazidə yerləşdiyindən və yerləşmə cizgisinin verilməsi barədə müraciətimizə imtina olunduğundan tərəfimdən Xəzər RİH-nə qarşı “yerləşmə sxem-cizgisinin verilməsi barədə” iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilsə də, həmin Qərardan cavabdeh tərəfindən verilmiş Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025 il tarixli Qərardadı ilə qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli Qərarı ləğv edilmiş və İddia mümkün sayılmamışdır. Həmçinin, onu da qeyd etmək istərdi ki, həmin iş Bakı Apellyasiya məhkəməsinin İnzibati Kollegiyasının icraatında baxılan zaman torpaq sahəsinə hüququn mərhum atam X3 məxsus olmasına dair arayışın verilməsi ilə bağlı təkrarən cavabdehə müraciət etsə də, cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2025- ci il tarixli məktubu ilə “yerləşmə cizgisinin mövcud olduğu, lakin qeyd edilən elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşmə cizgisində istinad və məsafələr qeyd olunmadığından torpaq sahəsinin yerləşmə mövqeyini dəqiqləşdirməyin mümkün olmadığını” əsas gətirərək, müraciətinə yenidən imtina edilmişdirki, həmin imtina məktubu da tərəfindən iş icraatında olan Bakı Apellyasiya məhkəməsinin İnzibati Kollegiyasının təqdim edilmişdir. Bakı Apellyasiya məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025 il tarixli Qərardadında Apellyasiya məhkəməsinin mövqeyinə əsasən ; 38. Bakı İnzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Hövsan Tərəvəzçilik- Südçülük sovxozunun ərazisidir. Eyni zamanda üst-üstə düşmə halı və sahənin qeydiyyatı barədə məlumat yoxdur. Hazırkı işdən görünür ki, iddiaçı Abşeron Rayon X9 üzrə 25 dekabr 1998-ci il tarixli, 28 saylı əmrdən çıxarışla Abşeron Rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 №- li məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 №-li protokoluna əsasən mərhum atası X3 fərdi yaşayış evi tikmək üçün ayrılmış Abşeron Rayon X9 ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinə yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi mərhum atası X3 fərdi yaşayış evi tikmək üçün ayrılmış Abşeron Rayon X9 ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinin yerləşmə sxemini-cizgisi Abşeron Rayon X9 tərəfindən təqdim edilmişdir, (iş v. 10)Mübahisəyə dair hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Abşeron Rayon X9 tərəfindən ayrılmışdır. Həmin Sovxoz tərəfindən də yerləşmə sxeminin cizgisi verildiyindən Xəzər Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsinin yerləşmə sxeminin-cizgisinin verilməsi ilə bağlı səlahiyyəti yoxdur. Göründüyü kimi, Xəzər Rayon İcra Hakimiyyəti hazırkı iddia üzrə cavabdeh qismində çıxış edən və həmin iddiaya cavab verməli olan inzibati orqan deyildir. Kollegiya mübahisənin yaranmasına səbəb olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin 3-21-3-30/2-Q-0154/8/2025 **********27 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda “yerləşmə cizgisinin mövcud olduğunu bildirmiş, lakin qeyd edilən elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşmə cizgisində istinad və məsafələr qeyd olunmadığından torpaq sahəsinin yerləşmə mövqeyini dəqiqləşdirməyin mümkün olmaması” ilə bağlı bildirir ki, topaq sahəsi ayrılarkən həmin vaxt elektron kadastr baza məlumatları mövcud olmadığından torpaq sahəsinin koordinatları və istinad məsafələrinin də yerləşmə cizgisində qeyd edilməsi mümkün deyildi. Həmçinin, iddiaçının Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı iş materiallarında olan X8 planına əsaslanmaqla iddia qaldırmaq hüququ mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (həyətyanı sahələrin) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələrin torpaqları əvəzsiz olaraq onların mülkiyyətinə qanuni istifadəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərkən ərizəyə yalnız torpaqların onların qanuni istifadəyə verilməsini təsdiq edən sənədin surətini əlavə edirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11 -ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015- ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nm 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin Qanunun 10-cu maddəsinə görə; Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8-ci maddəsi ilə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası müəyyən olunmuşdur; Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il may ayının 22-dək müvafiq icra orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.5-ci maddəsinə görə: Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinin tələblərinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi istifadə və ya müddətli istifadə etmək deməkdir. Həmçinin, Həmin Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən , mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3.-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.8—ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən; Müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adma rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara istinadən bir daha hesab edirəm ki, cavabdehin imtinası əsassız və qanunsuz sayılmalı və Abşeron rayon X9 Üzrə 25 dekabr 1998-ci il tarixli, 28 saylı Əmrdən Çıxarışla, Abşeron Rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 №-li məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 №-li protokoluna əsasən, X5 direktoru tərəfindən təsdiq edilmiş “X8 Planı çəkilmiş “AKT” ilə Abşeron rayon X9 ərazisində atam X3 fərdi yaşayış evi tikmək üçün verilmiş 0.12 hektar torpaq sahəsinə hüququn mərhum X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokol qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varisi olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi Abşeron rayon X5 25 dekabr 1998-ci il tarixli , 28 nömrəli əmrinə əsasən fərdi yaşayış evi tikmək üçün X3 ayrılmış 0.12 hektar torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar çıxarılması kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Abşeron rayon X5 25 dekabr 1998-ci il tarixli, 28 nömrəli Əmrinə əsasən fərdi yaşayış evi tikmək üçün X3 ayrılmış 0.12 hektar torpaq sahəsinə hüququn mərhum X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********27 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) istinadlar və məsafələr qeyd edilmədiyindən sənədlərin müvafiq sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin 3 hissəyə ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 3-48-18A/2-649/24 nömrəli xx.xx.2024-cü il tarixli arxiv çıxarışından görünür ki, xx.xx.1998-ci il tarixli 28 nömrəli X5 əmri X3 fərdi ev tikmək üçün hər birinə 0.12 ha torpaq sahəsi ayrılmışdır. X5 həmkarlar təşkilatının aktından görünür ki, X5 həmkarlar təşkilatının sədri, Sovxozun baş aqronomu Alkərəmov V.H, Komendant Şahməmmədov T.A yoldaşların iştirakı ilə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 40 nömrəli məktubu və islahat komissiyasının xx.xx.1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən vətəndaş X3 ayrılmış torpaq sahəsinin ölçülüb sərhədlərinə taxta nişan qoyduqdan sonra vətəndaş X3 təhvil verilmişdir. X8 planı çəkilmiş və təsdiq edilmişdir. AZ-İİ seriyalı 179841 nömrəli xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2021-ci il tarixində vəfaat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 1431 nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti əsasında .. ölmüş X2 adına vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər, əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 51.1- 1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, X9nda yerləşən 0.12 ha torpaq sahəsi barəsində daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının 1ci müavininin İddiaçı ünvanladığı 5-12/2-Q-48-091/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, X9 ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 5- 29/2-Q-94-091/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti Rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərinə aid deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi 'Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.“Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifariçi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır.Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqiiyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur.Yuxarıda qeyd olunanları nəzərə alaraq aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-33878/2024 **********78 nömrəli məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Hövsan Tərəvəzçilik- Südçülük sovxozunun ərazisidir. Eyni zamanda üstüstə düşmə halı və sahənin qeydiyyatı barədə məlumat yoxdur. Məhkəmənin 2-1(112)-10751/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon X5 xx.xx.1998-ci il tarixli 28 nömrəli əmri ilə X3 fərdi yaşayış evi tikmək üçün Abşeron rayon X9 ərazisində ayrılmış 0.12 ha torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi öhdəliyi cavabdeh Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-744/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10751/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. İddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası AZ-İ seriyalı 082604 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı xx.xx.2007-ci il tarixində nikah ləğv edilmişdir. İV-CЛ seriyalı 321907 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixində anadan olmuşdur. Azərbaycan Respublikasının Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-29/2-1790/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X9nda yerləşən X6 0.12 ha torpaq sahəsinə dair tərtib olunmuş cizgi barədə Abşeron Rayon İcra Hakimiyyətində məlumat yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-32413/2025 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, südçülük sovxozunda yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki sahəsi isə 1280 kv.m-dır.Torpaq sahəsin 4 tərəfdən mişar daşla hasarlanıb və 3 hissəyə bölünmüşdür. Torpaq sahəsində 1 mərtəbəli yaşayış evi var. Torpaq sahəsinin kordinatları əlavə olundu. Torpaq sahəsinin ünvanı dəqiqləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi. 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Fərmanın qeyd edilən bəndinin tələbinə uyğun olaraq X5 xx.xx.1998-ci il tarixli 28 nömrəli əmri mövcuddur. X3 fərdi ev tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılması arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etmiş və bununla bağlı iddiaçının adına arxiv çıxarışı və həyətyanı torpaq sahəsiin sxematik planı təqdim edilmişdir. Təqdim edilən sənədlərin həqiqiliyi şübhə doğurmadığından sərəncam verilən zaman iddiaçının yaşı onun hüquqlarının qeydə alınması üçün maneə hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən sənədlər təqdim edilmişdir. İddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə Suraxanı rayonu, Hövsan qəsəbəsi, südçülük sovxozunda yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m olaraq qeyd olunsa da, faktiki ölçüsü 1280 kv.m-dır. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m olan torpaq sahəsinin üzərində hüquqlarının qeydiyyata alınmasıdır. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum üçün X3 məxsus olması barədə arayış verilməlidir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mərhum atasının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Abşeron rayon X5 25 dekabr 1998-ci il tarixli, 28 nömrəli əmrinə əsasən fərdi yaşayış evi tikmək üçün X3 ayrılmış 0.12 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar