Məhkəmə qərarları › İş №2-1(112)-11276/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11276/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11276/2025 09.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin "əmək pensiyasının yenidən hesablanması haqqında" qərarının ləğv edilməsi, barəsində “Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında" AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bərabərhüquqlu münasibətin təmin edilməsi məqsədilə Ali Məhkəmənin 2-1(102)-214/2025 nömrəli xx.xx.2025 tarixli və 2- 1(102)-816/2025 nömrəli xx.xx.2025 tarixli Qərarlarına istinad edir. Həmçinin, əlavə edir ki, X1 şifahi tövsiyyəsinə əsasən yeni iddia qaldırmalı olduğu bildirilmişdir. Belə ki, barəsində qəbul edilmiş 2-1(112)-676/2023 nömrəli Bakı İnzibati Məhkəməsi Qərarının icra edilməsi nəticəsində sığorta kapitalının 290 aya bölünməsi aparılıb. Onun sığorta kapitalı 72 aya bölünməli idi. Məhkəmə qərarının düzgün icra edilməsi ilə bağlı müraciət etsə də, ona bildirildi ki, yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. 2025-ci ildə Ali Məhkəmə Qərarları ilə müəyyən edilib ki, xx.xx.2017-dən əvvəl pensiya təyin edilmiş şəxsin pensiyası yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırıla bilməz. O, xx.xx.2017-dən əvvəl pensiyaya çıxmışdır. xx.xx.2023 tarixdən qüvvəyə minmiş 627 nömrəli Qanuna əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Bakı İnzibati Məhkəməsi Ali Məhkəmənin istinad etdiyi Qərarlarında göstərilir: 816 nömrəli Qərarın 22-ci abzasında: Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2-1(102)-214/2025 nömrəli iş üzrə qərarında qeyd edilmişdir: İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən "Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-сi maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz. 23-cü abzasında. Məhkəmə kollegiyası oxşar iş üzrə Ali Məhkəmənin qərarını rəhbər tutaraq bildirir ki, iddiaçı 2009-cu ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra faktiki olaraq 3 il 9 ay 7 gün (45 ay) işləmişdir. Sığorta kapitalı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı 99 (144 ay-45 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölməklə (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılmaqla) qanuni əmək pensiyanın üzərinə əlavə edilərək və qanunvericiliyin tələblərinə uyğun olaraq indeksləşdirilərək ödənilməlidir. 214 nömrəli Qərarı: 40-cı abzas. Bundan əlavə, hazırda mübahisə predmeti olmasa da, məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən "Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Cavabdeh tərəfindən məhkəməyə iddianın mümkün sayılmaması barədə ərizə ilə müraciət edilərək bildirilmişdir ki, aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, icraatda olan 2-1(112)- 11276/2025 nömrəli iş üzrə iddia mümkün hesab edilməməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2-1(112)-676/2023 nömrəli qərarı ilə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən İddiaçı təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2-1(103)-2125/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2-1(112)-676/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü tarixli 2-1(102)-2399/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2-1(103)- 2125/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmə qərarı icra edilərək xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 484/2024 nömrəli "Əmək pensiyasının yenidən hesablanması" haqqında qərarla İddiaçı əmək pensiyasının məbləği 1259,18 manatdan 1878,24 manatadək artırılmışdır. Qərarın icrasından narazı qalan iddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsi, Qanunun 37.3.1-ci maddəsi tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2-1(112)-676/2023 nömrəli qərarı ilə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən İddiaçı təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2-1(103)-2125/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2-1(112)-676/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 12 oktyabr 2023cü tarixli 2-1(102)-2399/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2- 1(103)- 2125/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bundan sonra qanuni qüvvəsini almış məhkəmə qərarı cavabdeh tərəfindən icra edilərək xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 484/2024 nömrəli "Əmək pensiyasının yenidən hesablanması" haqqında qərarla İddiaçı əmək pensiyasının məbləği 1259,18 manatdan 1878,24 manatadək artırılmışdır. İddiaçı hazırda məhkəmə qərarının icrası nəticəsində cavabdeh tərəfindən qəbul edilmiş qərardan narazılığını bildirərək əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını əsas gətirərək həmin qərarın ləğvinə ayrıca inzibati məhkəmə icraatında iddia qaldırmaqla, nəticə etibarilə eyni mübahisəyə məhkəmə tərəfindən yenidən qiymət verilməsinə nail olmaq istəyir. Halbuki, yuxarıda da, qeyd edildiyi kimi, hazırki mübahisənin yaranmasına səbəb tərəflər arasında yeni hüquq münasibətlərinin yaranmasından deyil, məhkəmə qərarının cavabdeh tərəfindən düzgün icra olunmaması olmuşdur. Odur ki, iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməklə çatmaq istədiyi hüquqi marağa ayrıca iddia qaldırmaqla deyil, artıq qanuni qüvvəsini almış məhkəmə qərarının düzgün icrasına nail olmaqla üçün məhkəmə qərarının icrası ilə bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı öz məqsədinə (qanuni qüvvəsini almış məhkəmə qərarının düzgün icrasına nail olmaq) daha tez, daha münasib və daha sadə yolla məhkəmə qərarının icrası qaydasında nail ola biləcəyindən, eləcə də, tərəflər arasında qanuni qüvvəsini almış məhkəmə qərarlarından kənara çıxan hər hansı bir yeni mübahisə olmadığından iddiaçıya düzgün hüquqi müdafiə vasitə və yollarından istifadə etməklə bu hüququnun realizəsi üçün məhkəmə qərarının icrası ilə bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməklə onun hazırki tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar