Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11277/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə “əmrin ləğvi və sair” dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi rəisinin Suraxanı rayon 32-ci polis bölməsinin əməkdaşları barəsində verilmiş xırda intizam tədbiri barədə əmrin ləğv edilməsini və həmin şəxslərin daxili işlər orqanlarından xaric edilmələri barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, 29 aprel 2022-ci il tarixdə iddiaçıları heç bir əsas olmadan Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları qanunsuz olaraq zor tətbiq edərək polis bölməsinə aparmışdır. Bölmədə onları otaqlara salaraq hər birinə ayrı-ayrılıqda işgəncə vermişlər, əsas da İddiaçı2 döymüşlər. Polis əməkdaşları Babək və Toğrul ən ağır təhqiredici söyüşlər söyərək onlara yumruq və təpik zərbələri endirmişlər. İddiaçılar İddiaçı2 2-ci qrup əlil olduğunu, mütəmadi həkim müayinəsi altında olduğunu və xüsusi dərmanlardan istifadə etdiyini bildirsələr də, Babək və Toğrul Rəşadın baş və bədən hissələrinə zərbələr endirmişlər. Onlar Suraxanı rayon Prokurorluğuna gedərək 32-ci polis bölməsindəki özbaşınalıq, qanunsuzluq və işgəncələr haqqında məlumat vermiş, rəsmi ərizə yazmışlar. Hazırda həmin şəxslər barəsində Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır. Onlar dəfələrlə Daxili İşlər Nazirliyinə və Baş prokurorluğa həmin şəxslərin ciddi cəzalandırılması, daxili işlər orqanlarından xaric edilməsi barədə müraciət etmişlər. Daxili İşlər Nazirliyi müraciəti yalnız aiddiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsinə yönləndirməklə kifayətlənmiş, Bakı şəhər Baş Polis İdarəsi isə xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin əmri ilə 32ci polis bölməsinin əməkdaşlarının cəzalandırıldığını bildirmişlər. Halbuki həmin şəxslər daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verdikləri üçün Daxili işlər Nazirinin əmri ilə Daxili İşlər orqanlarından xaric edilməli idilər. Cavabdeh xx.xx.2022-ci il tarixli, 039-14199-1222 nömrəli iddiaya dair yazılı münasibətində bildirmişdir ki, cari ilin may ayında Bakı Şəhər BPİ-də aparılmış xidməti yoxlama ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X4 RPİ 32-ci PB-yə müraciət edərək tanışı İddiaçı2 ona avtomaşın satdıqdan sonra aralarında yaranmış narazılıqla bağlı sonuncu tərəfindən döyüləcəyi ilə hədələndiyini bildirmiş, həmin gün saat 22:10 radələrində CA üzrə əməliyyat müvəkkili Toğrul Cəfərov və digərləri tərəfindən keçirilmiş tədbirlərlə İddiaçı2 yanında olan dostları Akif Zülfüqarov, Rafael Piriyev və İddiaçı3lə birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində saxlanılaraq PB-yə gətirilmişlər. Polis kapitanı Toğrul Cəfərov qeyri-rəsmi araşdırma aparıb İddiaçı2 və digərlərini qanunla nəzərdə tutulmuş müddətdən artıq PB-də əsassız saxlamış, məsul növbətçi Vüsal Xəlilov isə göstərilən nöqsanların qarşısını almamışdır. Həmin müraciət əsasında təhqiqatçı Məmməd Əliyev tərəfindən araşdırma aparılaraq toplanmış material üzrə əməldə cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Qeyd olunan qəbahətlərə yol verdiklərinə görə Bakı Şəhər BPİ-nin xx.xx.2022-ci il tarixli, Ə216-039-22 nömrəli əmri ilə Suraxanı RPİ 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Toğrul Cəfərov və məsul növbətçi Vüsal Xəlilova “şiddətli töhmət’’ elan olunmuş, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiyinə görə həmin PB-nin sabiq rəisi Məhəmməd Əhmədbəyli isə ciddi xəbərdar edilmişdir. Buna görə də iddianın əsassız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçılar tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə göstərilənlər nəzərə alınmaqla hazırkı iddianın mümkünlüyünü yoxlayaraq qeyd edir ki, işdə olan iddiaçıların xx.xx.2022-ci il tarixli şikayətindən görünür ki, onlar Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin polis əməkdaşları barədə verilmiş intizam məsuliyyəti tədbiri xırda intizam tənbehi olduğundan ləğv edilərək həmin şəxslərin Daxili İşlər orqanlarından xaric edilməsi barədə əmr verilməsini xahiş etmişlər. İddiaçıların şikayətlərinə verilmiş Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, onların aparılmış xidməti yoxlama nəticəsində polis əməkdaşları tərəfindən döyülməsi barədə göstərilən xüsusatlar təsdiqlənməsə də, xidmətdə digər nöqsanlara yol vermiş Suraxanı RPİ 32-ci PB-nin aidiyyəti əməkdaşları Bakı Şəhər BPİ-nin müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb edilmişlər. Həmçinin şikayətə baxılmasının nəticəsindən narazı qaldıqları halda məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. İddiaçılar hazırda bu cavabla kifayətlənməyərək, həmin şəxslər barəsində tətbiq edilən intizam tədbirləri ilə razılaşmırlar və həmin polis əməkdaşlarının işdən azad olunması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İddiaçılar hazırda polis əməkdaşlarının daxili işlər orqanlarından xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər ki, bu tələb başqa şəxs barəsində əlverişsiz inzibati aktın qəbul edilməsini nəzərdə tutur. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. İstinad olunan normalardan görünür ki, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatı çərçivəsində başqa şəxs barəsində əlverişsiz inzibati aktın qəbul edilməsi növündə iddia qaldırılmasını, belə bir iddiaya inzibati məhkəmədə baxılmasını nəzərdə tutmamışdır. Bundan başqa, işdən görünür ki, iddiaçılar polis əməkdaşları barəsində yuxarı orqana şikayət etmiş, həmin orqan da apardığı xidməti araşdırma əsasında Suraxanı RPİ 32-ci PB-nin məsul növbətçisi, polis mayoru X2, məsul növbətçisi, polis mayoru X2 “şiddətli töhmət” elan etmiş, Suraxanı RPİ 32-ci PB-nin rəisi, polis polkovnik-leytenantı X1 ciddi xəbərdar etmiş, gələcəkdə analoji qəbahətlərə yol veriləcəyi təqdirdə barəsində intizam tənbehi tədbirinin görüləcəyi nəzərinə çatdırmışdır. Göründüyü kimi, bu münasibətlər polis əməkdaşları ilə onun xidmət keçdiyi orqan arasında yaranmış xidməti münasibət olmaqla həmin şəxslərə münasibətdə hüquq və vəzifələr yaradır. Tərəflər arasında yaranmış bu münasibət iddiaçıların hüquqlarına hər hansı müdaxiləni nəzərdə tutmadığından həmin münasibətlə bağlı iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqları da yoxdur. Belə ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Beləliklə, hazırkı halda iddiaçıların irəli sürdüyü iddia növü inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmadığından və iddiaçıların belə bir iddia irəli sürmək üçün subyektiv hüququ olmadığında məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayıla bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar hazırda onlara polis əməkdaşları tərəfindən işgəncə edildiyini iddia edirlər ki, məhkəmə iclasında məsələ ilə bağlı aidiyyəti cinayət təqibi orqanına müraciət etdiklərini və həmin müraciətə baxıldığını bildirmişlər. Göründüyü kimi, hazırkı halda iddiaçıların çatmaq istədiyi nəticə onlar münasibətdə törədilən işgəncəyə görə təqsirli şəxslərin cəzalandırılmasıdır ki, bununla bağlı aidiyyəti hüquq mühafizə orqanına müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11277/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11277/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver