Məhkəmə qərarları › İş №2-1(112)-11279/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11279/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11279/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ailə üzvlərilə birlikdə “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixdən xx.xx.N22-ci il tarixədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, AR X9-X5 xx.xx.N22-ci il tarixli 029 gm saylı əmrinə əsasən gizir hərbi rütbəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin olunmamışdır. AR Müdafiə Nazirliyində N il və daha çox qüsursuz xidmət keçmiş hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul olunmuşdur. Lakin hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi 4 nəfər ailə tərkibilə (özü, həyat yoldaşı və 2 uşağı) mənzil növbəsinə qəbul edilməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsinə dair sərəncam verilməsi xahişi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavabdeh tərəfindən mənzil növbəsinə dayanmaq üçün tələb olunan bütün sənədləri (cavabdeh tərəfindən verilmiş sənədlərin siyahısına uyğun olaraq) əlavə etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.N23-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülmüş və hal-hazırda mənzil növbəsindədir. İddiaçı imtinanı əsassız və qanunsuz hesab edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə tələb iddiaçının ailə üzvlərilə birlikdə “Hərbi Qulluqçuların Statusu Haqqında” AR Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün müraciət etdiyi xx.xx.N22-ci il tarixdən kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İş məhkəmənin icraatına daxil olduqdna sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.N22-ci il tarixli və xx.xx.N23-cü il tarixli məktublarından görünür ki, iddiaçının mənzil növbəsinə qəbul olunması və müvəqqəti kirayə xərclərinin ödənilməsi ilə bağlı müraciətinə baxılaraq ona Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfində mənzil növbəsinə götürülməsi və hal-hazırda mənzil növbəsində olması əsası ilə imtina verilmişdir. -ASAN 3 tərəfindən xx.xx.N22-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1979-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək AR SQda əsgər, xx.xx.N00-ci il tarixdən xx.xx.N02-ci il tarixədək Azərbaycan Respublikası SQ-da ATU HT fakültəsində kursant, xx.xx.N02-ci il tarixdən xx.xx.N22-ci il tarixədək Azərbaycan Respublikası SQ-da gizir qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N22-ci il tarixdən Xidmətin Binəqədi rayon İdarəsində qeydiyyatdadır. AR MNM-QQKom-un xx.xx.N22-ci il tarixli 029gm saylı əmrinə əsasən “HXH” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə)və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N saylı hərbi hissə komandirinin N (nizami hissə üzrə) nömrəli xx.xx.N22-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. -Qusar rayon İHB-nın X13 İnzibati Ərazi Dairəsi tərəfindən verilən AZ-İİ № 480984 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X10 xx.xx.N07-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Sərkərova” soyadı verilmişdir. -ASAN 3 tərəfindən xx.xx.N17-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1982-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında qeydiyyatdadır. -ASAN 3 tərəfindən xx.xx.N16-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.N08-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında qeydiyyatdadır. -ASAN 3 tərəfindən xx.xx.N16-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.N13-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında qeydiyyatdadır. -Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışdan görünür ki, iddiaçı və həyat yoldaşı X4 adına bələdiyyənin hüdudları daxilində torpaq sahəsi yoxdur. -Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışdan görünür ki, iddiaçı və həyat yoldaşı X4 adına Bələdiyyədə mövcud olan icarə müqavilələri kitabında və baza məlumatlarında mülkiyyətlərində və icarələrində torpaq sahəsi yoxdur. -Binəqədi rayonu Xocasən qəsəbə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışdan görünür ki, iddiaçı və həyat yoldaşı X4 adına bələdiyyə tərəfindən onların icarəsinə, istifadəsinə, mülkiyyətinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. -Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışdan görünür ki, iddiaçı və həyat yoldaşı X4 adına bələdiyyənin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. -Binəqədi rayonu Biləcəri qəsəbə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışdan görünür ki, iddiaçı və həyat yoldaşı X4 adına bələdiyyə tərəfindən hər hansı məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.N23-cü il tarixli məktubdan görünür ki, Sərkərova (Məcidova) Səbinə Alik qızının adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.N23-cü il tarixli məktubdan görünür ki, iddiaçının adına Qusar rayonu, Xürel kəndində yerləşən 4.37 ha kənd təsərrüfatı təyinatlı (ümumi birgə) torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-215 nömrəli, xx.xx.N00-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İddiaçının adına sözügedən torpaq sahəsinin 1.67 ha hissəsi (ümumi birgə) xx.xx.N22-ci il tarixdə, 2.697 ha hissəsi (ümumi birgə) xx.xx.N22-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmiş və və hazırda mülkiyyətindədir. İddiaçı1 adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli, 3888 №-li arayışdan görünür ki, ehiyatda olan baş gizir İddiaçı1 Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.N11ci il tarixli 569 nömrəli Fərmanına əsasən ehtiyatda olan baş gizir İddiaçı1 adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. -xx.xx.N19-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsi) surətindən görünür ki, X2 ünvan 3 ünvanında yerləşən 18 nömrəli mənzili X1 vermişdir. -877 №li hərbi hissə komandirinin N aprel N22-ci il tarixli 126-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı1, N nömrəli hərbi hissənin 1-ci sülhməramlı qüvvələr taborunun (əməliyyat imkanları konsepsiyasının) tibb məntəqəsinin feldşeri "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, X9-Quru Qoşunlar komandanının 24 fevral N22-ci il tarixli 029gm nömrəli əmri ilə geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N aprel N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon idarəsinə göndərilməsi, baş gizir İddiaçı1 Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N17-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə ödənilməsi əmr edilmişdir. Baş gizir İddiaçı1 ehtiyata buraxılma ilə əlaqədar 5 (beş) misli miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. Habelə N22-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, N22-ci ilin məzuniyyətindən tam istifadə edib və məzuniyyət pulu ödənilmişdir. -Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş, xx.xx.N22-ci il tarixli, 396 №-li xəstəlik haqqında şəhadətnamənin 8-ci bəndindən görünür ki, İddiaçı1 xx.xx.NNci il tarixdən özünü xəstə hesab edir. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda yanına düşən mərminin partlaması nəticəsində “Partlayış nəticəsində keçirilmiş qapalı kəllə beyin travması. Sol qastrocnemius əzələsinin medial başının cırılması. Əzələarası hematoma” xəsarəti almışdır (təsdiqedici sənəd: N nömrəli hərbi hissə komandirinin xx.xx.N21-ci il tarixli 3142 nömrəli travma haqqında arayışı). xx.xx.N21-xx.xx.N21-ci ildə və xx.xx.N21-ci il tarixdən hal-hazıradək MN BKH-da stasionar müayinə və müalicədədir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” müəyyən edilmişdir. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və.s. yararlılıq haqqında qərarı ilə “Xəstəliklər cədvəli”nin 23b, 14b maddələri İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı1 xx.xx.1997-ci il tarixdən xx.xx.N22-ci il tarixədək Azərbaycan Ordusunda hərbi xidmət keçmiş, xx.xx.N22-ci il tarixdə müvafiq əmrlə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Hərbi qulluqçu kimi 25 ilə yaxın xidmət ili vardır. N22-ci ilin iyun ayından Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 89 ünvanında yerləşən 18 saylı mənzilə pasport qeydiyyatına alınmış, hazırda ailəsi ilə birlikdə həmin mənzildə kirayədə yaşayır. Özünün və ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin olmadığı da işin mübahisəsiz hallarını təşkil edir. Ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ödənilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırkı iddia ilə cavabdehin imtinası mübahisələndirilir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. AR Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Məhkəmə qeyd edir ki, iddiaçı xəstəliyinə görə hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 2-ci və 3-cü abzaslarına görə, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin maddənin 7-ci bəndinə görə, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. İstinad olunan Qanunun 12-ci maddəsinin tələblərinə əsasən, qanunverici müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Göründüyü kimi, qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu müəyyən etmiş və həmin şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilməsini nəzərdə tutmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, qanunvericilikdə mənzil kirayəsi xərclərinin ödənilməsini nəzərdə tutan norma da xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların özü tərəfindən seçilmiş yer üzrə mənzil uçotuna alınma hüququnun olduğunu, həmçinin bu şəxslərin yaşayış yerinin müvəqqəti olduğu halda belə həmin mənzil kirayəsi xərclərini müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən həyata keçirildiyini təsbit etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust N12-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul N22-ci il tarixli Plenumunun Qərardadında qeyd edilmişdir: Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N12-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, istinad olunan qanunvericilik yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış “yaşayış sahəsi olmayan” hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi üçün mənzil növbəsinə götürülməsi və müvəqqəti kirayə xərclərinin ödənilməsi imkanını nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçı xəstəliyinə görə, yəni öz iradəsindən asılı olmayan səbəbdən hərbi xidmətdən ehtiyata buraxılmış və 15 ildən artıq xidmət ili olan hərbi qulluqçu olduğundan, özünün və ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsi təyinatlı daınmaz əmlak aşkar edilmədiyindən, beləliklə də, sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olduğundan yuxarıda sadalanan normaların təsir dairəsinə düşür və bu səbəbdən onun ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün “qanuni gözləntisi” vardır. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə bildirir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülsə də, onun hazıradək mənzillə təmin edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması ilə də bu hal təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın göstərdiyi dəlillər iddiaçının 4 nəfər ailə tərkibi ilə mənzil uçotuna götürülməsindən imtina üçün əsas ola bilməz. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı1 ailə üzvləri ilə (özü, arvadı, qızı və oğlu) birlikdə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil verilənədək müvəqqəti mənzilin kirayəsi üçün müraciət etdiyi xx.xx.N22-ci il tarixdən kirayə xərclərinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı1 ailə üzvlərilə birlikdə (özü, arvadı, qızı və oğlu) ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün müraciət etdiyi xx.xx.N22-ci il tarixdən kirayə xərclərinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar