Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11279/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ali Məhkəməsinə qarşı “sorğuya cavabın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Ali Məhkəməsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Kermur” ixtisaslaşdırılmış vəkil bürosunda fəaliyyət göstərən vəkil İddiaçı KVB-83 saylı, xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olaraq “Kermur” ixtisaslaşdırılmış vəkil bürosunda fəaliyyət göstərir. İddia ərizəsinə əlavə edilmiş KVB - 83 saylı, xx.xx.2024-cü il tarixli vəkil sorğusundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlanmış sorğu ilə “...müvafiq qərarlarının olub-olmaması barədə məlumatı”-ın verilməsi xahiş edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 341005 saylı sürətli poçt xidmətinin qaiməsindən görünür ki, həmin vəkil sorğusu xx.xx.2024-cü il tarixdə Ali Məhkəmənin Əliyeva S. adlı əməkdaşına təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etdi, həmçinin bildirdi ki, cavabdehin cavab məktubu ona məhkəmədə iddia qaldırdıqdan sonra təqdim edilmişdir. Cavab məktubunda bildirilir ki, internet resurslarında Ali Məhkəmənin bütün qərarlarına çıxış var. Lakin, bu o zaman mümkün ola bilər ki, qərarın rekvizitləri bəlli olsun. O, sorğusunda uşağın atanın yanında saxlanması ilə bağlı Ali Məhkəmənin qərarının olubolmaması barədə sorğu vermiş, lakin sorğusuna cavab verilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı vəkil sorğusu ilə cavabdehə müraciət edərək Ali Məhkəmənin icraatında "uşaqların yaşayış yerinin müəyyən edilməsi haqqında" mülki işlər üzrə “uşaqların yaşayış yeri atanın yanında müəyyən edilməsi haqqında” qərarın, habelə “uşaqların yaşayış yeri atanın yanında müəyyən edilməsi haqqında” apellyasiya instansiyası məhkəməsinin müvafiq qərarının (larının) qüvvədə qalması haqqında qərarın olub olmaması barədə məlumatın (iş nömrəsi, tarixi və sədrlik edən hakim) verilməsini, o cümlədən qərarın (qərarların) surətinin təqdim edilməsi, xahişin icrası mümkün olmadıqda səbəbinin bildirilməsi, habelə xahiş üzrə hər hansı qərar olmadıqda, yəni “Ali Məhkəmə “uşaqlarının yaşayış yerinin müəyyən edilməsi” mülki işlərdə atasının yanında müəyyən edən qərar mövcud deyildir” olduğu halda bu barədə məlumatın verilməsini xahiş etmişdir. İddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. İşdə olan cavabdehin 30 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş müraciətinizə 2024-cü il 7 mart tarixli 1-8-10/2-376/2024 nömrəli məktubla cavab verilmişdir (Bakı şəhəri, X1, 12-ci mərtəbə, 75-ci Ofis). 2024-cü il 16 iyul tarixdə poçt xidməti tərəfindən SS895709576AZ nömrəli zərf geri qaytarılmışdır. Qeyd olunan sənədlər məktuba əlavə olunur. Məlumat üçün bildiririk ki, cari ilin fevral ayından Azərbaycan Respublikasının Ali Məhkəməsində ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Məhkəmə təcrübəsi üzrə yeni axtarış sistemi (https://sc.supremecourt.qov.az/decision-search/) istifadəyə verilmişdir. Nəticədə, Ali Məhkəmənin Plenum qərarlarına, kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlarına, vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarına və kassasiya qaydasında baxılmış işlər üzrə digər məhkəmə aktlarına əlçatanlıq təmin edilmişdir. Həmin sistem vasitəsilə Ali Məhkəmənin bütün kollegiyalarında baxılan işlər üzrə konkret mübahisə predmetinə aid kateqoriya, alt kateqoriya və ya digər seçimlər etməklə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini asan şəkildə öyrənə bilərsiniz. Bundan əlavə Ali Məhkəmənin rəsmi internet saytında “Abunə ol” (https://supremecourt.qov.az/az/vetendaslar-ucun/veniliklere-abune-on bölməsinə daxil olmaqla Plenum qərarlarına, kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlarına və digər yeniliklərə abunə ola bilərsiniz”. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının sorğusuna cavab verilmiş, bu isə o deməkdir ki, hazırkı tələb üzrə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən edilmir. Eyni zamanda verilən cavab məktubunda internet resurslarında cavabdeh tərəfindən müvafiq axtarış sisteminin mövcud olduğu və Ali Məhkəmənin istənilən qərarının həmin axtarış sistemi vasitəsilə əldə edilməsinin mümükün olduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının Ali Məhkəməsinin axtarış sistemində sorğuya qeyd etdiyi kateqoriya işlər üzrə qərarların mövcud olub-olmadığını iş nömrəsi və qərarın tarixi qeyd edilmədən yoxlaya bilər. Belə ki, sistemdə “sözə görə” axtarış imkanı mövcuddur. Məhkəmə iddiaçının hüquqi müdafiəyə ehtiyacının olmadığına əsaslanaraq hazırkı iddiaya baxılmasını mümkün hesab etmir. Çünki hazırkı halda iddiaçının hər hansı hüququnun cavabdeh tərəfindən pozulduğu müəyyən edilmir. Başqa sözlə iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur. Bu isə iddiaya baxılmasını mümkünsüz edir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ali Məhkəməsinə qarşı “sorğuya cavabın verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11279/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11279/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver