Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11282/2022 23.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxslər X17, X18, X22 və X21 qızının iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər X12, X16, X17, X18, X22, X21, X5 və X19 cəlb olunmaqla) qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X12 və X8 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, iddiaçının mülkiyyətindədir. X12, X16 bu günə qədər həmin evdə pasport qeydiyyatında qalmaqdadırlar. İddiaçı üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına dair ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən həmin şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət edilməsi lazım olduğu bildirilərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 və X16, xx.xx.2022-ci il tarixli qərardadı ilə X17, X18, X22, X21, X19 və X5 iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə cəlb olunmuş üçüncü şəxslərdən X12 və X16 hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddianı müdafiə edərək iş üzrə X12 və X1 məxsus evin köhnə mülkiyyətçiləri olduğunu, onlarla hər hansı qohumluq münasibətlərində olmadığını və onları tanımadığını, həmin şəxslərin ona məxsus evdə yaşamadıqlarını bildirmiş, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə üçüncü şəxslər X17, X18, X22 və X21 məhkəməyə yazılı qaydada ərizə təqdim edərək, həmçinin ayrı-ayrılıqda izahat verərək iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmiş və X4 evin əvvəlki sahibi olduğunu, iddiaçı ilə heç bir qohumluq əlaqəsinin olmadığını bildirmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 091-47905H-3222 saylı imtina məktubundan görünür ki, X12 və X8 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması barədə müraciətinə baxılmış və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - xx.xx.2021-ci il tarixli, AN-İ №0982958 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/15 hissəsini X3 satın almışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş: - xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, dalan 6 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evinin 1/15 hissəsi X6; 1/15 hissəsi X6; 1/15 hissəsi X14; 1/15 hissəsi X6; 1/15 hissəsi X13; 1/15 hissəsi X9; 2/15 hissəsi X2; 1/15 hissəsi X7; - xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, dalan 6 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evinin 3/15 hissəsi X10; - xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, dalan 6 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evinin 3/15 hissəsi İddiaçı adına tam mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. - Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 132208 №-li, xx.xx.2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2005-ci il tarixdə ölmüş, bu barədə xx.xx.2005-ci il tarixdə 89 № ilə ölüm akt qeydi aparılmışdır. - Oktyabr rayon ZAQS şöbəsi tərəfindən verilmiş İV ЖГ 270357 №-li, xx.xx.1992-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1992-ci il tarixdə ölmüş, bu barədə eyni tarixdə ölüm akt qeydi aparılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda X12 və X8 iddiaçıya məxsus fərdi yaşayış evinə dair istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/15 hissəsi X13, 1/15 hissəsi X7, 1/15 hissədən (2 otaq-26,9 kv.m., k/s-8,4 kv.m.)-1/2 hissəsi X11, 1/15 hissədən (2 otaq-26,9 kv.m., k/s- 8,4 kv.m.)-1/2 hissəsi X14, 1/15 hissəsi X9, 2/15 hissəsi X2, 3/15 hissəsi (1 otaq, y/s-12.3 kv.m., k/s-10.7kv.m.) X10 və 3/15 hissəsi (1otaq, y/s-12.3 kv.m.,k/s-10.7 kv.m) və 3/15 hissəsinin İddiaçı adlarına qeydiyyata alındığı və hazırda mülkiyyətlərində olduğu bildirilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, X12 və X16 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda xx.xx.1955-ci il təvəllüdlü X4 xx.xx.2003-cü il tarixdən, xx.xx.1956-cı il təvəllüdlü X8 xx.xx.2010-cu il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduqları bildirilmişdir. Məktubda həmçinin, həmin şəxslərin sözügedən mənzilə qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyi bildirilmişdir. -Yasamal Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu əsasında X12, X8 fərdi uçot kartoçkalarının surəti məhkəməyə göndərilmişdir. - Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 43 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 137 №li arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin 3/15 hissəsində X12, X16 qeydiyyatdadır, lakin yaşamırlar. - Bakı Şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 43 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02/72 №li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, dalan 6 ünvanında yerləşən 2 saylı evin ona məxsus olan 1 otaqlı 12,2 kv.metr yaşayış, 7,1 kv.metr sahəsində özü ilə birgə 3 nəfərdən ibarət ailə üzvləri ilə qeydiyyatdadırlar. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı fərdi yaşayış evinin 3/15 hissəsinin mülkiyyətçisidir. Onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X12 və X16 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin 3/15 hissəsinin əvvəlki sahibi olmuşlar. İddiaçı mülkiyyətində olan evdə qeydiyyatda olan və faktiki yaşamayan həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən X19 və X15 vəfat etmiş, digər payçılar -X17, X18, X22, X21 məhkəmə araşdırması zamanı məhkəməyə təqdim etdikləri yazılı ərizələri ilə yanaşı, verdikləri izahatlarında da iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərlərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı işdən də müəyyən olunur ki, X12 və X16 iddiaçının və fərdi yaşayış evinin digər payçılarının ailə üzvü deyil, onlar həmin ünvanda faktiki olaraq yaşamırlar, onların iddiaçıya məxsus mənzilinə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilmir. Belə olan halda X12 və X16 iddiaçıya məxsus evə dair əmlak hüquqları olmayan şəxs olduqlarından iddiaçı onların qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə iddiaçının bu istəyini yerinə yetirməkdən imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Məhkəmə hesab edir ki, iddiaçının X12 və X1 məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslıdır. Odur ki, təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X12 və X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları vəzifəsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-11282/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11282/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver