Məhkəmə qərarları › İş №2-1(112)-11284/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11284/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11284/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 305,2 kv.m. olan 7 saylı fərdi yaşayış evinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məlumatlarda cari dəyişiklik etməklə evin üzərində inşa edilən və iddia ərizəmə əlavə edilən Eskiz Layihədə olan olan ikinci mərtəbənin rəsmi reyestrdə qeydə alınması və buna dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kasatrı və Reyestri” PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 305.2 kv.m. olan 7 saylı fərdi yaşayış evini iddiaçı xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən, X17 ilə bağlanan 4Ə-286 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, satın almışdır. Həmin evi satın alarkən evin üzərində əlavə ikinci mərtəbə inşa edilsə də bu tikili dövlət reyestrində qeydə alınmadığından buna görə də aralarında əlavə saziş və ilkin alqısatqı müqaviləsi rəsmiləşdirilmiş və bu müqavilələr əsasında tikilinin dəyəri iddiaçı tərəfindən satıcıya ödənilmişdir. Müqavilə rəsmiləşdirildikdən sonra aidiyyəti üzrə sənədlər cavabdeh inzibati orqana təqdim edilmiş və əmlak üzərində hüquqların qeydə alınmasına başlanılmışdır. Hazırki iddia ərizəsinə surəti əlavə edilən "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"dan da görünür ki, ********* reyestr nömrəsi ilə mülkiyyət hüquqları rəsmi qeydə alınmışdır. Bundan sonra iddiaçı əlavə tikililərin də rəsmi reyestrə daxil edilməsi və çıxarışın verilməsi üçün zəruri işlərə başlamışdır. Hazırki iddia ərizəsinə surəti əlavə edilən “Cavanşir Tikinti Lahiyyə" MMC tərəfindən tərtib edilən Eskiz Layihə tərtib edilərək digər sənədlərlə birlikdə cavabdeh inzibati orqana təqdim edilmişdir. Lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya verilən xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-H-0446-8/2024 saylı məktubu ilə iddiaçının hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Qeyd edilən imtina iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və imtina ilə tanış olduqdan sonra ondan inzibati qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin bir hissəsində əlavə sahə və ikinci mərtəbənin inşa edildiyi müəyyən edilmiş, bir hissəsində isə söküntü işləri aparıldığından texniki baxış keçirmək mümkün olmamışdır. Odur ki, yeni inşa edilən sahələr dair “Daşınmaz əmlakın dövlət reyestrin haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanunun) 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün nəzərdə tutulmuş sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd olunanlarla yanaşı müvafiq fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alındığından sökülmüş hissənin qeydiyyatının ləğvi ilə bağlı və yeni inşa edilmiş əlavə sahələr üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün digər payçıların notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri təqdim edilməlidir". İddiaçı bildirir ki, imtinanın əsaslandığı hallara diqqət yetirsək görərik ki, orada cavabdeh iki hala istinad etmiş və bu iki hala söykənib hüquqlarımızın qeydiyyatından imtina edilmişdir. İddiaçı qeyd edir ki, bu iki halın hər birini əsassız hesab edir və bildirir ki, elə imtina məktubunda cavabdeh orqan özü də imtinasının əsassızlığı barədə üstü örtülü də olsa qeyd etmişdir. Belə ki, imtinanın əsaslandığı ən birinci hal idarənin mütəxəssislərinin əraziyə baxış keçirən zaman söküntü işləri aparıldığından texniki baxışın keçirilə bilinməməsi ilə əlaqədardır ki, bu hissədə cavabdeh ərazidə söküntü işlərinin aparıldığını etiraf etməkdədir. Lakin, ərazidə söküntünün getdiyini bilən cavabdeh inzibati orqan həmin cümlənin sonrakı hissəsində “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə istinad edərək yeni inşa edilən sahələrə aid tələbləri irəli sürməkdədir. İddiaçı qeyd edir ki, söküntünün getdiyi ərazidən, yeni tikilən sahələrə dair icraatın tələb edilməsi yolverilməz olmaqla yanaşı qanunsuz bir tələbdir və artıq cavabdeh öz imtinasından ərazidə yeni tikilinin olmadığını hüquqların qeydə alınmasını istədiyimiz evin isə bizim mülkiyyətimizdə olduğunu bilsə də nə səbəbdənsə qanunun 8.0.10.2-ci maddəsinə istinad edir. Lakin, iddiaçı hesab edir ki, bu halda cavabdeh qeyd edilən maddəyə deyil, qanunun 8.0.9.1.1- ci maddəsinə istinad etməlidir. Həmin maddənin tələblərinə əsasən, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasıııın (yüldülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi əvvəlki bənddən fərqli olaraq burada tikintinin sifariş əsasında icra edilməsindən deyil, artıq mövcud olan tikilinin qeydə alınmasından söhbət gedir. Cavabdehin imtinasının əsasında duran növbəti hal ilə isə digər payçıların notariat qaydasında ərizələrinin alınması ilə bağlıdır ki, iddiaçı imtinanın bu hissəsini də qanuni və əsaslı saymır. Ən azından işin hallarından və cavabdehin də imtinasında qeyd etdiyi hallardan görünən odur ki, bu ünvanda olan və payçılara məxsus əmlakların çoxusu sökülmüşdür. Bu isə həmin payçılara məxsus hüquqların dövlət reyestrindən ləğvi üçün əsasdır. Belə olan halda isə həmin payçıların hüuqlarına xitam verildiyindən iddiaçıdan artıq hüquqlarına xitam verilməli olan şəxslərdən notariat qaydasında ərizələrin istənilməsi yolverilməzdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən X17 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi ünvanında yerləşən ümumi sahəsi 305.2 kv.m olan 7 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə X14 məxsus 4/12 hissəsindən 1 otaq payını İddiaçı satılmış və buna uyğun daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin bir hissəsində əlavə sahə və 2-ci mərtəbənin inşa edildiyi müəyyən edilmiş, bir hissəsində isə söküntü işləri aparıldığından texniki baxış keçirmək mümkün olmamışdır. Odur ki, yeni inşa edilən sahələrə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün nəzərdə tutulmuş sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd olunanlarla yanaşı, müvafiq fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alındığından, sökülmüş hissənin qeydiyyatının ləğvi ilə bağlı və yeni inşa edilmiş əlavə sahələr üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün digər payçıların notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri təqdim edilməlidir. Nəzərininzə çatdırırı ki, təqdim olunan xx.xx.2019-cü il tarixli ilkin alqı-satqı müqaviləsi və xx.xx.2019-cü il tarixli əlavə saziş müqaviləsində qeyd olunan 49.5 kv.m və 50.8 kv.m sahələrin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əlavə inşa edilmiş sahələrdə yerləşirlər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Reyestrdə 3M-496 nömrə ilə qeyd olunan xx.xx.2019-cu il tarixli İlkin Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X21 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi ünvanında yerləşən fərdi yaşayış evində X14 məxsus 4/12 hissədən 1 otaq payına bitişik X15 istifadəsində olan, ü/s 49.5 kv.m. olan 2 otağını alıcı İddiaçı mülkiyyətinə vermişdir.

5. Reyestrdə 4Ə-286 nömrə ilə qeyd olunan xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X12 paylı mülkiyyət üzrə özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi ünvanında yerləşən, 0,04479 ha torpaq sahəsinin istifadəsində olan, ümumi sahəsi 305,2 kv.m. ibarət olan 7 saylı fərdi yaşayış evində, 4/12 hissədən 1 otaq payını alıcı İddiaçı mülkiyyətinə vermişdir.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (4/12 hissədən 1 otağın ½ hissə), X5 (4/12 hissədən 2 otaq (y/s-28.4 kv.m., k/s-8.2 kv.m.)), X6 (4/12 hissədən qalan hissədən ½ hissə), X2 (2/12 hissə), X7 (4/12 hissədən 1 otaq y/s -12.4 kv.m.), X11 (4/12 hissədən 1 otaq), X1 (3/12 hissədən qalan hissə), X3 (4/12 hissədən 1 otağın ½ hissəsi), X9 (3/12 hissədən 25.4 kv.m.), X4 (1/12 hissə və 4/12 hissəsinin qalan hissədən ½ hissə), X22 (2/12 hissə) adına qeydiyyata alınmışdır.

7. İş materiallarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən (Reyestr nömrəsi: **********33-10301) ünvan 3 yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır.

8. İş materiallarına ünvan 3 yerləşən fərdi yaşayış evinin eskiz layihəsi əlavə olunmuşdur.

9. İddiaçının nümayəndəsi (atası) X10 məhkəməyə ərizə təqdim edərək inzibati məhkəmə icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iş üzrə icraatın dayandırlmasına dair vəsatət təmin edilməmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iddiaçı iştirak etmir. II. İddianın mümkünlüyü

12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

15. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

16. X31 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

17. X31 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

18. X26 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

22. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

23. Məhkəmə qeyd edir ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən 305,2 kv.m. olan 7 saylı fərdi yaşayış evinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məlumatlarda cari dəyişiklik etməklə evin üzərində inşa edilən ikinci mərtəbəyə dair çıxarışın verilməsidir.

24. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (4/12 hissədən 1 otağın ½ hissə), X5 (4/12 hissədən 2 otaq (y/s-28.4 kv.m., k/s-8.2 kv.m.)), X6 (4/12 hissədən qalan hissədən ½ hissə), X2 (2/12 hissə), X7 (4/12 hissədən 1 otaq y/s -12.4 kv.m.), X11 (4/12 hissədən 1 otaq), X1 (3/12 hissədən qalan hissə), X3 (4/12 hissədən 1 otağın ½ hissəsi), X9 (3/12 hissədən 25.4 kv.m.), X4 (1/12 hissə və 4/12 hissəsinin qalan hissədən ½ hissə), X22 (2/12 hissə) paylı mülkiyyətindədir.

25. Məhkəmə ilk növbədə müəyyən edir ki, iddiaçının çıxarış verilməsini istədiyi fərdi yaşayış evi bir neçə şəxsin paylı mülkiyyətdə olmaqla naturada bölünməmiş vəziyyətdədir.

26. Mülki Məcəllədən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

27. Odur ki, hazırkı vəziyyətdə konkret şəxs(lər)ə düşən payı naturada müəyyən etmək və iddiaçının adına müvafiq qeydiyyatın aparılması mümkün deyildir. Belə ki, daşınmaz əmlakın fiziki bölgüsü tam olaraq aparılmamışdır.

28. Məhkəmə digər tərəfdən nəzərə alır ki, iddiaçı tərəfindən çıxarışın verilməsi tələb olunan ikinci mərtəbədə inşa edilmiş daşınmaz əmlakın altındaki mənzilin mülkiyyətçilərinin çıxarış verilməsi barədə razılıq ərizələri mövcud deyildir.

29. Məhkəmə qeyd edilənləri məcmu halında qiyməltəndirərək müəyyən edir ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi ilkin olaraq əmlakın paylı mülkiyyətçilər (və ya vərəsələri) arasında razılaşdırılmaqla naturada bölünməsi, razılıq əldə etmək qeyrimümkün olduğu təqdirdə səlahiyyətli məhkəməyə müraciət edilməsidir.

30. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

31. Belə ki, müvafiq daşınmaz əmlakın birgə mülkiyyətçiləri tərəfindən hazırki iddia tələbi ilə bağlı cavabdeh orqana hər hansı müraciət edilməmişdir və hal-hazırda cavabdeh tərəfindən verilmiş imtina yalnız İddiaçı müraciəti əsasında və ona münasibətdə əsaslandırılmışdır.

32. Məhkəmə əlavə olaraq qeyd edir ki, müvafiq əmlak naturada bölündükdən sonra (həmin əmlakın birgə mülkiyyətçiləri tərəfindən (razılıq ərizələri təqdim edilməklə)) hazırda ikinci mərtəbədə inşa edilmiş daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi cavabdeh orqana müraciət edilməli, müraciətin təmin olunmasından imtina olunduğu təqdirdə məhkəməyə müraciət edilə bilər.

33. Məhz qeyd edilən qənaətə əsaslanaraq məhkəmə iddiaçının birgə payçlara qarşı iddiası üzrə “əmlakın naturada bölünməsi” tələbinə dair (mülki) iddiasına baxılıb qurtaranadək hazırkı iş üzrə icraatın dayandırılmasına dair vəsatətini təmin etməmişdir. Belə ki, yekun məhkəmə aktına əsasən paylar mülki qaydada müəyyən edildiyi təqdirdə belə, həmin məhkəmə aktı əsasında cavabdehə yeni müraciətin ünvanlanması zəruridir. Belə olan təqdirdə, hazırkı imtinanın dəlilləri aradan qalxmış olacaqdır. Odur ki, həmin mülki işin nəticələri hazırkı inzibati işə baxılması üçün həlledici deyil.

34. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

35. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

36. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar