Məhkəmə qərarları › İş №2-1(112)-11289/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11289/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11289/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Q-291125/2023 nömrəli qərarının ləğv edilməsi, 1983-1994-cü illər nəzərə alınmaqla işlədiyi illərin sığorta stajına daxil edilərək, pensiya hüququnun yarandığı tarixdən əvvəlki məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1983-1994-cü illərin sosial sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2951/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1983-1994-cü illərin sosial sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Q-291125/2023 nömrəli qərarının ləğv edilməsi, 1983-1994-cü illər nəzərə alınmaqla işlədiyi illərin sığorta stajına daxil edilərək, pensiya hüququnun yarandığı tarixdən əvvəlki məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi”ni xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddianın əsaslandırılması

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda 66 yaşı var. 1976- 1980-ci illərdə X6 İnstitutunda əyani təhsil almış, 1980-ci ildə Lənkəran rayonu Kosalar kənd 8 illik məktəbinə müəllim təyin edilmişdir. Ərizəsi əsasında xx.xx.1982-ci ildən Gəgiran kənd orta məktəbinə köçürülmüşdür. 1983-cü il avqust ayında təyinat müddəti bitdiyi üçün işdən azad edilmiş və xx.xx.1983-cü il tarixdən 1994-cü il tarixinədək ixtisası üzrə Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində fasiləsiz olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün sənədlərini toplayıb rəsmi ərizə ilə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin Filialdan iddiaçıya 26 yanvar 2024-cü il tarixli 3171/2-Q- 19323/2024 nömrəli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma və işdən azadolma qeydlərində əmr nömrələri və tarixləri, həmçinin mühür olmadığından) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçı 1993-cü ilin 23 avqust tarixində erməni təcavüzü nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün kimi çıxmışdır. Həmin dövrdə bütün sənədləri Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində qalmışdır. Bu səbəbdən əmək kitabçasında Cəbrayıl Rayon Təhsil Şöbəsi tərəfindən sadəcə Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində işlədiyi dövrlər yazılmış, imza və möhürlə təsdiq olunmuşdur. Lakin işə daxilolma və işdən azadolma qeydlərində əmr nömrələri və tarixləri qeyd olunması mümkün olmadığı üçün həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsində şübhə yaratmışdır. Eyni zamanda, işğal olunmuş rayonlardan olan müəllimlərə məcburi köçkün kimi işləmədiyinə görə orta aylıq əmək haqqı müəyyən edilmişdir. 1993-1994-cü illər ərzində həmin məbləğ ona ödənilmişdir. Bu barədə Cəbrayıl Rayon Təhsil Şöbəsində qeydlər də mövcuddur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı)

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı 20 noyabr 2023cü il tarixdə 4 saylı Bakı DOST Mərkəzinə müraciət edərək, ona xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-19323/2024 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli qərar ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd edilən bütün dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006cı il tarixədək 18 il 2 ay 8 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 476,52 manat pensiya kapitalı və pensiya təyin olunduğu tarixdən sonra 6 il və ya daha çox müddət işlədiyi üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 4360,40 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və 20.11,2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 281,59 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 313,69 manata, xx.xx.2022-ci il tarixdən 324,35 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 341,01 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 391,14 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 7328,48 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2023-cü il tarixdən 492,92 manat müəyyən edilmişdir. Bundan əlavə müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 01,07.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixədək sığorta stajı 18 il 2 ay 8 gün olduğu halda, 29 il 2 ay olaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək iddiaçının əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izaharları

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.

10. Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

Г-İ 035634 nömrəli diplomdan görünür ki, iddiaçı 1976-cı ildə İ.Məmmədəliyev adına X7 İnstutuna daxil olmuş və 1980-ci ildə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. AA 446329 nömrəli “Məcburi köçkün vəsiqəsi”ndən görünür ki, iddiaçı məcburi köçkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı 26 yanvar 2024-cü il tarixli, 3-171/2-Q-19323 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubuna əsasən bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1980ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 18 il 2 ay 8 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 476,52 manat pensiya kapitalı və pensiya təyin olunduğu tarixdən sonra 6 il və ya daha çox müddət işlədiyi üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 4360,40 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və 20.11,2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 281,59 manat müəyyən edilmişdir. İddiaçının pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 313,69 manata, xx.xx.2022-ci il tarixdən 324,35 manata çatdırılmışdır. məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 341,01 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 391,14 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 7328,48 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2023-cü il tarixdən 492,92 manat müəyyən edilmişdir. Bundan əlavə müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 01,07.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixədək sığorta stajı 18 il 2 ay 8 gün olduğu halda, 29 il 2 ay olaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək iddiaçının əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. 1 saylı X1 12 dekabr 2023-cü il tarixli aktında aşağıdakılar qeyd olunmuşdur:- təqdim edilən sənədlərə əsasən: X2 xx.xx.1982-ci il tarixdə 135 nömrəli əmrlə Kosalar kənd 8 illik məktəbindən azad edilərək Gəgiran kənd orta məktəbinə köçürülmüşdür. xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əmrlərdən çıxarış kitabı aşkar olunmadığından işə qəbul olma əmrini yoxlamaq mümkün olmamışdır. X11 Şöbəsinin 1983-cü il tarixlində 161 nömrəli əmri xx.xx.1983-cü il, xx.xx.1983-cü il tarixində deyil, xx.xx.1983-cü il tarixində verilmişdir və iddiaçının adı deyil, digər işçinin adı yazılmışdır. xx.xx.1983-cü il tarixdə verilən əmrlərə iddiaçının adı aşkar edilməmişdir. Yoxlama Lənkəran-Astara Regional Təhsil İdarəsində saxlanılan arxiv sənədlərinə əsasən aparılmışdır. 1 saylı X1 19 dekabr 2023-cü il tarixli aktında aşağıdakılar qeyd olunmuşdur:- təqdim edilən sənədlərə əsasən: Əsgərova Züriyyə (Əsgər qızı) 1980-1983-cü illərdə Kosalar kənd 8 illik məktəbi və Gəgiran kənd orta məktəbində aşağıdakı kimi əmək haqları almışdır. – 1980-ci il 4 ay, 1981-ci il 10 ay, 1982-ci il 8 ay, 1983-cü il 7 ay. Əmək haqqı cədvəllərində “ata” adı qeyd olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin taabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/1-Q-291125/2023 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən, iddiaçının 18 il 2 ay sosial sığorta stajı olduğu halda 29 il 2 ay hesablanması, xx.xx.1983-xx.xx.1994-cü il tarixində olan əmək fəaliyyəti işğal bölgəsində olduğundan və eyni zamanda əmək kitabçasının doldurulma qaydaları pozulduğundan sosial sığorta stajına daxil edilə bilmədiyi qeyd edilməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin taabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 04 aprel 2024-cü il tarixli, 3- 17-1/2-76611/2024 saylı “Məhkəmə sorğusunun cavablandırılması haqqında” məktubunda qeyd edilmişdir ki, xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaşa pensiya təyin edilən zaman xx.xx.2006-cı il tarixinədək olan sığorta stajı 18 il 2 ay 8 gün olduğu halda 29 il 2 ay 8 gün olaraq hesablanmışdır. xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək iddiaçının əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1976cı il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək olan iş stajı 18 il 2 ay 8 gün təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd edilən xx.xx.1983-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində olan əmək fəaliyyəti dövrlərini işə girmə və işdən çıxma qeydlərində əmr nömrələri, tarixləri və möhür ollmadığından, həmçinin əmək faəliyyəti işğal zonasında olduğu üçün vətəndaşın əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığından həmin dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixədək 18 il 2 ay 8 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 476,52 manat pensiya kapitalı və pensiya təyin olunduğu tarixdən sonra 6 il və ya daha çox müddət işlədiyi üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 4360,40 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və 20.11,2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 281,59 manat müəyyən edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixində adıçəkilən şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7328,48 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı əsasında əmək pensiya məbləği yenidən hesablanmış və xx.xx.2023-cü il tarixindən 492.92 manata, Qanunun 29.1-ci maddəsinin tələblərinə əsaəsn indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 548,13 manata çatdırılmışdır. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 02/348 nömrəli, 23 aprel 2024cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş Quliyeva (Əsgərova) Züriyyə Əsgər qızının X7 İnstitunun “Azərbaycan dili və Ədəbiyyat” ixtisasına daxil olması, bitirməsi və diplom verilməsi barədə X7 İnstutunun 24 avqust 1976-cı il tarixli 120 nömrəli, 21 iyul 1980-ci il tarixli 3/98 nömrəli əmrlərinin və Dövlət İmtahan Komissiyasının 28 iyul 1980-ci il tarixli 12 nömrəlii protokolunun təsdiq olunmuş surətləri təqdim edilmişdir. Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3- 29-68/2-591/2024 nömrəli məhkəməyə ünvanlandığı məktubda aşağıdakılar qeyd edilmişdir:- 1993-cü ildə Cəbrayıl rayonunun işğal olunması ilə əlaqədar olaraq İddiaçı 1993-cü il tarixindən əvvəlki dövrdə işləməsi barədə məlumatlar müəyyən etmək mümkün olmamışdır. İddiaçı 1993-cü ilə qədər Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində müəllim vəzifəsində çalışmış, 1993-cü ilin sentyabr ayından 1994-cü ilin sentyabr ayınadək isə özündən asılı olmayan səbəblərdən iş yerini itirdiyi üçün orta aylıq əmək haqqı almışdır. Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən həmin dövrdə İddiaçı ödənilən əmək haqqı barədə arayış X8 Təhsil İdarəsinin Cəbrayıl rayonu təhsil sektoruna təqdim edilmişdir. İddiaçı Naxçıvan X5 aldığı təhsili ilə bağlı sənədlər isə X10 İdarəsində saxlanılır. İddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1980-cı ildə Lənkəran rayon X12 Kosalar kənd 8 illik məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1982-ci ildə verdiyi ərizəsi nəzərə alınaraq xx.xx.1982-ci il tarixdən Kosalar kənd 8 illik məktəbdən azad edilib həmmin tarixdən Gəgiran kənd orta məktəbinə ixtisası üzrə müəəlim köçürülmüş, xx.xx.1983-cü ildə təyinat müddəti qurtardığı üçün məzuniyyəti qurtardığı gündən – 27 avqust 1983-cü il tarixdən işlədiyi məktəbdən və rayon müəllimliyindən azad edilmiş, xx.xx.1983-cü ildən xx.xx.1994-cü ilədək Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində fasiləsiz olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş, xx.xx.1994-cü ildə Bakı şəhəri Əzizbəyov rayonu 234 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmiş, xx.xx.1997-ci il tarixldə 234 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatın müəllimi köçürmə yolu ilə nəsimi rayonunun 19 nömrəli orta məktəbinə keçdiyi üçün tutduğu vəzifədən azad edilmiş, xx.xx.1997-ci ildə Əzizbəyov rayonu 234 saykl məktıbı ıdıbiyyat müəllimi köçürmə yolu ilə xx.xx.1997-ci ildən müəllim təyin edilmiş, xx.xx.2023-cü ildə çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Məhkəmənin mövqeyi

11. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

12. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası;

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 39.1. əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən:

4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən:

1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş stajı əmək kitabçası əsasında müəyyən olunur. Hazırda iddiaçıya əmək kitabçasına əsasən 2006-cı ilin yanvar ayının 1-nə qədər 25 ildən çox sığorta stajı iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının yazılması iddiaçının səlahiyyətində olan bir məsələ olmadığından, əmək kitabçasında və əmrlərdə texniki yalnışlıqlara yol verilməsi iddiaçının təqsiri ucbatından olmadığından, göstərilən hallar iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz.

Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də, iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib- edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə gəlmiş olduğu nəticə ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələblərinin təhlil olunmasını zəruri hesab edir.

13.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 61.İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalı dır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması

67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

14. Yuxarıda qeyd edildiyi Qanun normalarından göründüyü kimi, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb- qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da, mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də, göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də, ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. İş materiallarında olan digər sənədlərlə isə cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hər-hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Məhkəmə, həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə, inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundanəzərdə tutulan prinsip və qaydalara (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması hazırkı iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə vurğulayır ki, əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə iddiaçı tərəfindən iddia qaldırılmamaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşır. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçıya məxsus pensiya işi materiallarına baxış keçirərkən, iddiaçıya artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə hərhansı bir qərarın qəbul edilməsi müəyyən edilmir. Bu hal isə özlüyündə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına dəlalət edir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 16.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Q- 291125/2023 nömrəli qərarı ləğv edilməli, iddiaçının 1983-1994-cü illər nəzərə alınmaqla işlədiyi illərin sığorta stajına daxil edilərək, pensiya hüququnun yarandığı tarixdən əvvəlki məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməlidir. 17.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

NƏTİCƏVİ HİSSƏ

18.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34,68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının inventar nömrəli xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Q-291125/2023 qərarı ləğv edilsin; İddiaçı, 1983-1984-cü illər nəzərə alınmaqla işlədiyi illərin sığorta stajına daxil edilərək, pensiya hüququnun yarandığı tarixdən əvvəlki məbləğinin bərpa edilsin; tutulmuş məbləğin qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar