Məhkəmə qərarları › İş №2-1(112)-1129/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1129/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1129/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi tərəfindən onun və ailə üzvlərinin bir hissəsinin Ağdam rayon, Baharlı qəsəbəsində yerləşən 433 saylı mənzilə olan müvəqqəti qeydiyyatının ləğv olunması, cavabdehə etdiyi müraciət 13 sentyabr 2018-ci il tarixindən onun və ailəsinin mənzil növbəsinə qeydiyyata alınması və qərarın icrasının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə (özü, arvadı, üç övladı) mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxx 1979-cu il tarixdə Ağdam rayonu, Suma kəndində anadan olmuşdur. Ailəlidir və 3 övladı var. Doğulduqları torpaqların ermənilər tərəfindən işğal olunmasından sonra məcburi köçkün vəziyyətində qalmış və hal-hazırda 30 avqust 2018-ci il tarixli kirayə müqaviləsi əsasında ünvan 1 ünvanında ailəsi ilə birlikdə kirayə yaşayır. Dövlət tərəfindən məcburi köçkün statusu təsdiqlənmiş və ona 103464 seriyalı məcburi köçkün vəsiqəsi verilmişdir. Torpaqların işğal olunması ilə əlaqədar hər bir Azərbaycan gənci kimi onun da hərbi xidmətə böyük həvəsi olmuşdur, əlavə olaraq torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə qardaşının şəhid olması onda daha böyük mənəvi hiss oyatmışdır. Bütün bunların nəticəsi kimi ordu sıralarında qulluq keçmək üçün müraciət edib gizir olaraq hərbi xidmət etmişdir. Xidmət əsnasında aldığı xəsarətdən dolayı Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - X28 Komandanının 21 noyabr 2017-ci il tarixli "087 gm” nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Onun aldığı xəsarətlə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2-ci qrup əlilliyi təsdiqlənmiş və bununla bağlı ona 027307 saylı əmək pensiyası vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 №-li Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”na əsasən bütün məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması, evlə təmin olunması və s. bir sıra problemlər həll olunmalıdır. Həmin sərəncamın icrası evlə təmin olunmaya aid hissədə Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə həvalə olunmuşdur. O da bu sərəncam üzrə imtiyazlardan istifadə etmək üçün müxtəlif orqanlara müraciət etmişdir. Onun ünvanladığı bütün müraciətlər cavablandırılması üçün Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə ünvanlanmışdır. Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin 10 may 2019-cu il tarixli 01/5396 saylı, 17 may 2019-cu il tarixli 01/5813 saylı, 23 may 2019-cu il tarixli 01/6117 saylı cavab məktublarında qeyd olunmuşdur ki, ilk növbədə ən acınacaqlı vəziyyətdə olan ailələrin mənzil-məişət şəraitləri yaxşılaşdırılacaqdır. Bundan əlavə hər üç məktubda, qeyd olunmuşdur ki, onun müraciətlərinin nəticəsi olaraq onun adı mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salınmışdır. Daha sonra Qaçqınların və X18 üzrə Dövlət Komitəsi 08 iyul 2019-cu il tarixində ona məktub göndərək bildirmişdir ki, o və onun ailəsi guya atasının ailə tərkibində olmaqla Ağdam rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədi ilə salınmış Baharlı qəsəbəsində 433 saylı 3 otaqlı fərdi evlə təmin olunmuşlar. Bu səbəbdən onun mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin siyahısına salınmasından imtina edilmişdir. Qaçqınların və X18 üzrə Dövlət Komitəsi sözügedən mənzili 24 oktyabr 2007-ci ildə onun yox, atası X1 və onun ailəsinin müvəqqəti yaşaması üçün vermişdir. Həmin mənzildə onun qeydiyyatına dair heç bir təsdiqedici sənəd mövcud deyil və 08 iyul 2019-cu il tarixinədək onun bundan xəbəri yox idi. Bundan sonra o, Ağdam rayonu, Baharlı qəsəbə nümayəndəliyi ilə əlaqə saxlamış və oradan ona bildirmişlər ki, həmin mənzil əvvəlcə atası X1, X4, X2, X10 və X11 müvəqqəti yaşaması üçün verilmiş, sonradan 2012-ci ildə o, yoldaşı X13, övladlarından ikisi X14 və X26 da həmin ünvana qeydiyyata salınmışdır. Onların həmin ünvana qeydiyyata salındıqları tarixdə o, Naxçıvan MR-da yerləşən hərbi hissədə gizir vəzifəsində hərbi xidmətdə olmuşdur. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası qanununun 12-ci maddəsinin 1-ci bəndinə əsasən hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə qeydiyyata alınırlar. O, həmin dövrdə Naxçıvan MR-da xidmətdə ola-ola və hərbi qeydiyyatı xidmət etdiyi hərbi hissə ola-ola, sözügedən qurumlar hansı əsasla onu və ailəsini Baharlı qəsəbəsində yerləşən 433 saylı mənzilə qeydiyyata salmışlar. Bundan əlavə xidmət keçdiyi hərbi hissəyə təqdim etmək üçün N mart 2012-ci il tarixdə ona təqdim olunan Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Ağdam rayon Şöbəsinin N mart 2012-ci il tarixli, 240 saylı arayışında onun evlə təmin olunmadığı qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan aydın görünür ki, Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Ağdam rayon Şöbəsi heç bir əsas və heç bir yuxarı orqanın qanuni göstərişi olmadan, Azərbaycan Respublikası Prezidentinin 2004-cii il 1 tarixli 298 №-li Sərəncamına zidd olaraq onu və ailə üzvlərinin bir qismini Ağdam rayonu, Baharlı qəsəbəsinda yerləşən 433 saylı mənzilə müvəqqəti qeydiyyata salaraq, guya onun və ailəsinin evlə təmin olunmalarını sənəd üzərində saxtalaşdırmışdır. Bu isə onun və ailəsinin Azərbaycan Respublikası Prezidentinin 2004-cti il 1 iyul tarixli 298 №-li Sərəncamında qeyd olunan imtiyazlardan istifadə etmələrinə maneçilik törədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi tam əsassızdır. İddiaçı mənzillə təmin olunması üçün Komitəyə müraciət etmiş və aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, o, 2006cı ilin sonunda atası X3 ailə tərkibində 6 nəfər ailə üzvü olmaqla (X12, X5, İddiaçı, X15 və X16) Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşması üçün tikilmiş Baharlı qəsəbəsində 433 nömrəli evin 3 otaqlı yaşayış sahəsi ilə Komitə tərəfindən təmin olunmuşdur. Bu barədə Komitənin Repatriasiya departamentinin həmin mənzilin onlara verilməsinə dair sənəd(order) tərtib olunmuşdur. Həmin mənzil onlara verilən zaman orderdə ailənin tərkibi aşağıdakı göstərilən şəxslərdən ibarət olmuşdur: X6, X12, X7, İddiaçı Səhliyalı oğlu, X15, X16. Daha sonra X8 və digər 5 nəfər ailə üzvü ilə Komitənin Mənzil istismar departamenti arasında 24 oktyabr 2007-ci il tarixli 433 nömrəli müqavilə imzalanmışdır. Həmin göstərilən mənzil 2006-cı ilin sonunda iddiaçı subay olduğu zaman atasının ailə tərkibində verilmiş və mənzil verildikdən sonra 2007-ci ilin iyun ayında ailə qurmuşdur. Belə ki, AZ-İ 244871 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı Səhliyalı oğlunun xx.xx.2007-ci il tarixdə ailə qurduğu müəyyən edilmişdir. Qeyd olunan məlumatlar eyni zamanda Ağdam Rayon İcra hakimiyyətinin Başçısının Birinci Baharlı Qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 20 fevral 2020-ci il tarixli 14 nömrəli arayışı ilə də təsdiq olunur. Həmçinin arayışda İddiaçı Səhliyalı oğlunun həyat yoldaşı X13, X14, X26, X12, X9 və X16 ilə birlikdə müvəqqəti qeydiyyatda olmaları göstərilmişdir. Arayışın qeyd hissəsində X1 xx.xx.2017-ci ildə vəfat etdiyi bildirilmişdir. İddiaçı Komitəyə müraciət etmiş və göstərilən məlumatlar əsasında xx.xx.2019-cu il tarixli 01/8096 nömrəli məktubla ona cavab verilmişdir.İddiaçı atasının ailə tərkibində ailə üzvləri 6 nəfər olmaqla 2006-cı ilin sonunda Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşması üçün tikilmiş Baharlı qəsəbəsində 433 nömrəli evin 3 otaqlı mənzili ilə təmin olunduğundan, onun və ailəsinin ikinci dəfə mənzillə təmin olunması mümkün deyildir. Həmin mənzildə məcburi köçkün kimi ailəsi ilə birlikdə müvəqqəti qeydiyyata götürülmüşdür. Məcburi köçkünlər dövlət tərəfindən mənzillə təmin edildikdən sonra həmin yaşayış sahəsinə müvəqqəti qeydiyyata götürülür. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA seriyalı 103464 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Mahmudov X17 rayonundan məcburi köçkündür. İş materiallarında olan xx.xx.2018-ci ildə verilmiş 027307 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir (hərbi xidmət dövrü əlil). İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Ağdam rayon Şöbəsinin N mart 2012-ci il tarixli, 240 saylı arayışından görünür ki, İddiaçı Səhliyalı oğlu evlə təmin olunmamışdır. İş materiallarında olan Ağdam rayonu Birinci Baharlı qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkün və qaçqınların xx.xx.2012-ci il tarixdə olan artma və azalmalar haqqında 32 nömrəli xx.xx.2012-ci il tarixli məlumatdan görünür ki, 433 nömrəli evdə X8 və ailə üzvləri - İddiaçı Səhliyalı oğlu (hərbçi), X13, X14, X26 qeydiyyata alınmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X18 Üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikasının Birinci vitseprezidenti xanım Mehriban Əliyevaya ünvanladığınız ərizələrə aidiyyəti üzrə Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi tərkibində fəaliyyət göstərən xüsusi Komissiyada baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı», habelə Dövlət Başçısının 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin Dövlət Proqramına edilmiş Əlavələrə əsasən ilk növbədə mənzil-məişət şəraitinin yaxşılaşdırılması siyahısına ən acınacaqlı şəraitdə – zirzəmidə və həyat üçün daim təhlükəli olan qəzalı tikililərdə məskunlaşmış məcburi köçkünlər daxil edilir. Qeyd edirik ki, sizin adınız mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X18 Üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığınız müraciətə aidiyyəti üzrə Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi tərkibində fəaliyyət göstərən xüsusi Komissiyada baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı», habelə Dövlət Başçısının 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin Dövlət Proqramına edilmiş Əlavələrə əsasən ilk növbədə mənzil-məişət şəraitinin yaxşılaşdırılması siyahısına ən acınacaqlı şəraitdə – zirzəmidə və həyat üçün daim təhlükəli olan qəzalı tikililərdə məskunlaşmış məcburi köçkünlər daxil edilir. Qeyd edirik ki, sizin adınız mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X18 Üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığınız müraciətə aidiyyəti üzrə Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi tərkibində fəaliyyət göstərən xüsusi Komissiyada baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı», habelə Dövlət Başçısının 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin Dövlət Proqramına edilmiş Əlavələrə əsasən ilk növbədə mənzil-məişət şəraitinin yaxşılaşdırılması siyahısına ən acınacaqlı şəraitdə – zirzəmidə və həyat üçün daim təhlükəli olan qəzalı tikililərdə məskunlaşmış məcburi köçkünlər daxil edilir. Qeyd edirik ki, sizin adınız mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X18 Üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizəsinə aidiyyəti üzrə Komitə tərkibində fəaliyyət göstərən xüsusi Komissiyada baxılmışdır. Bildiririk ki, siz atanızın ailə tərkibində olmaqla Ağdam rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış Baharlı qəsəbəsində 433 saylı 3 otaqlı fərdi evlə təmin olunmusunuz. Dövlət tərəfindən məcburi köçkün ailələrinin yalnız bir dəfə evlə təmin olunması nəzərdə tutulduğu üçün Sizin ailənizin yenidən mənzil növbəsinə götürülməsi imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X8 arasında imzalanmış 24 oktyabr 2007-ci il tarixli 433 nömrəli müqavilənin surətindən görünür ki, X8 onunla yaşayan 5 nəfər ailə üzvü ilə birlikdə Ağdam rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş Baharlı qəsəbəsində 3 otaqlı 433 saylı evdə sakini olduğu Ağdam rayonunun Suma kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. İş materiallarında olan nikah haqqında şəhədatnamənin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X25 12 iyun 2007-ci ildə nikaha daxil olmuşlar, onların birgə nikalarından xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2009-cu il təvəllüdlü X26, xx.xx.2013-cü il təvəllüdlü X27 doğulmuşdur. İş materiallarında olan AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Səhliyalı oğlu xx.xx.2002-ci il tarixdə hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2017-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) müvafiq olaraq Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2017-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində tətbiq edilən sosial müdafiə tədbirlərindən biri də onların müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın: 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir; 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir; 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir; 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür. O, mənzillə təmin edilməsi üçün cavabdehə müraciət etsə də, imtina cavabı verilmişdir. Məhkəməyə təqdim edilmiş etirazda cavabdeh 2006-cı ilin sonunda iddiaçının atasının ailə tərkibi 6 nəfər olmaqla məcburi köçkünlərin məskunlaşması üçün tikilmiş qəsəbədə yaşayış sahəsi ilə təmin olunduğunu, həmin vaxt iddiaçının subay olduğunu və onun da ailə tərkibinə daxil olduğunu, iddiaçının 2007-ci ilin iyun ayında ailə qurduğunu, bu səbəbdən ikinci dəfə mənzillə təmin olunmasının mümkün olmamasını bildirsə də, iş materiallarından görünür ki, iddiaçının atası X8 ilə Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında imzalanmış 24 oktyabr 2007-ci il tarixli 433 nömrəli müqaviləyə əsasən X8 onunla yaşayan 5 nəfər ailə üzvü ilə birlikdə Ağdam rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş Baharlı qəsəbəsində 3 otaqlı 433 saylı evdə sakini olduğu Ağdam rayonunun Suma kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. Göründüyü kimi, iddiaçının atası 24 oktyabr 2007-ci il tarixdə yaşayış sahəsi ilə təmin olunmuşdur, iddiaçı isə həmin tarixdən əvvəl 12 iyun 2007-ci ildə X25 ilə nikaha daxil olmuşlar və onların birgə nikalarından xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2009-cu il təvəllüdlü X26, xx.xx.2013-cü il təvəllüdlü X27 doğulmuşdur. Eyni zamanda, iddiaçı xx.xx.2002-ci ildən xx.xx.2017-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2017-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) müvafiq olaraq Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, atası mənzillə təmin edilərkən iddiaçı evli olmuş, o və ailəsi həmin vaxt atası ilə birlikdə yaşamamışdır. 24 oktyabr 2007-ci il tarixli 433 nömrəli müqavilədə isə məhz iddiaçının atasının onunla yaşayan ailə üzvləri ilə birlikdə mənzillə təmin edilməsi qeyd edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Bundan başqa, Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Ağdam rayon Şöbəsinin N mart 2012-ci il tarixli, 240 saylı arayışından görünür ki, İddiaçı Səhliyalı oğlu evlə təmin olunmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X18 Üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli məktublarda da iddiaçının adının mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salınması bildirilmişdir. Lakin Azərbaycan Respublikası Qaçqınların və X18 Üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda iddiaçının atasının ailə tərkibində olmaqla Ağdam rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış Baharlı qəsəbəsində fərdi evlə təmin olunduğu, dövlət tərəfindən məcburi köçkün ailələrinin yalnız bir dəfə evlə təmin olunması nəzərdə tutulduğu üçün iddiaçının ailəsinin yenidən mənzil növbəsinə götürülməsinin imkan xaricində olması bildirilir. İddiaçının evlə təmin olunmadığı, onun adının mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salındığı halda, iddiaçının mənzil növbəsinə götürülməsinin imkan xaricində olması ilə əlaqədar cavabın verilməsinin səbəbləri cavabdeh tərəfindən göstərilməmiş, qeyd olunanlar cavabdeh tərəfindən əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə (özü, arvadı, üç övladı) mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar