Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11290/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı “X1 X6 San. ve Tic. LTD ŞTİ” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “artıq ödəmə ilə bağlı rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndələri X4 və X8 iştirakı ilə, iddiаçı “X1 X6 San. ve Tic. LTD ŞTİ” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “artıq ödəmə ilə bağlı rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “X1 X6 San. ve Tic. LTD ŞTİ” Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə DTA-05 ərizə forması ilə müraciət edərək, artıq tutulmuş 2.191.768,55 manat vergi məbləğinin qaytarılması ilə bağlı rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsini xahiş etmiş, cavabdeh müəssisənin müvafiq əməliyyatlar çərçivəsində Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin Türkiyə Respublikasında bəyan edilməsi və həmin gəlirlərin müvafiq qaydada vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənədin təqdim olunmamasına istinad edərək iddiaçının müraciətini təmin etməmişdir. İddiaçı “X1 X6 San. ve Tic. LTD ŞTİ” Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən verilmiş DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə rezidenti olan “X1 X6 San. ve Tic. LTD ŞTİ” Şirkəti ilə “X10 Mühendislik Sanayi Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi, torpaq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcud olan plan- kartoqrafik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi təhlili, kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı, pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə işləri ilə əlaqədar bağlanmış müqavilə üzrə xidmətlərin dəyəri 2017-2019-cu illər ərzində 20.226.675,30 manat olmaqla, “X1 X6 San. ve Tic. LTD ŞTİ” Şirkətinin Türkiyə Respublikasındakı hesabına köçürülmüş və həmin əməliyyatlardan 10 faiz məbləğində, yəni 2.022.675,0 manat ödəmə mənbəyində vergi tutulmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış DTA-05 ərizəsinin təsdiqlənməsi Dövlət Vergi Xidməti tərəfindən mümkün hesab edilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən qaldırılmış iddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Qeyd olunan qərardan cavabdeh vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-2031/2022 nömrəli qərarı ilə təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Daha sonra Dövlət Vergi Xidməti tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2304/2022 nömrəli qərarı ilə təmin edilərək, yeni qərar qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin həmin qərarında iddiaçının vergi borcunun olmadığı haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri təqdim edərək, DTA-05 ərizəsi ilə cavabdehə yenidən müraciət etmək hüququnun olduğu göstərilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Ali Məhkəmənin mövqeyindən görünür ki, qeyri-rezident tərəfindən Azərbaycan rezidentinin sifarişi əsasında görülmüş işlərə görə həmin dövr üzrə vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri vergi orqanına təqdim edərək, DTA-05 ərizəsi ilə cavabdehə yenidən müraciət etdiyi təqdirdə cavabdeh tərəfindən ikiqat vergitutma ilə bağlı Azərbaycan və Türkiyə Respublikaları arasında bağlanmış sazişin şərtlərinə əsasən Azərbaycan tərəfi ödəmə mənbəyindən tutulmuş vergilərin məbləğini iddiaçıya geri qaytarmalıdır. Ali Məhkəmənin yuxarıda qeyd olunan mövqeyini əsas götürərək, iddiaçı tərəfindən Türkiyə Respublikasında vergilər ödənilmiş və vergi borcunun olmaması barədə arayış alınmış və müvafiq arayışla birlikdə DTA-05 ərizəsi ilə Dövlət Vergi Xidmətinə yenidən müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********157900 nömrəli məktubu ilə müraciət cavablandırılmış və xx.xx.2022-ci il tarixli 2- 1(102)-2304/2022 saylı Ali Məhkəmənin qərarında vəsaitin müəssisəyə qaytarılması ilə bağlı vergi orqanının üzərinə hər hansı vəzifə qoyulmadığı bildirilmişdir. Vergi orqanı mövqeyini onunla əsaslandırmışdır ki, müvafiq əməliyyatlar çərçivəsində əldə edilən gəlirlərin Türkiyə Respublikasında vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Dövlət Vergi Xidmətinin qeyd olunan mövqeyi əsassızdır. Belə ki. Ali Məhkəmənin qərarında Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmayaraq vergilərin Türkiyə Respublikasında ödənilməsi şərti nəzərdə tutulmamışdır. Ali Məhkəmənin qərarında Türkiyə Respubliksında vergi öhdəliyinin tam şəkildə yerinə yetirilməsi, yəni Türkiyə Respublikasında vergi öhdəliyinin olmaması şərti nəzərdə tutulmuşdur. İddiaçı Türkiyə Respublikasında vergi öhdəliklərini tam şəkildə yerinə yetirmiş və vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən xx.xx.2023-cü il tarixli rəsmi arayış verilmişdir. Əlavə olaraq, DTA-05 ərizəsinə əlavə edilməli olan sənədlər, o cümlədən müqavilələr, təhliv-təslim aktları, görülmüş işlərə görə ödənilmiş vergi məbləğləri əvvəlki məhkəmə mübahisəsi zamanı araşdırılmışdır və işin mübahisəsiz halıdır. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, iddiaçı “X1 X6 San. ve Tic. LTD ŞTİ” Şirkəti Bakı inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Dövlət Vergi Xidməti tərəfindən iddiaçının DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəy tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidməti aşağıda qeyd olunan səbəblərə əsasən iddia ərizəsi ilə razı deyil. Belə ki, qeyri-rezident “X1 X6 San. ve Tic. LTD ŞTİ” Şirkəti Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 2304/2022 saylı qərarına istinad edərək vergi borcunun olmadığı haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri təqdim edərək DTA-05 ərizəsi ilə Dövlət Vergi Xidmətinə yenidən müraciət etmək hüququnun göstərildiyini, şirkət tərəfindən Ali Məhkəmənin mövqeyinin əsas götürülərək Türkiyə Respublikasında vergilərin ödənildiyini və vergi borcunun olmaması barədə arayışla yenidən Dövlət Vergi Xidmətinə müraciət edildiyini qeyd etmişdir. Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli **********157900 nömrəli məktubla iddiaçının məktubu cavablandırılmış və Ali Məhkəmənin qeyd edilən qərarında vəsaitin müəssisəyə qaytarılması ilə bağlı vergi orqanının üzərinə hər hansı öhdəlik qoyulmadığı bildirilmişdir. İddiaçı ərizəsində ödənilmiş vəsaitin geri qaytarılmasının əsası kimi Türkiyə Respublikasında vergi öhdəliklərini tam yerinə yetirməsini və bu barədə Türkiyə Respublikasının müvafiq qurumundan xx.xx.2023-cü il tarixli arayışın verilməsini qeyd etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində Türkiyə dövlət büdcəsinə 213.922,86 TRY (18 803,82 AZN) vergi ödənilmiş və bu barədə ona müvafiq arayış verilmişdir. Lakin, iddiaçının müvafiq əməliyyatlar çərçivəsində Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin (21.917.685,12 manat) Türkiyə Respublikasında bəyan edilməsi və həmin gəlirlərin müvafiq qaydada vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Əlavə olaraq, təqdim olunan arayışa apostil vurulmamışdır. Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli **********009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarının (bundan sonra - Qaydalar) 7.3-cü bəndinə əsasən artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, ödəniş sənədləri, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9- 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. Həmin Qaydaların 8.10-cu bəndinə əsasən bu Qaydaların 8.9-cu bəndindən asılı olmayaraq, razılığa gələn digər dövlət “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulduğu və həmin Konvensiya Azərbaycan Respublikası ilə həmin digər dövlət arasında tətbiq edildiyi halda təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunmur. Bu halda, sənədlərə həmin dövlətin Haaqa Konvensiyası üzrə səlahiyyətli orqanı tərəfindən apostil vurulmalıdır. İddiaçı tərəfindən Ali Məhkəmənin qərarında qeyd edilən xüsusatlar yanlış təqdim edilərək guya onun borcunun olmaması və bu barədə arayışın əldə edilməsi əsası ilə DTA-05 ərizəsinin təsdiq edilərək rəy verilməklə maliyyə orqanına göndərilməsi vəzifəsinin qoyulması barədə tələbi tamamilə əsassızdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının 63-cü bəndində qeyd edilmişdir ki, şəxs tərəfindən DTA-05 ərizəsi ilə müraciət edildikdə gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlər təqdim edilməlidir. Başqa sözlə, DTA-05 ərizəsi ilə müraciət zamanı şəxsin ikiqat vergi tutmaya məruz qaldığı sübuta yetirilməlidir. Lakin iddiaçı tərəfindən qaytarılması tələb olunan 2.191.768,55 manat verginin Türkiyə Respublikasında ödənilmədiyi və hətta xidmətlərə görə alınmış 21.917.685,12 manat məbləğin şirkət tərəfindən dövriyyəsində göstərilmədiyi müəyyən edilmiş, Ali Məhkəmə tərəfindən də bu hal Qərarın 69-cu bəndində qeyd edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddianın mümkünlüyü ilə bağlı məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının daha əvvəlki DTA-05 ərizə forması ilə müraciətinə dair məhkəmə icraatı aparılsa da, nə qədər ki, tərəflərin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2304/2022-ci il tarixli qərarının 79-cu bəndində Türkiyə Respublikasında vergi ödədiyi halda (tam şəkildə) yenidən DTA-05 ərizə forması ilə cavabdehə müraciət etməsi imkanı təsbit edilmişdir və nə qədər ki, iddiaçı da sübutlarını əlavə etməklə müraciət etmiş və inzibati icraat aparılmışdır, yenidən iddia ilə məhkəmə müraciət edə bilər. Çünki sonuncu müraciət üzrə yeni inzibati icraat aparıldığından və nəticədə imtina olunduğundan, iddiaçının onu məhkəmədə mübahisələndirmək (iddia qaldırmaq) hüququ təmin edilməlidir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Türkiyə Respublikasının vergi orqanı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışların azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində Türkiyə dövlət büdcəsinə 213.922,86 TRY vergi ödənilmiş və qeyd edilən tarixə heç bir vergi borcu yoxdur. Arayışlar xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir; Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında Ərizənin (DTA-05) surətindən görünür ki, iddiaçı “X1 X6 San. ve Tic. LTD ŞTİ” Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə DTA-05 ərizə forması ilə müraciət edərək, artıq tutulmuş 2.191.768,55 manat vergi məbləğinin qaytarılmasını xahiş etmişdir. Məhkəmə Bakı İnzibati Məhkəməsinin icraatında olmuş, 2-1(112)-777/2022 nömrəli iş üzrə əldə olunmuş sənədlərin surətinin hazırkı iş materiallarına əlavə edilməsini “prosessual qənaət” prinsipinə uyğun hesab edir. Belə ki: “X11 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X1 X6 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 14 iyul 2017-ci il tarixli, 04/17 №-li Kadastr Xidməti Müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikasının 1 (bir) milyon hektar ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 700 000 parseldə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəricələri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərindən ibarətdir. Görülən işlər sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir; “X11 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X1 X6 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 10/17 №-li Texnologiyanın inkişafı və Texnologiyaların transfer edilməsi müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti elektron uçotu sisteminin formalaşdırılması məqsədi ilə daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin ərazi ölçmələri üçün isifadə edilən ərazi komputerləri ilə peyk sistemlərinin əlaqələndirilməsi avtomatik parselleme proqramı və məsafədən zondlama texnalogiyasının transferi. Texnologiyaların transferi ilkin sifariş üzrə həyata keçirilir. Görülən işlərin Sifarişçinin İcraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən İcraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyə Respublikasında həyata keçiriləcəkdir; “X11 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X1 X6 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 25 yanvar 2018-ci il tarixli, 03/18 №-li Kadastr Xidməti Müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikasının 725000 (yeddi yüz iyirmi beş min) hektar ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 550 000 parseldəpay torpaqlarının islahat sənədlərindəki məkan göstəricələri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərindən ibarətdir. Görülən işlər sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir. İnzibati işdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin “X10 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi arasında 2016-cı ilin may ayının 3-də Bakı şəhərində imzalanmış SM-14 nömrəli Satınalma müqaviləsi əsasında iş və xidmətlərin dəyəri 44.980.393,00 ABŞ dolları məbləğində olan Azərbaycanda Torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinə 03 may 2016-cı il tarixindən başlanılmışdır. Bu məqsədlə “X10 Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti tərəfindən şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyi təsis edilmişdir. Satınalma müqaviləsi çərçivəsində bir çox işlər müqavilədə qeyd edildiyi kimi Nümayəndəlik vasitəsilə icra edilmişdir. Hazırki mübahisə predmetinə dair təqdim edilmiş, bəhs edilən 3 xidmət müqaviləsinin tədqiqi göstərir ki, bu müqavilələr sırf icraçı qismində “X2 X6 San. ve Tic. Ltd.Şti" şirkəti tərəfindən, Şirkətin yerləşdiyi yerdə X5 şəhərində icra edilmiş, həmin işlər icraçı qismində Şirkətin özü tərəfindən Sifarişçiyə təhvil verilmiş, bütün ödənişlər də Şirkətin hesabına ödənilmişdir. Eyni zamanda “X11 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi də həmin işləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil vermişdir. İddiaçının 2017-2018-ci illər ərzində Azərbaycan Respublikasından əldə etdiyi gəlirə görə ödədiyi verginin geri qaytarılması üçün DTA-05 ərizəsi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq əməliyyatlar çərçivəsində Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin (21.917.685,12 manat) Türkiyə Respublikasında bəyan edilməsi və həmin gəlirlərin müvafiq qaydada vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilməməsi əsas gətirilərək təsdiqlənməmişdir. Hazırda iddiaçı Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında xx.xx.1998ci il tarixli Sazişə, həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarına istinad edərək, 03 xidmət müqaviləsi üzrə Türkiyə Cümhuriyyətində icra edilmiş işlərə görə ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 2.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. 125.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7-ci bəndi qeyrirezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin qeyri-rezidentə geri qaytarılması ilə bağlı qaydaları tənzimləyir. Belə ki, Qaydaların 7-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (bundan sonra - DTA-05 forması) (Əlavə № 8) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. DTA-05 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin internet vergi idarəsi vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.) malik olsun. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılmalı olması təsdiqlənərsə, Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda müəyyən edilmiş prosedura uyğun olaraq “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə Rəy” hazırlanaraq, müraciət edən şəxsə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yerli bölmələrinə (bundan sonra-maliyyə orqanı) göndərilir. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılması qanuna müvafiq hesab edilmədiyi təqdirdə, Vergilər Nazirliyinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 9) üzrə imtina haqqında bildiriş tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir. Artıq ödənilmiş vergilərin maliyyə orqanları tərəfindən qeyri-rezidentə qaytarılmasının prosedurları, müddətləri və digər aidiyyəti məsələlər bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulmuş Qaydalarla tənzimlənir. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında xx.xx.1998-ci il tarixli Saziş:
1. Bu saziş razılığa gələn Dövlətlərdən birinin və ya ikisinin rezidenti olan şəxslərə tətbiq olunur. 2.1. Bu saziş, alınma qaydasından asılı olmayaraq, razılığa gələn dövlətdə və ya onun ərazisi-inzibati bölmələrində, ya da yerli hakimiyyət orqanlarında gəlirlərdən alınan vergilərə tətbiq olunur. 2.3. Bu sazişin şamil edildiyi Azərbaycan Respublikası qanunvericiliyində qüvvədə olan vergilər: (i) hüquqi şəxslərin mənfəətindən və gəlirlərinin ayrı-ayrı növlərindən vergilər. 5.1. Bu sazişin məqsədləri baxımından “iş yeri” termini müəssisənin fəaliyyətinin tamamilə və ya qismən həyata keçirdiyi işlə əlaqədar sabit yeri bildirir. 5.2. “İş yeri” termininə daxildir: a) idarəetmə yeri, b) filial c) büro, d) fabrik, e) emalatxana 7.1. Əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İşin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin “X10 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi arasında 2016-cı ilin may ayının 3-də Bakı şəhərində imzalanmış SM-14 nömrəli Satınalma müqaviləsi əsasında iş və xidmətlərin dəyəri 44.980.393,00 ABŞ dolları məbləğində olan Azərbaycanda Torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işləri görülməlidir. Hazırki iş üzrə iddiaçı “X2 X6 San. ve Tic. Ltd. Şti" şirkəti ilə “X11 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi arasında 3 xidməti müqavilə (xx.xx.2017-ci il tarixli, 04/17 №-li, xx.xx.2017ci il tarixli, 10/17 №-li, xx.xx.2018-ci il tarixli, 03/18 №-li) bağlanmış və müqavilələrin şərtlərinə əsasən Azərbaycan Respublikasının ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəricələri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərini sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir. Tərəflər arasında təsdiq edilmiş təhvil-təslim aktlarına əsasən müqavilələrdə nəzərdə tutulmuş işlər icraçı tərəfindən yerinə yetirilərək sifarişçiyə təhvil verilmişdir. Eyni zamanda “X11 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi də həmin işləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil vermişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" xx.xx.1998-ci il tarixli Sazişin 7.1-ci maddəsindən aydın olduğu kimi Əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. İşin hallarından da göründüyü kimi, “X2 X6 San. ve Tic. Ltd. Şti" şirkəti Azərbaycan Respublikasında iş yeri (yəni, sazişin 5.2-ci maddəsinə əsasən idarəetmə yeri, filial, büro, fabrik, emalatxana) vasitəsilə fəaliyyət göstərməmişdir. Yuxarıda istinad olunan müqavilələrdən, ona əlavə olunan təhvil-təslim aktlarından göründüyü kimi, görülmüş işlərin icraçısı qismində nümayəndəlik deyil, “X1 X6 San ve TİC.LTD.ŞTİ” Şirkəti çıxış edir. “X1 X6 San ve TİC.LTD.ŞTİ” Şirkəti müqaviləyə əsasən bütün xidmətlərini Türkiyə Respublikasının Ankara şəhərində həyata keçirmişdir. Xidmətlərə görə ödənişlər də Şirkətə ödənilmişdir. Bu halda vergiyə cəlb olunan məbləğ də məhz “X1 X6 San ve TİC.LTD.ŞTİ” Şirkətinə məxsus gəlirdir. Bu səbəbdən də hesab edilir ki, cavabdeh inzibati orqan Sazişlə nəzərdə tutulmuş tələbləri pozmuşdur. Məhkəmə diqqətə çatdırır ki, hazırkı mübahisəyə tətbiq olunan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" xx.xx.1998-ci il tarixli Sazişdən də aydın olur ki, həmin Sazişlə vergilərin hansı dövlətdə tutulması konkret müəyyənləşmişdir. Mübahisənin həlli zamanı da bu hal rəhbər tutulmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, daha əvvəlki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2304/2022-ci il tarixli qərarın qeyd etdiyi mövqeyə uyğun olaraq, iddiaçı tərəfindən Türkiyə Respublikasında vergilər ödənilmiş və vergi borcunun olmaması haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri təqdim etmişdir. Cavabdehin müvafiq əməliyyatlar çərçivəsində əldə edilən gəlirlərin Türkiyə Respublikasında vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənədin təqdim olunmamasına dair dəlilləri əsassızdır. Ən əsası ona görə ki, nə Ali Məhkəmənin qeyd olunan qərarında, nə də qanunvericilikdə Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmayaraq vergilərin Türkiyə Respublikasında ödənilməsi şərti nəzərdə tutulmamışdır. Ali Məhkəmənin qərarında Türkiyə Respublikasında vergi öhdəliyinin tam şəkildə yerinə yetirilməsi, yəni Türkiyə Respublikasında vergi öhdəliyinin olmaması şərti nəzərdə tutulmuşdur. İddiaçı da Türkiyə Respublikasında vergi öhdəliklərini tam şəkildə yerinə yetirmiş və vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən xx.xx.2023-cü il tarixli rəsmi arayış verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etmişdir. Cavabdeh isə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, DTA-05 ərizəsinin təsdiq olunması üçün qanunvericiliyin tələbləri təmin edildiyindən, sözügedən artıq ödəmə ilə bağlı rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, “X1 X6 San. ve Tic. LTD ŞTİ” Şirkətinin görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılması ilə əlaqədar DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilsin “X1 X6 San. ve Tic. LTD ŞTİ” Şirkətinin görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılması ilə əlaqədar DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov