Məhkəmə qərarları › İş №2-1(112)-11296/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11296/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11296/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinə qarşı “fərdi yaşayış evinin uçota götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sahiblik və istifadəsində olan, yaşayış yeri üzrə pasport qeydiyyatında olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin uçota alınmasından Keşlə Bələdiyyəsinin imtinasının əsassız və qanunsuz hesab edilməsi və həmin evin uçota götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun sahiblik və istifadəsindədir. O, həmin fərdi yaşayış evində yaşayır və onun bu evdən başqa yaşamaq üçün yaşayış sahəsi yoxdur. O, həmçinin həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır. Fərdi yaşayış evi qaz, su və elektrik enerjisi ilə təchiz olunmuşdur. Bununla bağlı müqavilələr formal olaraq onun atası X6 adına olmuşdur. X3 həmin evdə heç vaxt yaşamamış, həmin ev onun istifadə və sahibliyində olmamışdır. O, istifadə etdiyi bütün kommunal xidmətlərin haqqını davamlı ödəmiş və bununla bağlı heç bir borcu olmamışdır. O, sözügedən fərdi yaşayış evində yaşadığına və qeydiyyata alındığına baxmayaraq Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi iddiaçını, onun məlumatı və razılığı olmadan pasport qeydiyyatından çıxarmışdır. Bu faktan istifadə edən atası X10, həmin evə heç bir aidiyyəti olmadığı, evdə qeydiyyatda olmadığı və evdə yaşamadığı halda digər yollarla kommunal xidmətlərin göstərilməsi ilə bağlı bütün müqavilələri iddiaçının adından çıxartmış və həmin müqavilələri bu evə heç bir aidiyyəti olmayan, onlarla heç bir qohumluq əlaqəsi olmayan X2 adına sənədləşdirmişdir. O, pasport qeydiyyatından qanunsuz çıxarıldığı üçün, qeydiyyatının bərpa olunması məqsədilə Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, lakin heç bir müsbət cavab ala bilməmişdir. Bu səbəbdən də o, Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin qanunsuz hərəkətini Bakı İnzibati Məhkəməsində mübahisələndirilmişdir. Onun iddiası əsasında Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(112)- 2568/2021 saylı qərarı ilə tələbi təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin X7 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması hərəkətinin qanunsuz sayılması, X5 ünvan 1 ünvanına qeydiyyatının bərpa edilməsi öhdəliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Polis İdarəsi həmin qərarı icra etmiş, onun sözügedən ünvan üzrə pasport qeydiyyatını bərpa etmişdir. Hazırda, o, yaşadığı evdə istifadə etdiyi kommunal xidmətlərə dair müqavilələrin öz adına sənədləşdirilməsi üçün yaşadığı evin Bələdiyyədə uçota götürülməsi barədə arayışı təqdim etməlidir. Buna görə də o, yazılı ərizə ilə Keşlə Bələdiyyəsinə müraciət etmişdir. Keşlə Bələdiyyəsinin 04 iyul 2022-ci il tarixli 111-K saylı cavab məktubu ilə ona imtina cavabı verilmişdir. Keşlə Bələdiyyəsinin bu imtinası əsassız və qanunsuzdur. Belə ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun sahiblik və istifadəsindədir. O, həmin evdə yaşayır və təbii ki, kommunal xidmətlərdən (qaz, işıq, su və s.) istifadə edir. Lakin bu xidmətlərin haqqını ödəyə bilmir. Bunun nəticəsində isə borclar yığılır ki, bu da son nəticədə həmin ünvana su, qaz və işığın verilməsinin dayandırılması ilə nəticələ bilər. Bütün bunların baş verməməsi üçün "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC müqavilələri onunla bağlamalıdır. Bu səbəbdən yalnız onun sahiblik və istifadəsində olan, hazırda da yaşadığı fərdi yaşayış evinin Keşlə Bələdiyyəsi tərəfindən uçota alınması zəruridir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı münasibətində göstərmişdir ki, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 4/23A ünvandakı tikili özbaşına olduğu üçün inventarlaşdırma nəticəsində həmin ev X7 atası X6 adına uçota alınmışdır. X11 həmin evdə əvvəllər qeydiyyatda olsa da, kommunal ödənişlər atası X6 adına olmuşdur. X10 N.Abdullayev küçəsi, 4/23A ünvandakı evi xx.xx.2021-ci ildə X1, ünvan 3tariat ofisinin 243714 saylı xx.xx.2021-ci il tarixli etibarnaməsi əsasında öz adına olan kommunal ödənişləri də X2 adına keçirmişdir. Hazırda kommunal ödənişlər X2 adınadır. Göründüyü kimi, N.Abdullayev küçəsi, 4/23A ünvandakı tikilinin kimə məxsus olması mübahisəlidir. Məhz bu səbəbdən də X7 xx.xx.2022-ci il tarixli ərizəsinə müsbət cavab verilməmişdir. Evin kimə, yəni X8 və ya atası X9 məxsus olması məhkəmə araşdırması nəticəsində bilindikdən sonra müvafiq olaraq həll edilə biləcəyi bildirilmişdir. Qanunvericiliyə əsasən özbaşına tikilinin hər hansı fiziki şəxsin adına bələdiyyədə inventarlaşdırılaraq qeydiyyata alınması həmin tikilinin həqiqi sahibinin kimliyinə əsas vermir. Bu sadəcə ərazidə yaşayış evlərinin sayını müəyyənləşdirməklə yanaşı sənədli və sənədsiz tikililərin dəqiqləşdirilməsi üçün aparılan inventarlaşdırmadır. Odur ki, N.Abdullayev küçəsi, 4/23A ünvandakı tikilinin kimə məxsus olması barədə müvafiq məhkəmə qərarından sonra Keşlə bələdiyyəsi həmin məhkəmə qərarını icra edəcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə istinad olunanlar nəzərə alınmaqla iddia tələbinin mümkünlüyünü yoxlayaraq qeyd edir ki, iddiaçı hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin uçota alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir, lakin qanunvericiliklə cavabdehin belə bir səlahiyyəti müəyyən edilməmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Həmin Qanunun 18.3-cü madəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra ərazi üzrə müvafiq bələdiyyələrdə bir ay ərzində uçota durmalıdırlar. Həmin Qanunun 18.10-cu maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyən edilir. Həmçinin Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 3.1.5-ci madəsinə əsasən qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin uçotunu aparmaq bələdiyyələrin vergi xidməti orqanının vəzifəsi kimi müəyyən edilmişdir. Göründüyü kimi, qanunverici bələdiyyə tərəfindən fiziki və ya hüquqi şəxsin əmlakının deyil, həmin əmlak üzrə hüquqa sahib olan şəxsin uçotunun həyata keçirilməsini tənzimləyir ki, bu da həmin şəxslərdən yerli (bələdiyyə) vergilərin və ödənişlərin yığılmasına xidmət edir. Fiziki şəxsin vergi ödəyicisi kimi uçota alınması isə onun təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisi üzrə vergitutma obyekti sayılır. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır (maddə 203.1). Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar (maddə 203.2). Həmin Məcəllənin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. İşdən görünür ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi əmlak özbaşına tikilidir və həmin əmlakla bağlı onun hər hansı bir hüququ mövcud deyil. Belə olan halda aydın olur ki, iddiaçının yuxarıda istinad olunan normaların ona tətbiq edilməsini tələb etməyə hüquqi ixtiyarı da yoxdur. İddia ərizəsindən isə görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqla çatmaq istədiyi məqsəd komunal xidmətlərin göstərilməsinə dair bağlanmış müqavilələrin öz adına keçirilməsinə nail olmaq, dolayı yolla həmin əmlakın onun sahibliyində olmasını təsbit etməkdir. Lakin məhkəmə yuxarıda istinad olunanlara əsasən bir daha qeyd edir ki, bələdiyyə əmlakın deyil, vergi ödəyicisi olan fiziki şəxsin uçotunu aparır və belə bir uçota alınma vasitəsilə iddiaçının hazırda çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar