Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11297/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X2 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslərin qanuni nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X19, X16 və X20) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X20, X19 və X10 Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 4A ünvanında yerləşən 412-ci mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 4A ünvanında yerləşən 412-ci mənzilin mülkiyyətçisidir. X20 (təvəllüd xx.xx.2015), X19 (təvəllüd xx.xx.2011) və X16 (təvəllüd xx.xx.2012) doğulduqları gündən etibarən yoldaşının tikdiyi ünvan 1 ünvanda yerləşən yaşayış evində valideynləri ilə birgə yaşamaqda olsalar da formal olaraq Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 4A ünvanında yerləşən 412-ci mənzildə qeydiyyatda qalmaqdadırlar. X9 ilə X12 arasında olan nikahın pozulması iddiası üzrə məhkəmə prosesi Binəqədi Rayon Məhkəməsinin 2(001)-5139/2022 saylı işlə icraatdadır. X20 (təvəllüd xx.xx.2015), X19 (təvəllüd xx.xx.2011) və X16 (təvəllüd xx.xx.2012) ümuymiyyətlə, qeydiyyatda olduqları ünvana gəlməmiş, orada yaşamamışlar, onlar doğulduqları gündən etibarən bugünədək yoldaşının tikdiyi ünvan 1 ünvanında yerləşən yaşayış evində yaşamaqdadırlar. Göstərilənləri nəzərə alaraq X20, X19 və X10 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət edilmişdir. Binəqədi Rayon Polis İdarəsinin 26 iyul 2022-ci il tarixli 059-29264 N-3222 saylı cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11297/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X19, X16 və X20 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münabasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin qanuni nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 698200 nömrəli, xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X19 xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 2254 nömrəsi ilə qeyd edilmişdir. X4, anası X5r. İş materiallarına əlavə edilmiş AZ-İİ № 917103 nömrəli, xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X16 xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 2085 nömrəsi ilə qeyd edilmişdir. X4, anası X5r. İş materiallarına əlavə edilmiş AZ-İİİ № 523407 nömrəli, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X20 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 390 nömrəsi ilə qeyd edilmişdir. X4, anası X5r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışına əsasən xx.xx.2011-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X20 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 4a nömrəli, 5 mərtəbəli binanın – girişində, 4-cü mərtəbəsində 36 kv.m ümumi, 22 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 412 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 363 nömrəli reyestr kitabının 33904 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-20640- 1222 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olan xx.xx.2011ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X20 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubunda bildirilmişdir ki, X13, X14, X10 Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 4A, 412 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamına əsasən ünvan 5 ünvanda yerləşən yataqxanada İddiaçı yaşadığı sahəsi 12 kv.m olan bir otaqlı 413-cü mənzilin, X6 yaşadığı sahəsi 22 kv.m olan 2 otaqlı 412-ci mənzillə dəyişdirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5139/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X21 ilə X12 arasında 13 oktyabr 2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış, akt qeydləri kitabında 1367 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları – 07 mart 2011-ci il təvəllüdlü X19, 03 may 2012-ci il təvəllüdlü X16 və 03 aprel 2015-ci il təvəllüdlü X14 anaları X3 yanında qalmaları müəyyən edimiş, 07 mart 2011-ci il təvəllüdlü X19, 03 may 2012-ci il təvəllüdlü X16 və 03 aprel 2015-ci il təvəllüdlü X14 18 yaşa çatanadək saxlanmaları üçün X11 hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilsin, aliment 01 avqust 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 059-37400- 1222 nömrəli məktubunda bildirilmişdir ki, X19 xx.xx.2016-cı il, X20 xx.xx.2016-cı il, X27 xx.xx.2016-cı il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bildirilir ki, həmin şəxslər ASAN 1 xidmət tərəfindən şəxsiyyət vəsiqələri ilə təmin olunduqları üçün Forma 1 (fərdi uçot kartoçkasının) kserosurətinin və qeydiyyata əsas olmuş sənədlərin təqdim olunması imkan xaricindədir. İş materiallarına əlavə edilmiş 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 634 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 4a, 412 nömrəli mənzildə qeydiyyatdadır. Aşağıdakı şəxslər göstərilən mənzildə qeydiyyatdadırlar, yaşamırlar: X19 - nəvəsi, X16 - nəvəsi, X20 nəvəsi. İş materiallarına əlavə edilmiş 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 635 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 4a, 412 nömrəli mənzildə qeydiyyatdadır. X8 - h/y, X22 - oğlu, X24 - oğlu qeydiyyatdadırlar. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 059-29264N-3222 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X16, X20 və X13 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlülüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 35.6-cı maddəsinə görə yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Eyni zamanda müəyyən olunur ki, yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. İşin sadalanan hallarından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 4A ünvanında yerləşən 412 saylı mənzilin mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər 14 yaşına çatmayan nəvələri- iddiaçının X9 ilə X12 arasında birgə nikahdan doğulmuş azyaşlı övladlarıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X21 ilə X12 arasında 13 oktyabr 2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış, akt qeydləri kitabında 1367 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahından olan uşaqları X19, X16 və X14 anaları X3 yanında qalmaları qət edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq mülkiyyətçinin ərizəsi əsasında daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Beləliklə, hazırki halda iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər iddiaçının 7, 10, 11 yaşı olan yetkinlik yaşına çatmayan nəvələridir. Onlar iddiaçıya məxsus mübahisəli evdə yaşamırlar. Yetkinlik yaşına çatmayan üçüncü şəxslər qətnamə ilə anaları A.Ə.Nuriyevanın himayəsinə verilmişlər. A.Ə.Nuriyeva isə iddiaçıya məxsus sözügedən ünvanda yaşamır və qeydiyyatda deyil. Uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı valideynlərin razılığa gəlməsi iş üzrə müəyyən olunmamış, əksinə qətnamə ilə uşaqlar A.Ə.Nuriyevanın himayəsinə verildiyindən hazırki halda uşaqların yaşayış yeri himayəsinə verilmiş anaları A.Ə.Nuriyevanın yaşadığı yer sayılır. Elektron məhkəmə informasiya sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X1 rayonu, ünvan 6 ünvanında qeydiyyatdadır. Üçüncü şəxslərin qanuni nümayəndəsi hazırkı halda Ağsu rayonu, ünvan 6 ünvanı üzrə qeydiyatda olduğunu, Bakı şəhərində uşaqları qeydiyyata salacağı başqa ünvan olmadığını bu səbəbdən uşaqların atalarının qeydiyyatda olduqları ünvanda-yəni hazırkı mübahisəli mənzil ünvanda qeydiyyatda qalmalı olduqlarını bildirərək üçüncü şəxslərin qanuni nümayəndəsi kimi iddiaya etirazını bildirmişdir. Məhkəmə qeyd edilən mövqe ilə razılaşmır. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Qeyd edildiyi kimi hazırda mübahisə predmeti olan mənzil üçüncü şəxslərin atasının deyil, İddiaçı mülkiyyətindədir. Sözügedən mənzildə X15 qeydiyyatda olması ona mülkiyyətçinin razılığı olmadan övladlarını həmin mənzilə köçürməyə və ya eyni əsasla qeydiyyata salmağa, qeydiyyatda saxlamağa əsas vermir. Ailə Məcəlləsinin 75, 89-cu maddələrinin tələblərinə əsasən də hazırkı halda iddiaçının yetkinlik yaşına çatmayan nəvələrini saxlamaq vəzifəsi yoxdur. Üçüncü şəxslərin analarının himayəsində olmaqla onunla birgə yaşayırlar. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxslər faktiki yaşamadıqları və qanunla yaşayış yeri hesab olunmayan ünvan üzrə qeydiyyatdadırlar. Belə olan halda iddiaçının onunla birgə yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Binəqədi Rayon Polis İdarəsinin imtinası mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X14 ünvan 9 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X19, X16 və X14 ünvan 9 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-11297/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11297/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver