Məhkəmə qərarları › İş №2-1(112)-113/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-113/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-113/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X8, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X17 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər "xxxx" ASC və X9 cəlb olunmaqla “ məhv edilmiş mənzilin qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mübahisənin predmeti İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X30” Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində göstərilməklə “mövcud olmayan, sökülmüş, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mənzilinə dair xüsusi mülkiyyət hüququ əsasında “X30” Açıq Səhmdar Cəmiyyətinə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqi qeydiyyatın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq İddiaçı yaranmışdır. Bu səbəbdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ilə əvəz edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsinin ərizəsinə əsasən iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmənin 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə “X30” Açıq Səhmdar Cəmiyyəti iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ N-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 saylı “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı (bundan sonar “Nazirlər Kabinetinin Qərarı” adlandırılacaq) qəbul edilmişdir. Sözügedən Qərarın 1ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri yaşayış obyektlərinin lahiyələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq olunmuş Baş planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı xx.xx.2016-cı il tarixli 430 №-li sərəncam vermişdir. Sərəncama əsasən Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən 3,82 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncama əsasən "xxxx" MMC-yə Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Həmin sərəncama əsasən "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrini kompensasiyalar verilməklə sökmüşdür. Onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində Rayon İcra Hakimiyyəti ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə razılaşdırmaqla Fövqəladə Hallar Nazirliyinin təsisatdan kənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş plana işlənilməzdən əvvəl həmin kommunikasiya xəttlərinin köçürülməsi Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki ünvanlarda yerləşən binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni kompensasiyanın verilməsi həvalə edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti daşınmaz əmlakınn dövlət reyestrindəki qeydlərin ləğv edilməsi və həmin mənzillə bağlı hər hansı sənədləşmə işlərinin aparılmaması barədə tələblə İdarəyə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin MTT(005)-15/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin MTT(103)-106/2022 saylı, xx.xx.2022- ci il tarixli İcra Vərəqəsi ilə qeyd olunan daşınmaz əmlak üzərinə qadağa qoyulmuşdur. İddia tələbində qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 163/30 saylı sərəncamı əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. xx.xx.1997-ci il tarixli, 3M-A6- 1016 saylı alğı-satqı müqaviləsi əsasında mənzil X2 adına və xx.xx.2000-ci tarixli, 3M-A-130 nömrəli alğı-satqı müqaviləsi əsasında X14 adına özgəninkiləşdirilmişdir. Daha sonra xx.xx.2018-ci il tarixli, 61 saylı Hərracın Nəticələri haqqında Protokol əsasında “X30” Açıq Səhmdar Cəmiyyətinin adına qeydiyyatdan keçmişdir. Bundan sonra, xx.xx.2022-ci tarixli, 4Ə-41 nömrəli alğı-satqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmişdir. Hazırda mənzil sonuncunun xüsusi mülkiyyətindədir. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki- hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülkixarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə uyğun olaraq cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq müvəqqəti təminat tədbirlərinin növü kimi müəyyən edilmişdir. Məcəllənin 159.2-ci maddəsinə uyğun olaraq müvəqqəti təminat tədbiri ilə bağlı məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 249-cu maddəsinə görə, əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoya bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Göründüyü kimi, daşınmaz əmlak üzərinə həbs və ya qadağa məhkəmənin qərarı, yaxud da qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmuru və ya müstəntiqin qərarı əsasında qoyulur. Həmçinin, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Göstərilənlərə əsasən, sözügedən daşınmaz əmlakın üzərinə həbs və ya qadağanın qoyulması ilə bağlı məhkəmə qərardadı və ya icra məmurunun qərarı, həmçinin iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı təqdim olunacağı təqdirdə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən səlahiyyətləri daxilində tədbirlərin görülməsi təmin ediləcəkdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) xx.xx.2023-cü il tarixli 2- 1(112)-3003/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və R.Ə.Səmədov) xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2368/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3003/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-17/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2368/2023 nömrəli qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2966/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3003/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14011/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə X9 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə- Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 9 nömrəli evin 2 nömrəli mənzilin sökülməsi ilə bağlı dövlət reyestrində qeydlərin ləğvi ilə bağlı müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 9 nömrəli evin 2 nömrəli mənzilin sökülməsi ilə bağlı dövlət reyestrində qeydlərin ləğvi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ. Tərəflərin çıxışları və tədqiq edilmiş sənədlər.

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X17 iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

Məhkəməyə təqdim edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009) çıxarışa əsasən ünvan 1 tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 1018 nömrəli reyestr kitabının 91548 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixdə verilmiş 2(103)-6138/2014 saylı icra vərəqəsinə əsasə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, X15, X24, X9, X10, X16 və X6 qarşı “borcun tutulması və sair tələbləri barədə” iddiasına dair mülki işə baxaraq qət etdi: X18 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,04594 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 2 nömrəli mənzilinə, X12 məxsus Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, X12 məxsus Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivində 0.14 ha torpaq sahəsinə, X13 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 4-cü mərtəbəsində olan qeyri-yaşayış sahəsi (82 saylı ofis) açıq hərracdan satılsın, satışdan əldə olunacaq vəsaitdən vaxtı keçmiş əsas borca görə 375.000 ABŞ dollar, vaxtı keçmiş faiz borcuna görə 109.290,77 ABŞ dolları və ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cəriməyə (dəbbə) görə 37.500 ABŞ dolları məbləğində pul ödəniş gününə müəyyən olunacaq məzənnəyə uyğun olaraq manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat, cavabdehlər "xxxx" MMC və X7 "xxxx" ASC-nin xeyrinə tutulsun. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Y-61 saylı 18 yanvar 2018-ci il tarixli protokol və 18 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, X18 məxsus ünvan 1 “X30” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Əmlakın ilkin satış qiyməti 140 000 manat, son qiyməti 89 250 manatdır. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan “X30" Açıq Səhmdar Cəmiyyəti əmlakı 89 250 (səksən doqquz min iki yüz əlli) manata almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.4-cü maddəsinə əsasən ipotekasaxlayan “X30” Açıq Səhmdar Cəmiyyəti tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən Bakı şəhəri 38 saylı xüsusi notariat kontoru “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq yaşayış evinin açıq hərracda satılması barədə fiziki və hüquqi şəxslərin və ya Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüququnun “X30” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmasını təsdiq etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə X18 verilmiş **********09-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,13 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan üçotaqlı mənzil “X30” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 89 250 manat məbləğinə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) çıxarışa əsasən ünvan 1 “X30” Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. X30” Açıq Səhmdar Cəmiyyəti və X9 arasında bağlanılmış 14 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) çıxarışa əsasən ünvan 1 X3 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-684/2020 saylı işi üzrə (iddiaçı "xxxx" MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi) 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5669/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə iddiaçı "xxxx" MMC və üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-648/2020 saylı işi üzrə 11 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddiaçı "xxxx" MMC-nin cavabdeh X18 ("xxxx" 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi və X24 ilə "xxxx" MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29102)-119/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə cavabdeh X24 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)-5669/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən qarşılıqlı iddia qismən təmin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 130 000 (yüz otuz min) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 nömrəli evin 2 nömrəli mənzilinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları itirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Tərəflər əvvəlki vəziyyətinə qaytarılmışdır. Qalan hissədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4425/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən apellyasiya şikayətləri qismən təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi qismən – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 130 000 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində ləğv olunması, həmin hissədə iddia rədd edilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-466/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən qarşılıqlı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4425/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 89 250 manat məbləğində pul vəsaiti ödənilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mənzilə mülkiyyət hüquqlarının itirilməsi barədə qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2416/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayətinin rədd olunması, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin olunması, hazırki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı MMC (əvvəlki "xxxx" MMC) tərəfindən 130.000 ödənilməklə "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 9, mənzil 2 üzərində mülkiyyət hüququna xitam verilməsi (itirilməsi) hissəsində ləğv olunması və İddiaçı MMC-nin (əvvəlki "xxxx" MMC) həmin tələbinin rədd olunması qət edilmişdir.

İV. Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiası əsassızdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən -139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; - 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. -150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatı aşağıdakı hallar mövcud olduqda ləğv edilir: - əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə onun ərizəsi əsasında; - daşınmaz əmlak tam məhv olarsa, bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə. İşin faktiki hallarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarının icrasını təmin etmək məqsədi ilə Nərimanov rayon İcra Hakimiyyəti başçısnın xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncmaı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbələi çoxmənzilli yaşayış binalarının tikintisi təmin etmək məqsədi ilə 3,82 ha torpaq sahəsi "xxxx" MMC (hazırda İddiaçı MMC) daimi istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 9, mənzil 2 açıq hərraca çıxarılmış, xx.xx.2018-ci il tarixdə 89.520 manata "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası ilə əlaqədar "xxxx" MMC 2018-ci il tarixdə gəmin ərazidə çoxmərtəbəli yeni yaşayış binalarının tikintisinə başlamaq məqsədilə söküntü işləri aparmış və mübahisəli mənzil də sökülmüşdür. Mənzilin yerləşdiyi bina sökülsə də, mənzilin dövlət qeydiyyatı mövcuddur. Sözügedən mənzil ilə bağlı bir çox məhkəmə mübahisələri olmuş, hal-hazırda qanuni qüvvəyə minmiş məhkəmə aktlarına görə (yuxarıda təsvir edilmişdir) mənzil üzərində mülkiyyət hüququ "xxxx" ASC-nin adında olması müəyyən edilir. İddiaçının hüququ marağı isə mübahisəli mənzil üzərində konkret hər hansı bir şəxsin hüquqlarının qeydiyyatının ləğv edilməsi deyil, məhz məhv oldunğu üçün mənzilin daşınmaz əmlak kimi qeydiyyatının ləğv edilməsindən ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmə hesab edir ki, üçüncü şəxs "xxxx" ASC-nin adına Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mənzil ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsindən imtina etməklə cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və cavabdehin hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun normalarına uyğun olmuşdur. Belə ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Y-61 saylı 18 yanvar 2018-ci il tarixli protokol və 18 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, X18 məxsus ünvan 1 “X30” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC üçün mübahisəli mənzil üzərində qeydiyyatı hüquqi mənasını itirməmişdir. Belə ki, mübahisəli mənzil üzərində xüsusi mülkiyyət hüquqi “X30” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla dövlət qeydiyyatına alınmışdır. Onu da qeyd etmək zəruridir ki, daşınmaz əmlak üzərində yaranan hüquq münasibətləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvəyə malik olur və üçüncü şəxslər üçün məcburi hüquqi nəticə doğurur. Başqa sözlə, mülkiyyətçinin məhv olunmuş əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı, əmlakı məhv edən üçüncü şəxslər tərəfindən ona münasibətdə öhdəliklərin icrasının təminatıdır. Odur ki, məhv olunmuş əmlakın qeydiyyatının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar hazırki mübahisədə mövcud olmadığından, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi ” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar