Məhkəmə qərarları › İş №2-1(112)-1130/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1130/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1130/2020 19.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan ünvan 1 qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (aparıcı məsləhətçi, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1990-1995-ci illərə olan dövr üzrə Bakı Dövlət Universitetində təhsil aldığı 5 il müddəti 2 il 6 ay hesablayıb nəzərə almaqla və xx.xx.1993-xx.xx.1995-ci illərdə Bakı şəhəri Xətai Rayon Məhkəməsində işlədiyi müddətin xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 26 il 6 ay stajına malik olmasını, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı ildə anadan olmuşdur. O, əmək fəaliyyətinə xx.xx.1983-cü ildə başlamış və 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1990-1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil almışdır. xx.xx.1993-xx.xx.1995-ci illərdə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iclas katibi vəzifəsində işləmişdir. xx.xx.1995-ci ildə Ədliyyə Nazirliyi MQİBİ-nin Binəqədi Rayon Ədliyyə Polis Bölməsində inspektor vəzifəsinə təyin olunmuşdur və hazırda Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində işləyir. xx.xx.2017-ci il tarixə qədər onun 26 il 5 ay 1 gün əmək stajı var. Belə ki, xx.xx.1995-xx.xx.2017-ci ədliyyə orqanlarında xidmət illəri üzrə 21 il 11 ay 29 gün əmək stajı, 1984-1986-cı illər 2 il hərbi xidmət, 1990-1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil aldığı 5 il təhsil müddəti 2 il 6 ay əmək stajı kimi hesablanmalıdır.O, xx.xx.2019-cu il tarixində Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməklə 2017-ci ilin iyul ayına kimi olan dövr üzrə pensiyaya çıxmaq hüququnun yarandığını və ona görə də ona pensiya təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən ona pensiya təyin edilməsindən imtina edərək göstərmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Onun xx.xx.2017-ci il tarixinədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 ildə az qulluq stajı olduğundan ona ədliyyə orqanının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə Azərbaycan Rerspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ədliyyə orqanlarında stajın 25 ildən az olmasını nəzərə alıb ona pensiya təyin edilməsindən imtina etmişdir.Onun müraciəti əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli xx/xx-1039 saylı arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasına müvafiq olaraq dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında qulluq illərini xx.xx.2019-cu il tarixə (hərbi xidmətdə, məhkəmə aparatında ali hüquq tələb edilən və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) 28 il 6 ay 2 gün təşkil edir. Onun ədliyyə orqanlarında qulluq illəri 01 iyul 2017-ci il tarixinədək 26 ildən çox təşkil edir.Hesab edir ki, həmin imtinanı əsaslı hesab etmək olmaz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixdə qəbul etdiyi 631 saylı qərarında göstərilir “Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının Ədliyyə Nazirliyinin Pentensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxti da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”.O, 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil almışdır. Hərbi xidmətdə olduğu dövr mübahisəli deyil və təbii ki, müvafiq qaydada staj kimi qəbul edilir. Lakin 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil aldığı 5 il istinad etdiyi qərarın tələblərinə zidd olaraq 02 il 06 ay staj kimi qəbul olunmamış və əsassız olaraq ona pensiya təyin olunmasından imtina edilmişdir. Əslində isə yuxarıda istinad etdiyi qərara əsasən 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil aldığı dövr də nəzərə alınmaqla iş stajı 26 il 05 ay 01 gün olması qəbul edilməli və ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında pensiya təyin olunmalı idi.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərə görə 1 iyul 2017-ci il tarixdən xüsusi rütbəli şəxs kimi pensiyaya çıxmaq üçün 35 il iş stajı tələb olunur. Lakin həmin dövrə kimi onun hüququ yarandığından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş qanun tətbiq edilməlidir.Hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəmə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən isə bu müddət azı 25 il təşkil edirdi. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi iddiaçının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajı 25 ildən azdır. Belə olan halda iddiaçıya ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericliyin tələbləri baxımından mümkün deyildir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********6 saylı əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubdan görünür ki, iddiaçının ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdə məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Onun xx.xx.2017-ci il tarixinədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 ildən az qulluq stajı olduğundan ona ədliyyə orqanının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarında olan AB-İ seriyalı 052955 saylı diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1990-cı il tarixdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin daxil olmuş və 1996-cı ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı 1984-cü il tarixdən 1986-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən 05 iyul 1995-ci il tarixədək Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işləmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ədliyyə polis orqanlarında xidmətdə olmuş, xx.xx.2002ci il tarixdən xx.xx.2017-ci tarixədək Bakı şəhəri Binəqədi rayon MN və Mİ şöbəsinin məhkəmə nəzarətçisi, böyük məhkəmə icraçısı vəzifələrində işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək Şamaxı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, xx/xx-1039 saylı arayışdan görünür ki, Şamaxı rayon icra və probasiya şöbəsinin rəisi kiçik ədliyyə müşaviri İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq onun dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında qulluq illəri xx.xx.2019-cu il tarixə (hərbi xidmətdə, məhkəmə aparatında ali hüquq təhsili tələb edilən və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) 28 il 6 ay 2 gün təşkil edir. Məhkəmə araşdırması dövründə iddiaçının dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq illərinin xx.xx.2017ci il tarixədək hansı müddəti təşkil etməsi barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 06/13-216 saylı məktubla bildirilmişdir ki, Şamaxı rayon icra və probasiya şöbəsinin rəisi kiçik ədliyyə müşaviri İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında qulluq illəri xx.xx.2017-ci il tarixə 26 il 26 gün (hərbi xidmətdə - 01 il 11 ay 06 gün, məhkəmə aparatında ali hüquqi təhsil tələb edilən vəzifədə - 2 il 1 ay 25 gün, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə - 21 il 11 ay 25 gün) təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri əsassız olduğundan, onun ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə olan qulluq stajı 25 ildən az müddət təşkil etdiyindən cavabdeh tərəfindən əsaslı olaraq ona ədliyyə işçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci madəsinə əsasən, ədliyyə orqanlarında qulluq Azərbaycan Repsublikasının hüquq-mühafizə sisteminə daxil olan ədliyyə səlahiyyətlərini həyata keçirən Azərbaycan Repsublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən, pentensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən, hərbi qulluqçular müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş pentisar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, ədliyyə orqanları işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrinə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında göstərilmişdir ki, Ədliyyə işçilərinin güzəştli şərtlərlə əmək pensiyası hüququ bu Qanunun 9.7.1-ci maddəsinə uyğun olaraq ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olduqda yaranır. Qanunun xx.xx.2017-ci il tarixədən qüvvəyə minmiş redaksiyasında isə xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüquq vardır. Göründüyü kimi xx.xx.2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən ədliyyə işçisinin xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajının 25 ildən az təşkil etməməsi zəruridir. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçının xx.xx.2017ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə olan qulluq stajı 21 il 11 ay 25 gün təşkil edir. Həmin qulluq stajı onun xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında müxtəlif dövrlərdə işlədiyi iş stajını əhatə edir. Həmçinin onun hərbi xidmətdə olduğu 01 il 11 ay 06 gün də xidmət illərinə hesablanır. Belə olan halda iddiaçının ümumilikdə xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə olan qulluq stajı 25 ildən az təşkil edir. Lakin iddiaçı 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin axşam şöbəsində ali təhsil aldığı 5 il müddətin 02 il 06 ay hesablanmaqla, həmçinin 10 may 1993-cü il tarixdən 05 iyul 1995-ci il tarixədək Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi dövrün xüsusi rütbəli şəxs kimi qulluq illərinə hesablanmalı olmasına əsaslanaraq xx.xx.2017-ci il tarixədək ümumi xidmət illərinin 25 ildən çox olduğunu əsas gətirərək, onun ədliyyə işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığını, buna görə də ona pensiya təyin edilməsini tələb edir. Lakin həmin dövrlər xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə olan qulluq stajına hesablana bilməz. Belə ki, iddiaçının xx.xx.1993-cü il tarixdən 05 iyul 1995-ci il tarixədək Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi dövr məhkəmə aparatında ali hüquq təhsili tələb edilən vəzifə olaraq dövlət qulluğunda iş stajına hesablansa da, lakin xüsusi rütbə nəzərdə tutulan vəzifə olmadığından ədliyyə işçisinə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün qulluq stajına hesablana bilməz. İddiaçı həmçinin 1990-1995-ci illər olan dövr üzrə Bakı Dövlət Universitetində təhsil aldığı 5 il müddətin 2 il 6 ay olaraq xidmət illərinə hesablanmasını tələb edir. Məhkəmə iddia tələbini həmin hissədə də əsassız hesab edir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixdə qəbul etdiyi 631 saylı qərarına istinad edərək ali təhsil müəssisəsinin axşam şöbələsində 05 il müddətinə təhsil aldığı müddətin bir ilini altı ay saymaqla 02 il 06 ay müddətin xidmət illərinə daxil edilməsini tələb edir. İş materiallarında olan iddiaçıya məxsus diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1990-cı il tarixdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin daxil olmuş və 1996-cı ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Şəxsin pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarı xx.xx.1992-ci il tarixdə qəbul edilmişdir. Həmin qərarın hazırki redaksiyasında göstərilmişdir ki, zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Lakin həmin qərarın ilkin redaksiyasının mətninə ədliyyə orqanlarının adı daxil edilməmiş, sonradan 24 may 1997-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci bəndinin doqquzuncu abzasında “və daxili işlər” sözləri “daxili işlər və ədliyyə” sözləri ilə əvəz edilmişdir. 02 oktyabr 2013-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1191) ilə 1-ci hissənin on birinci abzasının “və ədliyyə” sözləri çıxarılmışdır, “orqanlarının” sözündən sonra “Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində” sözləri əlavə edilmişdir. İddiaçı isə mülki ali təhsil müəssisəsinin axşam şöbəsində 24 may 1997-ci il tarixədək, yəni göstərilən qərara ədliyyə orqanlarının adı daxil edilən dövrədək təhsil almışdır. Belə olan halda iddiaçının həmin dövrün xidmət illərinə hesablanması barədə tələbi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xüsusi rütbəsi olan ədliyyə işçisi kimi xidmət illəri xx.xx.2017-ci il tarixədək 25 ildən az təşkil etdiyindən, qanunveriliyin tələblərinə əsasən isə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Beləliklə, iddiaçının xüsusi rütbəsi olan ədliyyə işçisi kimi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün yetərli qulluq stajı olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar