Məhkəmə qərarları › İş №2-1(112)-11300/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11300/2022

30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11300/2022 30.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı «X2 vahid aylıq müavinətin ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı «cavabdehin imtina məktubunun qanunsuz hesab edilərək X3 məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə nəzərdə tutulan vahid aylıq müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə sərəncam və bildiriş ünvanlanmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərində məskunlaşmışdır. xx.xx.2010-cu ildə oğlu X4 doğulmuşdur. Hərbçi olduğu və həmişə xidmətdə olduğu üçün vaxt ayırıb dövlət tərəfindən məcburi köçkünlərə və ailə üzvlərinə ödənilən vahid aylıq müavinətin ödənilməsi məsələsi ilə məşğul ola bilmək imkanında olmamışdır. Hazırda pensiyaya çıxmış və oğlu X3 məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin ödənilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə ona imtina cavabı vermişdir və imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.6-cı bəndinə əsasən vahid aylıq müavinətin verilməsinin valideynlərindən birinin məcburi köçkün statusuna malik olmayan uşaqlara şamil edilmir. Bildirir ki, onun oğlu doğulan zaman cavabdehin əsaslandığı qaydalar deyil, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydası” qüvvədə idi və həmin qaydalarda cavabdehin istinad etdiyi məhdudiyyət nəzərdə tutulmamışdı. Hesab edir ki, oğlu 2010-cu ildə doğulan zaman qüvvədə olan qanunvericiliyə əsasən oğlunun dövlət tərəfindən təyin olunan məcburi köçkünlərə və ailə üzvlərinə ödənilən vahid aylıq müavinəti almaq hüququ yarandığı üçün və hazırda cavabdehin istinad etdiyi qanunvericilik norması onun vəziyyətini pisləşdirdiyi üçün oğluna münasibətdə şamil edilməməli və oğluna məcburi köçkün kimi vahid aylıq müavinət ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək hazırki iddia tələbi üzrə cavabdeh qismində çıxış edə bilmədiklərini, müvafiq tələblə bağlı cavabdehliyi aidiyyəti rayon icra hakimiyyətlərinin daşıdığını, həmçinin iddiaçının övladına məcburi köçkün statusunun verilməsi tələbi ilə bağlı cavabdeh orqana hər hansı bir müraciətin daxil olmadığını bildirmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni müzakirə etməyi zəruri hesab etmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərərək iddia tələbinin «oğlu X2 məcburi köçkün statusunun verilməsi öhdəliyinin qoyulması» kimi dəqiqləşdirilməsini və ya iddia ərizəsində cavabdeh qismində Cəbrayıl Rayon İcra Hakimiyyəti göstərilməklə müvafiq tələblə cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi təklif etmişdir. İş üzrə məhkəmə iclasında iddiaçı iştirak etmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini qeyd etdiklərini müdafiə edərək iddia tələbinin dəyişdirilməsindən imtina etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 №-li qərarının 1.3-cü maddəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin Qərarın 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzilməişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 1.3-cü maddəsinə əsasən Komitə bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaları yerinə yetirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə qarşılıqlı fəaliyyət göstərir. Həmin Əsasnamənin 3.1-ci maddəsinin tələbindən görünür ki, Komitənin əsas funksiyalarından biri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) vermək və bu statusdan məhrum etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 3-cü bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: - əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər;(3.1) - əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər;(3.2) - aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir;(3.3) - aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar;(3.4) - əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir;(3.5) - əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Komitəyə rəsmi məlumat verir;(3.6) - məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank Komitə tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir.(3.7) “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri; Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köçkünlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Hüquqi və fiziki şəxslər, beynəlxalq təşkilatlar məcburi köçkünlərə maddi və digər humanitar yardımların göstərilməsində müstəqildirlər. Bu şəxslərin humanitar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmə iddianın mümkünlüyü məsələsinə baxa bilər. Məhkəmə qeyd edir ki, hazırki tələblə bağlı səlahiyyətli inzibati orqan müvafiq icra hakimiyyəti orqanıdır və Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi iddiaçının iddia tələbi üzrə cavabdehlik daşımır. Hazırki halda iddiaçının irəli sürdüyü iddia öhdəliyin icrası ilə bağlı iddiadır. İddiaçının çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi məcburi köçkün statusunun verilməsi ilə bağlı (iddia tələbinin dəyişdirilməsi) cavabdeh orqana müraciətin edilməsi və ya müvafiq tələblə Cəbrayıl Rayon İcra Hakimiyyətinə (cavabdehin dəyişdirilməsi) müraciətin edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə (məhkəmənin yardın etmək vəzifəsi) əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək mümkün hüquqi müdafiə vasitələri izah edilmiş, lakin iddiaçı iddia ərizəsinin dəyişdirilməsindən imtina etmişdir. Odur ki, iddiaçının “vahid aylıq müavinətin ödənilməsi” iddia tələbinə Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən cavab verilməli olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar