Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11302/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X4 Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı "X4 Konsaltinq" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsinə (bundan sonra –Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və 04 oktyabr 2021-ci il tarixli **********150301 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mübahisələndirilən qərarın 1-ci bəndində göstərilmişdir ki, “X4 Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilsin. Yoxlama ilə əhatə olunan vergi dövrü İyul 2020 - Avqust 2021. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən həmin maddədə göstərilən hallarda keçirilə bilər. Həmin hallardan biri də (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Göründüyü kimi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edildiyindən vergi orqanına müraciət edərək, Vergi Məcəlləsinin 15-ci bəndinin tələblərinə əsasən, vergi ödəyicisinin hüquqlarına istinad edərək, vergi orqanında olan və müəssisənin vergitutma obyektinin gizlədilməsi əlamətləri hesab edilən, mənbəyi bəlli olan məlumatların vergi ödəyicisi olaraq, müəssisəyə təqdim edilməsi xahiş edilmiş, lakin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həmin məlumatları almaq mümkün olmamışdır. Cavabdeh iddiaya münasibətini vəsatət şəklində məhkəməyə təqdim etmiş və göstərmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsinin 36, 38-ci maddələri ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaradır. Həmçinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar vergi orqanının qanunvericiliklə müəyyən edilmiş səlahiyyəti olub, vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir. İddianın mahiyyətinə gəldikdə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. İddiaçının növbədənkənar vergi yoxlamasının hansı mənbəyi bəlli olan məlumata əsasən keçirilməsinin məlum olmaması və yoxlamanın keçirilməsi ilə bağlı dəlillərinə gəldikdə cavabdeh orqana X2 Vergi monitorinqi Baş İdarəsinin xidməti məktubuna əlavə edilmiş vergi ödəyicilərində növbədənkənar səyyar vergi yoxlamasının zəruriliyi, həmçinin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi səbəbindən və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.6-cı və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli **********150301 nömrəli Qərar çıxarılmışdır və yoxlama hal-hazırda davam edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.10.2021-ci il tarixli **********150301 nömrəli qərarına əsasən “X4 Konsaltinq” MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə iyul 2020 – avqust 2021-ci il yoxlama ilə əhatə olunan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 05.10.2021-ci il tarixli çıxarışa əsasən yoxlamanın müddəti: 05.10.2021-17.11.1021, yoxlanılan dövr: 01.07.2020-01.09.2021-ci il, yoxlamanın növü: növbədənkənar səyyar vergi yoxlaması, yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, VM 38.3.5-ci maddə. Beləliklə, işin hallarından müəyyən olunur ki, cavabdehin 04.10.2021-ci il tarixli **********150301 nömrəli qərarına əsasən iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi göstərilmiş, bununla bağlı Ədliyyə Nazirliyindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Vergi orqanı yoxlanılan dövrü 01.07.2020-01.09.2021-ci il müəyyən etmişdir. Hazırkı iddiasında iddiaçı vergi orqanın qərarda göstərdiyi əsasın Vergi Məcəlləsində nəzərdə tutulmamasına və yoxlama dövrünün bir hissəsinin artıq yoxlanılmasına və həmin yoxlamanın nəticələrinin məhkəmədə mübahisələndirilməsinə istinad edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə cavabdehin mübahisələndirilən 04.10.2021-ci il tarixli **********150301 nömrəli qərarının səyyar vergi yoxlanmasının başlanmasını nizama saldığı, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmadığı, bu səbəbdən həmin qərarın mübahisələndirilməsinin mümkünsüzlüyü ilə bağlı mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. -38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. -38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir (maddə 62.2). Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir (maddə 62.3). Sadalanan normalardan müəyyən olunur ki, səyyar vergi yoxlaması iki növə bölünür növbəti və növbədənkənar. Hər iki yoxlama vergi orqanının qərarı əsasında keçirilir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın vergi ödəyicisi üçün yaratdığı hüquqi nəticədən asılı olaraq inzibati akt kimi qəbul edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, növbəti səyyar vergi yoxlaması adından da göründüyü kimi növbətidir, yəni vergi ödəyicisi təqvim ili ərzində ən azı bir dəfə vergi orqanının səyyar vergi yoxlaması keçirilmə ehtimalını bilir, yəni vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir, yəni növbəti səyyar vergi yoxlaması vergi ödəyicisi üçün “gözlənilən” olur. Növbədənkənar səyyar vergi yoxlamasına gəldikdə qanunvericilikdə belə bir tələb, yəni yoxlamanın keçirilməsi üçün hər hansı müddət (dövrilik) müəyyən edilməmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi ilə eyni zamanda vergi orqanı qarşısında vergi ödəyicisinə yoxlamanın başlanmasından əvvəl hər hansı bildirişin təqdim edilməsi ilə bağlı vəzifə də qoyulmamışdır. Adından da müəyyən olunduğu kimi, bu yoxlama növbətidən “kənar”dır, dolayısı ilə vergi ödəyicisi üçün gözlənilməzdir. Məhz bu səbəbdən hüquqdan sui-istifadənin qarşısını almaq məqsədilə qanunverici növbəti səyyar vergi yoxlamasından fərqli olaraq, növbədənkənar səyyar vergi yoxlamasının keçirilə biləcəyi konkret halları sadalamış və vergi orqanının növbədənkənar səyyar vergi yoxlamasını məhz həmin hallardan ən azı birinə istinad etməklə keçirə biləcəyini müəyyən etmişdir. Bu hal vergi orqanının növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarında qeyd edilməli və qərar əsaslandırılmalıdır. Beləliklə, qanun bir tərəfdən vergi ödəyicisi üçün gözlənilməz olan növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü təsbit etdiyi halda, digər tərəfdən vergi orqanına hansı hal əsasında belə bir yoxlamanın zəruri olduğunu göstərən əsaslandırılmış qərarın qəbul edilməsini tələb edir. Qeyd edildiyi kimi növbədənkənar səyyar vergi yoxlamasının gözlənilməz olması, vergi ödəyicisi üçün artıq hüquqi nəticə (iş rejiminin yoxlamaya gələn vergi əməkdaşına uyğun qurulması, tələb edilən sənədlərin hazırlanıb vergi yoxlayıcısına təqdim edilməsi, sənədlərin tələb olunan qaydada verilməsi üçün əlavə vaxt və ya işçinin cəlb edilməsi, bu səbəblərdən dolayı vergi ödəyicisinin iş rejimində yarana biləcək durğunluq və s.) yaratdığını deməyə əsas verir. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 62-ci maddəsi vergi orqanının qəbul etdiyi qərarlardan məhkəməyə və ya yuxarı inzibati orqana şikayət vermə imkanını nəzərdə tutmuşdur. Cavabdeh hazırkı mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında 04.10.2021-ci il tarixli qərarının 4-cü bəndində də bu qərardan təqdim olunduğu vaxtdan İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı çıxarmış vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət vermə imkanını vergi ödəyicisinin nəzərinə çatdırmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın inzibati məhkəmə icraatında mübahisə predmeti olması və həmin inzibati aktla bağlı mahiyyəti üzrə qərarların qəbul edilməsi ilə bağlı məhkəmə təcrübəsi də mövcuddur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-389/2020 saylı, 25.02.2020-ci il tarixli qərarı). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hazırkı iş üzrə cavabdehin 04.10.2021-ci il tarixli **********150301 nömrəli qərarının inzibati məhkəmə icraatında mübahisələndirilməsini mümkün sayır. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı vergi orqanının 04.10.2021-ci il tarixli **********150301 nömrəli qərarını mübahisələndirərkən cavabdehin qərarda istinad etdiyi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinin Vergi Məcəlləsində nəzərdə tutulmamasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan Dövlət Vergi Xidmətinin Aparatının Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin cavabdehə ünvanlanmış 30.09.2021-ci il tarixli **********697300 nömrəli növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə xidməti məktubundan görünür ki, idarə tərəfindən seçilmiş və məktuba əlavə edilmiş vergi ödəyicilərində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, habelə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılmasına zərurət yarandığından xidməti məktuba əlavə edilmiş vergi ödəyicilərində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına göstəriş verilməsi xahiş olunmuşdur. Məktuba əlavə olunmuş siyahıdan görünür ki, siyahının 8-ci sırasında "X4 Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması akeçirilə bilər. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etmiş və qərarda “vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi” məqsədilə yoxlamanın keçirilməsi göstərilmişdir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması - cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, yaxud cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının örtbasdır edilməsi və ya gizlədilməsidir. Görünüdüyü kimi, cavabdeh vergi orqanının istinad etdiyi VM-nin 38.3.5-ci maddəsi vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsini nəzərdə tutur ki, iddiaçının istinad etdiyi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması da əldə edilmiş əmlakın gizlədilməsi, ört basdır edilməsini ehtiva edir. Həmin məlumatın mənbəyinin bəlli olmasına gəldikdə isə işdən görünür ki, müvafiq məlumat cavabdehə digər struktur qurum tərəfindən daxil olmuşdur. Cavabdehin yoxladığı dövrün başqa yoxlamanın predmeti olması və həmin yoxlama üzrə qəbul edilmiş aktın məhkəmədə mübahisələndirilməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, işdə olan 19.08.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərardan görünür ki, iddiaçı müəssisədə (əvvəlki adı “X5 Tax and Consulting” MMC-də (VÖEN **********) VM-nin 38.3.5-ci maddəsinə əsasən iyul 2017-iyun 2020-ci il tarixləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin yoxlama nəticəsində 17.11.2020-ci il tarixdə səyyar vergi yoxlaması aktı tərtib edilmiş və 29.12.2020-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********143348 nömrəli qərarı ilə iddiaçıya vergi borcu hesablanmışdır (iddiaçı həmin qərarı məhkəmə qaydasında mübahisələndirmişdir). İddiaçının nümayəndəsi məhkəmə iclasında əvvəlki yoxlama ilə iyul 2017-iyun 2020ci il vergi dövrünün, hazırkı yoxlama ilə iyul 2020-avqust 2021-ci il vergi dövrünün yoxlanıldığını, illik hesablanan vergilər üzrə 2020-ci ilin ilk yarısının təkrar yoxlanacağını, həmin dövr üzrə aparılmış əvvəlki vergi yoxlamasının nəticələrinin məhkəmədə mübahisələndirildiyini, cavabdehin keçmiş hesablamaları nəzərə alacağı təqdirdə düzgün nəticəyə gəlməyəcəyini göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinə əsasən: Maddə 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur. - maddə 36.4. Bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. - maddə 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. - maddə 49.1-1. Bu Məcəllənin 49.1.4-cü – 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. Sadalanan normalardan görünür ki, vergi orqanı növbədənkənar vergi yoxlaması vasitəsilə vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrünü yoxlaya bilər. Əvvəlki vergi yoxlaması ilə müəyyən edilmiş hallar, habelə qəbul edilmiş qərarlar növbədənkənar yoxlamanı aparan vergi orqanı üçün məcburi deyil, hətta əsas olarsa, sonrakı vergi yoxlamasını həyata keçirən vergi orqanı əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın dəyişdirilməsi, hətta ləğv edilməsi haqqında qərar qəbul edə bilər. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının bu dəlili cavabdehin qərarının ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdehin mübahisələndirilən qərarı əsaslı olmuş, iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11302/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11302/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver