Məhkəmə qərarları › İş №2-1(112)-11302/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11302/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11302/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-mühəndis, işləmir), iddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Bakı şəhəri Mərkəzi vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi X8 iştirakı ilə (Bakı şəhərində qeydiyyatdadır, ixtisasıhüquqşünas, hüquq mütəxəssis vəzifəsində işləyir), İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “iddiaçıya xx.xx.1990-cı ildən xx.xx.1992-ci il tarixinədək analıq məzuniyyətində olduğu illəri iş stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddiaçıya xx.xx.1990-cı ildən xx.xx.1992-ci il tarixinədək analıq məzuniyyətində olduğu illəri iş stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Ağsu şəhərində doğulmuşdur. Onun xx.xx.2022-ci ildə tarixində yaşı 62,6 ay olmaqla və ümumi iş stajı əmək kitabçasında qeyd olunan tarixlərdən xx.xx.2022-ci ilə kimi 26 il 9 ay,8 gün,halhazıra kimi “Bakı Baş Səhiyyə Mərkəzi” X15 Yazıçılar Poliklinikasında işlədiyi üçün iş stajı 27 il 3 ay 16 gün təşkil etməkdədir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna əmək kitabçasına əsasən iş stajı ona verdiyi hüquqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. İddiaçı xx xxxx 1959-cü ildə anadan olduğu üçün 25 yanvar 2022-ci ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, yaşına görə əmək pensiya hüququ yaranmışdır. Lakin cavabdeh tərəf iddiaçıya bu barədə imtina məktubu təqdim etmişdir. İddiaçı hesab edir ki, əmək kitabçasına əsasən onun xx.xx.2020-ci ilə qədər 27 il 5 ay umumi iş (əmək) stajı olduğu halda, cavabdeh tərəf 23 il 07 ay 14 gün sığorta stajının olmasını qeyd etmiş, formal mülahizələrə söykənmişdir.Həmin məktubda xx.xx.1989-cu il tarixindən xx.xx.1996-ci il tarixinədək 1N-li Mebel Fabrikində işlədiyi xx.xx.1990-cı il tarixindən xx.xx.1992-cı il tarixinədək olan dövrləri analıq məzuniyyətində olduğu və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək,xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək,xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək öz hasabına məzuniyyətdə olduğu qeyd etməklə sığorta stajına (iş stajı) daxil edib nəzərə almaqdan imtina edərək qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1 -ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş üzrə icraat materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur və onun pensiyaya çıxmaq hüququ xx.xx.2022-ci il tarixdə (62.5 yaş) yaranır. İş materiallarında iddiaçıya məxsus olan xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixinədək Bakı səhəri 1№li Mebel fabrikində və xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək “Tusi” X2 işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Əmək kitabçasında qeyd edilən İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixinədək Bakı səhəri 1 nömrəi Mebel fabrikində və xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək “Tusi” X2 işlədiyi əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Xidməti araşdırma zamanı Filialın xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinq yoxlamanın nəticəsinə, xx.xx.2022-ci il tarixli akta və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/491 nömrəli arayışına əsasən məlum olmuşdur ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992ci il tarixədək öz hesabına analıq məzuniyyətində, xx.xx.1994-cü il tarixindən xx.xx.1994cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək öz hesabına məzuniyyətdə olmuşdur və xx.xx.1996cı il tarixdən xx.xx.2001-ci il tarixədək “Tusi” Elmi-Metodiki Kompüter mərkəzinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Filial tərəfindən keçirilmiş monitorinq yoxlama nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri 1 nömrəli Mebel fabrikində xx.xx.1989-xx.xx.1996-cı illər arasındaki dövr ərzində ümumilikdə 2 il 7 ay 24 gün ödənişsiz məzuniyyətdə olmuşdur. iddiaçının mübahisələndirilən sığorta stajına xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixinədək Bakı şəhəri 1 nömrəli Mebel fabrikində və xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək “Tusi” X2 işlədiyi dövrlər daxil edilməklə, iddiaçının ümumi mübahisələndirilən stajı 7 il 5 ay 21 gün təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və xx.xx.1959-cu il təvəllüdlüdür. 07 oktyabr 1976-ci il tarixli əmək kitabçasının surətinə əsasən, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə qədər 1 saylı mebel fabriki Azərbaycan SSR meşə və ağac emalı sənayesi nazirlində xəzinədar vəzifəsində, xx.xx.1977-ci ildə 2 saylı sexə bəzəkvuran, xx.xx.1978-ci ildə ikinci dərəcə bəzəkvuran, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər 2ci dərəcə üzrə TNŞ nəzarətçi vəzifəsində işləmiş həmin ildədə işdən azad olunmuş, xx.xx.1979-cu ildən xx.xx.1985-ci ilə qədər Azərbaycan mühəndis inşaat institutuna əyani təhsil forması üzrə təhsil almış, xx.xx.1985-ci ildə ətraf mühitin mühafizəsi və havalandırılması üzrə mühəndis texnoloq vəzifəsində işləmiş və xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci tarixli əmək kitabçasının surətinə əsasən, İddiaçı xx.xx.1987-ci ildə Bakı 1 saylı mebel fabrikində həmkarlar komitəsi sədri vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə təkrar seçilmə ilə əlaqədar həmkarlar komitəsi sədri vəzifəsindən azad edilmiş, xx.xx.1989-cu ildə ətraf mühit mühəndisi, xx.xx.1994-cü ildə texniki şöbəyə texnoloq, xx.xx.1994-cü ildə kadrlar üzrə aparıcı mühəndis vəzifəsində işləmiş xx.xx.1996cı ildə həmin işdən azad olunmuşdur. xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilədək “Tusi” Elmi metodiki kompüter mərkəzində mühəndis vəzifəsində çalışmışdır. xx.xx.2001-ci il tarixdə “Elnar” LTD şirkətinə direktor vəzifəsində işləmiş, xx.xx.2005-ci il tarixində işdən azad edilmişdir. xx.xx.2019-cu ildə Yazıçılar poliklinikasında əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləmiş, xx.xx.2022-ci ildə isə işdən azad edilmişdir. XV-ЖГ seriyalı 387001 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası X7 anası İddiaçıdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X13 şəxsi Bakı Baş Səhiyyə X14 Yazıçılar Poliklinikasının xx.xx.2022-ci il tarixli 99 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək Yazıçılar Poliklinikasında əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixli 03/K nömrəli arayışa əsasən İddiaçı 20 noyabr 1989 -cu il tarixli 359\k saylı əmrlə 01noyabr 1989 -cu il tarixində Bakı 1 saylı mebel fabrikinə ətraf mühitin mühafizəsi üzrə mühəndis qəbul edilib. 17 mart 1994-cü il tarixli 125\k saylı əmrlə 18 mart 1994-cü il tarixindən texnoloji şöbəyə texnoloq keçirilib. 02 dekabr 1994 -cü il tarixli 497\k saylı əmrlə 01 dekabr 1994-cü il tarixində iqtisad şöbəsinə aparicı mühəndis keçirilib. 8 iyun 1994 -cü il tarixli 252 saylı ,08 avqust 1994-cü il tarixli 351\k saylı, 29sentyabr 1994 cü il tarixli 421\.k saylı, 31 oktyabr 1994 cü il tarixli 461\k saylı əmrlərlə dörd ay müddətinə, 30 may 1996-cı il tarixli 148\k saylı ,03 iyul 1996-cı il tarixli 168\k saylı əmrlərlə dörd ay müddətinə haqqı ödnilməməklə məzuniyyətdə olub. 01 oktyabr 1996- cı il tarixli 238\k saylı əmrlə 01 oktyabr 1996-cı il tarixindən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. HB seriyalı 972423 nömrəli diplomun surətinə əsasən, İddiaçı 1985-ci ildə Azərbaycan mühəndis inşaat institutunda ağac emalının texnalogiyası ixtisası üzrə kursu bitirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli iddiaçıya ünvanladığı imtina məktubuna əsasən İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajı 23 il 07 ay 14 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək sığorta stajına (20 il 8 ay 14 gün) uyğun pensiya kapitalı 16799.26 manat, xx.xx.2019-cu il tarixindən 01.01,2022-ci il tarixinədək 3802.5 manat olmaqla, ümumilikdə 20639.71 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş 01.11,1989-cu il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Xidməti araşdırma zamanı məlum olub ki, onun əmək kitabçasında qeyd olmuş xx.xx.1989-cu il tarixindən xx.xx.1996-cı il tarixinədək 1 №-li Mebel Fabrikində xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək analıq məzuniyyətində olduğundan və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən 30.11,1994-cü il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək öz hesabına məzuniyyətdə olduğundan həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müraciətinə dair inzibati icraat materiallarını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı 24 noyabr 2022-ci il **********11 nömrəli müəssisə haqqında məlumatın verilməsi barədə məktubuna əsasən, “Tusi” X4 barədə dövlət əmlakının reyestrində məlumat qeydiyyata alınmamışdır. Hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filinalına ünvanladığı xx.xx.2022-ci il tarixli 4/2197 nömrəli cavab məktubuna əsasən, “Tusi” X3 arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı 15 noyabr 2022-ci il **********038300 nömrəli məlumatın təqdim edilməsi barədə məktubuna əsasən, “Tusi” X4 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. 2008-ci ildə Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədləri arasında həmin mərkəzə aid qovluq aşkar edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydası”nın 4-cü hissəsinin (Sosial sığorta stajının hesablanması) 4.1.-ci bəndində göstərilmişdir: “Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən” İşin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı ona məxsus əmək kitabçalarına əsasən 32 il 28 gün təşkil edir. İddiaçı xx xxxx 1959-cü ildə anadan olduğu üçün 25 yanvar 2022-ci il tarixdən( 62 yaş 06 ay) yaşa görə əmək pensiya hüququna malikdir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh əmək kitabçalarında göstərilmiş məlumatları qanunvericiliyinin tələblərinə uyğun qaydada yoxladıqdan sonra iş stajının yalnız 23 il 07 ay 14 gün hissəsində qəbul etmiş, 01.11ş1989-cu il tarixdən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixinədək olan dövrləri iş stajına daxil etməmişdir. Məhkəmə cavabdehin mövgeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının xx.xx.1990ci ildən xx.xx.1992-ci ilədək olan dövr (analıq məzuniyyət dövrü) mübahisəsiz iş stajına daxil edilən dövrdür. Belə ki, hal-hazırda qüvvədə olan və 1990- ci illərdə (iddiaçının əmək fəaliyyəti zamanı) qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri iş stajına daxil edilən dövr sayılır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 iyul 1993-cü il tarixli 5-1 nömrəli “Qadınlara uşağı yaş yarıma çatanadək ona qulluq etməyə görə haqqı qismən ödənilən məzuniyyət və 3 yaşınadək uşağa qulluq etməyə görə haqqı ödənilməyən əlavə məzuniyyət verilməsi qaydası haqqında izahatın təsdiq edilməsi barədə” Qərarının 9-cu bəndinə əsasən uşaq yaşyarıma çatanadək ona quluğa görə haqqı qismən ödənilən və üç yaşınadək haqqı ödənilməyən əlavə məzuniyyət müddəti həm ümumi iş stajı, həm də ixtisas üzrə iş stajı tərkibinə daxil edilir, o cümlədən:dövlət sosial sığorta üzrə müavinət təyin edilərkən,dövlət pensiyaları təyin edilərkən, birdəfəlik mükafatlar, yaxud uzun müddət xidmətə görə əmək haqqına əlavələr və ixtisas üzrə iş stajına və müəssisəsinin yekuna görə mükafatlar ödənilərkən. İddiaçı, xx.xx.1990-cı ildən xx.xx.1992-ci il tarixinədək analıq məzuniyyətində olduğu illəri iş stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qəbul edilməsini tələb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş stajı o cümlədən onun mübahisəli hissəsi əmək kitabçasında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.1990-ci ildən xx.xx.1992-ci ilədək ödənişsiz analıq məzuniyyətdə olduğu qeyd olunaraq sığorta stajına (iş stajı) daxil edilib nəzərə almadan yaşa görə əmək pensiya təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya 62 yaş 6 aydan yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1992-ci il tarixinədək analıq məzuniyyətində olduğu illəri iş stajına daxil etməklə yaşa görə əmək pensiyasının (25 yanvar 2022-ci il tarixdən) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına) həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1992-ci il tarixinədək analıq məzuniyyətində olduğu illəri iş stajına daxil etməklə yaşa görə əmək pensiyasının (25 yanvar 2022-ci il tarixdən) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına) həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar