Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11305/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “qərarın qanunsuz hesab edilməsi, yenidən araşdırma aparılması və müvafiq rəy verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən apellyasiya komissiyasının oğlu X3 haqqında qəbul etdiyi qərarının qanunsuz hesab edilməsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən apellyasiya komissiyasının üzərinə oğlu X3 haqqında yenidən araşdırma aparılması və müvafiq rəy verilməsi vəzifəsinin həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X3 xx.xx.2023-cü il tarixdə, 11:24 radələrində Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsi 13, (komissiya 4), ünvanında yerləşən 95 nömrəli tam orta məktəbdə müsahibədə iştirak etmiş və komissiya tərəfindən müsbət rəy ilə dəyərləndirilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, lakinn apellyasiya mərhələsində şikayət təmin edilməmişdir. İmtahan müddəti ərzində verilən suallar uşağın yaşı nəzərə alınmadan və bilik səviyyəsinə uyğun tərtib edilməməsi nəticəsində uşaqda müəyyən dərəcədə stressə, utanma, sıxılma kimi hallarına səbəb olmuşdur. Məhz bu səbəbdən də. oğlum Cavad Davud suallara tam dolğun cavab verə bilməmişdir. Bundan əlavə olaraq isə, müsahibənin mənfi rəylə nəticələnməsi uşaqda bir neçə gün davam edən neqativ davranışlara səbəb olmuş, onu dərindən sarsmışdır. Bir tərəfdən isə, digər övladı X1 (FİN: 82AM613) da 141 nömrəli tam orta məktəbin rus bölməsində təhsil alır. Ailə daxilində hər iki övladının fərqli bölmələr üzrə təhsil alması, fərqli dil və bilik istiqamətləri üzrə özlərini inkişaf etdirmələri onların arasında olan əlaqələrin pozulmasına gətirib çıxardır. Qeyd edilən məzmunda şikayəti təmin olunmamış və aşağıdakı məzmunda cavab verilmişdir: “Hörmətli valideyn, sizin apellyasiya müraciətinizə baxılmış ve Komissiyanın rəyinə əsasən övladının əvvəlki nəticəsi qüvvədə qalmışdır. Qeyd edilən cavab Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 126.2.2-ci maddəsinin tələbinə uyğun inzibati aktın mübahisələndirilməsinə uyğun olan iddia növüdür. Hətta hesab edilsə ki, apellyasiya qərarı və yaxud ondan müvafiq qərar inzibati akt hüquqi statusunda deyil, bu halda inzibati orqanın hərəkətindən şikayət vermək hüququ olmaqla digər iddia növüdür. Apellyasiya qərarı məhkəmə qaydasında ləğv edilməli və cavabdehin üzərinə yenidən qərar qəbul etmək öhdəliyi qoyulmalıdır. Belə ki, apellyasiya mərhələsində uşağın biliyi və qabiliyyəti müvafiq qaydada araşdırma predmeti olmamışdır. AZ-İV seriyalı 013085 saylı xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (atası – İddiaçı, anası – X2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək iddia tələbinin cavabdehin imtinası qanunsuz hesab edilməklə arzu etdiyi hüquqi nəticənin qəbul edilməsi kimi dəqiqləşdirilməsi, bu barədə cavabdeh orqana müraciəti, həmçinin hazırkı iddia tələbinin 2-ci hissəsi ilə bağlı cavabdeh orqana müraciətini təsdiq edən sənədin və imtina məktubunun məhkəməyə təqdim edilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmamışdır. Belə ki, iddia tələbi “cavabdehin imtinasının qanunsuz hesab edilməklə müsbət rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi deyil, “apellyasiya komissiyasının qərarının qanunsuz hesab edilməsi” kimi qaldırılmışdır (iddia tələbinin birinci hissəsi). Bundan başqa, ikinci iddia tələbi ilə bağlı cavabdeh quruma iddiaçının müraciəti və imtina iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçıya qeyd edilən hallarla bağlı məhkəmə tərəfindən həm hüquqi yardım barədə məktubda, həmçinin məhkəmənin mümkünlük iclasında hüquqi yardım göstərilsə də, iddia tələbi dəqiqləşdirilməmiş, həmçinin qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova