Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1131/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) qarşı "pensiyanın yenidən hesablanması və müavinətin birdəfəlik ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonracavabdeh) müraciət edərək, "Əmək pensiyaları haqqında" Qanunun 23.3-cü maddəsinə uyğun olaraq ədliyyə orqanının işçiləri hər il məzuniyyətə çıxarkən onlara 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərə alınmaqla iddiaçıya çatacaq pensiya hüququnun yaranma tarixindən (sonradan olan artımlar da nəzərə alınmaqla) ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, məzuniyyətə görə pul təminatının iddiaçıya ödənilməsi barədə iddiaçının pensiya işinə aid sənədlərdə məlumat mövcud olmadığından həmin əlavənin əmək pensiyasının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə əmək pensiyasının yenidən hesablanması və pensiya yenidən hesablanarkən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.3-cü maddəsində göstərilən işçilər hər il məzuniyyətə çıxarkən onlara 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsinin nəzərə alınması və bu zaman həmin təşkilat tərəfindən Konstitutsiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin tələblərinin və Azərbaycan Respublikasının Konstitutsiyasının X2 149-cu maddəsinin tələblərinin əsas götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi (bundan sonra - üçüncü şəxs) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Mühəndis Texniki Ekspertizaları şöbəsində müxtəlif vəzifələrində çalışmış, 01 dekabr 2014-cü il tarixdən həmin şöbənin aparıcı eksperti vəzifəsindən xüsusi rütbəli şəxs kimi əmək pensiyasına çıxmış və hazıra kimi əmək pensiyası almışdır. İddiaçının ədliyyə orqanlarında qulluq stajı 30 il 4 ay 18 gün təşkil edir. İddiaçı pensiyaya çıxan zaman Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi əmək pensiyası hesablanılarkən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əmək haqqı, vəzifə maaşı, xüsusi rütbə, qulluq illəri və qanunvericilikdə nəzərdə tutulan digər ödənişlərini nəzərə almışdır. Lakin həmin Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqan işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilməsi nəzərə alınmamışdir. Ona görə də iddiaçı rəsmi olaraq xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmişdir ki, əmək pensiyasının yenidən hesablanmasını və hesablama zamanı ədliyyə orqan işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində bir dəfəlik müavinətin verilməsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh həmin ödənişin nəzərə alınması üçün Məhkəmə Ekspertizası Mərkəzinə sorğu göndərmişdir. Göstərilən sorğuya cavab olaraq Məhkəmə Ekspertizası Mərkəzindən rəsmi olaraq xx.xx.2020-ci il tarixli 332 nömrəli məktub ünvanlanmışdır. Həmin məktubda iddiaçıya 2013-cü ildə 1795.60 manat və 2014-cü ildə 2179.60 manat müavinətin ödənildiyi göstərilmişdir. Lakin həmin məktubda Qanunun 23.3-cü maddəsində göstərilən işçilər hər il məzuniyyətə çıxarkən onlara 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilməsinə dair hər hansı bir məlumat öz əksini tapmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubda məzuniyyətə çıxarkən iddiaçıya 2 aylıq əmək haqqının verilməsinə dair heç bir məlumat qeyd olunmamışdır. Müalicə üçün verilən müavinətin nəzərə alınmasını aydınlaşdırmaq məqsədilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya əmək pensiyası hesablanarkən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsində göstərilən işçilərin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilməsi nəzərə alınmışdır. Lakin əmək pensiyası hesablanarkən Qanunun 23.3-cü maddəsində göstərilən hər il məzuniyyətə çıxarkən iddiaçıya 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərə alınmamışdır. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2014-cü il tarixli, 6496 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2014-cü il tarixə kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində işləmişdir. O, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixə kimi məhkəmə-mühəndi-texniki ekspertizası ETL-nin mütəxəssisi, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi baş ekspert, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi elmi işçi vəzifəsini icra etmiş, xx.xx.1992-ci il tarixdən böyük elmi işçisi vəzifəsində işləmiş, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi Məhkəmə ekspertizası mərkəzinin sərəncamında olmuş, xx.xx.2008-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Mühəndi-texniki ekspertizalar şöbəsinin aparıcı eksperti vəzifəsində çalışmışdır. Ştat üzrə həmin vəzifənin maaşı 570 manat təşkil etmişdir. İddiaçının ədliyyə orqanlarında qulluq stajı xx.xx.2014-cü il tarixə 30 il 4 ay 18 gün təşkil etmişdir. Əmək haqqına aşağıdakı əlavələr: Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun 25.4-cü madəsinə əsasən qulluq stajına görə 348 manat 50 qəpik, yüksək dərəcəli ekspert ixtisas dərəcəsinə gğrə 114 manat, İ dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbə dərəcəsinə görə 127 manat əlavə nəzərdə tutulmuşdur. Aylıq əmək haqqı 1159 manat 50 qəpik məbləğdən ibarət olmuşdur. İddiaçı xx.xx.2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli 865 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2009-cu il tarixdən ömürlük 828,16 manat əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********5 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında Qərarından görünür ki, iddiaçıya yenidən hesablanmış pensiya məbləği 1882 manat 15 qəpik təşkil etmişdir. Həmin qərara əsasən pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi aşağıdakı kimi olmuşdur:
1. Vəzifə maaşı -940 manat; 2. İxtisas dərəcəsinə görə əlavə - 127 manat; 3. Qulluq stajına görə əlavə 40%-426,80 manat; 4. Mükafatlar – 370,74 manat; 8. mükafatlar- 280,30 manat, 9. digər – 20%-188 manat: 10. Digər -19,85 manat. Məhkəmə qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü madəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7704 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya 2012-2013-cü illər üçün 1795,00 manat, 2013-2014-cü illər üçün 2179,60 manat məzuniyyət müavinəti, 2012-2013-cü illər üçün 1795,60 manat, 2013-2014-cü illər üçün 2179,60 manat müalicə müavinəti ödənilmişdir. İddiaçı hazırda ona pensiya təyin edilərkən aldığı müalicə müavinətinin nəzərə alındığını, lakin məzuniyyət müavinətinin nəzərə alınmadığını iddia edir və buna görə də əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məsələ ilə bağlı cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********3 saylı məktubda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək haqqı cədvəlinə əsasən ona ödənilmiş 2 aylıq əmək haqqı məbləğində müavinət nəzərə alınmışdır. Lakin sözügedən arayışda həmin müavinətin ədliyyə oranlarının işçilərinə hər il məzuniyyətə çıxarkən ödənilən müavinət olması barədə hər hansı qeyd mövcud deyil. İddiaçıya dair arayışda göstərilmiş müavinətin növünün dəqiqləşdirilməsi məqsədilə Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilməlidir. Göründüyü kimi, cavabdeh iddiaçıya hesablanan pensiya məbləğində 2 aylıq əmək haqqı məbləğində müavinətin nəzərə alındığını bildirsə də, bu müavinətin müalicə, yoxsa məzuniyyətə görə müavinət olmasını yəqin edə bilməmişdir. Məsələ ilə bağlı iddiaçının işlədiyi müəssisə olan Məhkəmə Ekspertizası Mərkəzinə sorğu göndərilmiş, Mərkəzin xx.xx.2021-ci il tarixli 723 nömrəli məktubuna əlavə edilmiş İddiaçı əmək pensiyasının hesablanması üçün cədvəldə iddiaçıya ödənilən əmək haqqının tərkibi aşağıdakı kimi göstərilmişdir: 1. vəzifə maaşı; 2.qulluq stajına görə əlavə; 3. ixtisas dərəcəsinə görə əlavə; 4. mükafat; 5. rütbəyə görə əlavə; 6. məzuniyyət pulu; və 7. məzuniyyət müavinəti. Beləliklə, işin sadalanan hallarından məlum olur ki, iddiaçıya əmək pensiyası hesablanarkən onun iddia etdiyi kimi müalicəyə görə müavinət deyil, hazırkı iddia tələbinin premdetini təşkil edən məzuniyyətə çıxarkən ödənilən iki aylıq əməkhaqqı həcmində müavinət nəzərə alınmışdır. İddiaçıya ödənilən ödənclərdən müalicə ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin nəzərə alınmaması məsələsinə gəldikdə, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin arayışından görünür ki, iddiaçıya həmin müavinətin ödənildiyi göstərilmiş, lakin həmin müalicə müavinəti əməyin ödənişi bölməsinə aid edilmədiyi üçün həmin müavinətdən DSMF-yə məcburi dövlət sosial sığorta haqqı hesablanmadığı və ödənilmədiyi bildirilmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarı ilə Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.” X3 Məhkəməsi qərara almışdır ki:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göründüyü kimi, iddiaçı müalicə ilə əlaqədar iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət alsa da, həmin müavinət məcburi dövlət sosial sığortasına cəlb olunmadığından işəgötürən tərəfindən iddiaçıya pensiya təyin edilməsi üçün təqdim edilən əmək haqqı cədvəlində nəzərdə tutulmamış və bu, yuxarıda istinad olunan Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun olmuşdur. Beləliklə, iddiaçıya əmək pensiyası hesablanarkən nəzərə aınan müavinətin müalicə ilə bağlı deyil, məzuniyyətlə bağlı müavinət olması məhkəmə araşdırması ilə öz təsdini tapdığından məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ünvanlanmış imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova