Məhkəmə qərarları › İş №2-1(112)-11318/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11318/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11318/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “03 mart 1993-cü il tarixdən 1993-cü il avqust ayınadək N №-li hərbi hissədə döyüşlərdə iştirak etmək faktını müəyyən edərək veteran adının verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 03 mart 1993-cü il tarixdə Səfərbərliklə əlaqədar Binəqədi rayon hərbi komissarlığından hərbi xidmətə göndərilmişdir. N saylı hərbi hissədə torpaqların azadlığı uğrunda Füzuli rayonu istiqamətində döyüşlərə qatılmışdır. 1993-cü il avqust ayının əvvəllərində ağır bədən xəsarətləri almışdır. Bir neçə gün hərbi hissənin tibbi məntəqəsində müalicə almışdır. Yaralarının ağırlığını nəzərə alaraq onu Lənkəran şəhərinin Hərbi Hospitalına yerləşdirilmişdir. Bir müddət orada qaldıqdan sonra Kalinovka sağlamlıq mərkəzində müalicə olunmuşdur. Onunla birlikdə xidmət edənlərə veteran adı verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Veteran komissiyası N №-li h/h-nin əmr kitabının olmamasını əsas gətirərək ona veteran adı verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı ərizəsinə Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxivindən verilmiş xx.xx.2021-ci il tarixli, 4/2-1182 saylı imtina məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin mart 1992ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə daxil olmamışdır. Qanuni əsaslar olmasına baxmayaraq xahişinin rədd edilməsi onun konstitusion hüququnu pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə həmin Məcəllənin 13-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya hüquqi yardım göstərərək hüquqi marağına uyğun olaraq iddia tələbinin “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” kimi dəqiqləşdirilməsini təklif etmişdir. Məhkəmənin 28 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə iddia tələbi “xx.xx.1962-ci ildə anadan olmuş İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının N nömrəli hərbi hissədə hərbi xidməti, yaralanması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması Arxiv arayışı ilə təsdiqlənmədiyindən və Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli Qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığından “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş Arayışa əsasən, o, həqiqətən xx.xx.1993-cü il tarixdən N saylı hərbi hissədə hərbi xidmətə daxil olmuşdur. 1993-cü ilin avqust ayının əvvəlində ağır bədən xəsarəti almışdır. Bir neçə gün hərbi hissədə qaldıqdan sonra Lənkəran Hərbi Hospitalına yerləşdirilmişdir. 1993-cü ilin avqust ayının 10-dan 28-dək Kalinovka Sağlamlıq Mərkəzində müalicə olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 1993-cü ilin may ayının 5-dən avqust ayının 7dək Füzuli rayonunda (Horadiz qəsəbəsi və Mahmudbəyli kəndi uğrunda) gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13 iyun 2018-ci il tarixli, 1104 saylı Qərarına əsasən Bakı şəhəri Binəqədi RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Masallı rayonu mərkəzi xəstəxanasının Kalinovka kənd xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və xəstəlik - diaqnoz: “Başın müxtəlif nahiyyələrində çoxsaylı qəlpə yaralanması. Xroniki sistitin kəskinləşməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon idarəsinin xx.xx.2018-ci il tarixli 128 nömrəli göndərişi, xx.xx.2018-ci İl tarixli 249 nömrəli arayışı, Masallı rayonu mərkəzi xəstəxanasının Kalinovka kənd xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(001)- 14712/2017 saylı Qətnaməsinə əsasən iddiaçının “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin olunmuş və iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 1993-cü ilin may ayının 5-dən avqust ayının 7-dək Füzuli rayonunda (Horadiz qəsəbəsi və Mahmudbəyli kəndi uğrunda) gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Sözügedən Qətnamə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli Arayışına əsasən 15 yanvar 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq şdilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteram” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat aşkar edilməmişdir. İddiaçının hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının hərbi hissədə xidməti və qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxdığı gün sayılır. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusu almaq üçün hərbi xidmətdən qanuni əsslarla təxris olunduğunu sübut etməlidir. Hərbi qulluqçuların ehtiyata buraxılma prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli 433 saylı Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar 1996-cı il tarixli Əmrin 1-ci bəndində qeyd edilmişdir ki, 10 fevral 1996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin Əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüququ olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı tərəfindən imtina məhkəməyə təqdim edilməsə də, cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etirazda müvafiq komissiyanın rəyinə əsasən, müharibə veteranı vəsiqəsinin verilməsindən imtina edildiyi bildirilmiş, bununla bağlı cavabdeh qurumun mövqeyi ifadə edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən məhkəmə tərəfindən həmin bəndin qeyd hissəsi nəzərə alınmaqla aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. 1-ci hala münasibətdə iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə təsdiqedici sənədi yoxdur. Belə ki, onun xx.xx.1993-cü il tarixdən (hospitalda müalicədən sonra, çıxarış epikrizi) sonrakı dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə sorğusuna verilən cavab əsasında iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir. Lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, iddiaçının 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan aidiyyəti hərbi hissədə döyüşlərdə iştirak etməsi faktıı öz təsdiqini işdə olan sənədlərlə tapsa da, inzibati icraatda və məhkəmə icraatında onun xidmətini və qanuni əsaslarla tərxis olunmasını təsdiqləyən nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməmişdir. Hansı ki, mövcud qanunvericilik aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin veteran adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Odur ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar