Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1132/2020 10.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsitələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, onun güzəştli şərtlərlə pensiyaya çıxarılmasına dair cavabdeh tərəfindən verilmiş imtinanın əsassız sayılması, onun hərbi xidmətdə olduğu və ali məktəbdə əyani təhsil aldığı müddətlərin ümumi əmək stajına hesablanması və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun ali məktəbdə əyani təhsil aldığı müddətin ümumi iş stajına hesablanması, güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən) xx.xx.2017-ci il tarixdən tanınaraq təyin edilməsi, eləcə də, pensiyanın həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 26 sentyabr 1977-ci ildə başlamışdır. xx.xx.1987-ci ildən “Qafqazenerqomontajizolyasiya” ixtisaslaşdırılmış İdarəsində (hal-hazırda – "xxxx" İnşaat Firması) xx.xx.1997-ci il tarixədək usta vəzifəsində işləmişdir. Yəni, 10 il 02 ay 28 gün. Həmin dövrdə o, energetika obyektlərində boruların isti və soyuq səthinin şüşə pambıq izolə edilməsi işini yerinə yetirmişdir. Onun çalışdığı sahə zərərli və hündürlüklə əlaqədar iş şəraitinə bərabər tutulan sahə olmuşdur (güzəştli arayış iddia ərizəsinə əlavə olunur). 01 oktyabr 1998-ci ildən o, Azərbaycan Dövlət Rayonlararası X2 avadanlıqların istismar və təmiri sexinə yanacaq ötürücü avadanlıqların təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, sonra İİ qrup, daha sonra İ qrup usta vəzifəsində işləmiş və xx.xx.2009-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. O, bu müəssisədə də, 10 il, 03 ay, 03 gün işləmişdir və bu müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 24-cü bölməsinin “b” bəndi ilə nəzərdə tutulmuş zərərli və təhlükəli iş rejimi sayılır. Beləlilə o, 1977-ci ildə 2006-cı il tarixədək işlədiyi otuz ilə yaxın əmək fəaliyyətinin ümumilikdə 20 il 06 ayını zərərli iş rejimində işləmişdir. Hal-hazırda onun 59 yaşı tamam olmuşdur. O, 12 il yarımdan çox müddətdə zərərli iş şəraitində işlədiyi üçün pensiyaya çıxarılması barədə cavabdehə müraciət etmiş və təsdiqedici sənədləri, əmək kitabçasını təqdim etmişdir. Lakin, cavabdeh 09 dekabr 2019-cu il tarixli, **********4 nömrəli məktubla onun müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 01 yanvar 2006-cı il tarixədək onun iş stajı 25 ildən az təşkil edir. O, bu imtina ilə razılaşmır. Hesab edir ki, cavabdeh onun əmək stajını düzgün hesablamamışdır. Bu staja xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək keçmiş SSRİ Ordusunda, xx.xx.1993-cü ildən xx.xx.1993-cü il tarixədək Azərbaycan Ordusunda Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını, həmçinin xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddət hesablanmamışdır. O, xx xxxx 1960-cı ildə anadan olmuşdur. 26 sentyabr 1977-ci ildə əmək fəaliyyətinə başlamışdır. xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il 05 ay 15 gün ( 17 il 06 ay 01 gün əmək fəaliyyətinə dair, təhsilə dair isə 5 il 10 ay 27 gün, hərbi xidmətdə olduğu müddət 2 il 18 gün) güzəştli şərtlərlə iş stajı isə 17 il 06 ay 01 gün təşkil edir. Qeyd olunan müddətlər cavabdeh tərəfindən əmək stajı kimi hesablanıb ümumi əmək stajına daxil edilməlidir və ona güzəştli şərtlərə pensiya təyin olunmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh sərəncama əsasən iddiaya qarşı münasibət (etiraz) təqdim edərək bildirmişdir ki, iddiaçının İdarəyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. İddiaçının ərizəsində qeyd etdiyi təhsil müddətinin ümumi iş stajına aid edilməsi məsələsinə dair isə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə), hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə), sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, iddiaçının iş stajına daxil edilməsini tələb etdiyi təhsil müddətinin ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də, İdarənin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********74 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu tamamilə qanunauyğun hesab edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 188 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixdən xx.xx.1983-ü il tarixə kimi keçmiş SSRİ Ordusunda, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. “Müharibə veteranı”dır. İşdə olan PB seriyalı, 02421 nömrəli diplomun surətindən görünür ki, İddiaçı Əli oğlu 1978-ci ildə M.Əzizbəyov adına X5 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1987-ci ildə istilik elektrik stansiyaları ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1977-ci ildən, xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1984-cü il tarixdən, xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən, xx.xx.1988-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən, xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən, xx.xx.2015-ci il tarixədək müxtəliş peşələrdə işləmiş, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Mingəçevir şəhər Məşğulluq Mərkəzi tərəfindən işsizlik müavinəti təyin edilmiş,xx.xx.2016-cı il tarixdən mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Mingəçevir şəhər Məşğulluq Mərkəzi tərəfindən işsizlik müavinəti təyin edilmiş, xx.xx.2018-ci il tarixdə fəhlə peşəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan "xxxx" İnşaat Firması tərəfindən veirlmiş 04 nömrəli, xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən “Qafqazenerqo-montajizolyasiya” İxtisaslaşdırılmış İdarəsində (hal-hazırda "xxxx" İnşaat Firması Ədliyyə Nazirliyinin 435 saylı, xx.xx.1998-ci il Nizamnamə) usta vəzifəsində işləmiş, xx.xx.1997-ci il tarixdən işdən azad edilmişdir. Ümumi iş stajı – 10 il 02 ay 28 gün təşkil edir. Qeyd edilən müddət ərzində İddiaçı energetika obyektlərində boruların isti və soyuq səthinin şüşə pambıqla izolə edilməsində çalışmışdır. Onun çalışdığı sahələr zərərli və hündürlüklə əlaqədar iş şəraitinə bərabər tutulan sahələr olmuşdur. İş rejimi 8 saatlıq olmuşdur. İddiaçı Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin “b” bəndinə əsasən güzəştli təqaüd hüququna malikdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 205-55 nömrəli, 18 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1998-ci il tarixdə Azərbaycan Dövlət Rayon X2 avadanlıqların İstismarı və Təmiri sexinə Yanacaq ötürücü avadanlıqların təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixdə həmin sexdə “Yanacaq nəqliyyat sexinin ötürücü avadanlıqlarının təmiri briqadası”na İİ qrup usta vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci il tarixdə tutduğu vəzifədə İ qrup usta vəzifəsi verilmişdir. xx.xx.2009cu il tarixdə işdən azad olunmuşdur. Ümumi iş stajı – 10 il 03 ay 03 gün təşkil edir. Qeyd edilən müddət ərzində İddiaçı Azərbaycan İstilik Elektrik Stansiyasında yaranacaq ötürücü avadanlıqların təmiri işləri ilə əlaqədar 3-4 sinif təhlükəliliyə, titrəməyə, iş yerində havanın tempraturunun yuxarı olmasına, hava cərəyanının sürətinə görə 8 % miqdarında əlavə əmək haqqı ödənilmişdir. İş rejimi 8 saatlıq olmuşdur. Zərərli iş şəraitnə görə əmək məzuniyyətinə 6 təqvim günü əlavə gün verilmişdir. İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2009-u ilədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 24-cü bölməsinin “b” bəndinə uyğundur. İşdə olan cavadeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 09 dekabr 2019-cu il tarixli, **********4 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən görünür ki, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının olmadığına istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, diplom, arayışlar, şəxsiyyət vəsiqəsi)müəyyən edilir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə iddiaçının 57 yaşı olmuş, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbsdə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş "xxxx" Firması və "xxxx" MMC tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ali məktəbdə əyani təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1132/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1132/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver