Məhkəmə qərarları › İş №2-1(112)-1132/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1132/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1132/2025 29.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi(vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "xidməti mənzillər siyahısından çıxarılma" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Sahəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X6 qalmış Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (Naximov) küçəsi, ev 35 ünvanında yerləşən 74 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Sahəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991-ci ildə milliyyətcə rus olan X34 ilə rəsmi nikaha daxil olmuşdur. 1992-ci ildə həyat yoldaşı bir daha geri qayıtmamaq şərti ilə Rusiyaya getmişdir. Həyat yoldaşının adına ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzil vardır. Həmin mənzilə dair order də mövcuddur. O,1991-ci ildən bugünədək övladlarında birlikdə qeydiyyatda olmaqla həmin mənzildə yaşayır. Bakı şəhər, Xətai rayonu, Polad Həşimov (keçmiş Naximov) küçəsində yerləşən 35 nömrəli ev Müdafiə Nazirliyinin balansındadır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan da göründüyü kimi ünvan 2 ünvanında yerləşən mənzllərdən biri, 73 nömrəli mənzil orada yaşayan sadə bir vətəndaşın adına sənədləşdirilmiş və xüsusi mülkiyyətə verilmişdir. Hazırda, 33 ildir ki, yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanılmasına zərurət meydana gəlmişdir. Bununla bağlı cavabdeh quruma müraciət etsə də, əsassız bəhanələrlə ona imtina verilmişdir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı “Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (Naximov) küçəsi, ev 35 ünvanında yerləşən 74 nömrəli mənzilin xidməti mənzillər siyahısından çıxarılması və barədə məlumatın müvafiq icra hakimiyyətinə verilməsi öhdəliyinin Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli 4644 nömrəli arayışına əsasən, iddia predmeti olan ünvan 3 ünvanda yerləşən 74 nömrəli mənzil “xidməti mənzil” statusuna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsində xidməti mənzilin vətəndaşa verilməsi əsasları və müvafiq üsulları müəyyən edilmişdir ki, bu əsaslar hazırki iddia predmeti olan mənzilə münasibətdə mövcud deyildir. Belə ki: Mənzil Məcəlləsinin 91.1, 91.2 və 98.1-ci maddələrinə əsasən, xidməti yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayş sahələri istifadə edilir. Xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçi adından çıxış edən dövlət orqanı və ya bələdiyyələrin) və ya səlahiyyətli şəxslərin qərarı ilə “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında verilə bilər. Mənzil Məcəlləsinin 92-ci maddəsinə görə xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Göründüyü kimi, Mənzil Məcəlləsində birbaşa olaraq qeyd edilmişdir ki, məhz dövlət orqanı ilə vətəndaş arasında əmək və ya xidməti münasibət mövcud olduğu halda xüsusi təyinatlı yaşayış sahəsinə dair müvafiq kirayə müqaviləsi bağlanıla bilər. Hazırki halda isə iddiaçı ilə cavabdeh orqan arasında bu günədək hər hansı xidməti və ya əmək münasibəti mövcud olmamışdır. Digər tərəfdən, iddia ərizəsində mübahisəli mənzilə dair orderin iddiaçının keçmiş həyat yoldaşı İvanovna Liliyanın adına verildiyi və bu əsasla iddiaçının da mənzildən istifadə hüququnun yarandığı qeyd edilsə də, bu məlumat həqiqəti əks etdirmir. Belə ki, iş materiallarından da görünür ki, xx.xx.1979-cu il tarixli həmin order İvanovna Liliyanın atası Nikolay Anatoliviçin adına verilmişdir. İddiaçının keçmiş həyat yoldaşının adı isə ailə üzvü kimi sadəcə bu mənzildə yaşamaq hüququ (istifadə hüququ) olan şəxslərdən biri kimi qeyd edilmişdir. Beləliklə, “ünvan 3 ünvanda yerləşən 74 nömrəli mənzilə dair iddiaçı ilə cavabdeh Müdafiə Nazirliyi arasında kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilməsinin hüquqi əsasları mövcud deyildir. Yuxarıda qeyd edildiyi kimi, xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması əsasları Mənzil Məcəlləsinin 92-ci maddəsində göstərilmişdir və iddiaçıya münasibətdə həmin əsaslar yoxdur. İddianın hüquqi əsası olaraq göstərilən “orderin iddiaçının keçmiş həyat yoldaşının adına verilməsi” argumentinin isə həqiqəti əks etdirmədiyi artıq tərəfimizdən göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdeh tərəf xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraza əlavə təqdim edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddiaya etiraz təqdim olunaraq iddianın təmin edilməsinin hüquqi və faktiki əsasının olmaması göstərilmişdir. Bundan sonra iddiaçı məhkəmənin yardımetmə funksiyası nəticəsində iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbi "ünvan 3 ünvanda yerləşən 74 nömrəli mənzilin xidməti mənzil statusundan çıxarılması və bu barədə məlumatın müvafiq icra hakimiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" olaraq dəyişdirmişdir. Tərəfimizdən məhkəməyə Etiraz təqdim edilərək göstərilmişdir ki, iddiaçının mübahisəli mənzilə dair iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur (Etirazda ardıcıllıqla həm hüquqi, həm faktiki əsaslar göstərilmiş, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin müvafiq qərarlarına istinad olunmuşdur); habelə mübahisə predmeti olan mənzilin xüsusi təyinatlı mənzil kateqoriyasından çıxarılmasının yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülahizəsindən asılı olmadığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılığının tələb olunması göstərilmiş və hüquqi əsası qeyd edilmişdir. Eyni zamanda iş materiallarından məlumdur ki, ünvan 3 ünvanda yerləşən 74 nömrəli mənzildə iddiaçının keçmiş həyat yoldaşı Liliya Ustyuqova və Liliya Ustyuqovanın qızı yaşamışdır (məhkəmə qərarı əsasında mənzil onların istifadəsinə verilmişdir, Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.1989-cu il tarixli qərarı) və mənzil onların İstifadəsinə verildikdən 2 il sonra Liliya Ustyuqova ilə iddiaçı nikaha daxil olmuşdur; Eyni zamanda iş materiallarından məlumdur ki, Liliya Ustyuqova vəfat etmişdir. Liliya Ustyuqova və onun qızının istifadəsinə verilmiş mənzilə dair iddia irəli sürən iddiaçı isə ilk növbədə, Liliya Ustyuqovanın vərəsəsi olmasına dair sənəd (vərəsəlik şəhadətnaməsi) təqdim edə bilməmiş, həmçinin məhkəmə qərarı ilə mənzildən istifadə hüququna malik olan Liliya Ustyuqovanın qızının razılığını almadan həmin mənzilə dair iddir irəli sürmüşdür. Bu isə iddiaçının subyektiv hüququnun olmamasını bir daha sübut etməklə, iddianın mümkünlüyü məsələsini yenidən məhkəmə mübahisəsinin predmetinə çevirir; Digər tərəfdən, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüuqiq Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-27924/25 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanda yerləşən binada 90 mənzil dövlət qeydiyyatına alınmış və yalnız bir neçə mənzil (sayı 10-dan azdır) vətəndaşın adına qeydiyyatdan keçirilmişdir ki, həmin mənzillərin də hansı əsaslarla özəlləşdirilməsi yalnız və yalnız bu özəlləşdirilməni həyata keçirən orqana ünvanlanması mümkün olan suallardır. Qeyd edilən özəlləşdirilmənin həyata keçirilməsi ünvan 3 ünvanda yerləşən 74 nömrəli mənzilin xidməti mənzil statusundan çıxarılması üçün nə hüquqi, nə də faktiki əsas təşkil etmir. Odur ki, göstərilənlərin nəzərə alınmasını və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "ünvan 3 ünvanda yerləşən 74 nömrəli mənzilin xidməti mənzil statusundan çıxarılması və bu barədə məlumatın müvafiq icra hakimiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinin mümkünsüz sayılması (rədd edilməsi haqqında) qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, ünvan 5 ünvanında yerləşən 74 nömrəli mənzilin xidməti mənzillər siyahısından çıxarılması məsələsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh tərəf iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -xx.xx.1979-cu il tarixli 174921 nömrəli xidməti orderə əsasən, Naximov küçəsi, ev 35, mənzil 74 ünvanında yerləşən bolk 6, 5-ci mərtəbədə yerləşən 2 otaqlı 32.77 kv.m sahəsi olan mənzil X15 3 nəfər ailə üzvü ilə birgə (X22, arvadı X35, X23) istifadəsinə verilmişdir -V-ЖГ seriyalı 482968 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən, İddiaçı və X35 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşdurlar. Bu barədə nikahın bağlanması barədə akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 1312 nömrəsi ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 3 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 03 nömrəli Arayışda göstərilmişdir ki, ***-**-** saylı telefon nömrəsi P.Həşimov, ev 35, mənzil 74 ünvanında İddiaçı adına xx.xx.2005-ci il tarixindən sənədləşmişdir, halhazırda həmin ünvanda işləyir və heç bir borcu yoxdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli 1477 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən ünvan Müdafiə Nazirliyinin balansındadır, lakin Müdafiə Nazirliyi ilə heç bir əmək münasibəti olmadığına görə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (Naximov) küçəsi, ev 35, 74 nömrəli mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması imkanlar xaricindədir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışdan görünür ki, ünvan 6 ünvanında İddiaçı, X44, X28, X38 yaşayış yeri üzrə qeydiyyatdadır. -AL seriyalı 005369 nömrəli Gürcüstan Ölüm haqqında Şəhadətnaməyə əsasən X36 61 yaşında xx.xx.2002-ci il tarixdə vəfat etmiş, xx.xx.2002-ci il tarixdə Ölüm haqqında Şəhadətnamə verilmişdir. -Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.1989-cu il tarixli 370 nömrəli Məktubda göstərilmişdir ki, N saylı hərbi hissə komandirinin 1989-cu il tarixli “Şəxsi hesabın adının dəyişdirilməsi haqqında” Qərara əsasən Naximov küçəsi, ev 35, mənzil 74 ünvanında yerləşən, yaşayış sahəsi 32.77 kv.m olan ikiotaqlı mənzilin əsas sahibi X7, hansı ki, boşanmadan və məhkəmə qərarından sonra qeydiyyatdan çıxmışdır. Məhkəmə qərarı üzrə mənzil onun keçmiş arvadı X8mışdır, və o mənzilin şəxsi hesabına öz adına rəsmiləşdirməyi xahiş edir. Qızı ilə birlikdə yaşayır. Yuxarıda göstərilənlərə əsasən və Az. SSR Mənzil Məcəlləsinin 85-ci maddəsini rəhbər tutaraq: Naximov küçəsi ev 35, mənzil № 74 ünvanında yerləşən mənzilin şəxsi hesabı X24 adına keçirilsin; OMİS 2003 2 №-li Eİ rəisi yoldaş S.Q.Qabrielyanın üzərinə vət. L.İ. Ustyuqova ilə yaşayış kirayəsi müqaviləsini bağlamaq öhdəliyi qoyulsun. -İ-ЖГ seriyalı 438093 nömrəli Boşanma haqqında Şəhadətnaməyə əsasən Ustyuqov Nikolay və X35 ilə nikahlarına xitam verilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 594 nömrəsi ilə qeyd edilmişdir. Şəhadətnamə xx.xx.1989-cu il tarixdə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-14938/2024 nömrəli məktubda göstərilmişdir ki, sorğuda qeyd olunan ünvan 7 ünvanında X28 xx.xx.2003-cü il tarixdən, X44 və X38 xx.xx.2015-ci il tarixdən, İddiaçı xx.xx.2004-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2004-cü il tarixdən ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli 4644 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 7 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır və xidməti mənzil statusuna malikdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********88 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 35, 73 saylı mənzil 016941 nömrəli xx.xx.1994-cü il tarixli orderə, 242 nömrəli xx.xx.1996-cı il tarixli forma 2 arayışına, X39 tərəfindən verilmiş razılıq ərizəsinə əsasən ilkin olaraq xx.xx.1996ci il tarixdə X32 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 3 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03 nömrəli Arayışda göstərilmişdir ki, ***- **-** saylı telefon nömrəsi P.Həşimov ev 35, mənzil 74 ünvanında İddiaçı adına xx.xx.2005-ci il tarixindən sənədləşmişdir, hal-hazırda həmin ünvanda işləyir və heç bir borcu yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-27924/2025 nömrəli məktubda göstərilmişdir ki, Milli Qeydiyyat Sistemində olan məlumatlara əsasən sözügedən binanın tərkibində dövlət qeydiyyatına alınmış 90 ədəd mənzilin mövcud olmasına məlumat vardır. Sorğu ilə bağlı olaraq həmin binanın tərkibində olan bir neçə mənzilin dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər barədə məlumatları təqdim edirik. Belə ki, ünvan 3, 87 saylı mənzil X16 və X17 tərəfindən verilən razılıq ərizələrinə, 030145 saylı xx.xx.1999-cu il tarixli orderə əsasən X12 adına qeydiyyatdan keçmişdir, lakin 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edimiş 40-417 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X29 adına qeydiyyatdan keçmişdir. ünvan 3, 21 saylı mənzil X18, X30, X13 razılıq ərizələrinə, 030427 saylı orderə və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 24.0.1999-cu il tarixli 184 saylı sərəncamına əsasən X14 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri Notariat Kontoru "Şəhadətnamə 70 nömrəli 40-04-757 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. ünvan 3, 5 saylı mənzil X4 razılıq ərizəsinə, 037992 saylı, xx.xx.1994-cü il tarixli orderə və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli sərəncamına əsasən X19 adına qeydiyyatdan keçmişdir. ünvan 3, 88 saylı mənzil xx.xx.1999-cu il tarixli orderə, X9 razılıq ərizəsinə, Bakı şəhəri Yasamal ryon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 67 saylı sərəncamına X1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 52 saylı notanat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixdi 48/03-651 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. ünvan 3, 90 saylı mənzil xx.xx.1999-cu il tarixli orderə, X33, X20 razılıq ərizələrinə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 265 saylı sərəncamına əsasən X2 adına qeydiyyatdan keçmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-28974/2025 nömrəli məktubda göstərilmişdir ki, ünvan 5 ünvanında yerləşən binada 91 ədəd mənzil qeydiyyata alınmışdır. Həmin məktubla təqdim olunmuş sənədlərdən görünür ki: -xx.xx.2002-ci il tarixli 030447 nömrəli Orderə əsasən Qədirov Azərə ünvan 8 ünvanında yerləşən mənzil ayrılmışdır. Həmin mənzildə 6 nəfər ailə üzvü olmaqla Qədirov Azər yaşayış yeri üzrə qeydiyyata alınmışdır. -Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 33 nömrəli Sərəncamına əsasən Müdafiə Nazirliyinin 12 nəfər hərbi qulluqçusunun mənzilinə dair order verilməsi qərara alınmışdır. -xx.xx.1999-cu il tarixli 030649 nömrəli Orderə əsasən Allahverdiyev Şahbaza ünvan 9 ünvanında yerləşən mənzil ayrılmışdır. Həmin mənzildə 3 nəfər ailə üzvü olmaqla Allahverdiyev Şahlar yaşayış yeri üzrə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 67 saylı Sərəncamına əsasən Müdafiə Nazirliyinin 14 və 12 nəfər hərbi qulluqçusunun mənzilinə order verilmişdir. -xx.xx.1999-cu il tarixli 030429 nömrəli Orderinə əsasən Bakı şəhəri, Naximov küçəsi, ev 35, mənzil 82 Qazıyev Elşada ayrılmışdır. Həmin mənzildə 4 nəfər ailə üzvü olmaqla, Qazıyev Elşad yaşayış yeri üzrə qeydiyyata alınmışdır. -xx.xx.1999-cu il tarixli 997 saylı Sərəncama əsasən Müdafiə Nazirliyinin 3 nəfər hərbi qulluqçusunun mənzillərinə order verilməsi qərara alınmışdır. -xx.xx.1999-cu il tarixli 030427 nömrəli Orderə əsasən ünvan 10 ünvanında yerləşən mənzil Dəmirov Məstana ayrılmışdır. Həmin mənzildə 5 nəfər ailə üzvü olmaqla, Dəmirov Məstan yaşayış yeri üzrə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 184 saylı Sərəncamına əsasən Müdafiə Nazirliyinin 2 və 6 nəfər hərbi qulluqçusunun mənzilinə order verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 1477 nömrəli məktubunda bildirilmişdir ki, sözügedən ünvan Müdafiə Nazirliyinin balansındadır, lakin Müdafiə Nazirliyi ilə heç bir əmək münasibətiniz olmadığına görə Bakı şəhər, Xətai rayonu, Polad Həşimov(Naximov) küçəsi, ev 35, 74 nömrəli mənzilə sizinlə kirayə müqaviləsinin bağlanması imkanlar xaricindədir. Anlayışla qəbul edilməsi xahiş olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı halda cavabdeh iddiaçı ilə orqan arasında bu günədək hər hansı xidməti və ya əmək münasibəti mövcud olmadığına, eyni zamanda iddiaçının mənzilin əvvəlki kirayəçisi Liliya Ustyuqovanın vərəsəsi olmasına dair sənəd (vərəsəlik şəhadətnaməsi) təqdim etmədiyi, həmçinin Liliya Ustyuqovanın qızının razılığını almadan həmin mənzilə dair iddir irəli sürdüyünü əsas gətirərək iddiaçının subyektiv hüququnun olmadığına istinad etmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının mübahisəli mənzildə məskunlaşdığı vaxt qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş): -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Sadalanan normalardan görünür ki, sosial kirayə müqaviləsi üzrə mənzilin kirayəçisi tanınmış şəxsin öz ailə üzvlərini və ya onunla birgə təsərrüfat aparan digər ailə üzvlərini kirayəçisi olduğu mənzilə köçürmək hüququ vardır. Kirayəçinin həmin mənzilə başqa şəxsin köçürməsi halı kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması əsası ilə dəyişikliyə səbəb olur. Eyni zamanda kirayəçi vəfat etdiyi halda kirayəçinin ailə üzvləri vəfat etmiş kirayəçinin yerinə özlərinin mənzilin kirayəçi kimi tanınmasını və yaxud kirayə müqaviləsinin adına bağlanmasını tələb etmək hüququ vardır. İşin hallarından müəyyən olunur ki, mübahisə predmeti olan Naximov küçəsi, ev 35, mənzil 74 ünvanında yerləşən blok 6, 5-ci mərtəbədə yerləşən 2 otaqlı 32.77 kv.m sahəsi olan mənzil ilkin olaraq xx.xx.1979-cu il tarixli 174921 nömrəli xidməti orderə əsasən X11 2 nəfər ailə üzvü ilə birlikdə istifadəsinə verilmiş, daha sonra N saylı hərbi hissə komandirinin 1989-cu il tarixli “Şəxsi hesabın adının dəyişdirilməsi haqqında” Qərara əsasən mənzilin şəxsi hesabı X24 adına keçirilmişdir. İddiaçı mənzilin kirayəçisi X35 ilə xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuş, X36 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İddiaçı hazırda da mübahisəli ünvanda faktiki yaşayır və xx.xx.2004-cü il tarixdən həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Göründüyü kim iddiaçı mənzilin keçmiş kirayəçisi olmuş X35 ilə rəsmi nikahda olmaqla həmi mənzildə məskunlaşmış, mənzilin hazırkı balansaxlayıcısı olan cavbadeh mənzil kirayəçisinin vəfatı ilə bağlı kirayə müqaviləsinə xitam verməmiş, mənzili geri tələb etməmiş, hazırkı halda mənzil iddiaçının yaşayış yeri olmaqla faktiki istifadəsindədir. Məhkəmə eyni zamnada qeyd edir ki, iddiaçının hazırkı tələbi mənzilin balanssaxlayıcısı ilə mənzil kirayə müqaviləsinin bağlanması deyil, mənzilin xidməti mənzillərin siyahısından çıxarılmaqla ümumi dövlət mənzil fonduna daxil edilməsi üçün hazırkı balansaxlayıcı olan cavabdeh Müdafiə Nazirliyinin müvafiq ica hakimiyyətinin razılığının alınması üçün müraciət etməsidir. Qeyd edilən hüquqi hərəkəti tələb etməyə isə yuxarıda sadalanan oxşar mənzil qanunvericilik normalarına əsasən mənzilin kirayəçisi olmuş və onunla birlikdə yaşayaraq birgə təsərrüfat aparmış hər bir ailə üzvü səlahiyyətlidir. Cavabdehin istinad etdiyi X3 razılığının alınıb-alınmaması məsələsi isə mənzil xidməti mənzillər siyahısından çıxarılaraq müvafiq icra hakimiyyəti orqanının balanasına daxil edildikdən sonra yeni balanssaxlayıcı ilə mənzilə dair konkret ailə üzvünün adına daimi kirayə müqaviləsinin bağlanmasının tələb edilməsi zamanı müzakirə edilməli olan məsələ olub, yalnız yeni balanssaxlayıcının irəli sürə biləcəyi dəlildir. Başqa sözlə, mənzilin keçmiş kirayəçisinin qızının razılığının alınmaması hazırkı mübahisə üzrə tələb olunan dəlil deyildir və bu hal kirayəçinin bir digər ailə üzvü olan- əri olmuş hazırkı iddiaçının hazırkı iddianı irəli sürməsinə mane hesab olunmur. Beləliklə, subyektiv hüquqa dair şərt hazırkı iddia üzrə ödənilir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. "İnzibati icraat haqqında" Qanunun: - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli Qərarı ilə “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın: -1.8-ci bəndinə görə yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. -3.1-ci bəndinə görə yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. -3.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi barədə təklifə müraciət daxil olduğu vaxtdan 15 gündən gec olmayaraq baxılaraq, müraciət edən orqana razılıq və ya əsaslandırılmış imtina məktubu verilir. -3.5-ci bəndinə əsasən aşağıdakı əsaslardan hər hansı birinin olduğu müəyyən edildikdə, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsindən imtina edilə bilər: 3.5.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında tutulması; 3.5.2. yaşayış sahəsi üzərində yüklülüyün və ya məhdudiyyətin olması; 3.5.3. yaşayış sahəsinin müvafiq xüsusi təyinatlı yaşayış sahəsi üçün müəyyən edilən tələblərə cavab verməməsi. -3.8-ci bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. - 4.3-cü bəndinə görə xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Göründüyü kimi iddiaçının hüquqi marağı bir-biri ilə bağlı iki ardıcıl mərhələni özündə ehtiva edir. -xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması; -xüsusi təyinatlı mənzil fondundan çıxarıldıqdan sonra mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi. İddiaçının hazırki tələbi də ondan ibarətdir ki, xüsusi təyinatlı mənzil fonduna aid olan həmin mənzil xidməti mənzillər sırasından çıxarılması cavabdehə həvalə olunsun. İddia tələbindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı, yəni mənzilin xidməti mənzillər sırasından çıxarılmasında məqsədi gələcəkdə kirayə müqaviləsi bağladıqdan sonra onu özəlləşdirməkdir. Mübahisəli mənzil yuxarıda da qeyd edildiyi kimi ünvan 7 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır və xidməti mənzil statusuna malikdir. Qeyd edildiyi kimi xidməti (xüsusi təyinatlı) yaşayış sahələri müvəqqətidir, özəlləşdirməyə əsas vermir. Xidməti mənzil yalnız xidməti mənzillər siyahısından çıxarıldıqdan sonra həmin mənzilə dair müddətsiz kirayə müqaviləsi bağlanıla bilər. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən xidməti mənzilin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi və xidməti mənzil fondu sırasından çıxarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla həyata keçirilir. Hazırkı iddiaya münasibətdə xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması bilavasitə müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış razılıq əsasında həyata keçirilə bilər. Qanunvericilikdə mənzillərin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi, təklif edilən mənzilin xüsusi təyinatlı mənzil fonduna aid edilməkdən imtinanın əsasları nəzərdə tutulsa da xüsusi təyinatlı mənzil fondundan çıxarılmanın əsasları nəzərdə tutulmamışdır. Başqa sözlə, xidməti mənzilin hansı hallarda xüsusi təyinatlı mənzil fondundan çıxarılmalı olması halları bilavasitə tənzimlənməmişdir. Qanunvericilik bu sahədə səlahiyyəti bilavasitə sərəncamında xüsusi təyinatlı mənzil olan qurumun vəsatəti, müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanına həvalə etmişdir. İddiaçıyla sözügedən mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanması üçün mənzilin xidməti mənzillərin sırasından çıxarılması, xidməti mənzillər sırasından çıxarılması isə qeyd edildiyi kimi müvafiq müraciət əsasında razılaşdırma qaydasında xidməti mənzillər sırasından çıxarılma barədə qərarın qəbul edilməsi tələb olunur. Hazırkı iddia üzrə müvafiq icra hakimiyyəti orqanının razılıq alınması üçün müvafiq orqana müraciət edilməmiş, razılıq əldə edilməmişdir. Beləliklə, xidməti mənzillər sırasından çıxarılma məhkəmə tərəfindən deyil, müvafiq dövlət orqanının qərarı əsasında həyata keçirilə bilər. Mənzil qanunvericiliyi ilə məhkəmənin dövlət fonduna aid mənzilin xidməti mənzillər sırasından çıxarmaq kimi səlahiyyəti müəyyən edilməmişdir. Bu baxımdan iddiaçının iddia tələbinə uyğun olaraq birinci mərhələdə mübahisə predmeti olan mənzilin xidməti mənzillər siyahısından çıxarılması üçün aidiyyəti üzrə müraciət edilməsi icra edilməlidir. Bu baxımdan qanunvericilikdə xüsusi tənzimləmə olmadığından cavabdeh inzibati orqanın bu xarakterli müraciəti etməsi diskression səlahiyyət kontekstindən qiymətləndirilməli və buna uyğun qərar qəbul edilməlidir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). İnzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Bu baxımdan məhkəmə işin faktiki hallarına uyğun olaraq qeyd edir ki, cavabdeh inzibati orqan heç bir faktiki və hüquqi əsaslandırma olmadan, qanunun məqsədlərinə uyğun olmayan şəkildə qəti mövqe tutmuşdur ki, hazırki iddia tələbi şəklində səlahiyyət icra edilə bilməz. Halbuki, iş materiallarında olan Milli Qeydiyyat Sistemindəki məlumatlara əsasən mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın tərkibində dövlət qeydiyyatına alınmış 90 ədəd mənzilin mövcuddur ki, onların ilkin olaraq qeydiyyata alınmasına əsas olan sənədlərlə mübahisə predmetinə dair sənədlər arasında fərqli hallar yoxdur. Bu baxımdan iddiaçının hüquqi marağının təmin edilməsi istiqamətində, eləcə də bərabər yanaşmanın nümayiş etdirlməsi nöqteyi-nəzərindən digər mənzillərlə mübahisə predmeti olan mənzilə fərqli yanaşmanın nümayiş etdirilməsi diskresion səlahiyətin şəxsin hüquqlarını əsassız məhdudlaşdıracaq şəkildə icrasıdır. Bu baxımdan məhkəmə hesab edir ki, gələcəkdə iddiaçı və ya digər şəxslərə vərəsəlik hüquqi baxımdan hər hansı mübahisənin olma ehtimalı belə cavabadehi hazırkı tələbə yönəlik hərəkətlər edilməsindən imtina etməyə haqlı çıxara bilməz. Bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQnun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Göründüyü kimi işin faktiki halları nəzərə alınmaqla, eləcə də iddiaçının ailə vəziyyəti (həmin mənzildə qeydiyyata alınmaqla ilkin hüquq sahibi olan şəxslə ər-arvad olması), mənzilin uzun müddət faktiki və xidməti mənzillə bağlı olmadan iddiaçı tərəfindən istifadəsi, həmçinin mənzilin binada olan digər mənzillərdən fərqli şəkildə xüsusi status kimi xidməti mənzillər siyahısında saxlanılması zərurətinin olmaması nəzərə alınmaqla xüsusi təyinatlı mənzil fondundan çıxarılma üçün diskresion səlahiyyətlərindən istifadə edərək Əmlak Məsələləri Dövlət Xidmətinə razılaşdırma ilə bağlı müraciətdən çəkinməsi yuxarıda göstərilən qanunvericilikdə qadağan edilmiş fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş hərəkətsizlik kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının sözügedən mənzildə onilliklər boyu qeydiyyatda olmaqla faktiki yaşaması mənzilin ilkin olaraq ailə üzvlərinin istifadəsinə verilməsi və binadakı digər mənzillərin mülkiyyətə keçirilməsi nəzərə alınmaqla, onun həmin mənzilə dair hüquqi marağı sadəcə subyektiv arzu deyil, mülkiyyətə ekvivalent “legitim gözlənti” kimi qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh xüsusi təyinatlı mənzil fondundan çıxarılması məsələsinə işin yuxarıda qeyd olunan faktiki hallarını da nəzərə almaqla razılaşdırma ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi zəruri olmuşdur ki, cavabdeh həmin zərurəti nəzərə almadan Xidmətin münasibətini aydınlaşdırmadan, müraciətin təminindən diskresion səlahiyyət çərçsivəsində araşdırma aparmadan birbaşa imtina etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır ilə bağlı qanunvericiliyin tələbi cavabdeh tərəfindən pozulmuş, cavabdeh qanunauyğun qərarlardan birini qəbul etmək hüququna malik olsa da, həmin hüquqdan yaranmış səlahiyyətlərindən düzgün istifadə etməmiş, hətta qərar imtina olsa belə, onun qanunauyğun olub-olmadığına münasibətdə işin faktiki hallarını nəzərə almamış, Əmlak Məsələləri Dövlət Xidmətinin rəyini almadan xidməti mənzilin digər mənzillər siyahısına daxil edilməsini həyata keçirməmiş, eləcə də mənzilin heç bir zərurət müəyyən edilmədən xidməti mənzillər siyahısında saxlanılmasına yönəlmiş, faktiki olaraq isə iddiaçının və uzun müddətli, lakin artıq xidməti zərurətlə əlaqəsi olmayan faktiki istifadəsinə yönəlmiş mövqe nümayiş etdirmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki halda cavabdeh inzibati orqan tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi alınmalı, (rəyin müsbət və mənfi olması), rəy mənfi olduğu təqdirdə iddiaçının məhkəməyə və ya yuxarı inzibati orqanlara qarşı bununla bağlı müraciət etmək hüququ real olaraq müəyyən edilməlidir. Bu baxımdan iddia təmin edilməli və cavabdehin üzərinə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (Naximov) küçəsi, ev 35 ünvanında yerləşən 74 nömrəli mənzilin xidməti mənzillər siyahısından çıxarılması məsələsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi öhdəliyi qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (Naximov) küçəsi, ev 35 ünvanında yerləşən 74 nömrəli mənzilin xidməti mənzillər siyahısından çıxarılması məsələsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar