Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11321/2022 27.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xalıq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsində hüquq məsləhətçisi işləyir), cavabdehin nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “faktiki istifadədə olan (1580 kv.m) xx.xx.1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsi üzərində istifadə hüququnun iddiaçının mərhum atası X6 məxus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq “faktiki istifadədə olan (1580 kv.m) xx.xx.1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsi üzərində istifadə hüququnun iddiaçının mərhum atası X6 məxus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 mart 1999-cu il tarixində Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X2 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının qərarı ilə vəfat etmiş iddiaçının atasına- X7 Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Lakin ayrılmış torpaq sahəsinin indiyə qədər tam sənədləşdirilməsi müxtəlif səbəblərdən mümkün olmamışdır. “18 mart 1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin 49 illik müvəqqəti istifadəsinə verilməsi haqqında sərəncam verilməsi və bununla bağlı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5355/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-2015/2022 saylı qərarına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5355/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2015/2022 saylı qərardadının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, iddiaçının mərhum atasına ayrılmış torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək üçün onun əvvəlcə həmin torpaq sahəsinin atasına məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq arayışın verilməsi ilə bağlı müraciət etməsi vacibdir. Yalnız həmin tələbi təmin olunduqdan sonra iddiaçı iddia etdiyi daşınmaz əmlakla bağlı öz hüquqlarını reallaşdıra bilər. Qeyd olunanları nəzərə alaraq iddiaçı torpaq sahəsi üzərində istifadə hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı sözügedən hüquqmüəyyənedici sənədlə cavabdeh - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi. İnzibati orqan müraciətimə xx.xx.2022-ci il tarixli, **********33 nömrəli məktubla bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinin mərhum X5 adına dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin ünvanladığı məktub qanunsuz və əsassızdır. Cavabdeh - inzibati orqana müraciəti qeydiyyatdan keçib- keçməməsi haqqında ətraflı məlumat verilməsi ilə bağlı deyil, torpaq sahəsi üzərində istifadə hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin, inzibati orqan müraciətinə cavab məktubunda qeyd etmişdir ki, müvafiq ünvanda yerləşən torpaq sahəsinin mərhum - X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Cavabdeh sözügedən məktubla bir daha sübut edir ki, müraciəti tam araşdırılmamışdır. Ərizənin mahiyyətindən də bəlli olduğu kimi sözügedən torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi barədə məlumatlı olmuşdur. Müraciəti zamanı istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi həm qeydiyyatdan keçmiş daşınmaz əmlaklarla, həm də qeydiyyatdan keçməmiş daşınmaz əmlaklarla bağlı olan münasibətləri tənzimləyir. Ərizənin məqsədi hüquqmüəyyənedici sənədlə mərhuma məxsus olan hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona məxsus olması haqqında arayışın verilməsi ilə bağlı olmuşdur. Bundan əlavə, arayış və çıxarış məsələsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(102)-2357/2019 saylı, xx.xx.2021-ci il tarixli 2-1 (f02)-2113/2021 saylı və xx.xx.2022-ci il tarixli 2-1 (102)-207/2022 saylı qərarlarında kassasiva mövqeyi bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа ərizəsinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Torpaq sahəsi yarımstansiyanın hasarına bitişik yerləşmişdir və elektron kadastr baza məlumatlarına əsasən “yaşayış məntəqələrinin torpaqları" kateqoriyalı olmaqla dövlət mülkiyyətindədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, öhdəliyin icrası haqqında iddia olduğu üçün qanunla iddia müddətinin tətbiqi nəzərdə tutulmamışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X2 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarına əsasən X7 Zabrat-İİ də yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən yaşayış binası tikmək üçün torpaq sahəsi ayrılmasına razılıq verilmişdir. Boş yerdə tikilən bina yarımdartıcı stansiyasının mütəmadi işləməsinə heç bir maneə göstərmir. Bu qərar verildiyi tarixdən qüvvəyə minmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********33 nomrəli məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinin mərhum X5 adına dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir; sorğuda qeyd olunan torpaq sahəsinə dair ətraflı və dəqiq məlumat (sahəsi, koordinatları və ünvan göstəriciləri) təqdim edildiyi halda sorğuya yenidən baxıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notarial ofisinin xx.xx.2022-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin rəisinə ünvanladığı məktubunun surətinə əsasən, X5 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinə dair çıxarış verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən xahiş edilmişdir AZ-İ 766648 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X9 xx.xx.2015-ci ildə vəfat etmişdir. İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1997-ci il təvəllüdlüdür. XXİ-ЖГ seriyalı 252938 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı xx.xx.1997-ci ildə doğulmuşdur. X3, anası isə X8r. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən dövlət müəssisələri, idarələri və təşkilatları əsas fəaliyyət sahəsinə xələl gətirmədən istifadələrində olan torpaqlardan öz işçilərinə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında müvəqqəti istifadəyə və icarəyə torpaq sahələri verə bilərlər. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin üzərində mərhum X9 tərəfindən hüquqların əldə edilməsini təsdiq edən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda göstərilən hər hansı sənədi cavabdehə və məhkəməyə təqdim etməmiş, həmin sənədlərin mövcud olması barədə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum X3na məxsus olmasına dair arayış verilməsini istədiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı torpaq olmaqla dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi müəssisəyə məxsus olmadığı halda müəssisənin müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə iddiaçının mərhum atasına yaşayış evi tikmək üçün ayrılmasına razılıq verilmişdir. Mübahisəli torpağın iddiaçının mərhum X3na istifadəyə və ya icarəyə verilməsi barədə icra hakimiyyətinin qərarı, həmin torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilə mövcud deyildir. Belə olan halda iddiaçının mərhum atası X1 İİ ünvanda yerləşən (1580 kv.m) torpağ üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs hesab oluna bilməz “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Cavabdeh haqlı olaraq daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsas olan arayış verilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı faktiki istifadədə olan (1580 kv.m) xx.xx.1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsi üzərində istifadə hüququnun iddiaçının mərhum atası X6 məxus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “faktiki istifadədə olan (1580 kv.m) xx.xx.1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsi üzərində istifadə hüququnun iddiaçının mərhum atası X6 məxus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” haqqında iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-11321/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11321/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver