Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11325/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Rudolfoçin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Rudolfoçin cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Azərbaycan Respublikasına mənsubiyyəti faktını təsdiq edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 15 sentyabr 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. 07 oktyabr 1969-cu il tarixli ******* nömrəli qeyd ilə Bakı şəhəri Səbail rayonu üzrə təsdiqlənmiş Doğum haqqında şəhadətnaməyə əsasən, atası X5, anası isə X3 təsdiq olunmuşdur. xx.xx.1984- cü il tarixli 8-ci sinfin bitirməsini təsdiq edən şəhadətnaməyə əsasən, İddiaçı Bakı şəhəri, 26 Bakı Bakı Komissarı adına 91 nömrəli orta məktəbin 8-ci sinfini bitirmişdir. xx.xx.1986-cı ildə Orta məktəbin bitirməsi hqqında Attestata əsasən, o, Bakı şəhəri, 26 Bakı Komissarı adına 91 nömrəli orta məktəbi bitirmişdir. xx.xx.1991-ci il tarixli HB782749 saylı Diploma əsasən, o Kirov adına Ali Hərbi Dəniz Qırmızı Bayraq məktəbini fərqlənmə ilə bitirmişdir. İddiaçı 1992-ci ilədək Bakı şəhərində yaşamışdır. Göstərilən sənədlərdən də görünür ki, iddiaçı Azərbaycan Respublikasının Bakı şəhərində doğulub, burada orta məktəbə gedib, sonradan isə ali təhsil müəssisəsinə daxil olub və oranı bitirib. İddiaçı ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmaqdan ötrü Rusiyaya göndərilmişdir və elə o vaxtdan orada yaşamağa başlamışdır. Nəzərə alsaq ki, 1991-ci ildə Sovet Sosialist Respublikası dağıldığı üçün, Azərbaycan Respublikası öz müstəqilliyini 18 oktyabr 1991-ci il tarixdə bərpa etmişdir, həmin ərəfələrdə də, Azərbaycanda yaşayan bütün vətəndaşlar Azərbaycan SSR pasportunun Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsininin alınmasına başlanılmışdır. Lakin qeyd edək ki, bu proses uzun çəkdiyindən, ərizəçi kimi çox vətəndaşlar Azərbaycan şəxsiyyət vəsiqəsini almadan, başqa ölkələrə köç etmişlər. Baxmayaraq ki, iddiaçı Azərbaycandan getmiş və sonradan Rusiya vətəndaşlığı almışdır, ailəsi burada qalmış və hazırda da anası və bacısı burada yaşayırlar və Azərbaycan Respublikasının vətəndaşıdırlar. İddiaçı hal-hazırda Azərbaycan Respublikasının vətəndaşlığını almaq niyyətindədir, lakin, üz tutduğu Dövlət Miqrasiya Xidmətindən, ərizəçinin Azərbaycana mənsubiyyətinin olmaması barədə imtina almışdır. Bu səbəbdəndir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edir və onun həqiqətən də, Azərbaycana mənsubiyyətinin olması və sonradan Azərbaycan Respublikasının vətəndaşlığının bərpa edilməsi istiqamətində işlər görmək niyyətindədir.
3. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərara əsasən, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, şəxsin xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli sorğusu əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11 -ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2019-cu il tarixdə ******* saylı qərar qəbul edilmişdir. Hesab edilir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, 1969-cu ildə Azərbaycan Respublikasında anadan olsa da sonradan Rusiya Federasiyasına getmiş və həmin ölkənin vətəndaşıdır (bu barədə şəxsin pasportunun surəti etiraza əlavə olunmuş, həmçinin, Azərbaycan Respublikasında onun pasport qeydiyyatında olması barədə məlumat mövcud deyildir, bu barədə sistem üzrə məlumat etiraza əlavə olunmuşdur). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi, 4.1.1-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxsin adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1 -ci yarımbəndində nəzərdə tutulan (-“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək -1998-ci il oktyabrın 7dək- Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Bundan başqa, DMX-nin yuxarıda qeyd olunan qərarı 2022-ci ilin mayın 4-də şəxsə DMX tərəfindən təqdim edilmişdir (bununla bağlı müvafiq sənəd etiraza əlavə olunur). Lakin iddia ərizəs cari ilin avqust ayında şəxs tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir.
5. Bu da o deməkdir ki, iddiaçı DMX-ya qarşı məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunmuş iddia qaldırmaq müddətini pozmuşdur.
6. İddiaçı doğum haqqında şəhadətnaməsinə əsasən atası X5 (milliyyətcə rus), anası isə X2 (milliyyətcə rus).
7. Orta təhsil haqqında attestata əsasən İddiaçı 1986-cı ildə Bakı şəhəri 91 nömrəli ora məktəbi bitirmişdir.
8. Rusiya Federasiyası vətəndaşının pasportuna əsasən Kyalov Victor (Кялов Виктор Рудольфович) Rusiya Federasiyası vətəndaşıdır və P RUS 76 ******* nömrəli Rusiya Federasiyası vətəndaşının pasportunun sahibidir.
9. İddiaçının ərizəsi əsasında cavabdeh qismində yalnız Dövlət Miqrasiya Xidməti, iddia tələbi vətəndaşlıq mənsubiyyətinin tanınması kimi dəqiqləşdirilmişdir.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, qeyd edilən xx.xx.2022-ci il tarixdə qərar iddiaçıya təqdim edilməmişdir.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
14. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
16. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.
17. Cavabdeh xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya xx.xx.2022-ci il tarixdə təqdim olunduğunu bildirsə də, qeydiyyat jurnalından çıxarışda olan məlumatlar qərarın etibarlı olaraq məhz həmin tarixdə iddiaçıya təqdim edildiyini müəyyən etməyə imkan vermir. İddiaçının nümayəndəsi və vəkili qərarın həmin tarixdə ona təqdim edildiyini mübahisələndirir.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).
21. Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı Azərbaycan SSR-in ərazisində doğulmuş və hazırda Rusiya Federasiyası vətəndaşıdır və xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olduğu müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
22. Məhkəmə qeyd edir ki, iddiaçı “ius sanguinis” (qan hüququ) və “ius soli” (torpaq hüququ) əsasında vətəndaşlıq əldə etmədiyindən (Azərbaycan SSR-in vaxtında doğulduğu üçün) vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən iddiaçını naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir.
23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva