Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11328/2022 10.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki 3 il üçün verilməmiş müavinətin hesablanaraq verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əvvəlki 3 il üçün verilməmiş müavinətin hesablanaraq verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya pensiya (oğlunun vəfatına görə) təyin edildiyi tarixdən əvvəlki 3 il üçün verilməmiş müavinətin hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 uzun müddət Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etmiş, rütbəsi kapitan olmuş, xx.xx.2009-cu il tarixində vəzifə başında olarkən travmatik şok səbəbindən dünyasını dəyişmişdir. Qanunvericiliyə müvafiq dəyişiklik edildiyi üçün valideyni olaraq oğlunun ailə başçısını itirməsinə görə ona da pensiya təyin edilmişdir. 13 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından ona bildirildi ki, mövcud qanunvericiliyə əsasən oğluna görə ödənilən pensiyanın vaxtında ödənilməmiş 3 (üç) il üçün hissəsini ala bilər və bununla əlaqədar ərizə ilə müraciət etməlidir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və ona pensiya təyin edildiyi tarixdən əvvəlki 3 il üçün verilməmiş müavinətin hesablanaraq verilməsini xahiş etmişdir. Lakin, cavabdeh ona xx.xx.2022-ci il tarixli **********9 saylı cavab məktubu ilə, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi filialı ödənilməli olan hər hansı borc məbləğinin olmadığı əsas gətirərək imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 14 mart 2022-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət edib. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 8 aprel 2022-ci il tarixli **********1 nömrəli məktubunda ona yaşa görə əmək pensiyasının 31 mart 2022-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq, 1 aprel 2022-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya mərhum oğlu X4 təminat xərcliyinin (1899,40 manat) 35 faizi- 664,79 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.1954-cü il təvəllüdlü İddiaçı AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubu. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarının və iddiaçının pensiya işinin təsdiq olunmuş surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixədək 268,62 manat məbləğində yaşa görə pensiya ödənilmişdir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən X3 ölümü ilə əlaqədar 308 nömrəli Məlumat Vərəqi doldurulub Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. X7 əsasən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası 1 aprel 2022-ci il tarixdən Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən mərhum oğlu X3 təminat xərcliyinin (1043,80 manat) 80 faizi-664,79 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. İddiaçı B.S.Həsənova Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala müraciət edərək, ona keçmiş müddət üçün (əvvəlki üç il üçün) ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialın xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubuna əsasən həmin məbləğin ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur və iddiaçının hər hansı hüququnu pozmur: Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən verilmiş sorğuya əsasən, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixədək, ailə başçısını itirməyə görə əmək pensiyası isə xx.xx.2022-ci il tarixdən ödənildiyindən, yəni iddiaçının tələb etdiyi əvvəlki üç il ərzində iddiaçı yaşa görə əmək pensiyası aldığından, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, həmçinin qanunvericilik şəxsin pensiya növünün dəyişdirilməsini öz arzusundan asılı etdiyindən və bununla bağlı iddiaçı xx.xx.2022-ci il tarixində müraciət etdiyindən onun hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev