Məhkəmə qərarları › İş №2-1(112)-1133/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1133/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1133/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə (üçüncü şəxs X6) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları

1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli, 069-5285N nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə nəzərdə tutulmuş şəxsin qeydiyyata alınmasına əsas olan hallar ona izah edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən müraciətində göstərilən məsələ ilə bağlı aidiyəti üzrə məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur.

3. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 11 sentyabr 2010-cu il tarixdə X9 ilə ailə qurmuş və gəlin kimi ünvan 2 ünvanına köçmüşdür. Sonra bir müddət kirayədə yaşamışlar. Nəhayət 2011-ci ildə qaynatasının adına olan sərəncama əsasən fərdi yaşayış evinin tikintisinə başlamışlar. Həmin tikintidə onun qohumları iştirak edib evi tikmişlər, bundan əlavə həmin tikintiyə görə ona məxsus bütün qızıllarını satmış, eləcə də anası və qohumlarının köməyi ilə onların verdiyi vəsaitlərdən həmin tikintiyə istifadə olunmuşdur. Qardaşı hər gün işdən gəlib fərdi evin tikintisində iştirak etmişdir. Fərdi yaşayış evi hazır olan gündən o, ailəsi ilə, uşaqları ilə birlikdə bu günə kimi orada yaşayır və tikilinin kommunal xərcləri onun tərəfindən ödənilir. X1 ona qarşı fərdi yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək, onu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən azyaşlı övladları ilə birlikdə çıxarılaraq mənzilin boşaldılması və qaynanasının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Qaradağ rayon məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə onun evdən çıxarılması təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarları ilə Qaradağ rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin mənzilə qeydiyyata alınmaq üçün cavabdehə müraciət etmiş, cavabdeh tələbini təmin etməkdən imtina etmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

6. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Tərəflərin mövqeyi

8. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

9. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

10. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. Hazırda iddiaçı cavabdehdən onun yaşadığı fərdi yaşayış evi üzrə qeydiyyata alınmasını xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

13. İddia mahiyyəti üzrə əsaslıdır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

14. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər.

15. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir.

16. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.

17. İş materialları ilə müəyyən olunur ki, iddiaçının hazırda qeydiyyata alınmaq istədiyi mübahisəli yaşayış sahəsi özbaşına tikilidir.

18. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən 5a saylı mənzilin dövlət reyestrində, habelə ünvan reyestri informasiya sistemində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

19. Həmçinin Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 13-20/46 nömrəli məktubundan görünür ki, araşdırma zamanı aydın olmuşdur ki, sözügedən sənədsiz fərdi yaşayış evi uzun müddət mübahisəlidir. İddiaçı tərəfindən Sahil qəsəbə İƏD-i üzrə nümayəndəliyinə sənədsiz evə dair heç bir əsaslı sənəd (sərəncam, çıxarış, kommunal xidmətlərə aid) təqdim edilməmişdir. Lakin sənədsiz evə köçürülmə barədə Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə onun keçmiş X1nın qeyd olunan ünvanda yaşaması üçün hüquq verilmişdir. Həmçinin azyaşlı X8 və X5 qeyd olunan sənədsiz ünvanda yaşamaları üçün hüquq verilmişdir. Eyni zamanda iddiaçının Ə.Gülbabayev küçəsi, ev 2, mənzil 45 ünvanında daimi qeydiyyatda olduğu göstərilmişdir.

20. Lakin işdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-335/2021 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdeh X2 qarşı fərdi yaşayış evindən çıxarılma və həmin fərdi yaşayış evinə köçürülmə tələblərinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X3 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, “Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin, onların nümayəndələrinin izahatlarına, şahidlərin ifadələrinə, yazılı sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, mübahisəli yaşayış evi faktiki olaraq Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamına əsasən iddiaçının mərhum həyat yoldaşına qaraj tikintisi üçün ayrılmış yerdə inşa edilmişdir və hazırda özbaşına tikili olmaqla hüquqmüəyyənedici sənədi yoxdur. Tərəflərin həmin evlə bağlı hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna baxmayaraq, mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özlərinin izahatlarına və qonşuların notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən müəyyən olunur ki, həmin ev cavabdehin (Fərqanə Qədirova) uşaqları ilə birlikdə faktiki yaşayış yeri olmuşdur. Həmçinin, şahidlərin (A.Cavadov, İ.Nəcəfzadə) ifadələrinə əsasən cavabdehin evin tikintisində iştirakı, kommunal ödəniş qəbzlərinə, "xxxx" MMC tərəfindən tərtib edilən arayışa əsasən cavabdehin keçmiş ərinin tikiliyə aidiyyəti nəzərə alınmaqla, cavabdehin uşaqları ilə birlikdə mübahisəli yaşayış evindən çıxarılması tələbi əsassız və ədalətsiz hesab olunmalıdır.”.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8158/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(002)-335/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 1547/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8158/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. İşdə olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 507 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı ünvan 6 ünvanında qeydiyyatda olsa da, faktiki bu ünvanda yaşamır.

24. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı halda mübahisəli yaşayış sahəsinə dair Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənəd təqdim etməsə də, onun mübahisəli yaşayış sahəsindən çıxarılmasında imtina barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-335/2021 nömrəli qətnaməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsinə köçmək üçün əsas verən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi qiymətləndirilməlidir.

25. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisəli yaşayış sahəsi iddiaçının yaşayış yeri kimi tanınmış, onun həmin yaşayış sahəsində çıxarılması barədə iddia təmin edilməmişdir.

26. O da xüsusilə qeyd edilməlidir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olubolmamasından asılı etməmişdir.

27. Beləliklə, göstərilənlərə əsasən məhkəmə iddiaçının ünvan 1 ünvanında yaşadığını, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin ünvanın iddiaçının yaşayış yeri kimi tanındığını nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddia təmin olunsun. İddiaçı xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar