Məhkəmə qərarları › İş №2-1(112)-11337/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11337/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11337/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndələri X3 və X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “iddiaçıdan 161,86 manat məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 161,86 manat məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Cavabdeh (SSN: **********745; FİN: xxxxxxx) tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, 1 mart - 4 iyul 2021-ci il dövrünü əhatə edən SN 00007 seriyalı 003398 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə hamiləliyə və doğuma görə müavinətlə bağlı haqqhesab cədvəlinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında yenidən baxılmışdır. Baxış zamanı Cavabdeh tərəfindən “Elektron hökumət” portalı vasitəsilə MEİS-ə daxil edilmiş ********************77990 nömrəli haqq-hesab cədvəli üzrə ödənilmiş hamiləliyə və doğuma görə müavinətin Cavabdeh qanuni əsas olmadan ödənildiyi məlum olmuşdur. Belə ki, Cavabdeh fiziki şəxs olmasına baxmayaraq özü barədə hamiləliyə və doğuma görə məzuniyyət əmri rəsmiləşdirmişdir. Nəticədə məcburi dövlət sosial sığorta haqları hesabına əsassız olaraq 161,86 manat (bir yüz altmış bir manat səksən altı qəpik) müavinət məbləği Cavabdeh tərəfindən daxil edilmiş poçt rekvizitləri üzrə ödənişə göndərilmiş və artıq ödəmə halı yaranmışdır. Cavabdeh haqq-hesab cədvəlinə özü barədə əlavə etdiyi “hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə əmr”i özü imzaladığından qanunazidd hərəkətə yol vermişdir və müvafiq müavinəti almaq hüququ yoxdur. Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxs öz-özünü sığorta etdiyi, başqa sözlə öz xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyətini özü həyata keçirən fiziki şəxs statusunda olduğu üçün sığortaedən hesab edilir. Öz-özünü sığortaedən fiziki şəxslərin müavinət üçün müraciəti zamanı hər hansı rəhbər və ya digər üçüncü şəxslər iştirak etmir, bu səbəbdən də müavinətlərin təyin edilməsində fiziki şəxs özü məsuliyyət daşıyır. Filial tərəfindən Cavabdeh 29 mart 2024-cü il tarixli 3-17-1/2-Ə-73090/2024 nömrəli məktubla Əsasnamənin müvafiq hissələrinə istinad edilərək sifarişli poçt göndərişi ilə müraciət olunmuş, məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 161,86 manat məbləğində müavinətin geri qaytarılması tələb edilmişdir. Müavinət məbləğinin geri qaytarılmadığı halda qanunamüvafiq qaydada məhkəməyə müraciət ediləcəyi adıçəkilən məktubda bildirilmiş, lakin müavinət məbləğinin geri qaytarılması bugünədək təmin edilməmişdir. MEİS-in “Əmək və Məşğulluq” altsistemində Cavabdeh aktiv əmək müqaviləsi mövcud deyildir. Artıq ödənilmiş müavinət məbləği Fondun əmlakı (həmçinin dövlət əmlakı) əsasında formalaşmış məbləğdir ki, həmin məbləğ hesabına ölkə üzrə pensiyalar və müavinətlərin ödənişi həyata keçirilir. Filial tərəfindən sığortaolunanlara məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən sosial sığorta ödəmələrinin düzgün hesablanıb ödənilməsi təmin edilir. Göründüyü kimi, Filial tərəfindən müavinətlərin ödənilməsi və ya ödənilməsindən imtina ediləsi hüquqi aktların qəbul edilməsi prosesidir və hazırkı iş üzrə mübahisə inzibati xarakterli münasibətlərdən irəli gələrək əmlak tələbi ilə bağlıdır. xx.xx.2024-cü il tarixdə Mərkəzi Filialdan cavabdehə məktub daxil olmuş, həmin məktubda qeyd edilmişdir ki, Cavabdeh aid xx.xx.2021-ci il tarixindən 04 07 2021-ci il tarixinədək dövrü əhatə edən SN 00007 seriyalı 003398 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə hamiləliyə və doğuma görə müavinətlə bağlı ********************77990 nömrəli haqq-hesab cədvəli emal edilərkən yuxarıda qeyd olunan maddələr gözdən yayınmış və xx.xx.2021-ci il tarixində haqq-hesab cədvəlinin müvafiq bölməsində qeyd olunan rekvizitlər üzrə 161,86 manat (bir yüz altmış bir manat səksən altı qəpik) məbləğində müavinət səhvən ödənişə göndərilmişdir. Məcburi dövlət sosial sığorta haqları hesabına səhv ödənilmiş 161,86 manat (bir yüz altmış bir manat səksən altı qəpik) məbləğində müavinətin geri qaytarılması üçün bank rekvizitləri təqdim edilmişdir. Artıq ödənilmiş müavinət məbləğinin bərpa edilməsi məqsədilə Filial tərəfindən xx.xx.2023-cu ıl tarixli 3-17-1/2-Ə-138046/2023 nömrəli məktub ünvanlansa da artıq ödənilmiş müavinət məbləğinin hazıradək geri qaytarılması təmin edilməmişdir. Elektrton Məhkəmə İnformasiya Sistemindən müavinətin ödənildiyi dövrə münasibətdə əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, cavabdehin övladı xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Hazırkı iddia, pensiya ödənişləri ilə bağlı münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, artıq ödənilmiş müavinətin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Odur ki, hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Tətbiq edilən hüquq. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 69.2. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; 1.1.5. sosial sığorta hadisəsi – sığortaolunana sığorta ödəməsinin ödənilməsi üçün əsas olan bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan hallar; Maddə 4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: ... hamiləlik və doğum; uşağın anadan olması; uşağa qulluq;... Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə tətbiq edilir. Maddə 6. Sosial sığorta üzrə ödəmələrin növləri Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: ... əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət;... Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan sığortaedənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır. Maddə 8. Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə əsasən:

65. Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

70. Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir.

99. Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Fondun struktur bölmərinə, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Fondun struktur bölməri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir. (Qeyd: normanın əvvəkli mətni: “99. Özüözünü sığortaedən fiziki şəxslərə, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına, məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda, müavinət Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunur və verilir.”) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İşin faktiki və hüquqi hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə qeyd edir ki, iddiaçıya hamiləliyə və doğuma görə müavinət verilməsi barədə DSMF orqanının qərarı, yəni inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə əsasən hüquqi qüvvəsini saxlamaqdadır və hüquqi cəhətdən etibarlıdır. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehdən ona ödənilmiş olan sosial müavinətin geri qaytarılması tələb edilməklədir ki, iddiaçı öz mövqeyini cavabdehin işçi, yəni sığortalı deyil, işəgötürən, sığortaçı olması ilə əsaslandırmaqdadır. Lakin iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən qeyd edilən sosial müavinətin qanunvericiliklə müəyyən edilməsinin əsas məqsədi iddiaçı tərəfindən düzgün dəyərləndirilməmiş, cavabdehin fərdi sahibkar qismində özü-özünü sığorta etməsi əsas gətirilməklə, ona ödənilmiş müavinətin geri qaytarılması tələb edilmişdir. Məhkəmə hesab edir ki, dövlətin sosial funksiyasının həyata keçirilməsindən ibarət fəaliyyətinin məhz bu funksiyanın icra edilməsi həvalə edilmiş orqan tərəfindən göstərilən şəkildə şərh edilməsi hüquqa zidd olmaqla cavabdehin hüquqlarını pozmaqdadır. Belə ki, sosial sığorta qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır və qanunverici bu təminatın həyata keçirilməsini məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə bağlı etmişdir. Sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitinin verilməsində məqsəd, sosial sığorta hadisəsi baş verdiyi təqdirdə ayrı-ayrı kateqoriya şəxslərə sosial yardımın göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitinin alınmasından ibarətdir. Lakin iddiaçı inzibati orqan tərəfindən hazırkı vəziyyətdə cavabdehin məcburi dövlət sosial sığorta haqlarını fərdi sahibkar qismində özü üçün ödəməsi əsas gətirilərək, onun işçi olmaması qənaətinə gəlinmiş və ödənilmiş vəsaitin geri qaytarılması tələb edilmişdir. Odur ki, inzibati orqanın sözügedən davranışı hüquqi müəyyənlik prinsipi baxımından yararlı fəaliyyət olaraq qiymətləndirilə bilməz. Həmçinin xüsusilə vurğulanmalıdır ki, cavabdeh ona ödənilmiş vəsaitə münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, ödənilmiş müavinət məbləğinin geri qaytarılması barədə tələbin təmin edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinin tələbləri baxımdından istisna edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “iddiaçıdan 161,86 manat məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar