Məhkəmə qərarları › İş №2-1(112)-1134/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1134/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1134/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və iddiaçıya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «iddiaçıya Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil oldudan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının valideynləri – atası X7 və ansı X4 2 noyabr 1981-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından 16 may 1982-ci il tarixdə iddiaçının bacısı X3, 18 oktyabr 1983-cü il tarixdə iddiaçı doğulmuşdur. İddiaçının ailəsi 1993-cü ildə bir dəfəlik olaraq Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və ölkəni tərk etmədən həmin vaxtdan bu günədəık bu şəhərdə yaşayırlar. X2 və bacısı Vəliyeva (Abbasova) Gülcahan Süleyman qızı (16 yaşında Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilmişdir) Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. 28 il fasiləsiz Azərbaycan Respublikasında yaşasa da, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını ala bilmir, hələ də Gürcüstan Respublikasının vətəndaşıdır. O, orta məktəbi Bakı şəhərində oxumuşdur. 1999-cu il tarixdə 28 saylı Laçın orta məktəbini bitirmişdir. 17 oktyabr 2013-cü il tarixdə Səadət Sarayı Bakı nikah evində əvvəllər qeyri- rəsmi ər-arvad kimi yaşadığı X5 ilə rəsmi nikaha daxil oİmuşdur. Onların qeyri-rəsmi və rəsmi nikahlarından Bakı şəhərində 26 noyabr 2006-cil tarixdə Elşən, 1 yanvar 2008-ci il tarixdə Gülmayə (25 avqust 2015-ci il tarixdə vəfat etmişdir), 23 iyul 2016-cı il tarixdə İsmayil, 27 avqust 2017-ci il tarixdə isə Amin adı övladları doğulmuşdur. Oğlu Elşən Bakı şəhəri Xətai rayonunun 221 saylı tam orta məktəbinin 8-ci sinfində təhsil alır.iddiaçının X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 11 saylı evin 532 saylı mənzilini 16 aprel 2014-cü il tarixdə notariat qaydada iddiaçıya bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29 aprel 2014-cü il tarixli RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 11 saylı evin 532 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. O, Azərbaycan Respublikasını doğma vətəni hesab edir, bütün varlığı ilə bu ölkəyə bağlıdır, heç bir ölkəyə getmək fikri yoxdur. Ailədə gələcəyin 3 Azərbaycan əsgəri vətənpərvər ruhunda böyüyür. Azərbaycanda yaşadığı 28 il ərzində doğma yurdu hesab etdiyi Azərbaycanın vətəndaşlığını almaq məqsədi ilə iddiaçı dəfələrlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin hər dəfə əsassız, qanunsuz olaraq ona Azərbaycan Respublikası vətəndaşlığının verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Göstərilənlərə və İPM-in 2, 33, 45, 46, 73-cü maddələrinə əsaslanaraq, iddiaçıya Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etrazında bildirilir ki, vətəndaşlıq məsələlərinin həlli Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir. Dövlət Miqrasiya Xidməti vətəndaşlıq məsələlərinə dair vəsatətləri qəbul etmək; həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Vətəndaşlıq mənsubiyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müəyyənləşdirmək; şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət etmək kimi vəzifələri yerinə yetirir. İddiaçı 6 may 2019-cu il tarixli sorğusu əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırılma aparılmış və onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı nəticəsinə gəlinmişdir (şəxsə bu barədə müvafiq arayış təqdim edilmişdir). Sözügedən şəxsin vətəndaşlıqla bağlı növbəti müraciəti AR X1 Miqrasiya Xidmətinə daxil olmuş, Xidmətin 3 may 2021-ci il tarixli məktubu ilə müraciət («Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 14-cü maddəsinə istinad olunaraq) cavablandırılmışdır. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Qanunun müddəasından göründüyü kimi şəxs ölkə ərazisində beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşadıqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən şəxs daimi yaşama vəsiqəsinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş (şəxsin DYİ vəsiqəsi 7 iyul 2021-ci il tarixdə bitir) və nəticədə X8 tərəfindən şəxsə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında qərar qəbul edilmişdir. Şəxs hal-hazırda müvəqqəti yaşama icazəsi əsasında ölkə ərazisində yaşayır. Odur ki, şəxs növbəti daimi yaşama icazəsi əldə etdikdən sonra vətəndaşlığa qəbulla bağlı müraciət edə bilər. Göstərilənlərə və İPM-in 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrinə səaslanaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 11 aprel 2021-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və iddiaçıya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun vəkili gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 4 may 2021-ci il tarixli ******* nömrəli qərarı ilə Gürcüstan vətəndaşı İddiaçı 3 may 2021-ci il tarixli müraciəti təmin edilərək, onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin etibarlılıq müddəti 8 iyul 2021-ci il tarixdən 8 iyul 2023-cü il tarixədək uzadılması, ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin uzadılması barədə etibarlılıq müddəti 8 iyul 2021-ci il tarixdən 8 iyul 2023-cü il tarixədək olan yaşamaq üçün icazə vərəqəsinin təqdim edilməsi, qanunvericilikdə nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, ona verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi qərar alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 aprel 2021-ci il tarixli ******* nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsinin müddətinin uzadılmasından imtina edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Həmin Məcəllənin 55.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Göründüyü kimi, mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən (müddətin uzadılmasından) imtina olunması, habelə əvvəllər verilmiş icazənin ləğvi üçün əsasların dairəsini konkret müəyyən etmişdir və əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilməməsi bu əsaslar sırasındadır. Məhkəmə vurğulayır ki, imtinanın əsası kimi istinad olunan xüsusat kimi iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilib-bilməməsinin müəyyən edilməsi hazırkı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin diskresion səlahiyyətlərində olan məsələdir və bu xüsusat nəzərə alınmaqla cavabdeh 11 aprel 2021-ci il tarixli ******* nömrəli qərarı qəbul etməkdə haqlı olmuşdur. Nəzərə alınamalıdır ki, İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Eləcə də, İPM-in 73.3.1-ci maddəsinə görə inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuzluğu üzrə xüsusatlar müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, İPM-in 73.3.1-ci maddəsinin tələbləriə görə iddiaçının arzuladığı hal kimi onun Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsinin müddətinin uzadılması öhdəliyi hazırkı cavabdeh inzibati orqanın üzərinə qoyula bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İddiaçı “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsinin müddətinin uzadılmasından imtina edilməsi barədə 11 aprel 2021-ci il tarixli ******* nömrəli qərarı (imtinası) qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və iddiaçıya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və iddiaçıya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar