Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1134/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri X1 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “məhsul subsidiyasının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Aztəsərrüfat" MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və “Taşobası" MMC-yə satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200.000 (iki yüz min) manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Aztəsərrüfat" MMC ilə "xxxx" MMC arasında 30 mart 2021-ci il tarixdə TO-03 saylı “Xam-pambığın alqı-satqısına dair“’ müqavilə bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən “Aztəsərrüfat" MMC tərəfindən “Taşobası" MMC-yə 2000 (iki min) ton kondisiya çəkisində xam pambıq satılmışdır. Tərəflərindən təhvil verdikləri pambığa görə məhsul subsidiyasının alınması ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilərək “Aztəsərrüfat" MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və "xxxx" MMC-yə satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200.000 (iki yüz min) manat məbləğində məhsul subsidiyasının ödənilməsi xahiş edilmişdir. AR Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli MİHO/12-2-2022-2238 №-li məktubuna əsasən “Aztəsərrüfat’' MMC-yə məhsul subsidiyasının ödənilməsindən imtina edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Kənd Təsərrrüfatı Nazirliyinə edilən müraciətlərə verilmiş cavabda subsidiyanın verilməsi 2020-ci ilin yanvar ayının 1dən etibarən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na uyğun olaraq X7 İnforasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsi bildirilməklə təhvil verilən və təhvil alınan kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatların EKTİS-ə daxil edilməsi göstərilmişdir. Pambıq əkini və təhvil verilən məhsulun qəbul qəbzləri barədə məlumatların EKTİS-ə (X7 İnformasiya Sistemi) daxil edilmədiyi üçün İddiaçı MMC-yə məhsul subsidiyasının ödənilməsindən imtina edilmişdir. AR Kənd Təsərrüfatı Nazirliyinin cavab məktubunda istinad etdiyi halların, pambıq əkini və təhvil verilən məhsulun qəbul qəbzləri barədə məlumatların EKTİS-ə daxil edilməməsi, həmçinin AR KTN-nin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda istinad etdiyi norma imperativ xarakter daşımır və məhsul subsidiyasının ödənilməməsinə səbəb ola bilməz. Eyni zamanda tədarük edilmiş və satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambıq "xxxx" MMC ilə aralarında bağlanmış 30 mart 2021-ci il tarixli TO-03 saylı “Xam-pambığın alqı-satqısına dair" müqavilə, eləcə də 13 sentyabr 2021-ci il tarixdən başlayaraq 22 dekabr 2021-ci il tarixədək rəsmi qaydada gündəlik hesabat aparılmaqla cədvəl üzrə təhvil verilmiş pambığın çəkisi, növü, ödəniş məbləği və pambıq qəbuluna dair məhsulun qəbul qəbzləri əsasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qayda"larına müvafiq olaraq təhvil verilmiş məhsul subsidiyasının məbləği İddiaçı MMC-yə ödənilməlidir. Göründüyü kimi qanunvericiliyin normalarına görə “Aztəsərrüfat" MMC-yə AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş imtina qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8605/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi əlavə cavabdeh qismində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘‘Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına (bundan sonra - Qayda) uyğun olaraq X7 İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Qaydanın tələblərinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Qaydanın 3.17-ci yarımbəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. 2020-2021-ci əkin ilində “Aztəsərrüfat" MMC-nin pambığın tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzləri) və məlumatları EKTİS-ə daxil edilmədiyi üçün cəmiyyətə məhsul subsidiyasının hesablanması mümkün olmamış və təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçının nümayəndəsi X3 xx.xx.2023-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və “Taşobası" MMC-yə satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200.000 (iki yüz min) manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-cı il tarixli **********247200 nömrəli çıxarışında göstərilmişdir ki, qurumun adı: İddiaçı, qeydiyyata alındığı tarix: xx.xx.2016, dövlət qeydiyyatı № (VÖEN): **********, təşkilatihüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, ev 117, qanuni təmsilçi: X2r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən 373.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına icarə hüququ ilə xx.xx.2017-xx.xx.2066-cı il, 49 il müddətinə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən 1930.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına icarə hüququ ilə xx.xx.2017-xx.xx.2066-cı il, 49 il müddətinə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, TO-03 nömrəli “Xam-pambığın alqı-satqısına sair” Müqavilədə qeyd olunmuşdur ki, hazırki müqavilənin predmetini “Alıcı” tərəfindən “satıcı”ya məxsus (mülkiyyətində və ya istifdəsində olan) Salyan rayonu, Qızılağac kəndində yerləşən 400 (dörd yüz) hektar torpaq sahəsində “Satıcı” pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri özü icra edir və yığılmış məhsulu bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində “Alıcıya” təhvil verir. “Alıcı” tərəfindən “satıcının” təhvil verdiyi xam pambığın nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə pambıq qəbul edən müəssisə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 94 ədəd pambıq qəbulu qəbzlərinin surətlərindən görünür ki, cəmi dəyəri 200.000 (iki yüz min) manat məbləğində və cəmi kondisiya çəkisi 2000 (iki min) ton xam pambıq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2022-ci il tarixli, MİHO/12-2022-223 nömrəli imtina məktubda bildirilmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X7 İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Qaydanın tələblərinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Pambıq əkini və təhvil verdiyini məhsulun qəbzləri barədə məlumatlarınız EKTİS-ə daxil edilmədiyi üçün Sizə məhsul subsidiyasının ödənilməsi mümkün deyil. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Həmin Qanunun 33.2-ci maddəsinı əsasən ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. İddiaçının məhsul subsidiyasının ödənilməsi ilə bağlı hərəkətlərin edilməsi öhdəliyin icrası haqqında iddiaya uyğundur. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı Azərbycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmiş, Kənd Təsərrüfatı Nazirliyi ünvanlanmış müraciəti “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələbinə uyğun olaraq aidiyyəti üzrə tabeliyində olan və müstəqil inzibati orqan qismində çıxış edən Aqrar Kredit və İnkişafı Agentliyinə göndərməmiş, müraciətə mahiyyəti üzrə cavab verərək iddiaçının müraciətinin təmin edilməməsi barədə münasibətini bildirmişdir. Məhkəmə işin qeyd edilən halını, eləcə də məhkəmə icraatında iddia tələbinə AKİA-nın etirazın dəlilləri ilə KTN-nin imtina cavabının eynilik təşkil etdiyini nəzərə alaraq, eləcə də prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki, hazırkı mərhələdə iddiaçının Kənd Təsərrüfatı Nazirliyinə etdiyi müraciət ilkin müraciət qismində qəbul edilməlidir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı “Aztəsərrüfat" MMC “Taşobası" MMCyə 2000 (iki min) ton kondisiya çəkisində xam pambıq satmış, təhvil verdiyi xam pambığa görə məhsul subsidiyasının alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq iddiaçının 2020-2021-ci əkin ilində pambığın tədarükçüyə təhvil verilməsi barədə sənədlər və məlumatların EKTİS-ə daxil edilmədiyi üçün məhsul subsidiyasının verilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı təhvil verilmiş pambığa görə məhsul subsidiyasının ödənilməsini tələb edir. “Pambıqçılıq haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən pambığın alqı-satqısı prosesində pambıq istehsalçısı istehsal etdiyi pambığı emal müəssisəsinə satır və bununla da istehsalçı pambıq və ondan alınan pambıq məhsulları üzərində mülkiyyət hüququnu itirir. -11.2-ci maddısinə əsasə pambıq emalı müəssisəsi satın aldığı pambığın dəyərini müqavilə şərtlərinə uyğun ödəyərək həmin məhsula və ondan aldığı emal məhsullarına mülkiyyət hüququ əldə edir və onların barəsində sərbəst sərəncam verir. -11.3-cü maddəsinə görə pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və müvafiq qaydada tərtib edilmiş pambıq qəbulu qəbzi ilə sənədləşdirilir. -14.1.-ci maddəsinə əsasən pambıq emalı müəssisəsi pambıq istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən pambığın qəbul edilməsi barədə istehsalçıya pambıq qəbulu qəbzi verir. -14.3-cü maddəsinə görə pambıq qəbulu qəbzi qanunvericiliyə uyğun olaraq ciddi hesabat blankı hesab olunur və üç nüsxədən ibarət tərtib edilir. Bu Qanunun 14.2-ci maddəsində göstərilən tələblərə uyğun olmayan sənəd pambıq qəbulu qəbzi hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları"nın: -1.3-cü bəndinə əsasən pambıq qəbulu qəbzi pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir. -1.4-cü bəndinə görə pambıq qəbulu qəbzinin forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq olunur. -2.1. Pambıq qəbulu qəbzində aşağıdakı məlumatlar göstərilməlidir: 2.1.1. pambıq qəbulu qəbzi blankının seriyası və nömrəsi; 2.1.2. pambıq emalı müəssisəsinin adı, yerləşdiyi ünvan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 2.1.3. pambıq istehsalçısı haqqında məlumatlar: fiziki şəxsin - soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyət vəsiqəsinin nömrəsi; hüquqi şəxsin - adı, yerləşdiyi yer, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 2.1.4. pambığın toxumluq və ya texniki növə aid olduğunu göstərən məlumat; 2.1.5. toxumluq və texniki pambığın seleksiya və sənaye sortu; 2.1.6. pambığın kəmiyyət və keyfiyyət göstəriciləri, əl və ya maşınla yığımı; 2.1.7. pambıq qəbulu məntəqəsinin adı; 2.1.8. alqı-satqı müqaviləsinin nömrəsi və tərtib edildiyi tarix; 2.1.9. pambıq qəbulu qəbzinin tərtib edildiyi tarix; 2.1.10. pambıq emalı müəssisəsinin möhürü və səlahiyyətli şəxsin imzası; 2.1.11. pambıq istehsalçısının pambığı təhvil verən səlahiyyətli nümayəndəsinin imzası; 2.1.12. tərəflərin razılığı ilə əlavə məlumatlar. -2.2-ci bəndinə əsasən tədarükçü qəbul etdiyi xam pambıq üçün istehsalçı ilə həmin qəbzlərə əsasən hesablaşmanı aparır. -3.1-ci bəndinə əsasən qəbzlərin bütün sütunları səliqəli və aydın şəkildə doldurulmalıdır. Pambıq qəbulu qəbzinin 1-ci bölməsində gün ərzində qəbul olunan xam pambığın növü üzrə ayrı-ayrılıqda miqdarı, dəstin nömrəsi, seleksiya növü, reproduksiyası, sənaye növü, yığım üsulu, laboratoriya arayışının nömrəsi, faktiki fiziki, kondisiya və zibillik normasına görə hesablama çəkisi, faktiki zibillik və nəmlik faizi, alış qiyməti və məbləği göstərilməlidir. -3.2-ci bəndinə əsasən tədarük olunmuş xam pambıq üçün pambıq qəbulu qəbzini baş əmtəəşünas, yaxud əmtəəşünas-qapançı tərtib edir və qəbzin birinci nüsxəsini istehsalçıya, ikinci nüsxəsini istehsalçı ilə hesablaşmanın aparılması üçün tədarükçünün mühasibatlığına təqdim edir, üçüncü nüsxə isə bu qəbzi tərtib edən şəxsdə qalır. Eyni vaxtda laboratoriya müdiri (baş laborant) tədarükçünün mühasibatlığına laboratoriya jurnalında imza etmək şərtilə, pambığın təhvil nəticələri haqqında hər bir istehsalçıdan qəbul olunan xam pambığın dəstinə görə pambığın keyfiyyət göstəriciləri, əl və ya maşınla yığımı barədə arayış təqdim edir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanın: -3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi: 3.1. “Subsidiya” informasiya sisteminin yaradılmasını və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin edir; -8-ci bəndinə görə yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həmin ərazidə fəaliyyət göstərən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsində və maarifləndirmənin həyata keçirilməsində iştirak edirlər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının: -1.1-ci bəndinə əsasən bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. -1.2.1-ci bəndinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. -1.2.2-ci bəndinə görə “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X7” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemidir. -1.2.6-cı bəndinə əsasən fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxsdir. -1.2.7-ci bəndinə görə tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxsdir. -1.2.10-cu bəndinə əsasən məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiyadır. -2.6-cı bəndinə görə fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. -2.7-ci bəndinə əsasən Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir. -3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) (…..) 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədlər (….). -3.10-cu bəndinə əsasən fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir. -3.14-cü bəndinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1dək bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. -3.16-cı bəndinə əsasən bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. -3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir. Sadalanan normalardan müəyyən olunur ki, kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi X7 İnformasiya Sistemi (EKTİS) “Subsidiya” informasiya alt sistemi vasitəsilə həyata keçirilir. Qaydaların tələblərinə əsasən məhsul subsidiyasının alınması üçün fermer elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİSə daxil edilər. Qeyd edilən məlumatlar subsidiya informasiya sistemində təsdiqləndikdən sonra fermerin subsidiya ödənişi onun hesabına köçürülür. İş üzrə cavabdeh iddiaçının 2021-ci il üzrə məhsul subsidiyası alması üçün Qaydalarda tələb olunan sənədləri-elektron bəyannamə, məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri, tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları subsidiya informasiya sisteminə vaxtında daxil etmədiyindən məhsul subsidiyasının verilməsinin mümkün olmamasını bildirsə də məhkəmə hesab edir ki, qeyd edilən hallar hazırkı halda təqdim edilmiş pambıq məhsuluna görə məhsul subsidiyasının verilməsinə mane olmur. Belə ki, hazırkı iş üzrə müəyyən olunur ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, TO-03 nömrəli “Xam-pambığın alqı-satqısına sair” Müqavilə imzalanmış, müqavilə tələbinə uyğun olaraq iddiaçıya məxsus Salyan rayonu, Qızılağac kəndi ərazisində xam pambığın əkilib becərilməsi və tədarükü həyata keçirilmiş, 2021-ci il ərzində 2000 ton kondisiya çəkisi olan xam pambıq tədarük edilərək "xxxx" MMC-yə satılmışdır. İş materiallarına 2000 ton kondisiya çəkisi olan pambığın satılması və təhvil verilməsi ilə bağlı iddiaçı tərəfindən elektron qaimələr, bank ödəniş sənədləri və pambıq qəbul qəbzləri təqdim edilmişdir. Təqdim edilən GZM seriyalı 538481, 538482, 538483...(.....)– 538401-dək 94 ədəd pambıq qəbul qəbzləri “Pambıqçılıq haqqında” Qanunun, “Pambıq qəbulu qəbzinin forması və verilməsi” Qaydalarının tələblərinə uyğun formada tərtib olunmaqla təhvil verilmiş, xam pambığın kəmiyyət və keyfiyyət göstəriciləri (xam pambığın növü üzrə ayrı-ayrılıqda miqdarı, dəstin nömrəsi, seleksiya növü, reproduksiyası, sənaye növü, yığım üsulu, laboratoriya arayışının nömrəsi, faktiki fiziki, kondisiya və zibillik normasına görə hesablama çəkisi, faktiki zibillik və nəmlik faizi, alış qiyməti, məbləği və s.) göstərilməklə pambığı qəbul edən müəssisə və istehsalçı müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Qeyd edilən pambıq qəbul qəbzləri ciddi hesabat blankı hesab edilir, onların mötəbərliyi və ya etibarsızlığı ilə bağlı hər hansı hal hazırkı iş üzrə müəyyən olunmamışdır. Başqa sözlə, iddiaçı tərəfindən 2021-ci il ərzində 2000 ton kondisiya çəkisində xam pambığın tədarük edilməsi, həmin çəkidə pambıq məhsulunun "xxxx" MMC-yə təhvil verilməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə hazırkı iddiaya qiymət verərkən o halı da nəzərə alır ki, kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi X7 İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsinə xx.xx.2020-ci il tarixdən başlanılmış, subsidiya ilə bağlı tələb olunan sənədlərin SİS-ə daxil edilməli olması barədə fermerlərin maarifləndirməsinə yönəlik tədbirlər də həmin vaxtdan etibarən müvafiq olaraq ilkin mərhələdə olmuş, 2021-ci il üçün tam şəkildə başa çatdırılması da ağlabatan və mümkün hesab oluna bilməz. İddiaçı özü də KTN-nə müraciətində xam pambığın əkilib becərilməsi sahəsində ilk addım olduğundan subsidiyanın alınması üçün elektron informasiya sistemi üzərindən prosedur qaydalarını vaxtında icra edə bilmədiyini etiraf etmişdir. Məhkəmə xüsusən də o halı nəzərə alır ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsində məqsəd fermerlərə dəstək yolu ilə kənd təsərrüfatı məhsullarının istehsalına təşviq etmək, kənd təsərrüfatı sahəsinin inkişafı, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixracın artırılmasına zəmin yaratmaqdan ibarətdir. Eyni zamanda bununla bağlı “Pambıqçılıq haqqında” Qanunun 3, 4-cü maddələri də kənd təsərrüfatının bir qolu olan pambıqçılıq sahəsində dövlət siyasətinin məqsədinin ölkədə pambıqçılığın inkişafına, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, pambıq və pambıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə, pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaratmaq olduğunu, pambıqçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin isə pambıqçılıqda investisiya fəaliyyətinin və kooperasiyanın stimullaşdırılmasından, lizinq və aqroservis xidmətlərinin genişləndirilməsindən, yeni texnika və texnologiyaların tətbiqindən, pambıq məhsullarının keyfiyyətinin yüksəldilməsindən və ixracının artırılmasından, pambıqçılığın elmi təminatının yaxşılaşdırılmasından ibarət olduğunu da vurğulamışdır. Məhsul subsidiyasının inzibati orqanın qiymətləndirmə azadlığına deyil, məhz dövlət büdcəsi vəsaiti hesabına fermerə dəstək olmaqla kənd təsəürrüfatının bilavasitə inkişafına təşviq olduğunun sübutudur ki, Qaydaların 3.17-ci bəndi təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləğinin onu təqdim edən oranın hesabına deyil, dövlət büdcəsinə qaytarıldığını nəzərdə tutur. Hazırkı iş üzrə də iddiaçı 2021-ci il üçün məhsul subsidiyasının alınması ilə bağlı müvafiq prosedur qaydalarını icra etmədiyindən onun üçün nəzərdə nəzərdə tutulan və ödənilməli olan subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Beləliklə, yuxarıda qeyd edilən hallardan çıxış edərək məhkəmə subsidiyanın verilməsinin kənd təsərrüfatının inkişafına yönəlmiş dövlət siyasətinin istiqaməti olduğunu, subsidiya informasiya sisteminin fermerlərin subsidiya əldə etməsinə əlçatanlığının təmin edilməsinə xidmət edən sistem olmaqla məhz 2020-ci ildən etibarən istifadəyə verildiyini, bu sahədə fermerlərin sistem üzərindən məlumatların SİS-ə daxil edilməsi ilə bağlı müvafiq maarifləndirmənin 2021-ci il üçün tam başa çatmasının qeyrimümkün olmasını, iddiaçının SİS üzərindən məlumatları vaxtında təqdim etməsə də 2021-ci il pambıq mövsümündə xam pambığın becərilərək satıldığını, pambığın təqdim edilməsini təsdiq edən ciddi hesabat blankları-pambıq qəbzlərinin təqdim edildiyini, təhvil verilmiş pambıq məhsuluna görə məhsul subsidiyası istifadə edilmədiyindən dövlət büdcəsinə geri qaytarıldığını, təqdim edilmiş pambıq məhsuluna görə hazırkı halda məhsul subsidiyasının verilməsini istisna edəcək qanunla hər hansı imperativ norma olmadığını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçının məhsul subsidiyasının verilməsi ilə bağlı müraciəti cavabdeh orqan tərəfindən təmin edilməlidir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanının 2-ci bəndinə görə bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının: -1.2.4-cü bəndinə əsasən baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaitidir. -2.2-ci bəndinə əsasən aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradılır. -2.4-cü bəndinə əsasən Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır: 2.4.2. məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi; (...). -2.5-ci bəndinə görə bu Qaydanın 2.4-cü bəndinə əsasən müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq Şura yeniləyə bilər. -3.5.-ci bəndinə əsasən məhsul subsidiyası aşağıdakı qaydada hesablanır: baza məbləği × məhsul əmsalı = məhsul subsidiyası • məhsul əmsalı – bəzi bitkilər üzrə məhsuldarlığın təşviqi üçün Şuranın müəyyən etdiyi göstərici. X8 rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyət üçün açıqlanmış məlumata əsasən X8 qərarına əsasən 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üçün yeni məhsul əmsalı və məhsul subsidiyasının məbləği müəyyən edilmişdir. 2021-ci il ərzində 100 ton pambıq bitkisi üçün məhsul əmsalı 0.5 olaraq müəyyən edilmişdir. Bu halda 1 ton üçün məhsul subsidiyası aşağıdakı qaydada hesablanır: baza məbləği(200 manat) × 0.5 məhsul əmsalı = 100 manat məhsul subsidiyası İddiaçının 2021-ci il üçün 2000 ton kondisiya çəkisi olan pambıq təhvil verdiyi nəzərə alınarsa bu zaman iddiaçıya ödənilməli olan məhsul subsidiyasının məbləği 200.000 manat (2000 ton x 100 man) təşkil edir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçınə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və “Taşobası" MMC-yə satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200.000 (iki yüz min) manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçınə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və “Taşobası" MMC-yə satılmış 2000 (iki min) ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200.000 (iki yüz min) manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1134/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1134/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver