Məhkəmə qərarları › İş №2-1(112)-1134/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1134/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1134/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X4) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 39 ünvanında yerləşən "xxxx" Mənzil İnşaat Kooperativinin binasında mənə məxsus olan 35.75 kv.m və 85 kv.metr qeyri-yaşayış sahələrinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi idarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmiş və iddia tələbi “Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən "xxxx" MTK-nın binasında iddiaçıya məxsus 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 39 ünvanında yerləşən "xxxx" Mənzil İnşaat Kooperativinə məxsus olan 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 73.3 kv.metr və həmin binanın yarı zirzəmisinin bir hissəsində yerləşən 80.5 kv.m qeyri-yaşayış sahələrini satın almış və payçı kimi kooperativin üzvlüyünə qəbul edilmişdir. Bununla bağlı ona "xxxx" Mənzil İnşaat Kooperativi tərəfindən 29 aprel 2015-ci il tarixli ümumi iclasın 15/04 nömrəli protokolundan Çıxarış, Eskiz (plan-cizgisi) və kooperativə borcunun olmaması barədə Maliyyə Arayışı təqdim edilmişdir. Bundan sonra ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi müraciət etmiş və ərizəyə imtina verildiyi üçün məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2242/2017 saylı xx.xx.2017 tarixli qərarına əsasən həmin sahə üçün (80.5 kv.m) mənə xx.xx.2017-ci ildə ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Yenidən həmin "xxxx" MİK-nin binasınn bir hissəsində yerləşən, ona məxsus qeyri- yaşayış sahəsinin (80.5 kv.m) sağ və sol hissəsində yerləşən 35.75 kv.m və 85 kv.metr yarı zirzəmi olan qeyri-yaşayış sahələrini satın almışdır. Bununla bağlı mənə "xxxx" Mənzil İnşaat Kooperativi tərəfindən xx.xx.2020-ci il tarixli ümumi iclasın 05 nömrəli protokolundan Çıxarış, Eskiz (plan-cizgisi) və kooperativə borcumun olmaması barədə Maliyyə Arayışı təqdim edilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququna dair çıxarışların verilməsi ilə bağlı müvafiq dövlət orqanına dəfələrlə ərizə ilə rəsmi müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş (dövlət əmlakı olmadığına dair) rəsmi sənəd təqdim etsəmdə, lakin buna baxmayaraq yenə də mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtina edilir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tövsiyəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi pr, 39 ünvanında yerləşən yaşayış binası 1964-1965 ci illərdə inşa olunarkən, Azərbaycan SSR Nazirlər Sovetinin "Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında" 7 yanvar 1965-ci il tarixli 05 saylı Qərarının 2-ci hissəsinə əsasən, MTK-nın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələrinin tikinti işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul vəsaiti hesabına aparıldığından göstərilən ünvanda yerləşən 5 mərtəbəli binanın yarı zirzəmisi dövlət əmlakı hesab olunur. Odur ki, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar olaraq hüquq müəyyən edici sənədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi tövsiyə olunur. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi müraciət etmiş və həmin ərizəyə cavab olaraq bildirmişlər ki, qeyd edilmiş ünvanda yerləşən bina dövlət əmlakının Registrində qeydiyyata alınmamışdır. Nəzərə çatdırılmışdır ki, həmin bina və binanın qeyri-yaşayış sahəsi sakinlərin vəsaiti hesabına tikilmişdir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara qəbul aktı və qeyri-yaşayış sahəsinin mərtəbəlilik planı təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı qeyri-yaşayış sahəsinin sənəd üzrə sahəsinin 85 kv.m, faktiki ölçüsünün 105.3 kv.m olduğu və giriş-çıxışın digər qeyri-yaşayış sahəsinin ərazisindən olduğu məlum olmuşdur. Bundan əlavə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli fərmanına əsasən müvafiq daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması tövsiyə olunur. Həmçinin bildirilmişdir ki, iddiaçı məhkəməyə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 85 kv.m və 62 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı sənədlər təqdim etsə də, idarəyə müraciəti zamanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 85 kv.m və 39 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı sənədlər təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Peyk Mənzil İnşaat Kooperativinə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 39 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmi sahəsinin dövlət əmlakı olub-olmaması haqqında müvafiq arayışın verilməsinə köməklik göstərilməsi barədə məktuba Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, qeyd edilmiş ünvanda yerləşən bina dövlət əmlakının Registrində qeydiyyata alınmamışdır.

6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-2242/2017 nömrəli qərarına əsasən iddia təmin edilmiş Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən "xxxx" Mənzil İnşaat Kooperativinin binasında iddiaçıya məxsus 80 kv. metr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Seriya RX № ******* çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (73.3 kv.m) İddiaçı adına qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Seriya RX № ******* çıxarışa əsasən Bakı şəhəri, Yasamal raynu, Həsən bəy Zərdabi prospekti, 39 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (80.5 kv.m) İddiaçı adına qeydiyyata alınmışdır.

9. "xxxx" Mənzil İnşaat Kooperativin İdarə Heyətinin 7 oktyabr 2020-ci il tarixli 15/04 nömrəli protokolundan çıxarışda qeyd edilmişdir ki, "xxxx" MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən 85 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı satılması və satışdan əldə olunan vəsait isə binanın cari təmirinə sərf olunması qərara alınmışdır.

10. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində Mənzil- İnşaatı Kooperativi "xxxx" tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05 nömrəli maliyyə arayışına əsasən “PEYK" MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 85 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir və onun “PEYK" MİK-ə borcu yoxdur.

11. "xxxx" Mənzil İnşaat Kooperativin İdarə Heyətinin 7 oktyabr 2020-ci il tarixli 15/04 nömrəli protokolundan çıxarışda qeyd edilmişdir ki, "xxxx" MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 62 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı satılması və satışdan əldə olunan vəsait isə binanın cari təmirinə sərf olunması qərara alınmışdır.

12. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində Mənzil- İnşaatı Kooperativi "xxxx" tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05 nömrəli maliyyə arayışına əsasən "PEYK“ MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 62 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir və onun "xxxx" MİK-ə borcu yoxdur.

13. "xxxx" Mənzil İnşaat Kooperativin İdarə Heyətinin 7 oktyabr 2020-ci il tarixli 15/04 nömrəli protokolundan çıxarışda qeyd edilmişdir ki, "xxxx" MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 36 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı satılması və satışdan əldə olunan vəsait isə binanın cari təmirinə sərf olunması qərara alınmışdır.

14. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində Mənzil- İnşaatı Kooperativi "xxxx" tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 06 nömrəli maliyyə arayışına əsasən "PEYK“ MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 36 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir və onun "xxxx" MİK-ə borcu yoxdur.

15. "xxxx" Mənzil İnşaat Kooperativin İdarə Heyətinin 7 oktyabr 2020-ci il tarixli 15/04 nömrəli protokolundan çıxarışda qeyd edilmişdir ki, "xxxx" MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 106 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı satılması və satışdan əldə olunan vəsait isə binanın cari təmirinə sərf olunması qərara alınmışdır.

16. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində Mənzil- İnşaatı Kooperativi "xxxx" tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05 nömrəli maliyyə arayışına əsasən "PEYK“ MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 106 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir və onun "xxxx" MİK-ə borcu yoxdur.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 39 ünvanında yerləşən yaşayış binası 1964-1965-ci iüərdə inşa olunarkən, Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil- Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 7 yanvar 1965-ci il tarixli 05 saylı Qərarının 2-ci hissəsinə əsasən, MTK-nın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələrinin tikinti işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul vəsaiti hesabına aparıldığından göstərilən ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisi dövlət əmlakı hesab olunur. Odur ki, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar olaraq hüquqmüəyyənedici sənədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi tövsiyə olunmuşdur.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanmış məlumat verilməsi barədə məktubda qeyd edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən (xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli) qeyd olunan ünvanda yerləşən zirzəmi (qeyri-yaşayış sahəsi) İddiaçı mülkiyyətindədir.

19. X4 tərəfindən məhkəməyə ünvanlanış ərizədə bildirilmişdir ki, o qeyd olunan ünvanda kooperativ binasının mərtəbəsində yaşayır. "xxxx" MTK-nın fəaliyyəti dövründə zirzəmidə baş verən bütün qəzaları öz hesabına düzəltdirmişdir. Yaşadığı dövrdə MTK heç vaxt payçılarla keçiriləcək maliyyə hesabatı verməmişdir. Kooperativin sədri onun yaşadığı zirzəmisini nəinki onunla, heç bir payçı ilə kooperativin ümumi iclasında müzakirə etmədən kooperativin nizamnaməsini ciddi pozaraq öz şəxsi mənafeyi üçün icarəyə vermişdir. (Burada polioqrafiya mətbəəsi açaraq insan orqanizmi üçün zərərli olan maddələrdən istifadə edilir. Yaşayış yerində zəhərli, iyli maddələrdən istifadə edilməsi insan həyatı üçün ciddi fəsadlar törədə bilər). Bu zaman MTK ilə heç bir icarə müqaviləsi bağlanmamış, MTK-nın xəzinəsinə heç bir ödəmə olmamışdır. Dəfələrlə onun şifahi xəbərdarlığına baxmayaraq, sədr öz əməllərini davam etdirmiş və davam etdirməkdədir. Bu isə Mənzil Tikinti Kooperativinin nizamnaməsinə tamamilə zidd olmaqla qanun pozuntusudur.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanmış məlumatın verilməsi barədə məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 5 ünvanında yerləşən 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahələrinin İddiaçı adına qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 73,3 kv.m təşkil edən qeyriyaşayış sahəsi və ümumi sahəsi 80,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 5 ünvanında yerləşən beş mərtəbəli yaşayış binası "xxxx" Mənzil İnşaat Kooperativinin balansındadır.

21. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məlumatın verilməsi barədə məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 8 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının "xxxx" MTK tərəfindən inşa edilməsinə dair arxiv əsaslarında və dövlət reyestrində məlumat mövcuddur.

23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış daşınmaz əmlakı balanssaxlayıcısı barədə məlumatın verilməsinə dair məktubda bildirilmişdir ki, aparılan araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvanında “Peyk" MTK-ya məxsus yaşayış binasının zirzəmisində yerləşən və çap mərkəzi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin həmin MTK-nin İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 15/04 nömrəli Protokolundan çıxarışa əsasən İddiaçı satıldığı müəyyən edilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil- Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 07 yanvar 1965-ci il tarixli 05 saylı Qərarının 2-ci hissəsinə əsasən MTK-nın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələri tikilərsə, həmin tikinti işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul hesabına aparılır. Məlumat üçün bildirilmişdir ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisinin 41.5 kv.m hissəsi dövlət əmlakı kimi X3 tərəfindən özəlləşdirilmişdir.

24. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

26. Məhkəmənin əvvəlki iclasında iştirak edən üçüncü şəxs ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

27. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

28. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

30. X8 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

31. X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

33. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

34. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

35. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

37. "xxxx" Mənzil İnşaat Kooperativin İdarə Heyətinin 7 oktyabr 2020-ci il tarixli 15/04 nömrəli protokolundan çıxarışda qeyd edilmişdir ki, "xxxx" MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 36 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı satılması və satışdan əldə olunan vəsait isə binanın cari təmirinə sərf olunması qərara alınmışdır.

38. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində Mənzil- İnşaatı Kooperativi "xxxx" tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 06 nömrəli maliyyə arayışına əsasən "PEYK“ MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 36 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir və onun "xxxx" MİK-ə borcu yoxdur.

39. "xxxx" Mənzil İnşaat Kooperativin İdarə Heyətinin 7 oktyabr 2020-ci il tarixli 15/04 nömrəli protokolundan çıxarışda qeyd edilmişdir ki, "xxxx" MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 106 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı satılması və satışdan əldə olunan vəsait isə binanın cari təmirinə sərf olunması qərara alınmışdır.

40. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində Mənzil- İnşaatı Kooperativi "xxxx" tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05 nömrəli maliyyə arayışına əsasən "PEYK“ MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 106 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir və onun "xxxx" MİK-ə borcu yoxdur.

41. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış daşınmaz əmlakı balanssaxlayıcısı barədə məlumatın verilməsinə dair məktubda bildirilmişdir ki, aparılan araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvanında “Peyk" MTK-ya məxsus yaşayış binasının zirzəmisində yerləşən və çap mərkəzi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin həmin MTK-nin İdarə Heyətinin xx.xx.2020-ci il tarixli 15/04 nömrəli Protokolundan çıxarışa əsasən İddiaçı satıldığı müəyyən edilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil- Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 07 yanvar 1965-ci il tarixli 05 saylı Qərarının 2-ci hissəsinə əsasən MTK-nın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələri tikilərsə, həmin tikinti işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul hesabına aparılır. Məlumat üçün bildirilmişdir ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisinin 41.5 kv.m hissəsi dövlət əmlakı kimi X3 tərəfindən özəlləşdirilmişdir.

42. Məhkəmə hesab edir ki, vaxtilə sovet dövründə yaradılmış mənzil tikinti kooperativləri ilə yeni Mülki Məcəllə qəbul edildiksən sonra yaradılmış mənzil tikinti kooperativlərinin statusunu eyniləşdirmək olmaz. Belə ki, qeyd edilən mənzil tikinti kooperativlərinin yaradılması məqsədləri və maliyyələşməsi mənbələri fərqli olduğundan əmlaklarının hüquqi rejimi də fərqlidir. Qanunun 8.0.6-cı maddəsi məhz yeni Mülki Məcəllə əsasında yaradılmış mənzil tikinti kooperativlərinin inşa etdiyi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsini tənzimləyir.

43. İş materiallarına əsasən isə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 9 ünvanında yerləşən və "xxxx" Mənzil İnşaat Kooperativinə məxsus olan bina xx.xx.1965-ci ildə istismara qəbul edilmişdir. Bu, işin mübahisəsiz halıdır.

44. Qüvvədən düşmüz Azərbaycan SSR Mənzil Məcəlləsindən Dövlət və ictimai mənzil fondunun dövlət planları əsasında yüksək sürətlə inkişaf etdirilməsi, kooperativ və fərdi mənzil tikintisinə kömək məqsədilə dövlət tərəfindən tədbirlər görülməsi vətəndaşların SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası ilə təmin olunan mənzil hüququnu həyata keçirmək üçün lazımi şərait yaradır. Maddə 1. Azərbaycan SSR vətəndaşlarının mənzil hüququ SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq Azərbaycan SSR vətəndaşları mənzil hüququna malikdirlər. Bu hüquq dövlət və ictimai mənzil fondunun inkişafı və mühafizəsi, kooperativ və fərdi mənzil tikintisinə yardım göstərilməsi, abad mənzillər tikintisi proqramı həyata keçirildikcə mənzil sahəsinin ictimai nəzarət altında ədalətlə bölüşdürülməsi, habelə mənzil və kommunal xidmətlər haqqının yüksək olmaması ilə təmin edilir. Maddə 31. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların iş yerində uçotu Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər.

45. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir.

46. Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 07 yanvar 1965-ci il tarixli 05 saylı Qərarının 2-ci hissəsinə əsasən MTK-nın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələri tikilərsə, həmin tikinti işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul hesabına aparılır.

47. Odur ki, vaxtilə mənzil tikinti kooperativləri vətəndaşların mənzillərə olan ehtiyacının təmin edilməsi məqsədilə yaradıldığından və binalardakı qeyd edilən sahələrin (qeyri-yaşayış sahələrinin) tikintisi üçün xərclər dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənildiyindən həmin qeyri-yaşayış sahələri də dövlət əmlakı hesab edilir.

48. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2.3.22-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı ilə özəlləşdirilir.

49. Beləliklə, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət büdcəsinin vəsaiti hesabına inşa edildiyindən həmin sahə dövlət mülkiyyətində olmuş və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə’’yə uyğun olaraq dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır.

50. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin ikinci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.

51. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisi dövlət əmlakı olduğundan "xxxx" MTK-nın həmin zirzəmiyə dair sərəncam vermək hüququ mövcud olmamışdır.

52. Təsadüfi deyildir ki, məhkəmə sorğusuna Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən cavaba əsasən də müəyyənləşdirilir ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisinin 41.5 kv.m hissəsi dövlət əmlakı kimi özəlləşdirilmişdir.

53. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə görə mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokoldan çıxarışı və qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənilmiş olsa belə, faktiki olaraq "xxxx" MTK-nın həmin zirzəmiyə sərəncam vermək hüququ olmadığından zirzəminin İddiaçı adına özgəninkiləşdirmək səlahiyyəti də olmamışdır.

54. Odur ki, mövcud vəziyyətdə iddiaçının həmin qeyri-yaşayış sahələriə dair mülkiyyət hüquqlarını qeydə almaq üçün qanuni gözləntisi yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı həmin qeyri-yaşayış sahələrini özəlləşdirmək üçün səlahiyyətli quruma (Əmlak Məsələləri Dövlət Xidmətinə) müraciət etməkdə haqlıdır.

55. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

56. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

57. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

58. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar