Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11342/2025 27.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı “avtomobillə bağlı qeydiyyatın aparılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “ZAZ-968M” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı, 752328 mühərrik nömrəli, 829189 ban nömrəli, 806365 şassi nömrəli, qara rəngli, 1985-ci il buraxılışlı avtomobillə bağlı onun xeyrinə qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə tanışı Azər adlı şəxsdən notarius vasitəsi ilə “ZAZ-968M” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı, 752328 mühərrik nömrəli, 829189 ban nömrəli, 806365 şassi nömrəli, qara rəngli, 1985-ci il buraxılışlı avtomobili sərəncam verilməsinə dair elektron etibarnamə əsasında almışdır. Avtomobili aldıqdan sonra bir müddət idarə etmiş, lakin daha sonra qardaşının adına qeydiyyat etdirmək qərarına gələrək xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Orada avtomobilin texniki baxışı zamanı avtomobilin ban nömrəsinin və mühərrik nömrəsinin qeyri-zavod üsulu ilə vurulması bildirilmiş və qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobili bu vəziyyətdə almışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin (və ya nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Göründüyü kimi iddiaçı hazırda “ZAZ-968M” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı, avtomobillə bağlı onun xeyrinə qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan AC N 420100 nömrəli X1 Şəhadətnaməsindən müəyyən edilir ki, “ZAZ-968M” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2r. Eyni zamanda, işdə olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2024cü il tarixli etibarnamədən görünür ki, “ZAZ-968M” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 tərəfindən İddiaçı etibarnamə əsasında 1 il müddətinə verilmişdir və etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədədir. Etibarnamə üzrə səlahiyyətlər bunlardır: sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq. Göründüyü kimi barəsində qeydiyyat hərəkətlərinin aparılması istənilən avtomobil iddiaçının yox, Vüsal Səlimzadə adlı şəxsin mülkiyyətindədir. İddiaçı isə sözügedən avtomobilin mülkiyyətçisi olmadığı halda avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması barədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir (152.8.). Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər (359.1.). Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər (362.1.). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi etibarnamə şəxsi digər şəxslər qarşısında təmsil etmək üçün və ya onun adından əqd bağlamaq üçün verilir. Hazırkı halda iddiaçı həmin avtomobilin mülkiyyətçisindən aldığı etibarnaməyə əsasən mülkiyyətçinin adından avtomobillə bağlı əqdlər bağlamaq səlahiyyətinə malikdir. İddiaçının səlahiyyətləri isə bunun bitmiş olur. Avtomobillə bağlı məhkəmədə iddiaçının əvəzinə, yəni öz adından iddia qaldıraraq avtomobilin qeydiyyatına yaradılmış maneələrin aradan qaldırılmasını tələb etmək səlahiyyəti isə iddiaçıya məxsus deyil. Bununla bağlı yalnız avtomobilin mülkiyyətçisi iddia qaldıra bilər. İddiaçının isə mülkiyyətçinin adından məhkəmədə iddia qaldırmaq səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı “avtomobillə bağlı qeydiyyatın aparılması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11342/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11342/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver