Məhkəmə qərarları › İş №2-1(112)-11343/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11343/2025

21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11343/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə tarixinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə tarixinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ilə onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi tanınmış, ona əlillik 09 oktyabr 2020-ci il tarixdən təyin edilmişdir. Mənzil növbəsinə götürülmə barədə müraciət etmiş, 06 mart 2025-ci il tarixli sərəncamla mənzil növbəsinə ərizə verilən tarixdən daxil edilmiş, 09.10 2020-ci il tarixdən daxil edilməli olması, ondan asılı olmayan səbəblərdən mənzil növbəsinə yazıla bilməməsi nəzərə alınmamışdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, iddiaçı 05 fevral 2025-ci il tarixdə müraciət etmiş, 30 iş günü tamam olmadan müraciətinə baxılmış və 06 mart 2025-ci il tarixli sərəncamla şəxs mənzil növbəsinə götürülmüşdür. Onun hüququ 06 mart 2025-ci il tarixində təsdiq edilmiş və həmin tarixdən mənzil növbəsinə götürülmüşdür. Cavabdeh tərəf hər hansı qanunsuz hərəkət etməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik 09 oktyabr 2020-ci il tarixli qərar əsasında tanınmışdır. Ali Məhkəmənin 03 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin əlilliyin təyinatından imtina edilmiş, Ali Məhkəmənin qərarının icrası ilə əlaqədar həmin əlillik iddiaçıya təyin edilmişdir. Həmin inzibati işə dair sənədlərdən görünür ki, əlilliyin təyin edilməsinə dair iddia 06 noyabr 2020-ci il tarixli ərizə ilə 10 noyabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sərəncamdan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyi olan şəxs kimi mənzil növbəsinə güzəştli əsaslarla götürülmüşdür. İmtina məktubunda qeyd edilir ki, mənzil növbəsinə götürülmə barədə müraciətdən 30 iş günündən gec olmayaraq qanunvericiliyin tələblərinə əsasən sərəncam qəbul edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 31.1ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); ; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının mənzil növbəsinə hansı tarixdən götürülməli olması ilə əlaqədardır. İddiaçı hesab edir ki, hazırkı halda mənzil növbəsinə götürülmə tarixi inzibati orqana müraciət etdiyi tarixdən yox, ona əlilliyin təyin edildiyi tarix nəzərə alınmaqla müəyyən edilməlidir. Cavabdeh isə 51.5-ci maddəyə istinadla adıçəkilən tarixdən mənzil növbəsinə şəxsin götürülməsinin mümkün olmadığını qeyd edir. Məhkəmə, ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda istinad edilən Məcəllənin 51.5-ci maddəsinin tələbindən də göründüyü kimi uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Cavabdeh də həmin 30 iş günlük müddətlə bağlı tələbə riayət etməklə uçota alınma barədə qərarı qəbul etmişdir. Lakin, cavabdeh nəzərə almamışdır ki, inzibati aktın qəbul edilməsi ilə, onun hüquqi nəticələrinin hansı tarixdən yaranması fərqli anlayışlardır. İddiaçının mənzil növbəsinə götürülməsi ilə əlaqədar sərəncamın qeyd olunmalıdır ki, 06 mart 2025-ci il tarixli olması hal-hazırda hər hansı mübahisə doğurmur. Mübahisə mənzil növbəsinin hansı tarixdən olması ilə əlaqədardır ki, bu zaman 51.5-ci maddənin həmin tarixin müəyyən edilməsi ilə hər hansı əlaqəsi yoxdur. Bu zaman, mənzil növbəsinə götürülmə hansı tarixdən olması, işin digər halları, o cümlədən iddiaçının hüququnun nə zamandan yaranması və həmin hüququn realizəsi üçün hansı tarixdən müraciət etməsi ilə əlaqədardır. Mövcud inzibati orqanın praktikasında düzgün olaraq müəyyən edilir ki, şəxsin əlilliyin hansı tarixdən yaranmasından asılı olmayaraq şəxs mənzil növbəsinə alınma ilə əlaqədar hansı tarixdə müraciət edirsə, mənzil növbəsinə götürülmə də ona uyğun tarixlə müəyyən edilməlidir. Əks halda eyni statusda olan şəxslərdən daha əvvəl müraciət etmiş şəxslərin mənzil növbəsinə münasibətdə gözləntisi ilə əlaqədar hallar dəyişəcəkdir ki, bu zaman inzibati orqanın məhz müraciət tarixini əsas götürməsi, əlillik və ya digər növ statusu qazanmasının gözlənilməməsi aydındır. Nəzərə alınmalıdır ki, bu zaman hüququ çatan şəxsin hüququnu gec realizə etməsinə münasibətdə davranışı onun mənzil növbəsinə alınması tarixinin müəyyən edilməsinə əsas verir. Lakin, hazırkı işin faktiki halları iddiaçının gec müraciət etmək məcburiyyətində qalması onun iradəsindən asılı olmayan hallarla bağlı olmuşdur. Belə ki, məhkəmə qərarları ilə də müəyyən edilir ki, iddiaçının 09 oktyabr 2020-ci il tarixdən təyin edilməli olan əlilliyi əlillik təyin edən dövlət orqanının qanunsuz və əsassız imtinası səbəbindən məhkəmə mübahisəsinin yaranmasına səbəb olmuş, nəticədə 10 noyabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaya 03 oktyabr 2024-cü il tarixli yekun məhkəmə qərarının qəbulu ilə yekun mövqe bildirilmiş, qərarın elektron sistemdən çıxarışından görünür ki, icra edilərək əlilliyin iddiaçıya təyin edilməsi 2025-ci il tarixdə yekunlaşmış, həmin ildə də iddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzil növbəsinə alınmasını xahiş etmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsindən görünür ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. “Dövlət qulluğu haqqında” Qanunun: 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; “İnzibati icraat haqqında” Qanunun: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Göstərilən normaların tələbindən də göründüyü kimi dövlət orqanları Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçir. Bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Ali Məhkəmənin iki inzibati orqanın mübahisələrinə inzibati məhkəmə icraatı qaydasında baxılmasına yolverilməzliyinə dair iddianın mümkün sayılmaması barədə qərarlarında istinadı və mövqeyindən də aydın olur ki, inzibati orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu konteksdə qiymətləndirmə apardıqda məlum olur ki, inzibati orqanların dövlət adı altında vahidliyi baxımından vətəndaşın əlillik təyinatının vaxtında aparılmaması, qanunsuz və əsassız imtina etməsi baxımından həmin hal iddiaçının təqsir sferasından kənardadır. Bu isə o deməkdir ki, hər hansı inzibati orqanın vətəndaşa münasibətdə onun vəziyyətinin ağırlaşmasına aid olan səhvi, dövlət adı altında vahidlik baxımından digər inzibati orqanın həmin səhvin vətəndaşın ziyanına şərh edilməsini istisna edir. Nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Bundan əlavə, qeyd edilməlidir ki, göstərilən növ yanaşma mövcud məhkəmə təcrübəsində də digər növ işlərdə tətbiq edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə AR Ali Məhkəməsinin İK-n 20/11/20 və 14/10/20 qərarlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Əvvəlki dövr pensiyanın pensiya məbləğinin qanunvericiliklə müəyyən edilmiş 3 illik məhdudiyyətin tətbiq edilməsinə dair göstərilən növ işlər üzrə adıçəkilən Konstitusiya Məhkəməsinin, eləcə də Ali Məhkəmənin (2-1(102)-2269/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı, 2-1(102)-889/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı və s) göstərilən növ işlər üzrə mövcud təcrübəsi onunla əlaqədar olmuşdur ki, əvvəlki dövr üzrə 3 illik müddətlə bağlı ödəniş məhdudiyyəti şəxsin iradəsindən asılı olmayan səbəblərlə əlaqədardırsa, eləcə də iddiaçı çatmaq istədiyi məqsəd üçün digər inzibati orqana müraciət etmişdirsə nəzərə alınmamalıdır. Hazırkı halda da mübahisəli vəziyyət oxşarlıq təşkil edir. Aydın məsələdir ki, əlillik təyinatına nail olmadan həmin təyinatın yaratdığı imtiyaz kimi mənzil növbəsinə şəxsin alınmasından söhbət gedə bilməz. İlk növbədə əlillik təyinatı aparılmalıdır ki, mənzil növbəsinə həmin əsasla alınma mümkün olsun. İddiaçı isə 5 il davam edən inzibati və inzibati məhkəmə icraatının yekun nəticəsində həmin əlilliyin təyinatına nail olmuş və hər hansı intizamsızlıq göstərmədən cavabdehə müraciət etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 09 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs kimi mənzil növbəsinə alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar