Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11351/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “X1 adının Nurel adına dəyişdirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 üstün mənafeyini nəzərə alaraq adının Nurel adına dəyişdirilməsinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X3 28 fevral 2015-ci ildə anadan olmuşdur. Hazırda Bakı şəhəri 132-134 saylı tam orta məktəbin 4A/2 sinfində oxuyur. Qızı Dilarə adından narazıdır. Bu barədə dəfələrlə ailə üzvlərinə, nənə-babasına da deyib ki, adını dəyişdirin, bu addan xoşu gəlmir. İddiaçı bu barədə uşağın müəllimləri ilə danışmışdır. Həmin vaxtda müəllimi və sonradan məktəbin psixoloqu da ona bildirmişlər ki, uşaq adından narazıdır. Adından narazı olması ona pis təsir edir, diskomfort yaradır. Həmçinin bu narahatçılığın onun sağlamlığına da mənfi təsir edə biləcəyini də bildirmişlər. Hətta müəllimə X6 bu barədə mesaj da göndərmişdir (iddiaya əlavə edilir). Mesajdan da görünür ki, uşaq adı ilə çağırılanda həmin ada reaksiyası pis olur, mənfi emosiyalar doğurur. Adına aqressiv münasibət göstərir. Təbii ki, bu hal onun psixoloji durumuna da mənfi təsir göstərir. Bu səbəbdən iddiaçı bir valideyn kimi çox narahatdır. Valideyn olaraq qızının sağlamlığından narahat olduğu kimi, onun hüquqlarını və qanuni mənafelərini qorumaq borcudur. Bu səbəbdən də onun adı ilə əlaqədar yaranan narahatçılığı da aradan qaldırmaq niyyətindədir. Qaldırdığı məsələ ilə əlaqədar hesab edir ki, uşağın fikri də nəzərə alınmalıdır. Onunla apardığı söhbətlərdən də aydın olur ki, qızı adının dəyişdirilməsində israrlıdır. Lakin, uşağın adının dəyişdirilməsi ilə bağlı atası ilə birlikdə Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmək tövsiyə olundu. Maraqlı şəxsnə də müraciət etsə də cavab olaraq uşağın adının dəyişdirilməsinin uşağın manafeləri baxımından məqsədəuyğun hesab edilməmişdir. İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının bu mövqeyi təəssüf hissi doğurur. Məhz uşağın mənafeyinə görə hər iki valideyn birlikdə uşağın adının dəyişdirilməsi üçün müraciət edir, lakin müvafiq orqan guya uşağın mənafeyini nəzərə alaraq buna razılıq ifadə etmir. Nəzərə almamışdır ki, valideynlər uşağın mənafeyinə görə belə müraciət etmişdirlər. Uşağın mənafeyi də uşaq hüquqları haqqında qanunvericiliyinə əsasən üstün mənafe kimi nəzərə alınmalı idi. İddianın mövzusu və tələbi qızı - X1 öz arzusu və istəyi ilə adının Nurel adına dəyişdirilməsidir. Onun Dilarə adından xoşunun gəlməməsi, bu adla çağırılması ona əsəbilik yaratması, onda mənfi emosiyalar doğurması valideyn kimi iddiaçını və atasını da ciddi narahat edir. Uşaqla adının yaxşı ad olması barədə danışıqlarıda nəticəsizdir. Beləliklə, sadaladığı əsaslara görə hesab edir ki, qızı X1 adının Nurel adına dəyişdirilməsi barədə qətnamə qəbul edilməlidir.
3. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə xx.xx.2015-ci il təvəllüdlü X2 adının dəyişdirilməsi uşağın mənafeləri baxımından məqsədəuyğun hesab edilməmişdir.
4. Cavabdeh tərəfindən məhkəmə sərəncamına uyğun olaraq verilmiş iddiaya dair münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göstərilənlərə əsasən vətəndaşa doğum akt qeydinin uşaq bəndində adın dəyişdirilməsi üçün yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına müraciət etməyi tövsiyə edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, işin çoxluğu ilə əlaqədar olaraq nümayəndənin iştirakı olmadan baxılmağını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. AA1578341 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur.
12. AZ-T 301203 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur, atası X7, anası İddiaçıdır. Şəhadətnamə xx.xx.2025-ci il tarixdə verilmişdir.
13. İddiaçıya məxsus AZ-İ 341202 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında bağlanılan nikah xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur.
14. X4 və İddiaçı xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 adını “Nilay” adına dəyişdirilməsinə izacə verilməsi xahiş edilir.
15. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla xx.xx.2025-ci il təvəllüdlü X1 xx.xx.2015-ci il tarixli 178 saylı doğum akt qeydinin təsdiqlənmiş surəti məhkəməyə təqdim olunmuşdur. - xx.xx.2015-ci il tarixli 178 saylı doğum haqqında akt qeydinin təsdiq olunmuş surətinə əsasən X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası xx.xx.1985-cu il təvəllüdlü X7, anası xx.xx.1995-ci il təvəllüdlü İddiaçıdır.
IV. Məhkəmənin mövqeyi
16. İş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının xx.xx.2025-ci il təvəllüdlü qızına məxsus AZ-T 301203 nömrəli doğum haqqında şəhadətnamədə, xx.xx.2015-ci il tarixli 178 saylı doğum haqqında akt qeydində, onun əsasında tərtib edilmiş hüquqmüəyyənedici sənəd - AA1578341 nömrəli şəxsiyyət vəsiqəsində tam adı “X3” kimi qeyd olunmuşdur. İddiaçı qızınının adının “Nurel” kimi dəyişdilərək həmin sənədlərdə düzəliş edilməsini xahiş edir.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır; 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır; 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.
20. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının: 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir; 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.5-ci bəndinə əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir; 6.6-cı bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir; 6.19-cu bəndinə əsasən ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir.
23. İşin hallarına əsasən, X7 ilə İddiaçı birgə nikahlarından xx.xx.2015-ci ildə X3 doğulmuşdur. Hazırda iddiaçı uşaqların adının «Dilarə»dən «Nurel»ə dəyişdirilməsini tələb edir və bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
24. Göründüyü kimi, mövcud qanunvericilik uşağın adının valideynlərin razılığı ilə verilməsini nəzərdə tutsa da, uşağın adının dəyişdirilməsini qadağan etmir. Ailə Məcəlləsinə əsasən 18 yaşınadək uşağın adının dəyişdirilməsi valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 10 yaşına çatmış uşağın adı yalnız onun razılığı ilə dəyişdirilir. Qanunvericilikdə şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadının dəyişdirilməsi qadağan edilmişdir.
25. Məhkəmə müəyyən edir ki, X1 xx.xx.2025-ci il tarixdə 10 yaşı tamam olmuşdur. İşdə olan sənədlərə əsasən onun adının “Nurel” olaraq dəyişdirilməsinə valideynlərinin birgə razılıqlarının ifadə olunduğu görünür. Bundan əlavə uşağın oxuduğu məktəbin psixoloqu tərəfindən tərtib edilən uşağın psixoloji xarakteristikasında da X1 adını dəyişdirilməsini istədiyi bəlli olur. Qeyd olunanlar və uşağın mənafeyi nəzərə alınmadan cavabdeh orqan adın dəyişirdirilməsindən imtina etməklə haqlı olmamışdır.
26. Belə ki, X1 10 yaşına çatmış uşaq olduğunu nəzərə alan məhkəmə qeyd edir ki, keçirilmiş şifahi məhkəmə baxışı iclasında uşaqla psixoloji danışıq aparılaraq onun adının “Nurel” kimi dəyişdirilməsinə razı olduğu təsdiq edilmişdir. Odur ki, uşağın adının verilməsi məsələsində uşağın valideynləri arasında fikir ayrılığı mövcud deyil və adın dəyişdirilməsinin uşağın mənafeyinə zidd olması ilə bağlı hallar müəyyən edilməmişdir. Hazırda hər iki valideyn uşağa “Nurel” adının verilməsinə razıdırlar. Uşağın adının dəyişdirilməsində hər hansı məhdudiyyətin olması məhkəmə tərəfindən aşkar edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. Bu səbəbdən də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Qərara aldı:
İddia təmin edilsin. X1 adının “Dilarə”dən “Nurel" adına dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva