Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11355/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən Keşlə qəsəbəsi, Şərq küçəsində 3 №-li ev Abdulla Ağacan oğlunun adına qeydə alınmışdır. Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dariəsi üzrə nümayəndəliyinin 11 avqust 2023-cü il trarixli arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, B.R.Mirzəyev küçəsinin əvvəlki adı Şərq küçəsi olmuşdur. İ-ЖГ № 337014 “Ölüm haqqında şəhadətnamə”yə əsasən Abdulla Ağacan oğlu xx.xx.1974-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1975-ci ilin yanvar ayının 28-ci günündə 99 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ünvanlanmış 3 may 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Qəmər Abdulla qızından vəfat etməsilə əlaqədar mərhumun vərəsəsi - qızı İddiaçı vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında 3.05.2023-cü il tarixli tərəflərindən vərəsəlik işi açılmışdır. Öz ərizəsində vərəsə mirası faktiki qəbul etdiyi, lakin öz vərəsəlik hüquqlarının rəsmiləşdirilmədən vəfat etmiş Abdulla Ağacan oğluna məxsus olmuş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin daxil olduğunu bildirmiş, lakin hüquqların dövlət qeydiyyatına alınması haqqında heç bir sənəd təqdim etməmişdir. Bunları nəzərə alaraq vərəsənin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair mərhum Abdulla Ağacan oğlunun adına sorğunu təqdim edən şəxsə çıxarış verilməsi xahiş edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə 3.05.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu”unun nüsxəsi İdarənin arxivində aşkar olunmamış, həmçinin texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərdi mövcuddur...”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, B.Mirzəyev (keçmiş şərq) küçəsində yerləşən 3 nömrəli evin və həmin evin yerləşdiyi torpaq sahəsinin Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilmiş ölçülər nəzərə alınmaqla mərhum Abdulla Ağacan oğluna mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, həmin ev onun babası (anasının atası) Abdulla Ağacan oğluna məxsus olmuşdur. Bu barədə texniki pasport 13 iyun 1966-cı il tarixdə tərtib edilmişdir. Babası 16 dekabr 1974-cü ildə vəfat etmişdir. X2 həmin evdə yaşamış, mirası faktiki qəbul etsə də, hüququnu rəsmiləşdirmədən 24 dekabr 2006-cı ildə vəfat etmişdir. Hazırda həmin mənzil onun və ailə üzvlərinin istifadəsindədir, miras əmlak kimi qəbul etmişlər, mənzil üzərində müvafiq mülkiyyət hüquqlarını həyata keçirirlər, kommunal və mənzilin saxlanması xərclərini uzun müddətdir ödəyirlər. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, “A” tikilisi genişləndirilmişdir və ərazi daxilində əlavə köməkçi tikililər tikilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Nizami rayonu, Keşlə qəsəbəsi, Şərq (B.R.Mirzəyev) küçəsində 3 №-li fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən Abdulla Ağacan oğlunun adına qeydə alınmışdır. İddiaçı Abdulla Ağacan oğlunun – vərəsəsi kimi həmin torpaq sahəsinin Abdulla Ağacan oğluna məxsus olması barədə arayışın verilməsini xahiş edir. İş materiallarında olan evlər idarəsi üzrə texniki inventarizasiyanın kartoçkasından müəyyən edilir ki, qeyd olunan ev 1940-cı ildə inşa edilmiş, texniki pasport isə xx.xx.1966cı ildə tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Qeyd edilən normanın məzmununa əsasən, mərhum Abdulla Ağacan oğlu mübahisələndirilən torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən aşağıdakılara istinad etmişdir: 1) Təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır; 2) Elektron kadastr məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur; 3) İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı “A” tikilisi genişləndirildiyi və ərazi daxilində əlavə köməkçi tikililər tikildiyi məlum olmuşdur. Məhkəmə birinci halla bağlı qeyd edir ki, qeyd edilən sənədin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Cavabdeh özü də həmin sənədin mötəbərliliyi ilə bağlı hər hansı bir dəlil irəli sürməmiş, yalnız həmin sənəd barədə İdarənin arxivində məlumat aşkar olunmamasını göstərmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.1966-cı il tarixdə tərtib edilmiş və əsli məhkəməyə təqdim edilmiş SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportun İdarənin arxivində aşkar edilməməsi iddiaçının (və ya mərhum babasının) təqsirindən baş verən hal deyildir. Qeyd olunan hal iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir. Məhkəmə ikinci halla bağlı qeyd edir ki, göstərilən hal da iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Göstərilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd verəcəyi təqdirdə həmin fərqi (uyğunsuzluğu) aradan qaldırmaq, torpaq sahəsinin hüquqmüəyyəndici və texniki sənədlərini torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırmaq cavabdeh İdarənin vəzifəsidir. Üçüncü halla bağlı məhkəmə qeyd edir ki, bu halla bağlı məhkəmə mütəxəssis rəyi almış və məhkəməyə təqdim edilmiş rəyə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilərək tərtib olunmuş sxem əlavə olunaraq rəydə bildirilmişdir ki, fərdi yaşayış evinin ümumi sahəsi 93,7 kv.metr və həmin evin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi isə 383 kv.metr təşkil edir. Fərdi yaşayış evinin sahəsi texniki pasportun məlumatlarına əsasən 58,2 kv.m faktiki isə 93,7 kv.metr (35,5 kv.metr artıq) təşkil edir. Məhkəmə qeyd edir ki, göstərilən hal fərdi yaşayış evi və onun yerləşdiyi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından (mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən) imtina edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilmiş ölçülər nəzərə alınmaqla mülkiyyət hüququnun qeydiyyata alınmasına dair tələb irəli sürmüşdür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, B.Mirzəyev (keçmiş şərq) küçəsində yerləşən 3 nömrəli evin və həmin evin yerləşdiyi torpaq sahəsinin Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilmiş ölçülər nəzərə alınmaqla xüsusi mülkiyyət hüququnun mərhum Abdulla Ağacan oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-11355/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11355/2023
13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver