Məhkəmə qərarları › İş №2-1(112)-11362/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11362/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11362/2024 30.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 İddiaçı Xətai Rayon İcra Hakimiyyətinin memarı Əhməd Məmmədova qarşı “hərəkətlərin qanunazidd hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 148 kv.m yaşayış sahəsi və 3 sot həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün sərəncam verilməsinin tapşırıq olaraq müvafiq orqana həvalə edilməsi” tələbinə dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Xətai Rayon İcra Hakimiyyətinin memarı Əhməd Məmmədovun hərəkətinin qanunazidd hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 148 kv.m yaşayış sahəsi və 3 sot həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün sərəncam verilməsini tapşırıq olaraq müvafiq orqana həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, ərizəçiyə xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, ərizə İPM-in 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Belə ki, Məcəllənin 27-ci maddəsində əsasən iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Ərizədə qeyd olunan tələblərə riayət olunmamış, iddia ərizəsinin giriş hissəsində iddiaçı və cavabdeh göstərilməmişdir. Eyni zamanda müraciət iddia ərizəsi deyil şikayət formasında tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Belə olan halda, yenidən düzgün tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və ya iddia ərizəsini formal xətalar aradan qaldırılmaqla qanunvericiliyin tələblərinə uyğun dəqiqləşdirmək tövsiyyə olunmuşdur. Tələb ünvan 2 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması olduğundan ilk növbədə həmin torpaq sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etməlidir. Əlavə olaraq bildirilmişdir ki, İPM-in 46.2-ci maddəsinə əsasən məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin iddiaçının öz tələbini əsaslandırdığı faktlar, digər sübutetmə vasitələri, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar, iddiaçının istəyinə uyğun olaraq həmin inzibati aktın layihəsi, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, iddiaçının vəsatətləri, əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla mübahisələndirilən inzibati akt, şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı və ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilə bilər. İPM-in 46.3-cü maddəsinə görə iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Bununla yanaşı ərizənin xahiş etdi hissəsində tələb qeyri-müəyyən ifadə oldunduğundan, düzgün tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi təqdirdə həmin hissədə də müvafiq dəqiqləşmənin aparılması zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 52ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Normanın məzmunundan çıxış edən məhkəmənin qənaətinə görə, araşdırmanın iddia ərizəsində ifadə tərzi ilə bağlı yol verilmiş yalnışlıq nəzərə alınmaqla aparılması mümkün olmadığından, iddia ərizəsinin xahiş etdi hissəsi yenidən iddiaçı tərəfindən tələb düzgün formulə edilməklə, iddiaçının hüquqi marağına uyğun tərtib olunmalıdır. Həmçinin qeyd olunmuşdur ki, mənzil və torpaq sahəsi üzərində mülkiyyət hüquqularının qeydə alınması tələbinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. Həmin iddiaların mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Odur ki, müvafiq iddia tələbində cavabdeh qismində qeyd ediləcək inzibati orqana ərizə ilə müraciət etməli, imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət edilməlidir. Müvafiq imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvələ aid olmalıdır. Odur ki, İddiaçı çatışmazlıqların aradan qaldırılması, müvafiq iddia ərizəsi ilə birlikdə cavabdeh inzibati oraqana müraciət etməyi təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi və ya göstərilənlərə münasibət bildirilməsi münasibət bildirməsi təklif edilmişdir. Məhkəmənin yardım məktubunda qeyd olunanlara yazılı münasibət bildirməsi təklif olunmuş, iddiaçı tərəfindən məhkəmənin yardım məktubu xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmiş, lakin müəyyən olunmuş müddət ərzində yardım məktubunda qeyd olunanlara iddiaçı tərəfindən münasibət bildirilməmiş, düzəlişlər aparılmamış, iddia tələbi dəqiqləşdirilməmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbinə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, tələb iki hissədən ibarətdir. 1. Xətai Rayon İcra Hakimiyyətinin memarı Əhməd Məmmədovun hərəkətinin qanunazidd hesab edilməsi. 2. ünvan 1 ünvanında yerləşən 148 kv.m yaşayış sahəsi və 3 sot həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması. İddiaçı tərəfindən iddia tələbi dədiq şəkildə formulə edilməsə də, İPM-in 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından tələbdən kənara çıxmamaq şərtilə iddianı düzgün şəkildə qəbul edərək şərh edə və həmin istiqamətdə düzgün məhkəmə araşdırmasını apara bilər. Lakin hazırkı vəziyyətdə iş üzrə şikayətə 52-ci maddənin tələblərinin tətbiq olunması mümkünsüzdür. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda da inzibati orqanlara Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər aid edilmişdir. Odur ki, iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilir ki, məhkəməyə təqdim edilən ərizədə adı qeyd edilən Xətai Rayon İcra Hakimiyyətinin memarı Əhməd Məmmədov iş üzrə cavabdeh qismində çıxış edə bilməz. İş üzrə ərizənin mümkünlüyü yoxlanılarkən tələbin ikinci hissəsi öhdəliyin icrası növündə iddialara aid olduğundan, ərizə düzgün cavabdehə qarşı yönəldilməmişdir, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia iddia ərizəsi ilə bağlı qanunvericiliyin tələblərinə cavab vermədiyindən, düzgün cavabdehə qarşı yönəlmədiyi və hazırkı tələblə məhkəmədə iddia qaldırılmazdan əvvəl iddiaçı tərəfindən düzgün cavabdehə müraciət edilməsi və imtina alınması iş materialları ilə öz təsdiqini tapmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, ərizə həm də, İPM-in 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir, cavabdeh müəyyən olunmamışdır, eləcə də, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə təqdim edilmiş şikayəti iddia ərizəsi qismində dəyərləndirərək, həmçinin yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı şikayət ərizəsinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz. Məhkəmə eyni zamanda bildirir ki, iddiaçıya hüquqi yardım məktubu ünvanlanmaqla məhkəmə tərəfindən onun dinlənilmə hüququ tam olaraq təmin edilmişdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Xətai Rayon İcra Hakimiyyətinin memarı Əhməd Məmmədova qarşı “hərəkətlərin qanunazidd hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 148 kv.m yaşayış sahəsi və 3 sot həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün sərəncam verilməsini tapşırıq olaraq müvafiq orqana həvalə edilməsi” tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar