Məhkəmə qərarları › İş №2-1(112)-1137/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1137/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1137/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8 cəlb olunmaqla) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Təhsil İşçiləri X11 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 13 noyabr 1997-ci il tarixli, 07 saylı Protokoluna əsasən İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmış 500 kvadrat metr 122 saylı bağ sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Təhsil İşçiləri X11 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim" bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 13 noyabr 1997-ci il tarixli 07 saylı Protokoluna əsasən İddiaçı “Müəllim ” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul edilmiş və həmin protokolla “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatından 500 kvadrat metr bağ sahəsi verilmişdir. Həmçinin müvafiq olaraq İddiaçı “Müəllim" X1 122 saylı kitabçası verilmişdir. İddiaçıya ayrılmış bağ torpaq sahəsinin sxemi xx.xx.2014-cü ildə tərtib edilmiş və Azərbaycan Təhsil İşçiləri X11 Suraxanı rayon Komitəsi və “Müəllim’' bağçılıq Təsərrüfatı tərəfindən təsdiq edilərək ona təqdim edilmişdir. Azərbaycan Təhsil İşçiləri X11 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim" bağçılıq Təsərrüfatı Üzvlərinin 12 dekabr 2014-cü il tarixində tərtib edilmiş siyahısında iddiaçının adının 22-ci sırada qeyd edilmişdir. Qeyd edilən bağ sahəsinə dair plan ölçü tərtib edilmiş və iddiaçıya təqdim edilmiş sənədlər əsasında Bağ torpaq sahəsinin dörd bir tərəfindən standart mişar daşlarında hasar çəkilmişdir. Bağ torpaq sahəsi 25 ildir ki, iddiaçının istifadəsindədir və bu vaxta kimi hər hansı bir şəxs tərəfindən ona ayrılmış torpaq sahəsinə iddialı olması barədə heç bir tələb olmamışdır. İddiaçı ərizə ilə bağ torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər 1 saylı Ərazi İdarəsinin **********95 saylı xx.xx.2023-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, guya iddiaçının adı bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında göstərilməmiş, torpaq sahəsinin yerləşməsi təqdim edilmiş bölgü sxemi ilə uyğunsuzluq təşkil edir, torpaq sahəsinə digər fiziki şəxsin müraciəti mövcuddur. Bağ torpaq sahəsinin sənədləşdirilməsi üçün edilmiş imtina tamamilə əsasız və qanunsuzdur. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli, 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsinin ilkin sənədləri də Reystr Xidmətinə təhvil verilmişdir. İddiaçı qeyd edir ki, bağ torpaq sahəsinin siyahısı bir neçə dəfə tərtib edilərək o zaman Bağçılıq Təsərrüfatına təqdim edilmişdir. Ona görə də iddiaçının adının bağ torpaq sahəsi alanların siyahısında olmaması adı ilə cavabdeh tərəfindən imtina edilməsi əsasızdır. Qeyd olunanlara əsasən iddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Azərbaycan Təhsil İşçiləri X11 Suraxanı Rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 13 noyabr 1997-ci il tarixli 07 saylı protokoluna əsasən iddiaçıya “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmış 500 kvadrat metr 122 saylı bağ sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı ərizə ilə idarəyə müraciət etmiş, 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təqdim edilmiş “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi təqdim edilmiş bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Həmçinin bildiririlir ki, göstərilən torpaq sahəsinə digər fiziki şəxs X4 müraciəti olmuşdur. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********95 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7 və 11.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X9 ona Türkan qəsəbəsində 118-120 saylı torpaq sahəsinin ayrıldığını qeyd etdi və əgər torpaq sahələri üst-üstə düşərsə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2023-cü il tarixli, **********95 saylı məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 122 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Azərbaycan Təhsil İşçiləri X11 (ATİAHİ) Suraxanı rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 13 noyabr 1997-ci il tarixli, 07 nömrəli protokolundan çıxarışının ATİAHİ Suraxanı rayon komitəsinin sədri tərəfindən xx.xx.2014-cü il tarixdə “əsli ilə düzdür” qeydi ilə təsdiq edilmiş surətindən görünür ki, “Müəllim” X1, texnika saxlanılan təsərrüfat anbarına ehtiyac olmadığı üçün ayrılmış sahəni hər biri 500 (beş yüz kv.m.) olmaqla sahələrə ayırıb təsərrüfata üzv olmaq məqsədi ilə ərizə vermiş təhsil işçilərinə verilməsi, “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə daxil olmaq məqsədi ilə İdarə Heyətinə ərizə ilə müraciət etmiş, Suraxanı rayonu 45 nömrəli X5 Mərkəzinin dərnək rəhbəri, Bakı şəhəri Zığ qəsəbəsi, Zığ şosesi küçəsi ev 23, mənzil 8-də yaşayan İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatına üzvlüyünə qəbul olunması, İddiaçı “Müəllim” Bağçılıq yoldaşlıq təsərrüfatından 500 (beş yüz) kvadrat metr bağ sahəsinin və “Müəllim” Bağçılıq yoldaşlığ təsərrüfatınin 122 saylı kitabçasının verilməsi qərara alınmışdır. -Azərbaycan Təhsil İşçiləri X11 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim" bağçılıq X2 tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş üzvlük kitabçasının surətindən görünür ki, 45 saylı ŞETM-də dərnək rəhbəri vəzifəsində işləyən İddiaçı 20/396 nömrəli, 27 oktyabr tarixli (il qeyd olunmayıb-qeyd məhkəmənindir) protokolla yoldaşlıq üzvlüyünə qəbul edilmiş və ona Türkan qəsəbəsində 500 kv.m sahəsi olan 122 nömrəli bağ sahəsi verilmişdir. Qeyd olunan üzvlük kitabçasında əlavə olaraq “13 noyabr 1997-ci il tarixli iclasın qərarı ilə (7 saylı protokol) qəbul edilib” qeydi aparılmış və təsdiq edilmişdir. -Azərbaycan Təhsil İşçiləri X6 Suraxanı rayon komitəsinin sədri tərəfindən xx.xx.2014-cü il tarxdə təsdiq edilmiş və “Müəllim" bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş 7 saylı, xx.xx.1997-ci il tarixli protokoluna istinad etməklə verilmiş “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 45 saylı ŞETM-də işləyən İddiaçı 122 nömrəli bağ sahəsi ayrılmışdır. -Azərbaycan Təhsil İşçiləri X6 Suraxanı rayon komitəsi sədri tərəfindən xx.xx.2014cü il tarixdə İddiaçı ayrılmış 122 nömrəli torpaq sahəsinin sxemi təsdiq edilmişdir. -Azərbaycan Təhsil İşçiləri X11 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim" bağçılıq X2 təsərrüfatı İdarə Heyəti tərəfindən xx.xx.2014-cü il tarixdə qeyd olunan torpaq sahəsinin sxemi tərtib olunaraq təsdiq edilmişdir. Müvafiq sorğu ilə cavabdeh tərəfindən “Müəllim” X1 arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərə əlavə edilmiş: -Bakı şəhər X7 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli Qərarından görünür ki, Orconikidze rayonunun müəssisə və təşkilatının üzvləri üçün keçmiş Türkan üzümçülük sovxozu ərazisində 112 nəfərlik torpaq (bağ) sahəsi ayrılmışdır. -27 iyul 1988-ci il tarixli 8/423 nömrəli Aktdan görünür ki, Orconikidze rayon təhsil şöbəsinin işçiləri üçün Türkan bağ massivi ərazisinə bağçılıq yoldaşlığı Cəmiyyəti üçün 7,46 hektar torpaq sahəsi ayrılmasına dair Akt və cizgi tərtib edilərək təsdiq edilmişdir. -Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin Təhsil Şöbəsinin müdiri F.M.Hüseynova tərəfindən təsdiq edilmiş 7 vərəqdən ibarət 14 iyul 1999-cu il tarixli 216 saylı məktubdan görünür ki, rayon təhsil şöbəsi nəzdində yaradılmış “Müəllim” bağçılıqyoldaşlıq kollektiv təsərrüfatı üzvləri haqqında məlumat Bakı şəhər Bağlar Təsərrüfatı və İstismarı Birliyinə və surəti Bakı şəhər BTİ-yə göndərilmişdir. Bakı şəhər Suraxanı rayon Təhsil şöbəsi nəzdindəki “Müəllim” bağçılıq yoldaşlıq üzvlərinin 7 vərəqdən ibarət siyahısında iddiaçının adı göstərilməmişdir. -İddiaçının istifadəsində olan bağ sahəsinə texniki baxış keçirilməsinə dair müayinə aktının təsdiq olunmuş surətindən görünür ki, göstərilən bağ sahəsinin faktiki olaraq 0.0508 hektar təşkil etdiyi, bağ sahəsinin sərhədlərinin iki tərəfdən qonşu hasarla ayrıldığı, digər iki ərəfdən isə mişar daşı ilə hasarlandığı, darvazanın olmadığı, girişin sərbəst olduğu və tikilinin olmadığı, həmçinin bağ sahəsinin naturada yerləşməsi bağçılıqyoldaşlığın bölgü sxeminə uyğun gəlmədiyi bildirilmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı “Müəllim” bağçılıq yoldaşlığı cəmiyyətinə üzv qəbul edilməsi barədə “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli protokoluna və bağçının üzvlük kitabçasına istinad etməklə Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 122 saylı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı bu məqsədlə cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, imtina qanunazidd olmamışdır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; -11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». Həmin Qanunun keçid müddəaları adlanan 25-ci maddəsində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, qüvvədə olan əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunverici 2007-ci il mayın 22-dək yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biri kimi həmin bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışla şərtləndirmişdir. Hazırkı mübahisə üzrə isə iddiaçı adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istədiyi 122 nömrəli bağ sahəsinə dair “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışı və bağçının üzvlük kitabçasını təqdim etsə də, onun adı səlahiyyətli orqanın arxivində saxlanılan və “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin Suraxanı rayonu İcra Hakimiyyətinin Təhsil Şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli siyahısında yoxdur. Bu isə onun deməyə əsas verir ki, iddiaçı nə inzibati icraat dövründə cavabdeh orqana, nə də məhkəmə araşdırması dövründə bağ sahəsinə dair qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2201/2023 nömrəli qərarında göstərilmiş hüquqi mövqeyə görə, iddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının adının X1 üzvlərinin ilkin siyahısında olmaması özü-özlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyri-mötəbərliyinə dəlalət etmir. Əgər iddiaçının adı siyahıya sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada daxil edilərsə, bu halda, təqdim olunmuş sənədlər mötəbər sayıla bilər. Bunun üçün isə sonradan siyahıya daxil edilmənin müəyyən edilmiş qaydada baş verdiyi təsdiq və sübut olunmalıdır. Sonradan siyahıya adı daxil edilmiş şəxslər yalnız daxil edilmənin qanuniliyini təsdiq və sübut edən sənədləri təqdim etdikləri halda, müvafiq mötəbər hüquq müəyyənedici sənədlərin mövcudluğu halına istinad və onun yaradacağı hüquqi nəticələrə iddia edə bilərlər. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı “Müəllim” bağçılıq təsərrüfatı üzvlüyünə qanuni əsaslarla daxil edilməsinin təsdiq və sübut edən əsaslar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Mövcud halda isə qeyd olunan torpaq sahəsinin iddiaçının mərhum atasının qanunun tələblərinə uyğun şəkildə istifadəsində olması işin halları ilə müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olmaqla qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə, hazırkı halda iddaçı hüquqlarının rəsmiləşdirilməsini iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən onun iddia etdiyi bağ torpaq sahəsi üzərində mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yaranmır. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanunazidd sayılmamalıdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar