Məhkəmə qərarları › İş №2-1(112)-1137/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1137/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1137/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (atası) X3, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X8) qarşı “koordinatların naturada müəyyən edilməsi və uyğunsuzluğun aradan qaldırılması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində və tam mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada müəyyən edilməsi və uyğunsuzluğun aradan qaldırılması vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxs üzərinə qoyulması xahiş edilmişdir.

2. İddiaçının nümayəndəsi (atası) məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nəzərə alınmasını xahiş etmişdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir.

4. İddiaçının nümayəndəsi (atası) məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin texniki pasportunu (məhkəmə plan-ölçü sənədi kimi nəzərə alır) dəyişərək naturadakı mövcud vəziyyətə uyğun olaraq eni hasardan hasara uyğun dəqiqləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 436 nömrəli reyestr kitabının 41213 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada müəyyən edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi tərəfindən ünvanıma göndərilmiş 09 aprel 2024-cü il tarixli məktubunda göstərilir ki, “yoxlama-ölçü işlərinin aparılması məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada təyin edilmiş və torpaq sahəsinin sənəd üzrə 0,045 ha olmasına baxmayaraq, faktiki hasar daxilində 0,06 ha olduğu müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə yerləşən torpaq sahələrində sənəd üzrə hasarlanma işləri düzgün aparılmamış və bu səbəbdən torpaq sahələrinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyətləri arasında uyğunsuzluq mövcud olduğu müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxs tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını naturada təyin edilməsindən imtina edilməsi iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur.

6. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “İstifadə və mülkiyyətimdə olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada müəyyən edilməsi və uyğunsuzluğun aradan qaldırılması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd edilənlər ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, yoxlama-ölçü işlərinin aparılması məqsədilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada təyin edilmiş və torpaq sahəsinin sənəd üzrə 0,045 ha olmasına baxmayaraq, faktiki hasar daxilində 0,06 ha olması müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə yerləşən torpaq sahələrində sənəd üzrə hasarlanma işləri aparılmamışdır. Bu səbəbdən torpaq sahələrinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyətləri arasında uyğunsuzluq və qonşu sahələrlə üst-üstə düşmə mövcud olduğu müəyyən edilmişdir. O cümlədən qeyd olunan ərazidə yerləşən mülkiyyətçilər tərəfindən rəsmi müraciət edildiyi təqdirdə (keçid yolları nəzərə alınmaqla) texniki sənədlərə cari dəyişiklik edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, yoxlama-ölçü işlərinin aparılması məqsədilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada təyin edilmiş və torpaq sahəsinin sənəd üzrə 0,045 ha olmasına baxmayaraq, faktiki hasar daxilində 0,06 ha olduğu müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə yerləşən torpaq sahələrində sənəd üzrə hasarlanma işləri düzgün aparılmamış və bu səbəbdən torpaq sahələrinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyətləri arasında uyğunsuzluq mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, qeyd olunan ərazidə yerləşən mülkiyyətçilər tərəfindən rəsmi müraciət edildiyi təqdirdə faktiki vəziyyətə uyğun olaraq (keçid yolları nəzərə alınmaqla) texniki sənədlərə cari dəyişiklik edilə bilər. Müraciətdə qeyd edilən mübahisəli məsələ ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır.

8. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsinə dair mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən 1 saylı Bakı Ərazi İdarəsindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin həqiqi ərazisinin (sahəsi göstərilməklə) koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunsun; - Torpaq sahəsinin həqiqi və faktiki ərazisi üst-üstə düşürmü (düşmürsə hansı hissədə)? - Torpaq sahəsinin faktiki ərazisi hər hansı digər şəxsə məxsus hüquqmüəyyenidici sənəd(lər)lə üst-üstə düşürmü (Düşürsə hansı hissədə)?; Həmin koordinatların dəyişdirilməsi və ya dəqiqləşdirilməsi mümkündürmü? - Torpaq sahəsinin yerləşdiyi ərazidə koordinat sürüşməsi halı mümkündürmü?

11. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur: Sual 1: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin həqiqi ərazisinin (sahəsi göstərilməklə) koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunsun; Cavab: İddiaçı xüsusi mülkiyyətində olan 450.0 kv.m torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları, faktiki hasardaxili sahənin koordinatları, torpaq sahəsinin qərb və şərq tərəfdən sərhəd qonşularının sənəd üzrə sahələrinə dair hazırlanmış sxem əlavə olundu. Sual 2: Torpaq sahəsinin həqiqi və faktiki ərazisi üst-üstə düşürmü (düşmürsc hansı hissədə)? Cavab: İddiaçı xüsusi mülkiyyətində olan 450.0 kv.m torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları naturada və elektron kadastr bazasında araşdırılarkən məlum olmuşdur ki, sənəd üzrə sahənin qərb tərəfdən 44.0 kv.m hissəsi hasarlanma işinin səhv aparılması nəticəsində qonşu torpaq sahəsinin (qardaşı: X5 xüsusi mülkiyyətində olan **********22-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə 450.0 kv.m torpaq sahəsindən əlavə olaraq istifadə etdiyi sahənin) daxilində qalmışdır. Belə ki, həmin hissədə daş hasarın tərəflər arasında sənəd üzrə ölçülərə nəzərən bərpa olunması mümkündür. Sənəd üzrə sahənin qalan hissəsi faktiki olaraq iddiaçının öz istifadəsindədir. Sual 3: Torpaq sahəsinin faktiki ərazisi hər hansı digər şəxsə məxsus hüquqmüəyyənedici sənəd(lər)lə üst-üstə düşürmü (Düşürsə hansı hissədə)?; Həmin koordinatların dəyişdirilməsi və ya dəqiqləşdirilməsi mümkündürmü? Cavab: Yuxarıda qeyd olunduğu kimi İddiaçı xüsusi mülkiyyətində olan 450.0 kv.m torpaq sahəsinin 44.0 kv.m hissəsi hasarlanma işinin səhv aparılması nəticəsində qonşu torpaq sahəsinin (qardaşı: X5 xüsusi mülkiyyətində olan **********22-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə 450.0 kv.m torpaq sahəsindən əlavə olaraq istifadə etdiyi sahənin) daxilində qalmışdır. Buna baxmayaraq faktiki vəziyyətdə iddiaçının istifadəsində olan hasardaxili torpaq sahəsi 600.0 kv.m (150.0 kv.m artıq) təşkil edir. Torpaq sahəsinin faktiki ərazisi cənub və şərq tərəfdən genişləndirilməklə hasarlanmışdır. Artırılmış (əlavə stifadə edilən) torpaq sahəsinin cənub tərəfdən 14.0 kv.m hissəsi digər şəxs X4 xüsusi mülkiyyətində olan **********02 reyestr nömrəli torpaq sahəsi ilə, şərq tərəfdən 85.0 kv.m hissəsi isə eynilə X4 xüsuc: mülkiyyətində olan **********01 reyestr nömrəli digər torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının öz sahəsində inşa etdiyi fərdi yaşayış evinin zirzəmisinə düşən pilləkənin bir hissəsidə həmin 85.0 kv.m torpaq sahəsində yerləşir. Sual 4: Torpaq sahəsinin yerləşdiyi ərazidə koordinat sürüşməsi halı mümkündürmü? Cavab: Bildirilir ki, yuxarıda qeyd olunan üst-üstə düşmə vəziyyəti iddiaçının xüsusi mülkiyyətində olan 450.0 kv.m torpaq sahəsi ilə deyil, sonradan hasara aldığı əlavə (zəbt) torpaq sahəsi ilə bağlıdır. İddiaçının sənəd üzrə 450.0 kv.m torpaq sahəsi daxil olmaqla həmin sahənin qərb və şərq qonşuluğunda yerləşən qonşu torpaq sahələrinin sənəd üzrə döngə nöqtələrinin koodinatlarında hər-hansı texniki sürüşmə yoxdur, mövcud uyğunsuzluq ara sərhədlərinin (daş hasarlanmanın) sənəd üzrə sahə ölçülərinə uyğun aparılmaması nəticəsində yaranmışdır. Nəticə olaraq qeyd edilir ki, mübahisəli torpaq sahələrinin mövcud hasarları daxilindəki əlavə (zəbt) olan torpaq sahələri təcrid edilməklə sənəd üzrə döngə nöqtələrinin koordinatlarına (sahə ölçüsünə) uyğun ara sərhədlərinin (hasarların) bərpa edilməsi mümkündür.

12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən 1 saylı Bakı Ərazi İdarəsindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazidə koordinat sürüşməsi halı mümkündürmü? Mümkündürsə, müvafiq sxemdə (cizgidə) hansı istiqamətdə sürüşməsi göstərilsin. - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə qonşuluqda yerləşən digər torpaq sahələrinin elektron baza məlumatlarında naturaya uyğunlaşdırılması mümkündürmü? Mümkündürsə, qaydası müvafiq sxemdə (cizgidə) göstərilsin.

13. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli Mütəxəssis rəyində qeyd edilmişdir: Sual 1: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazidə koordinat sürüşmə halı mümkündürmü? Mümkündürsə, müvafiq sxemdə (cizgidə) hansı İstiqamətdə sürüşməsi göstərilsin. Cavab: İddiaçı tərəfindən göstərilən torpaq sahəsi sənəd üzrə 450.0 kv.m olsa da. faktiki olaraq hasardaxili sahə 600.0 kv.m təşkil edir. İddiaçı tərəfindən göstərilən digər ərazi isə 5060.0 kv.m təşkil edir. Qeyd olunan torpaq sahələrin faktiki vəziyyətini əks etdirən sxem və koordinatları rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 450.0 kv.m torpaq sahəsinin 44.0 kv.m hissəsi hasarlanma işinin səhv aparılması nəticəsində qonşu torpaq sahəsinin (qardaşı: X6 xüsusi mülkiyyətində olan **********22- 10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə 450.0 kv.m torpaq sahəsindən əlavə olaraq istifadə etdiyi sərhəd daxilində qalmışdır Buna baxmayaraq faktiki vəziyyətdə iddiaçının istifadəsində olan hasardaxili torpaq sahəsi 600.0 kv.m (150.0 kv.m artıq) təşkil edir. Torpaq sahəsinin faktiki ərazisi cənub və şərq tərəfdən genişləndirilməklə hasarlanmışdır. Artırılmış (əlavə istifadə edilən) torpaq sahəsinin cənub tərəfdən 14.0 kv.m hissəsi digər şəxs X4 xüsusi mülkiyyətində olan **********02 reyestr nömrəli torpaq sahəsi ilə, şərq tərəfdən 85.0 kv.m hissəsi isə eynilə X4 xüsusi mülkiyyətində olan **********01 reyestr nömrəli digər torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildiririk ki, yuxanda qeyd olunan üst-üstə düşmə vəziyyəti iddiaçının xüsusi mülkiyyətində olan 450,0 kv m torpaq sahəsi ilə deyil, sonradan hasara aldığı əlavə zəbt torpaq sahəsi ilə bağiıdır. İddiaçınən sənəd üzrə 450,0 kv.m torpaq sahəsi daxil olmaqla həmin sahənin qərb və şərq qonşuluğunda yerləşən qonşu torpaq sahələrinin sənəd üzrə döngə nöqtələrinin koordinatlarında hər hansı texniki sürüşmə yoxdur, mövcud uyğunsuzluq ara sərhədlərinin (daş hasarlamanın) sənəd üzrə sahə ölçülərinə uyğun aparılmaması nəticəsində yaranmışdır. Sual 2: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə qonşuluqda yerləşən digər torpaq sahələrinin elektron baza məlumatlarında naturaya uyğunlaşdırılınası mümkündürmü? Mümkündürsə, qaydası müvafiq sxemdə (cizgidə) göstərilsin. Cavab: Bildiririk ki, mübahisəli torpaq sahələrinin mövcud hasarları daxilindəki əlavə (zəbt) olan torpaq sahələri təcrid edilməklə sənəd üzrə döngə nöqtələrinin koordinatlarına (sahə ölçüsünə) uyğun ara sərhədlərinin (hasarların) bərpa edilməsi mümkündür.

14. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, iddiaçının faktiki göstərdiyi torpaq sahəsi hər tərəfdən daş hasarla sərhədlənmişdir. Qonşu sahələr və yol ilə əhatə olunmuşdur. Faktiki sahəsi 600.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində təmirsiz fərdi yaşayış evi mövcuddur. Sənədlə faktiki hasarlanmış sahə arasında fərq vardır. Eyni zamanda iddiaçının sahəsinə bitişik (mübahisələndirilən) qonşu sahələr sol tərəf istiqamətində ümumi hasarlanmış ərazidə yerləşir.

15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1də yerləşən torpaq sahəsi (0.09 ha) X4 adına xx.xx.2021-ci il tarizdə qeydiyyata alınmışdır.

16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1789M saylı sahədə yerləşən torpaq sahəsi (0.0632 ha) X4 adına xx.xx.2021-ci il tarizdə qeydiyyata alınmışdır.

17. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X8 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (atası) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirir ki, torpaq sahəsinin vəziyyəti əvvəlcədən qeyd edilən şəkildə olub və üçüncü şəxslər torpaq sahəsini alanda faktiki vəziyyəti və hasarın mövcud vəziyyətini bildirdilər.

19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin ona məxsus torpaq sahəsinin bir hissəsinin iddiaçı tərəfindən zəbt olunduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun və yaxınlarının adına ərazidəki sahə 0,50 ha təşkil edir.

20. Məhkəmə iclasında iştirak edən mütəxəssis X7 izahatında bildirdi ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sənəd üzrə 450.0 kv.m olsa da, faktiki olaraq hasardaxili sahə 600.0 kv.m təşkil edir. Ərazidə ümumi hasar daxilində yerləşən torpaq sahələrinin faktiki ölçüsü və hüquq müəyyənedici sənəd üzrə ölçüsü arasında uyğunsuzluq yaranmasının səbəbi torpaq sahələri arasındakı daxili yolların torpaq sahələrinə birləşdirilməsidir. Belə ki, sənəd üzrə 0,45 ha olan torpaq sahəsinin faktiki ölçüsü 0,50 ha olduqda, nəzərə alınmalıdır ki, əlavə 0,05 ha ilkin özəlləşmə zamanı torpaq sahələri arasındakı daxili yollar olub. İddiaçı tərəfindən göstərilən digər (iddiaçıya məxsus olmayan) sahənin faktiki ölçüsü 5060 kv.m təşkil edir. Ümumi hasar daxilində yerləşən həmin sahədə hüquq müəyyənedici sənəd üzrə ölçüləri 900.0 kv.m, 743.0 kv.m, 1485 kv.m, 600.0 kv.m, 610 kv.m, 632 kv.m müəyyən edilmiş torpaq sahələri və dalan sahə (daxili yol) müəyyən edilmişdir.

II. İddianın növü və mümkünlüyü

21. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

22. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

28. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir. 29.Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”: 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur.

30. X13 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

31. X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

32. Bunu qeyd edərkən məhkəmə həm də nəzərə alır ki, X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyət avtonom anlayışa malikdir, yəni mülkiyyət təkcə daşınmaz əmlak üzərində milli qanunvericilikdə nəzərdə tutulmuş “mülkiyyət” anlayışı ilə məhdudlaşmamaqla əmlakdan qanuni istifadə hüququnu, mövcud aktivləri nəzərdə tutur.

33. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair texniki pasportun dəyişilərək koordinatların naturadakı mövcud vəziyyətə (hasardan-hasara en istiqamətində olan ölçüyə) uyğunlaşdırılmasını tələb etmişdir.

34. Cavabdeh orqan imtinanın dəlili olaraq qeyd etmişdir ki, torpaq sahəsinin sənəd üzrə 0,045 ha olmasına baxmayaraq, faktiki hasar daxilində 0,06 ha olması; torpaq sahələrinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyətləri arasında uyğunsuzluq; eləcə də qonşu sahələrlə üst-üstə düşmə mövcud olduğu müəyyən edilmişdir.

35. Məhkəmə iş materiallarına əlavə olunmuş ortofoto çıxarışlarını nəzərdə keçirərək müəyyən edir ki, İddiaçı torpaq sahəsinin texniki pasportdakı koordinatlarının faktiki vəziyyətə əsasən en istiqamətində hasardan-hasara uyğunlaşdırılmasını tələb edir. İddiaçının koordinatların uyğunlaşdırılmasını tələb etdiyi istiqamətdə mübahisələndirilən torpaq sahəsi ilə qonşuluqda 1789 saylı sahə yerləşir. Odur ki, məhkəmə iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının faktiki vəziyyətə uyğunlaşdırılmasının mümkünlüyünü və müvafiq uyğunlaşdırmanın qonşuluqda yerləşən torpaq sahələrinin mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olub-olmamasını qiymətləndirməlidir.

36. Məhkəmə ünvan 1 ünvanında yerləşən 0.50 torpaq sahəsinin Bölgü Sxemini nəzərdən keçirərək müəyyən edir ki, 1789 saylı sahədə X4 adına 900 kv.m və 632 kv.m torpaq sahələri; X1 adına 743 kv.m və 610 kv.m torpaq sahələri; X2 adına 1485 kv.m və 600 kv.m torpaq sahəsi ayrılmışdır. Odur ki, Bölgü Sxeminə əsasən 1789 saylı sahədə hüquqmüəyyənedici sənəd üzrə ayrılmış ümumi 4970 kv.m torpaq sahəsi və əlavə dalan sahə qeydə alınmışdır. Məhkəmə iclasında iştirak edən mütəxəssis izahatında bildirmişdir ki, 1789 saylı sahədə hasar daxilində yerləşən ümumi sahənin faktiki ölçüsü (yəni hazırda yerdə naturada) 5060 kv.m təşkil edir. Ümumi hasar daxilində yerləşən həmin sahədə hüquq müəyyənedici sənəd üzrə ölçüləri 900.0 kv.m, 743.0 kv.m, 1485 kv.m, 600.0 kv.m, 610 kv.m, 632 kv.m müəyyən edilmiş torpaq sahələri və dalan sahə (daxili yol) müəyyən edilmişdir. Odur ki, hüquqmüəyyənedici sənədlər üzrə ölçülər naturada faktiki vəziyyətdə də mövcuddur və iddia tələbinin təmin edilərək koordinatların şərq istiqamətdə sürüşdürülməsi halında torpaq sahələrinin mülkiyyətçilərinin hüquqlarına müdaxilə baş vermir (çünki naturada 5060 kv.m. torpaq sahəsi mövcuddur), sənəd üzrə koordinatların faktiki vəziyyətə uyğunlaşması aparılır.

37. Odur ki, məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, ünvan 1 üzrə digər fiziki şəxslərin faktiki istifadəsində torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə qeydə alınmış torpaq sahəsinin ölçüsü ilə eynilik təşkil edir.

38. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Sərdar oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin en istiqamətində (şərq tərəfdən) hasardan-hasara koordinatlarının faktiki mövcud vəziyyətə uyğunlaşdırılması üçüncü şəxsə münasibətdə hər hansı əlverişsiz vəziyyət yaratmır.

39. Məhkəmə nəzərə alır edir ki, iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olması cavabdeh tərəfindən təsdiq edilmişdir və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə meydana çıxan uyğunsuzluqların aradan qaldırılması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Odur ki, meydana çıxan uyğunsuzluğun aradan qaldırılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifəsidir.

40. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, meydana çıxmış uyğunsuzluq aradan qaldırılmalı və İddiaçı Sərdar oğlunun adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin plan-ölçüsünün koordinatları faktiki vəziyyətə (en istiqamətində hasardan-hasara) uyğunlaşdırılmalıdır.

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Sərdar oğlunun adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin plan-ölçü sənədindəki koordinatlarının faktiki vəziyyətə (şərq tərəfdən istiqamətdə hasardan-hasara) uyğunlaşdırılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar