Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11370/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər- X3, X5 və X4) qarşı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, X5 və X2 ünvan 1 ünvanından (bundan sonra mətndəmənzil) qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil iddiaçının mülkiyyətindədədir. X3, X5, X4 hazıra qədər həmin evdə pasport qevdiyyatında qalmaqdadır. Həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılması məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli məktubla «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununa istinad edərək iddiaçıya imtina vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11370/2022 saylı qərardadı ilə X3, X5 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxslərin məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında həmçinin bildirdi ki, üçüncü şəxslər onun anası, bacısı və qardaşıdır. Onlar xeyli vaxtdır Rusiya Federasiyasında yaşayırlar. Anası və bacısı həmin ölkənin vətəndaşıdır. Üçüncü şəxslərin də mənzildən qeydiyyatdan çıxarılmağa etirazları olmadığını bildirərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. - Rusiya Federasiyası Rostov vilayəti, Taqanroq şəhər notarial dairəsinin notariusu X1 tərəfindən təsdiq edilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ərizələrin surətindən müəyyən edilir ki, Rostov vilayəti, Taqanroq şəhəri, 10-cu döngə, ev 121, mənzil 41 ünvanda yaşayan və qeydiyyatda olan X5, eləcə də Rostov vilayəti, Taqanroq şəhəri, Novaya küçəsi, ev 2, korpus b ünvanda yaşayan və qeydiyyatda olan X3 Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35 ünvanda yerləşən 53 saylı mənzilin satışından məlumatlıdırlar və qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmalarına etiraz etmirlər. - Rusiya Federasiyası Sankt-Peterburq notariat dairəsinin notariusu X6 tərəfindən №78/599-н/78-2021-6-26 reyestrlə təsdiq edilən xx.xx.2021-ci il tarixli ərizənin surətindən müəyyən edilir ki, Sankt-Peterburq vilayəti, Baroçnaya küçəsi, ev 4, otaq 12H ünvanda olduğu yer üzrə qeydiyyatda olan X4 Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35 ünvanda yerləşən 53 saylı mənzilin satışından məlumatlıdır və qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmasına etiraz etmir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1947-ci il təvəllüdlü X3, xx.xx.1975-ci il təvəllüdlü X5, xx.xx.1983-cü il təvəllüdlü X4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 091-47901E-3222 saylı imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxslərlərin mənzildən qeydiyyatdan çıxarılması barədə müraciətinə baxılmış və ona “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli sorğuya cavab məktubunda ünvan 1 ünvanı üzərində üçüncü şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1947-ci il təvəllüdlü X3, xx.xx.1975-ci il təvəllüdlü X5, xx.xx.1983-cü il təvəllüdlü X4 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3, X5, X4 ünvan 1 ünvanında qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda yaşamırlar. İşin faktiki hallarından görünür ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə üçüncü şəxslər iddiaçının qohumlarıdır. Lakin onlar həmin mənzildə yaşamır və mənzildən qeydiyyatdan çıxarılmalarına etirazlarının olmaması haqda yazılı qaydada ərizə təqdim etmişlər. İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olan və faktiki yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxs faktiki yaşamadığı və istifadə hüquqları olmadığı ünvan üzrə qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur Eyni zamanda qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququn olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılması əsası qismində çıxış edir. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarı mövcud deyil. İddiaçının mülkiyyətində olan əmlaka üçüncü şəxsin istifadə hüququnun hal-hazırda mövcud olub-olmaması- yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Belə ki, iş üzrə materiallardan görünür ki, üçüncü şəxslər mülkiyyətçinin- iddaçının yaxın qohumlarıdır. Bununla belə məhkəmə, üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmalarına etirazları olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizələrini onların ailə münasibətlərindən yaranan mənzilə istifadə hüquqlarından könüllü imtina etmə əsası kimi nəzərə alır və prosessual qənaət prinsipindən çıxış edərək məsələyə ümumi məhkəmələr tərəfindən hüquqi qiymət verilməli olmasına toxunmağı zəruri hesab etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Məhkəmə qeyd edir ki, üçüncü şəxslərin hər birinin hazırda başqa ünvanlarda qeydiyyatda olduqları müəyyən edildiyinə görə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35, ünvanında yerləşən 53 saylı mənzildən qeydiyyatdan çıxarılmaları onların qeydiyyatsız qalmaları ilə nəticələnməyəcəkdir. Odur ki, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxslər X3, X5 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-11370/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11370/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver