Məhkəmə qərarları › İş №2-1(112)-11372/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11372/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11372/2022 26.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçının müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçının müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Rusiya Federasiyasının vətəndaşı (pasport 73 2423573) hazırkı İddiaçı Azərbaycan Respublikasının ərazisinə gedib-gəlməsinə məhdudiyyətin olub-olmaması barədə bir neçə dəfə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət olunsa da, bu günədək cavab alınmamışdır. 20 iyun 2022-ci il tarixli son müraciət 21 iyun 2022-ci il tarixdə cavabdehə çatdırılmışdır. Alınan qeyri-rəsmi məlumatlara əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi iddiaçının Azərbaycan Respublikasının ərazisinə gedib-gəlməsinə əsassız olaraq məhdudiyyət qoymuşdur. İddiaçı ölkəni tərk etmək istədikdə cavabdeh qeyd olunan qeyrirəsmi məhdudiyyəti əsas gətirərək, onun ölkədən çıxmasına icazə verməmişdir. Bu məsələ ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 12 mart 2021-ci il tarixli məktubunda aşağıdakıları qeyd olunur: "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı fiziki şəxs olaraq banka 395.576 ABŞ dolları kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ "xxxx" QSC BOKT-nən törəmə müəssisəsi olan “X1 Agentliyi” MMC-nə keçmişdir”. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin 2287 nömrəli 20 avqust 2021-ci il tarixli notasına cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubunda qeyd olunanlara istinad etmiş, lakin iddiaçının ölkədən çıxmasına hər hansı məhdudiyyətin olubolmaması barədə məlumat verməmişdir. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun 5.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə şamil edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Göstərilənlərə və İPMin 2.2.3, 34-cü maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının cavabdehə ünvanlanmış 20 iyun 2022-ci il tarixli müraciətinə rəsmi qaydada cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 20 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “müraciətə rəsmi qaydada cavab verilməsi” tələbinə dair iddiası əsassızdır və mümkün hesab edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikasının ərazisinə gedib-gəlməsinə məhdudiyyətin olub-olmaması barədə vəkil Əkrəm Həsənov tərəfindən göndərilmiş sorğu Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində baxılmış və 7 iyul 2022-ci il tarixli 33/2668 nömrəli məktubla (500 nömrəli reyestr) cavablandırılmış, lakin qeyd olunan məktub poçt vasitəsi ilə geri qaytarılmış və 648 nömrəli reyestrlə yenidən göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı 21 avqust 1964-cü il təvəllüdlü İddiaçı Dövlət Sərhəd Xidməti tərəfindən sərhədkeçmə məhdudiyyət sisteminə daxil edilməmişdir. Vətəndaş 25 noyabr 2021-ci il tarixdə “Samur” DSBM-dən ölkə ərazisini tərk edərkən Daxili İşlər Nazirliyi tərəfindən “saxla” statusu adı İAMAS-ın məhdudiyyət altsisteminə daxil edildiyi üçün saxlanılaraq 75 saylı aktla Qusar RPŞ-nə təhvil verilmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfindən baxılaraq rəsmi poçt vasitəsilə cavab verildiyindən, həmçinin mübahisəli sorğunun cavablandırılmasından imtina edilmədiyindən hazırki iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-cü maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslıqının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluqunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özününün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər - tərəfin məhkməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzibati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlardan müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən müraciəti ilə bağlı imtina almamış, lakin buna baxmayaraq mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının mümkünsüz hesab edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1-ci və 33.2-ci maddələri tətbiq oluna bilər. İddiaçı iddiası mahiyyətcə onun mücadiq müraciətinə cavab verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədədir və bu qəbildən olan iddialar “öhdəliyin icrası haqqında” iddialara aiddir. Yuxarıda sadalananlara əsasən bu qəbildən olan iddiaların qaldırılması şəxsin (iddiaçının) inzibati orqana müraciəti üzrə inzibati orqanın imtinası və ya hərəkətsizliyi ilə şərtləndirilir. Hazırkı halda isə, inzibati orqan nə imtina cavabı vermiş, nə də hərəkətsizlik göstərmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, hazırkı iddia 14 avqust 2022-ci il tarixdə qaldırılmışdır və ondan bir müddət əvvəl, yəni 7 iyul 2022-ci il tarixdə İddiaçı müvafiq müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş cavab məktubu onun təmsilçisinin ünvanına göndərilmişdir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılan zaman tərəflər arasında inzibati mübahisə mövcud olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar