Məhkəmə qərarları › İş №2-1(112)-11372/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11372/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11372/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı “məhdudlaşdırmanın götürülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən verilmiş imtinanı qanunsuz və əsassız hesab etməklə iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmanın götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsi 12 mart 2019cu il tarixli qətnaməsi ilə iddiaçı X1 qismən təmin edilərək 20.000 manat məbləğində borcun və məhkəmə xərclərinə görə ödənilmiş 30 manat dövlət rüsumunun məndən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (məhkəmə) xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. 21 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət edən tələbkarla razılığa gəldiyini, tələbkarın iddiaçının ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə etiraz etmədiyini bildirməklə müvafiq qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin 27 mart 2023-cü il tarixli qərardadı ilə ərizəm təmin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan tərəfindən verilmiş şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-151/2023 saylı qərardadı ilə şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-203/2023 saylı iş üzrə 27 mart 2023-cü il tarixli qərardadı ləğv olunması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-557/2020 saylı iş üzrə 29 sentyabr 2020-ci il tarixli qərardadı ilə tətbiq olunmuş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tədbirinin ləğv olunması barədə tərəfindən verdiyi ərizə üzrə üzrə icraata xitam verilməsi üçün iddiaçıya müvafiq ərizə ilə icra məmuruna müraciət etmək, icra məmurunun həmin müraciətlə bağlı qərarından narazı qalacağı təqdirdə isə aidiyyati məhkəməyə şikayət vermək hüququna sahib olduğum izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarda qeyd olunan qərardadına istinadən tərəfindən xx.xx.2023-cü il tarixdə ərizə ilə Sabunçu rayon İcra şöbəsinə müraciət edərək 2000 manat borcdan ödədiyini, hər ay borcluya 500 manat ödəniş etməklə tələbkarın iddiaçının ölkədən çıxışı ilə bağlı qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsini xahiş etmişdir. Sabunçu rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 639 nömrəli imtina məktubu ilə iddiaçıya cavab verərək məhdudiyyətin götürülməsinin mümkünsüz olduğu iddiaçıya bildirilmişdir. İddiaçı hesab edir ki, tələbkarla borclunun borcun ödənilməsi ilə bağlı aralarında imzalanmış razılıq əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmasına baxmayaraq cavabdeh bunları nəzərə almamış və nəticədə iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının ən ali hüquqi qüvvəyə malik olan qanunu AR-nın Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq hüquqla qorunan hüquqları qanunsuz olaraq ciddi şəkildə pozmuşdur. İnsan Hüquqları Haqqında Ümumi Bəyamnamınin 13-cü maddəsinə əsasən: Hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. Hər bir şəxs öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84.1.2-ci maddəsinə əsasən Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. İddiaçı qeyd edir ki, iddiaçının əsas işi Azərbaycan Respublikasının bir neçə dövlət qurumlarının təşkilatçılığı ilə Azərbaycanlı istedadlıh gənclərin başqa ölkələrdə musiqi festivallarına aparmaqdan və həmin festivallarda Azərbaycanı təmsil etdirməkdən ibarətdir. Amma buna baxmayaraq xx.xx.2020-ci il tarixdən qərardadla iddiaçının ölkədən çıxışına qoyulan məhdudiyyət səbəbindən iddiaçı həmin festivalları təşkil edə bilmir və nəticədə borcluya olan borcunu ödəyə bilmir. Göründüyü kimi iddiaçı tələbkarla razılaşmış və ona olan borcundan 3000 manat ödəniş etmiş və aralarında olan digər razılığa əsasən hər ayda ona 500 manat ödəniş edəcəyini və borcluda iddiaçının ona hər ay ödəyəcəyi 500 manat pulu qazanmağı üçün qoyulan məhdudiyyətin götürülməsinə etiraz etməmişdir. Onuda qeyd edib ki, o hər ay borculya ödəyəcəyi 500 manat pulla bağlı üzərinə düşən öhdəliklərini vaxtında da icra edir. Yuxarıda qeyd etdiklərinə əsasən iddiaçı hesab edir ki, borcun ödənilməsi ilə bağlı tələbkarla arasında olan razılaşma iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmasına kifayət qədər əsas versə də cavabdeh qurum qərəzli olaraq iddiaçının qanunla qorunan hüquqlarımı məhdudlaşdırır.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-203/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu İddiaçı ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsinə dair ərizəsi təmin edilməmədi qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-151/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunşu Rayon Məhkəməsinin 8(008)- 203/2023 saylı iş üzrə 27 mart 2023-cü il tarixli qərardadı ləğv olunmuş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-557/2020 saylı iş üzrə 29 sentyabr 2020-ci il tarixli qərardadı ilə tətbiq olunmuş “ölkədən getmək hüququnun müvəqqəti məhdudulaşdırılması” tədbirinin ləğv olunması barədə İddiaçı ərizəsi üzrə icraata xitam verilmişdir. İddiaçı izah olunmuşdur ki, o, müvafiq ərizə ilə icra məmuruna müraciət etmək, icra məmurunun həmin müraciətlə bağlı qərarından narazı qalacağı təqdirdə aidiyyəti məhkəməyə şikayət vermək hüququna malikdir.

5. Sabunçu Rayon İcra Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 63927 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə icra məmuru tərəfinfən qərar qəbul edilməsi barədə heç bir əsas müəyyən edilməmişdir. Cavabdeh bildirmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra və ya “İcra haqqında” AR Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə icraata xitam verildikdə, 23.1.1 və 23.1.5-ci maddələrinə əsasən icra sənədi qaytarıldıqda və ya məhkəmə qərarı olduqda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanınn götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir.

6. Tərəflər məhkəmə iclasında iştirak etmir.

II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından

7. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

8. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

9. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...

III. İddianın mümkünlüyü

10. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

11. X3 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X3 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

12. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

14. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

15. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə yuxarı instansiya məhkəməsi tərəfindən ona səmərəli hüquq müdafiə vasitəsi izah olunmuş (müvafiq tələblə icra məmuruna müraciət), buna baxmayaraq iddiaçı həmin tələblər məhkəməyə müraciət etmişdir.

16. İddiaçıya müvafiq şikayətlə icra şöbəsinə müraciət etmək, müraciətinin təmin edilmədiyi təqdirdə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar