Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11375/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan, ölçünün verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, 3 nömrəli X1 17 nömrəli xx.xx.1991 -ci il tarixli əmrinə əsasən ayrılmış, Bakı şəhəri, Xəzər rayonu, 3 nömrəli X2 ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, 3 nömrəli X2 ərazisində yerləşən 0.10 ha torpaq sahəsi 3 nömrəli X1 17 nömrəli xx.xx.1991-ci il tarixli əmrinə əsasən ayrılmışdır. Torpaq sahəsi xx.xx.1991-ci il tarixli təhkim aktı ilə ona təhvil verilmişdir. Abşeron rayon 3 nömrəli X1 17 nömrəli xx.xx.1991-ci il tarixli əmrdən çıxarışa dair Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 may 2024-cü il tarixli arayışdan göründüyü kimi, Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 259 nömrəli qərarı ilə və Azərbaycan SSR Nazirlər Sovetinin 24 oktyabr 1990-cı il 489 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 6 ha və 8,4 ha torpaq sahəsi ayrılmış, 3 nömrəli X3 İttifaqı və ƏKŞ-nin 18 may 1990-cı il 3 nömrəli protokoluna əsasən və 28 dekabr 1990cı il 43 nömrəli protokoluna əsasən sovxoz rəhbərliyindən adları protokolda qeyd olunan işçilərə 0.10 ha hesabı ilə torpaq sahəsinin ayrılması xahiş olunmuş və bunun əsasında siyahıda adları göstərilmiş fəhlə və qulluqçulara 0.10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Həmin 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etdi, müraciəti qəbul olunaraq qeydiyyata alınmış və müraciətinin icrasından imtina edilmişdir. İmtinanın səbəbi: 3 nömrəli X1 17 nömrəli xx.xx.1991-ci il tarixli əmrinin arxiv arayışının təqdim edilməməsi; Təhkim aktında əmrə istinad olunmaması, aktda istinad, məsafələr və ya mərkəz koordinatının göstərilməməsi əks edilmişdir. Hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır, eyni zamanda onun qanunla qorunan hüquqları pozulmuşdur. İlk növbədə Abşeron rayon 3 nömrəli X1 17 nömrəli xx.xx.1991-ci il tarixli əmrdən çıxarışa dair Abşeron rayon Dövlət Arxivi tərəfindən 16 may 2024-cü il tarixli Q-736 saylı arayış verilmişdir. Həmin arayışdan göründüyü kimi, 3 nömrəli X3 İttifaqı və ƏKŞ-nin 18 may 1990-cı il 3 nömrəli protokoluna əsasən və 28 dekabr 1990-cı il 43 nömrəli protokoluna əsasən sovxoz rəhbərliyindən adları protokolda qeyd olunan işçilərə 0.10 ha hesabı ilə torpaq sahəsinin ayrılması xahiş olunmuş və bunun əsasında siyahıda adları göstərilmiş fəhlə və qulluqçulara 0.10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Siyahıda onun adının da mövcud olduğu qeyd edilmişdir. Təqdim edilmiş təhkim aktında da 3 nömrəli X3 İttifaqı və ƏKŞ-nin 18 may 1990-cı il 3 nömrəli və 28 dekabr 1990-cı il 43 nömrəli protokollarına istinad edilmişdir. Bundan başqa, torpaq sahəsi ayrılıb qanuna müvafiq qaydada rəsmiləşdirilən zaman texniki sənədlərdə mərkəz koordinatı göstərilmirdi. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi cavabdehin imtinada göstərdiyi dəlillər tamamilə qanunsuz və əsassız dəlillərdir. Hesab edir ki, sözügedən torpaq sahəsi sovxoz tərəfindən qanuni əsaslarla ayrıldığından cavabdeh mülkiyyət hüququnu qeydə almaqdan imtina etməkdə haqlı deyil.
3. Cavabdehin iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunan sənədlər surətdir. Torpaq sahəsinin ayrılmasına dair 3 nömrəli X4 direktorunun xx.xx.1991ci il tarixli, 17 nömrəli əmrinin arxiv arayışı təqdim edilməmişdir. Həmçinin təqdim olunan aktda əmrə istinad olunmamış və aktda istinad, məsafələr və ya mərkəz koordinatı göstərilməmişdir.
4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, təqdim olunan aktda 3 nömrəli X5 direktorunun müvafiq əmrinə istinad olunmamış və istinad, məsafələr və ya mərkəz koordinatı göstərilmədiyindən sənədin göstərilən sahəyə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır.
5. Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş Abşeron rayonu 3№-li Zeytun Sovxozunun xx.xx.1991-ci il tarixli, 70 №-li əmrinə əsasən: Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 259 nömrəli qərarı ilə və Azərbaycan SSF Nazirlər Sovetinin 24 oktyabr 1990-cı il 489 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 6 ha və 8,4 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. 3 nömrəli X3 İttifaqı və ƏKŞ-nin 18 may 1990-cı il 3 nömrəl protokoluna əsasən və 28 dekabr 1990-cı il 43 nömrəli protokoluna əsasən sovxoz rəhbərliyindən adları protokolda qeyd olunan işçilərə 0.10 hektar hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Yuxarıdakılaı nəzərə alaraq aşağıda adları qeyd olunan fəhlə və qulluqçulara 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır: ...172. İddiaçı
6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən, torpaq sahəsi ümumi hasarlanmış sahənin bir hissəsidir, ara sərhədləri şərtidir, tikili yoxdur. Torpağın sənəd üzrə və faktiki sahəsi 1000 kv.m təşkil edir.
7. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
10. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
15. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-nin 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
24. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
25. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq iddiaçının istifadəsindədir. Abşeron rayonu 3№-li Zeytun Sovxozunun xx.xx.1991-ci il tarixli, 70 №-li əmrinə əsasən İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayonu 3№-li Zeytun Sovxozunun əmrinin ləğv və ya etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, həmin sənədlərin mötəbərsizliyi cavabdeh tərəfindən sübut olunmamışdır, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.
27. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, cizgidə göstərilən torpaq sahəsinin Abşeron rayon 3 nömrəli Zeytun Sovxozu direktorunun xx.xx.1991-ci il tarixli, 70 nörməli əmri ilə torpaq ayrılarkən nəzərdə tutulan sahə olmaması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yerləşmə cizgisi təqdim olunduğu təqdirdə, aktda istinad, məsafələr və ya mərkəz koordinatının göstərilməməsi əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir.
28. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan torpaq sahəsinin sxeminin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin xx.xx.1993-cü il tarixli cizgidə olan sahəsinə uyğunluğu müəyyən olunur.
29. Cavabdehin digər dəlili ilə bağlı isə qeyd edilməlidir ki, sözügedən əmrin arxiv arayışı iddia ərizəsinə əlavə edilmişdir.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
31. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. 3 nömrəli X1 17 nömrəli xx.xx.1991-ci il tarixli əmrinə əsasən ayrılmış Bakı şəhəri Xəzər rayonu 3 nömrəli X2 ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva