Məhkəmə qərarları › İş №2-1(112)-11376/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11376/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11376/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsinin vəfat etmiş şəxsə məxsusluğu barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, döngə 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların miras qoyan atası X18 (Beyəli) oğluna məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, döngə 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi və 1937 kv.metr torpaq sahəsinin X18 (Bəyəli) oğluna, X7 və X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə əsasən torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində hüququn xitamına səbəb olmur və əqdlərin bağlanmasına qadağa qoymur. Eyni zamanda, texniki pasport 1963-cü ildə tərtib olunmuşdur və iddiaçı uzun illərdir ki, həmin fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə edir. Ölçü fərqi texniki pasport tərtib edilərkən yarana bilər. Bu halın meydana gəlməsi iddiaçının və ya atasının iradəsindən baş verməmişdir. Bundan başqa imtina məktubunda göstərilən digər hüquq sahibləri ilə bağlı əlaqəli sənədlərin təqdim edilməməsi, həmçinin atasının adı ilə və fərdi yaşayış evinin ünvanı ilə bağlı uyğunsuzluğa münasibətdə onu qeyd edir ki, texniki pasportda göstərilən digər şəxslər, yəni X11 və X8 müvafiq olaraq atasının qardaşı və bacısıdır. Eyni zamanda sözügedən X10 ilə, Şixəli Begəli oğlu da eyni şəxsdir. Belə ki, X10 ilə anası X4 arasında xx.xx.1957-ci ildə nikah haqqında 16 nömrəli akt qeyd tərtib olunmuş və iddiaçı xx.xx.1958-ci ildə onların birgə nikahlarından dünyaya gəlmişdir. Bu barədə ona həmin tarixli doğum haqqında şəhadətnamə verilmiş və şəhadətnamənin ata adı qrafasında “Şixəli Begəli oğlu”, ana adı qrafasında isə “X4” kimi qeyd aparılmışdır. Atası xx.xx.2001ci ildə, anası isə xx.xx.2014-cü ildə vəfat etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən faktiki torpaq sahəsinin 29 kv.metri su xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda, təqdim edilən texniki pasportun baş planında qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, texniki pasportda göstərilən hüquq sahiblərindən biri kimi X16 (Beyali) qızının adı qeyd olunmuş, lakin həmin şəxslə əlaqəli sənəd təqdim edilməmişdir. Bundan başqa, təqdim edilmiş sənədlər arasında hüquq sahibinin ata adında və bağ evinin ünvanında uyğunsuzluq mövcuddur. Belə ki, notariat ofisinin məktubunda ata adı Beyəli (Beyali) kimi, ölüm haqqında şəhadətnamədə isə “Beg Əli” kimi qeyd olunmuş, həmçinin həmin şəhadətnamədə hüquq sahibinin “soyadı” göstərilməmişdir. O cümlədən idarənin arixivində mövcud olan texniki pasportun arxiv nüsxəsində evin ünvanı “2a” kimi, notariat ofisinin məktubunda və təqdim edilən texniki pasportda isə “ev 2” kimi əks olunmuşdur. Qeyd olunanlarla yanaşı, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman texniki pasportda göstərilən “A” literli fərdi yaşayış evinə bitişik əlavə tikilinin inşa edildiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraz ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X18 (Bəyəli) oğlu, X12 və X3 məxsusluğu müəyyən olunur. İİİ-JQ 373460 saylı doğum haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. X13, anası isə X2r. Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Şixəli Beyəli oğlu və X1 nikah haqqında xx.xx.1957-ci il tarixdə 16 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. xx.xx.2001-ci il tarixdə vəfat etmiş Şixəli Beyəli oğlunun ölümü xx.xx.2001-ci ildə, 338 nömrəli akt qeydi ilə qeydə alınmış, xx.xx.2014-cü ildə vəfat etmiş Ç.İ.Məlikovanın ölümü isə xx.xx.2014-cü ildə, 260 nömrəli akt qeydi ilə qeydə alınmışdır. AZ-İİ 389670 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X25 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. AZ-İİ 412433 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. AZ-İ 245290 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, iddiaçı müraciət edərək X26 Əli (Beyəli) oğlundan qalmış miras (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsi) əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Mərhumun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından miras qoyanın adına müvafiq arayışın iddiaçıya verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, döngə 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi həm hüquq müəyyənedici sənəd üzrə, həm də faktiki olaraq 7 otaqdan ibarətdir və yaşayış sahəsi 147,3 kv.m, köməkçi sahə 202.9 kv.m, ümumi sahə isə 350 kv.m təşkil edir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə həmin hüquq müəyyənedici sənəd üzrə, həm də faktiki olaraq 0,1943 hektar təşkil edir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilən mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi arxiv texniki pasporta əsasən 1943,1 kv.m olsa da, faktiki olaraq hasardaxili 1937 kv.m təşkil edir. Torpaq sahəsi daş hasarla iki hissəyə bölünüb. Texniki pasportda qeyd olunan “A” literli yaşayış evi yerində mövcuddur. Fərdi yaşayış evinə dair texniki pasportda 2-ci mərtəbədə qeyd olunan 3 saylı sahə sökülərək 4 saylı sahəyə birləşdirilmişdir. Həmçinin meydança sahəsi tikilərək yaşayış evinin daxili sahəsinə qatılmışdır. Sözügedən yaşayış evinin 1-ci mərtəbədə döşəmədən tavana qədər hündürlük 2.10 metr, 2-ci mərtəbədə isə döşəmədən tavana qədər olan hündürlük 2.90 metr təşkil edir. Bundan əlavə fərdi yaşayış evində aparılan müayinə zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aşırımlar arası məsafənin gözlənildiyi müəyyən edildi (aşırım mövcud deyil). Faktiki olaraq göstərilən 1937 kv.m torpaq sahəsinin koordinatları əlavə olunub. Vahid elektron elektron kadastr məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsi su xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda, texniki pasportun baş planında qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Sahə “Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aiddir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin ölmüş şəxslərə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçılar iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar” qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı müvafiq texniki pasporta malik fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ölmüş şəxslərə, yəni X18 (Bəyəli) oğlu, X12 və X3 məxsus olması barədə arayış verilməsini istəyir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, faktiki torpaq sahəsinin 29 kv.m su xəttinin mühafizə zonasında yerləşir. Texniki pasportun baş planında qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, texniki pasportda göstərilən hüquq sahiblərindən biri kimi X16 (Beyali) qızının adı qeyd olunmuş, lakin həmin şəxslə əlaqəli sənəd təqdim edilməmişdir. Bundan başqa, təqdim edilmiş sənədlər arasında hüquq sahibinin ata adında və bağ evinin ünvanında uyğunsuzluq mövcuddur. Belə ki, notariat ofisinin məktubunda ata adı Beyəli (Beyali) kimi, ölüm haqqında şəhadətnamədə isə “Beg Əli” kimi qeyd olunmuş, həmçinin həmin şəhadətnamədə hüquq sahibinin “soyadı” göstərilməmişdir. O cümlədən idarənin arixivində mövcud olan texniki pasportun arxiv nüsxəsində evin ünvanı “2a” kimi, notariat ofisinin məktubunda və təqdim edilən texniki pasportda isə “ev 2” kimi əks olunmuşdur. Qeyd olunanlarla yanaşı, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman texniki pasportda göstərilən “A” literli fərdi yaşayış evinə bitişik əlavə tikilinin inşa edildiyi məlum olmuşdur. Qeyd edilməlidir ki, cavabdehin gətirdiyi əsaslar iddia tələbinin rədd edilməsinə səbəb ola bilməz. Belə ki, iddiaçının əsaslandığı texniki pasport daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsas olan hüquq müəyyənedici sənəddir. Eyni zamanda, həmin sənədin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Yəni sözügedən texniki pasportun mötəbərliyinə hər hansı şübhə yoxdur. Məhkəmə qeyd edir ki, sənədlərdə mərhumun ata adının “Beyəli” yaxud “Beg Əli” kimi göstərilməsi, yaxud soyadının qeyd edilməməsi, həmçinin evin ünvanın “2a” yaxud “ev 2” kimi qeyd edilməsi imtina üçün əsas ola bilməz. Belə ki, ata adına baxdıqda aydın olur ki, söhbət eyni şəxsdən gedir və onun adındakı hərf(lər)in fərqli şəkildə qeyd edilməsi onun başqa bir şəxs olmasına dəlalət etmir. Həmçinin, evin ünvanına da həmin halı şamil etmək olar ki, həmin sənədlərdə söhbətin məhz eyni ünvandan getdiyi aydındır. Cavabdeh isə bunların əksini sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, texniki pasportdan görünür ki, həmin ev X18 (Bəyəli) oğlu, X12 və X3 verilmişdir. Həmin şəxslərin bir ailənin üzvü olması istisna edilmir. Bunun üçün ayrıca sənədin təqdim edilməsinə zərurət yoxdur. İddiaçının X18 (Bəyəli) oğlunun vərəsəsi olması işin mübahisəsiz halıdır. Eyni zamanda hazırkı iddiada iddiaçı həmin torpaq sahəsinin vəfat etmiş əxslərə məxsusluğu barədə arayışın verilməsini istəyir. Həmin arayış verildikdən sonra isə iddiaçı vərəsəlik qaydasında evin müvafiq hissəsinə iddia edə bilər. Yəni, texniki pasportda adları qeyd edilən digər şəxslərə münasibətdə iddiaçının vərəsə olub-olmaması iş üzrə əhəmiyyət kəsb etmir. Həmçinin, texniki pasportun baş planında qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin olması müvafiq orqanın səlahiyyətinə aid olan məsələdir və bunda iddiaçının təqsiri olmadığı üçün bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Qeyd edilməlidir ki, pasportda göstərilən “A” literli fərdi yaşayış evinə bitişik əlavə tikilinin inşa edilməsi həmin fərdi yaşayış evinin mərhumlara məxsusluğunu istisna etmir. Belə ki, mütəxəssis rəyindən görünür ki, texniki pasportda göstərilən fərdi ev faktiki olaraq yerində mövcuddur. Həmin evdə əsaslı yenidənqurma işləri aparılmamışdır. Evin müəyyən elementlərinin dəyişdirilməsi isə imtina üçün əsas deyildir. “Torpaq islahatı haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi sözügedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi hüquq müəyyənedici sənəd olan texniki pasportda öz əksini tapmışdır. Odur ki, iddiaçı hazırda həmin ev və torpaq sahəsinin mərhumlara məxsusluğu barədə arayışın verilməsini tələb etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Cavabdehin digər bir imtina əsası olan torpaq sahəsinin bir hissəsinin su xəttinin mühafizə zonasına düşməsi ilə bağlı məhkəmə qeyd edir ki, sözügedən torpaq mərhum şəxslərə qanuni əsaslarla ayrılmışdır. Həmin vaxt isə sözügedən ərazidən su xəttinin keçməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, döngə 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi və 1937 kv.m torpaq sahəsinin mərhum X20 (Bəyəli) oğlu, X11 və X5 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 1937 kv.m torpaq sahəsinin mərhum X27 Əli (Bəyəli) oğlu, X11 və X5 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar