Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1138/2024 27.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən İddiaçı ayrılmış ümumi sahəsi 0,10 ha olan, lakin faktiki istiafdəsində olan 768,20 kv metr olan P- 5, P-6 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının 64 üzvünə torpaq sahəsi ayrılmışdır. İddiaçı 1989-cu il tarixdən həmin bağçılığın üzvüdür. “Xəzər Dəniz Gəmitəmiri İstehsalat Birliyinin Gəmitəmirçisi X8 Heyətinin xx.xx.1989-cu il tarixli protokoluna əsasən, Q.A.Arutyunova ayrılmış P-5 saylı 0,05 ha torpaq sahəsindən o Bakı şəhərindən çıxdığına görə həmin bağçılığın üzvlüyündən çıxarılmış və həmin protokola əsasən İddiaçı 0,05 ha, P-5 saylı bağ torpaq sahəsi ayrılaraq, İddiaçı bağçı lığa üzv qəbul edilmişdir. “Gəmitəmirçisi” X7 heyətinin xx.xx.1999-cu il tarixli protokoluna əsasən A.İ.Qolubevin öz ərizəsinə əsasən ona ayrılmış P-6 saylı 0,05 ha torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə bağçılığın üzvlüyündən çıxarılmış və həmin protokola əsasən İddiaçı 0,05 ha , P-6 sayh bağ torpaq sahəsi də əlavə olaraq ayrılmışdır. Həmin torpaq sahələri hazırda İddiaçı istifadəsindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli A 497912 nömrəli torpaq sahəsinin kadastrından görünür ki, İddiaçı Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 1000 kv metr torpaq sahəsi üçün P-5, P-6 saylı bağ evinin tikintisi üçün torpaq sahəsinin tikintisi üçün kadast tərtib edilmişdir. Eyni zamanda qeyd edim ki, hal hazırda İddiaçı istifadəsində 1000 kv metr deyil, həmin sahə faktiki azaldılaraq, istifadəsində 768,20 kv metr torpaq sahəsi vardır və o faktiki istifadəsində olan həmin sahənin özəlləşməsinə, çıxarışın verilməsinə özünün notarial qaydada verilmiş ərizəsinə əsasən razılıq vermişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi İddiaçı cavabdeh orqan DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh orqan DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi 01 iyun 2021-ci il tarixli, **********61 saylı məktubu ilə İddiaçı xahişini təmin etməkdən imtina etmişdir. Həmin məktubda ərizəçiyə bildirilmişdir ki, bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrımış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolunan çıxarış təqdim edilməlidir. Halbuki bütün sənədlər qaydasındadır, üzvlük kitabçası, protokollar, lazımı qaydada cavabdeh orqana təqdim edilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqanlarlar tərəfindən lazımi təsdiq olunmuşdur. Hesab edirəm ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizə ilə idarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təqdim edilmiş “Gəmi Təmirçisi” bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı, həmçinin protokoldan çıxarışda qeyd edilən Q.A.Arutyunov və A.İ.Qolubevin adları aşkar olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və bu barədə iddiaçıya **********61 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının xx.xx.1989-cu il tarixli iclasından protokola əsasən Q.A.Arutyunovun adı bağçılıq yoldaşlıq üzvlüyündən çıxarılmış, İddiaçı bağçılıq yoldaşlıq təsərrüfatə üzvlüyünə qəbul edilməsi və ona P-5 nömrəli 0.05ha bağ sahəsinin təhkim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Gəmitəmirçisi” X7 heyətinin xx.xx.1999-cu il tarixli iclasından protokola əsasən A.İ.Qolubevin bağçılıq yoldaşlığı üzvlüyündən çıxarılması, P- 5 saylı bağ sahəsinin istifadəçisi İddiaçı əlavə olaraq P-6 , 0.05 ha bağ sahəsinin ayrılması qərara alınmışdır. “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin 64 nəfərlik siyahısından görünür ki, Q.A. Arutyunovun adı 7-cı sırada, A.İ.Qolubevin adı isə 64-cü sırada yer alıb. “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlük biletindən görünür ki, İddiaçı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvü olduğu üçün 1989-1999-cu illərdə P-5, P-6 saylı 0.10 ha yer verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 497912 nömrəli plan-ölçüsünə əsasən Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən torpaq sahəsinin plan-ölçüsü İddiaçı adına olan Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Gəmitəmirçisi” b/y-nın xx.xx.1989-cu il tarixli və xx.xx.1999cu il tarixli protokolları ilə P-5, P-6 saylı bağ evi tikintisi üçün 1000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş və xx.xx.2014-cü il tarixdə 38010 nömrəsi ilə X11 Kitabında uçota alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********34 nömrəli məktubu ilə təqdim olunmuş ortofoto görüntüsünə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən P-5, P-6 saylı torpaq sahəsinin ətrafındakı qonşu bağ nömrələri P-7, P-10, P-11, P-2, P-1 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənədlərdə 1000 kv.m, faktiki 768.2 kv.m təşkil edir. Sahənin bir tərəfi 2-3 daş hündürlüyündə hasar digər tərəfləri isə 10 daş hündürlüyündə hasarlanmışdır. Tikinti yoxdur. 768.2 kv.m sahənin şimal tərəfindən sahəyə bitişik 200 kv.m sahə 2-3 daş hündürlüyündə mişar daşı ilə hasarlanaraq ayrılıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********41 nömrəli məktubunda bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Sizin və protokoldan çıxarışda qeyd edilən şəxslərin adları aşkar olunmamışdır. Həmçinin, Gəmitəmirçisi bağçılıq-yoldaşlıq təsərrüfatı ilə bağlı Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci ı! tarixli, 2(004)-7723/2018 nömrəli qətnaməsindən X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlük kitabçasına əsasən ona 1989-1999-cu illərdə P-5, P-6 saylı 0.10 ha bağ sahəsi verildiyini əsas gətirərək bağ sahəsinə mülkiyyət hüququn qeydiyyatı ilə bağlı cavabdehə mürciət emiş, cavabdeh orqan 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda qeyd edilən şəxslərin adlarının aşkar olunmadığına istinad edərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən sözügedən bağçılıq yoldaşlığına aid arxiv qovluğunda olan “Gəmirtəmirçisi bağçılıq yoldaşlığın üzvlərinin siyahısı təqdim edilmiş və həmin ilkin siyahılarda iddiaçının adının olmaması mümkündür. Belə ki, “Gəmitəmirçisi” X7 heyətinin xx.xx.1989-cu il tarixli iclasından protokola əsasən 0.05 ha ölçüdə P-5 nömrəli bağ sahəsi Q.A.Arutyunovun adından İddiaçı adına keçirilmiş, eyni zamanda xx.xx.1999-cu il tarixli iclasından protokola əsasən A.İ.Qolubev adından 0.05 ölçüdə P-6 ha bağ sahəsi İddiaçı adına keçirilmişdir. Bu barədə iddiaçıya bağçılığın üzvlük kitabçası verilmişdir. Qeyd edilməlidir ki, adları çəkilən Q.A.Arutyunov və A.İ.Qolubevin adları bağçılığa aid 64 nəfərlik siyahıda öz əksini tapmışdır. Məhkəmə tərəfindən bağçılığa aid arxiv qovluğuna baxış keçirilərkən “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin sədri X1 xx.xx.2020-ci ildə bağçılıq yoldaşlığın 64 nəfərlik siyahısının təqdim edilməsi barədə cavabdehə ünvanlanmış ərizəsi və həmin 64 nəfərlik siyahının surətinin qovluğa əlavə edildiyi müəyyən olunmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən üzvlük kitabçası olduğu təqdirdə, üzvlərin siyahısında adının olmaması əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının vaxtında cavabdeh orqana təqdim edilməməsi və iddiaçının da adının olduğu siyahının tərtib edilərək idarəyə təqdim edilməməsi iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Belə ki, nə siyahının tərtib edilməsi, nə də onun yenilənməsi iddiaçının məsuliyyət dairəsinə aid məsələ deyil. Qeyd edilməlidir ki, “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin 64 nəfərlik siyahısında (Q.A.Arutyunov və A.İ.Qolubevin də adları qeyd edildiyi siyahı) adları qeyd olunanlardan 49.X4, 60. X3 və 62. X5 hüquqları daşınmaz əmlakın dövlətreyestrində qeydə alınmışdır. Məhkəmə hesab edir ki, işin bu halı cavabdeh tərəfindən iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulan bərabərlik prinsipinin (12.1.Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.; 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.; 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.” )pozulması deməkdir. Bundan əlavə, işin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin Gəmitəmriçisi Bağçılıq yoldaşlığa aid ayrıc aktı daxilində yerləşdiyi müəyyən edilmiş, eyni zamanda naturada göstərilən bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. Bağ sahələrinin nömrələri P-5, P-6 olmaqla qonşuluğunda olan bağların nömrələri müvafiq olaraq P-7, P-10, P-11, P-2, P-1 olmaqla yerləşmişdir ki, bu hal da mübahisə predmeti olan bağ sahələrinin bağların nömrə ardıcıllığına uyğun yerləşdiyini deməyə əsas verir. Xüsusən də qeyd edilməlidir ki, cavabdeh (keçmiş DTXK) öz təşəbbüsü ilə 2014-cü ildə qeyd edilən P-6 və P-6 saylı bağ sahələrinin yerləşmə koorinatlarını müəyyən etmiş və həmin torpaq sahələri ilə bağlı iddiaçının adına plan-ölçü sənədi məhz Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Gəmitəmirçisi” b/y-nın xx.xx.1989-cu il tarixli və xx.xx.1999-cu il tarixli protokolları əsasında tərtib edilərək kadastr kitabına işlənmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 768,20 kv metr olan P-5, P-6 saylı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 768,20 kv metr olan P-5, P-6 saylı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1138/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1138/2024
27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver